Nasistləri dolayan adam

Almanlar casus şəbəkəsini saxlamaqdan ötrü Alarix ləqəbi verdikləri Xuan Pujola 240 min ABŞ dolları ödəmişdilər.

Foto: Meydan Tv


Əfsanəvi kəşfiyyatşı haqqında bilmədiklərimiz

İkinci dünya müharibəsi illərində bitərəf dövlətlərin paytaxtları müxtəlif kəşfiyyatların cövlan etdiyi ərazilər idi. "Baharın 17 anı" filmi əsasında daha yaşlı vətəndaşlarımızda İsveçrənin Bern şəhəri haqqında belə bir təəssürat yaranmışdı. Stokholm, Ankara, Madrid, Lissabon da belə kəşfiyyat oylaqları idilər.

Burada yerli əhalidən yalnız tənbəllər kiminsə xeyrinə casusluq etmirdilər. Ofisiantlar, otel xidmətçiləri, taksi sürücüləri, bərbərlər və digərləri eşitdikləri, gördükləri (bəzən də uydurduqları) hadisələr barədə hansısa ölkənin kəşfiyyatına məlumat verir, qarşılığında pul alırdılar. Xüsusi fərasətlilər eyni məlumatı hətta iki və daha çox tərəfə sata bilərdilər.

Buna görə də 1941-ci ilin yaz günlərində Madriddəki Almaniya səfirliyinə bir ispan müraciət edərək casusluq etmək istədiyini söyləyəndə heç kim təəccüblənmədi. Özünü "senyor Lopes" və fürerin qatı pərəstişkarı kimi təqdim edən bu şəxs İspaniya Xarici İşlər Nazirliyində məmur olduğunu, tez-tez İngiltərəyə səfər etdiyini və Almaniyanın xeyrinə casusluq edə biləcyini söyləyirdi. Səfrilikdə onunla əlaqə saxlayacaqlarını bildirdilər.

Bir neçə gündən sonra senyor Lopes Madrid kafelərinin birində alman hərbi kəşfiyyatının (abver) İspaniyadakı bölməsinə rəhbərlik edən Karl-Erik Küllental ilə görüşdü. Mənbələr bu iki nəfər arasında baş tutan söhbət barədə müxtəlif fikirlər səsləndirirlər, təkzibolunmaz fakt isə ondan ibarətdir ki, Küllental cənab Lopesin casusluğa cəlb olunmasına və İngiltərəyə göndərilməsinə qərar verdi.

Tezləşdirilmiş casusluq kursu keçəndən sonra Lopesə görünməyən müəkkəb, kod kitabçası, 600 funt-sterlinq (o dövrün kursu ilə 2400 dollar) və Alarix ləqəbi verərək Londona yola saldılar. Az sonra abverin yeni casusundan məktublar gəlməyə başladı. Tamamilə sadə şeylərdən bəhs edən bu məktublardakı sətirlərin arasında görünməyən mürəkkəblə abver üçün maraqlı ola biləcək məlumatlar yazılırdı. Məktubu alanlar onun üzərinə müəyyən tərkibli maye çəkir və oxuyurdular.

Alarix məktublarını göndərməyin xeyli təhlükəsiz yolunu tapdığını da xəbər verirdi. Onun dediyinə görə, Niderlandın KLM aviaşirkətində işləyən, Lissabon-London marşrutunda çalışan bir stüardessanı öz tərəfinə çəkib və məktubları onun vasitəsilə Lissabondan göndərir; hər məktuba görə isə ona 1 dollar ödəyir. Əlbəttə, bu üsul Britaniya əks-kəşfiyyatının yoxlamalarından yayınmaq üçün gözəl tapıntı idi.

Lakin problem onda idi ki, Alarix yalan danışırdı. O, Londona getməmişdi, Lissabonda idi və məktublarını da oradan yazırdı. Onun Madriddə görüşdüyü almanların etimadını qazanmaq üçün özü haqqında danışdığı hər şey, o cümlədən Hitlerə rəğbəti barədə dedikləri yalan idi. Əksinə, o, nasizmə nifrət edirdi.

***

Özünü Lopes kimi təqdim edən və almanlardan Alarix ləqəbini alan şəxsin əsl adı Xuan Pujol Qarsia idi. O, 1912-ci ildə Barselonada anadan olmuşdu, ata tərəfdən katalan, ana tərəfdən isə ispan idi. Diplomat deyildi, İspaniya Xarici İşlər Nazirliyində çalışmırdı. Sahibi olduğu quşçuluq ferması İkinci Respublika dövründə milliləşdirilərək əlindən alınmışdı, otellərdən birini idarə etməklə dolanmağa çalışırdı.

