Nigeriyalı Ceyms və səfirliyi olmayan azərbaycanlılar

Bu sətirləri təkəbbür üçün yazmıram, amma mənimlə həbsxanada olan dostlarım bilir ki, Suriya müharibəsinin iştirakçılarından tutmuş şiə dindarlara, kriminal avtoritetlərə qədər yüzlərlə məhbusa işgəncənin qarşısının alınması məsələsində kömək etmişəm, bəzən ən ağır, ekstremal hallarda onların ölüm düşərgəsinə göndərilməsinin qarşısına özümü atmışam.

Foto: Meydan TV


Əgər o sərhəddə gürcü aktivistlər yox, biz getsəydik, inanın, əsgərlərimizə bizi güllələmək əmri verilərdi

Həbs cəzamı çəkdiyim “13” saylı cəzaçəkmə müəssisəsində 3 nigeriyalı məhbus var idi. Yaqub, Anton və Ceyms. Sizə bu yazıda haqqında bəhs edəcəyim Ceyms, həbsxanada olarkən yayılan fotomuzdakı həmin nigeriyalıdır.

Həbsxanada olan digər xarici ölkə vətəndaşları kimi onların da yanına səfirlik(və ya buna ekvivalent bir diplomat) müntəzəm ziyarətə gəlirdi. Onlar və həbsxanadakı digər xarici ölkə vətəndaşları toxunulmaz idilər. Çünki onların səfirliyi var idi. Onlar etdikləri ən ağır qanun pozuntuları zamanı belə yalnız qanuni vasitələrlə, özü də çox yüngül cəzalandırılırdılar.

Azərbaycan vətəndaşı olan məhbuslar isə çox vaxt ən kiçik qanun pozuntusuna görə çox ağır şəkildə cəzalandırılırdılar. Səhər saat 7.30-da deyil, 8.00-da yuxudan durduğuna görə ölümcül döyülüb karserdə qandalla asılan məhbusların hekayələri adidən də adiydi. Azərbaycan vətəndaşlarından-həm məhbuslardan, həm onların yanına gələn yaxınlarından- hər xırda şeyə görə rüşvət alınırdı. Xarici ölkə vətəndaşları ilə isə yalnız qanun çərçivəsində davranılırdı. Azərbaycan vətəndaşları sistem qarşısında tam müdafiəsiz idilər. Çünki onların səfirliyi yox idi. Onlar səfirliksiz səfillər idilər.

Bir dəfə Qırmızı Xaç Komitəsindən həbsxanaya ziyarətə gəlmişdilər. Bu tip ziyarətlərdə görüş ardıcıllığı adətən belə olurdu: xarici vətəndaşlar, siyasi məhbuslar, problemli məhbuslar və sonda özü və ya ailəsi müraciət edənlər. Məni də çağırdılar. Administrativ binanın qarşısındakı nəzarət buraxılış məntəqəsinə çatmışdım ki, administrativ binanın həyətindən möhkəm qışqırtı eşitdim. Nəzarət buraxılış məntəqəsindən keçib həyətə daxil oldum və orda Ceymsi gördüm. Əlavə olaraq da həbsxana rəisini, Qırmızı Xaç Komitəsindən gələn suriyalı oğlanı və rus xanımı. Ceyms yarım-yamalaq Azərbaycan diliylə rəisi söyürdü və Qırmızı Xaç Komitəsindən gələn numayəndələri kobud ingiliscəsilə əclaflıqda, işgəncələrə göz yummaqda ittiham edirdi. Və məni gördü. Mən artıq yox idim. Utancımdan başımı aşağı salmışdım. Qəhər məni boğurdu. Mən, İlkin, öz idealları uğrunda həbs olunduğunu düşünən biri, 30 kq heroinlə həbs olunmuş nigeriyalı narkotik qaçaqmalçısı qədər ola bilmirdim. Çünki mənim səfirliyim yox idi.

Bu sətirləri təkəbbür üçün yazmıram, amma mənimlə həbsxanada olan dostlarım bilir ki, Suriya müharibəsinin iştirakçılarından tutmuş şiə dindarlara, kriminal avtoritetlərə qədər yüzlərlə məhbusa işgəncənin qarşısının alınması məsələsində kömək etmişəm, bəzən ən ağır, ekstremal hallarda onların ölüm düşərgəsinə göndərilməsinin qarşısına özümü atmışam. Amma bunlar Ceymsin mənə yaşatdığı utancı silmək üçün kifayət deyildi. Mən, Qırmızı Xaç nümayəndələrinin gözü önündə rəisi söyüb, onu qaniçənlikdə ittiham edəcək cəsarət səviyyəsinə heç vaxt qalxmadım. Çünki mənim üzərimdə damğa var. Çünki mən öz vətəndaşına it hörməti qoymayan ölkənin vətəndaşıyam.

Dünən Gürcüstanla sərhəddə baş verən insidentlə bağlı hiss etdiyim utancqarışıq qəzəb idi. Niyə axı? Öz vətəndaşlarına belə qənim kəsilən dövlət niyə bu cür mağmın olsun axı? Əgər o sərhəddə gürcü aktivistlər yox, biz getsəydik, inanın, əsgərlərimizə bizi güllələmək əmri verilərdi. Və bu gün özünü kosmopolit, intellektual göstərməyə çalışanların bir xeylisi dövləti haqlı çıxarardı ki, sənin nə işin var sərhəddə? Silahı əlindən alınan, təhqir olunan, sonra videosu paylaşılıb aşağılanan Azərbaycan əsgəri əslində hamımızın simvoludur. Bütün əzilən, təhqir olunan, hüquqları əlindən alınan, lakin onun hüquqları uğrunda nəsə etməyə çalışanlara lağlağı edən, gözüqıpıq azərbaycanlıların vahid obrazı idi, o əsgər.

Ana səhifəXəbərlərNigeriyalı Ceyms və səfirliyi olmayan azərbaycanlılar