İspaniyadakı vətəndaş müharibə dövründə iş elə gətirir ki, Pujol əvvəlcə respublikaçılar, sonra isə Franko tərəfində orduya səfərbər olunur. Lakin özünün dediyinə görə, hər dəfə bir güllə belə atmadan qurtula bilir. Bu zaman o, həm kommunistlərə, həm də millətçilərə totalitarizmin iki üzü kimi nifrət etməyə başlayır.

İkinci dünya müharibəsi başlayanda, xüsusən də Fransanın məğlubiyyətindən sonra Böyük Britaniya nasist Almaniyası ilə savaşan tək ölkə kimi ağır vəziyyətə düşdükdə, Pujol ona kömək etmək qərarına gəlir və Madriddəki səfirliyinə üç dəfə müraciət edərək onların xeyrinə casusluq etmək istədiyini söyləyir. Lakin ingilislər casus seçimində almanlardan daha vasvası idilər və bu sahədə heç bir bilgisi, hazırlığı, eləcə də faydalı sayılacaq əlaqələri olmayan ispan onlarda maraq doğurmur.

Belə olduqda cənab Pujol İngiltərə kəşfiyyatına maraqlı olmaq üçün öz statusunu sıravi ispandan Almaniyanın casusuna dəyişməyə qərar verir. Üçüncü reyxin Madriddəki səfirliyinə müraciətin arxasında da bu istək dururdu. O, abverin casusu kimi Londona gedərək burada ingilislərə təslim olmağı və onlara işləməyi planlayırdı. Ancaq hər şey düşünüldüyü kimi asan olmadı.

Lissabona gələn Pujol bütün cəhdlərinə baxmayaraq, İngiltərəyə getmək üçün viza ala bilmir. Casusluq üçün buradakı Britaniya səfirliyinə müraciət də uğursuz olur. Madriddən fərqli olaraq onu heç qəbul edib dinləyən olmur. Naçar qalan Alarix öz fantaziyasına güvənməyi qərara alır.

O, Lissabon mağazalarından Böyük Britaniyanın xəritəsini, turist kitabçası, məlumat kitabçaları alır və onların sayəsində məlumat əldə edərək özü orada imiş kimi almanlara məlumat ötürür. Dəmiryoluna aid məlumat kitabçasında göstərilən tariflərə uyğun olaraq guya biletlərə verdiyi pulun məbləğini almanlara xəbər verir, lakin onları cəmləməkdə çətinlik çəkir.

1971-ci ilə kimi Böyük Britaniya valyutası qeyri-onluq sistemə əsaslanırdı. Funt-sterlinq 20 şillinqə bərabər idi, şillinq də öz növbəsində 12 pensə bölünürdü. Yəni 1 funt-sterlinqdə 240 pens var idi. Bunu hesablamaya bilməyən Pujol almanlara ümumi xərclərinin cəmi barədə sonra hesab göndərəcəyini deyir.

Britaniyaya heç zaman ayağı dəyməyən və oradakı əhalinin vərdişləri barədə xəbərsiz olan Alarixin öz uydurma məlumatlarında səhv buraxması qaçılmaz idi. Məsələn, o bir dəfə Qlazqoda əlaqə yaratdığı şotlandın "bir litr çaxır naminə hər şeyə hazır olduğunu" xəbər verir. Halbuki çaxır sevən şotland təsəvvür etmək çətindir. Təəccüblüdür ki, abverdə bu yanlışlığa diqqət vermədilər.

Ancaq Pujol anlayır ki, bir gün yalanları ifşa oluna bilər. Ona görə də guya özünə işləyən yalançı agentlər uydurur ki, almanlar onun verdiyi hansısa xəbərin yalan olduğu aşkar edəndə məsuliyyəti həmin agentin üzərinə atsın.

Onun bir agenti guya Uelsin cənubundakı Nyuport şəhərində yaşayan portuqal idi və buradakı quru qoşunlarının və hərbi-dəniz qüvvələrinin hərəkəti barədə məlumat verirdi. Gerbers adlı başqa birisi İsveçrə almanlarından idi, Butl şəhərində yaşayırdı. O, yaxınlıqdakı Liverpul limanından hərbi təyinatlı daşınmalar barədə xəbər verəcəkdi. Qlazqodakı adamı isə bu şəhərdə baş verənlərdən və Klayd çayındakı daşınmalardan agah edəcəkdi.

***

Almanlar məxfi məlumatların şifrələmək və şifrinin açılması üçün Eniqma adlı aparatdan istifadə edirdilər. Ancaq ingilislər polyakların köməyilə Eniqmanın şifrinin qıraraq yazışmaları oxuyurdular. Almanların Alarix adlı qəribə casusunun varlığından da məhz bu yolla xəbər tutdular.

İngilislər əvvəlcə ölkəyə alman casusunun soxulmasından təlaşa düşdülər. Sonra isə bu təlaş təəccüblə əvəz olunur. Casus yalan məlumatlar ötürürdü. Mövcud olmayan hərbi hissələrin hərəkətindən danışır, Uindermir gölündə olmayan hərbi təlimlərdən xəbər verir, olmayan dəniz karvanının Liverpuldan Maltaya yola düşdüyünü söyləyirdi. Alman hərbi donanması (kriqsmarin) və aviasiyası (lüftvaffe) bu karvanı tapıb batırmaq üçün xeyli vaxt sərf etdi, amma müvəffəq olmadılar. Bu hadisə Alarixin nə qədər faydalı ola biləcəyini ingilislərə anlatdı.

Onların Alarixin kimliyini necə müəyyən etməsi barədə müxtəlif versiyalar mövcuddur. Kimisi bunu elə alman yazılarından öyrənildiyini, kimisi Pujolun yenidən ingilislərə müraciət etdiyini söyləyir, kimisi də başqa variant səsləndirir. Hər necə olur olsun, Britaniya əks-kəşfiyyatı (Mİ-5) onunla əlaqə yarada bilir və 1942-ci ilin aprelində Londona gətirir.

Beləcə, Xuan Pujol nəhayət ki, öz arzusuna çatır. İndi ingilislər ona ləqəb fikirləşməyə başlayırlar və o zaman dünyanın ən yaxşı aktrisası hesab edilən Qreta Qarbonun soyadını verirlər. Bu Pujolun aktyorluq məharətinin etirafı idi. Qarbonun işinə ispan əsilli Britaniya kəşfiyyatçısı Tommi Harris rəhbərlik edəcəkdi.

***

Pujolun Qarboya çevrildiyi günlərdə amerikalılar və ingilislər Şimali Afikaya qoşun çıxarmağı nəzərdə tutan "Torch" (Məşəl) əməliyyatına hazırlaşırdılar. Ölkənin bir çox limanında, o cümlədən Liverpulda ciddi işlər gedir. Qarbonun qarşısında dilemma yaranır: aydındır ki, bu haqda almanlara heç bir məlumat vermək olmaz; bəs o zaman məlumat verilməməsini sonradan almanlara necə izah edəcəksən? Axı onun guya Butlda Gerbers adlı agenti vardı.

Qarbo almanlara xəbər verir ki, Gerbers xəstələnib və buna görə bir müddət Liverpuldan xəbərlər olmayacaq. Bir qədər sonra isə Gerbersin vəziyyətinin ağırlaşdığını, sonda isə öldüyünü bildirir. Beləliklə, Liverpulda agent qalmır. Mİ-5 hətta yerli qəzetlərin birində müvafiq nekroloq çap edir və Qarbo onu sübut kimi almanlara göndərir. Onun "həyasızlığı" o dərəcəyə çatmışdı ki, olmayan agentinin "dul arvadına" Almaniyanın pensiya ödəməsinə nail olur.

Əməliyyat başlanan ərəfədə isə Britaniya əks-kəşfiyyatı almanların Qarboya inamını artırmaq üçün başqa fəndə əl atırlar. “Torch” əməliyyatı barədə yetərincə dolğun məlumatlar əks olunan məktub yazılır. Üzərinə tarixini göstərən poçt ştempeli də vurulur. Lakin məktub “Torch” əməliyyatı başlayandan sonra göndərilir.

Almanlar Qarbonun olduqca qiymətli məlumatları olan məktubunu alarkən müttəfiqlərin desantı artıq Şimali Afrikaya çıxmışdı. Ancaq nə etmək olar, müharibə dövrüdür, məktubun gecikməsi normal haldır. Qarboya elə belə də yazıldı: "Sizin son məlumatlarınız mükəmməl idi, çox heyfslənirik ki, bizə gec çatdılar".

Britaniya əks-kəşfiyyatının Qarbo üzərindən qurduğu plan onun yalançı casus şəbəkəsini genişləndirməkdən və beləliklə, almanları qane edən səviyyəyə çatdırmaqdan ibarət idi. İngilislər bunun sayəsində abverin ölkəyə yeni casuslar göndərməkdən vaz keçməsinə nail olmaq istəyirdilər.

Bunun nəticəsində Qarbonun "şəbəkəsi" getdikcə genişlənir. 1944-cü ildə agentlərinin sayı 27 nəfərə çatırdı. Buraya ölkəsinin Britaniyadan müstəqil olmasını istəyən bir hindli, uelsli bir faşist, ABŞ ordusunun serjantı, ingilis əsgəri, venesuelalı tələbə və başqaları var idilər. Daxili İşlər Naziriyində senzor və Nazirlər Kabinetində katibə işləyən agentlər xüsusilə qiymətli məlumatlar verirdilər. Hətta rəhmətlik Gerbersin dul arvadı da ərinin işini davam etdirməyə razılaşdı.

Oxucuların çaş-baş düşə biləcəklərini nəzərə alaraq təkrar etmək istəyirəm ki, bütün bu agentlər xəyali idilər. Onlardan heç biri gerçək həyatda yox idi. Almanlara ötürülən bütün məlumatları Britaniya əks-kəşfiyyatı tərtib edirdi. Nəticədə almanlar 1944-cü ildə Qarbonun şəbəkəsi var ikən, Britaniya adalarına yeni casus göndərməyi rasional hesab etməyərək vaz keçdilər.

***

1944-cü ilin yazında müttəfiqlər Fransaya qoşun çıxarmaq üçün hazırlıq görürdülər. Əməliyyatın uğurlu keçməsi xeyli dərəcədə yerinin və gününün almanlardan gizli saxlanılmasından və üstəlik, başqa yerdə keçiriləcəyinə inandırmaqdan asılı idi. Desantın Normandiyada çıxarılması qərara alınmışdı, ancaq almanları Kale ətrafına çıxarılacağına inandırmaq lazımdı. Bunun üçün "Bodyguard" deyilən dezinformasiya əməliyyatı hazırlanmışdı.

"Bodyguard" üç hissədən ibarət idi:

– müttəfiq desantının çıxacağı yer və gün barədə ikili agentlər və diplomatik kanallar vasitəsilə yalan məlumatların yayılması;

– vizual hiylə məqsədilə Britaniya adalarındakı bəzi ərazilərdə yalançı qoşun hissələrinin, texnikanın, aerodromların, quru və dəniz nəqliyyat vasitələrinin konsentrasiyası – "Fortitude" (Mətanət) əməliyyatı;

– Düşməni dezinformasiya etmək məqsədilə sovet ordusunun Baş qərargahı ilə əməkdaşlıq.

Birinci hissəni həyata keçirmək üçün xeyli ikili agent cəlb olundu. Bu agentlərin hamısı əvvəllər almanlara işləyən, sonra isə Mİ-5 tərəfindən ifşa olunub öz tərəflərinə çəkilənlər idilər. Onların içində yalnız Qarbo könüllü olaraq almanları aldadıb ingilislərə işləyirdi. "Bodyguard" əməliyyatı onun fəaliyyətinin zirvə nöqtəsi oldu.

Qarbo Kale limanı ilə üzbəüzdəki İngiltərə ərazisində – Kent qraflığında yaradılan yalançı ordular qrupu barədə məlumat verir. Halbuki burada cüzi sayda hərbçi vardı. Almanların hava kəşfiyyatını çaşdırmaq üçün qoyulan tanklar, avtomobillər, təyyarələr, gəmilər və qayıqlar isə yalnız maket idilər.

Bu dövrdə Qarbo almanlarla artıq ratsiya vasitəsilə əlaqə saxlayırdı. O, 1944-cü ilin yanvarından Normandiyaya qoşun çıxarılan günə (6 iyun) qədər 500 radioxəbər göndərir. Bu xəbərlər əsasən Kent qraflığında yığılan yalançı ordular qrupundan bəhs edir. Həmin qrupa düşmənlərin yüksək qiymətləndirdiyi ABŞ generalı Corc Pattonun komandan təyin edilməsi barədə Qarbonun xəbəri müdaxilənin məhz Kaledə olacağına almanları daha çox inandırır.

665x349_1_8dba4fb1f6efa9d14bce856961afff86@1920x1005_0xac120005_18245057271529047065.jpg
Xuan Pujola

Bu zaman kəşfiyyatın əsas qaydasına əməl olunması çox vacib idi. Bu qaydaya görə kəşfiyyatçı yalnız əldə etdiyi faktları mərkəzə ötürməlidir. Özü hansısa qənaətə gəlməməli, çıxardığı nəticələri bölüşməməli, məsləhət verməməlidir. Nəticə çıxarmaq, qənaətə gəlmək mərkəzin işi idi. Qarbo da elə məlumatlar ötürürdü ki, almanlar özləri desantın Kaledə çıxacağı qənaətinə gəlsinlər.

Bu zaman da Qarbonun etibarlılığının qorunmasına önəm verilir. İyun 6-da səhərə yaxın o, almanlara əlaqə saxlayaraq müttəfiqlərin Normandiyaya desant çıxaracaqlarını xəbər verməli idi. Məlumat elə bir vaxtda ötürüləcəkdi ki, almanların əks-tədbirlər üçün vaxtı qalmayacaqdı. Lakin gerçəklik daha yaxşı alındı. Qarbo əlaqəyə çıxdığı zaman onu ratsiyanın başında gözləməli olan almanlar nədənsə cavab vermədilər. Bu da ona almanlara qarşı xeyli ittihamlar irəli sürməyə, hətta "belə məsuliyyətsizlik yolverilməzdir, sizinlə işləməyi dayandırmaq lazımdır, heyf, ideallarım qoymur" deyə şüvən qaldırmağa imkan verir.

Desant Normandiyaya çıxandan sonra alman feldmarşal Rommel Kale ətrafından iki tank diviziyasını Normandiyaya göndərmək və burada platsdarm əldə edən müttəfiq qoşunlarını zirehli maşınların zərbəsilə dənizə tökmək üzərində düşünürdülər. Yalnız bu diviziyaların Kaledən uzaqlaşandan sonra müttəfiqlərin buraya desant çıxara biləcəklərindən qorxurdular.

Alman generalitetinin bu tərəddüdü zamanı, iyunun 9-da Qarbo özünün bəlkə də ən mühüm məlumatını göndərdi. O, yazırdı: "Keçirilən əməliyyat genişmiqyaslı olsa da, diversiya xarakteri daşıyır". Qarbo ikimci, əsas zərbənin Kale ətrafında endiriləcəyini güman etdiyini bildirir. Bu zaman Qarbo gəldiyi nəticəni mərkəzlə bölüşürdü və yuxarıda bəhs etdiyim qaydanı kobud pozurdu. Lakin onun almanlar arasında reputasiyası o qədər qüsursuz idi ki, bunu ona nöqsan tutmadılar.

Artıq Normandiyaya doğru hərəkət etməyə başlayan iki tank diviziyası Kale ətrafına qaytarıldı. Müttəfiqlər hər gün Normandiyaya onminlərlə canlı qüvvə, minlərlə zirehli texnika çıxarırdılar. Ancaq almanlar hələ də əsas zərbənin Kaledə olacağını düşünürdülər. Onlar ehtiyatdan gələn qüvvələri Normandiyadan çox Kale ətrafına yığırdılar.

Sonda almanlara xəbər verildi ki, Normandiyadakı əməliyyat əvvəlcə diversiya kimi düşünülsə də, o qədər uğurlu alınıb ki, müttəfiqlər Kaleyə desant çıxarmaqdan imtina ediblər. Heyrətamizdir, lakin almanlar bu yalanı da uddular. Hətta iyulun 29-da ratsiya ilə Xuan Pujola xəbər verdilər ki, Almaniya qarşısındakı böyük xidmətlərinə görə ikinci dərəcəli Dəmir Xaç ordeni ilə təltif olunub.

Bu xəbər ingilisləri də Pujolu mükafatlandırmağa sövq etdi. Noyabrın sonlarında Böyük Britaniya kralı VI Georf tərəfindən Britaniya imperiyası ordeninə layiq görüldü.

***

İyunun ortalarından etibarən almanlar Londonu V-1 (və ya Fau-1) raketlərilə atəşə tutmağa başladılar. Onlar Qarbodan raketlərin düşdüyü yerlər barədə məlumat toplamasını istəyirdilər və bunun əsasında öz atəşlərini korrektə edəcəkdilər. Doğru məlumatın yolverilməz olduğu, şübhə oyatmadan yalan məlumat verməyin isə yolunu tapmayan Qarbo özünü "həbs etdirir".

Bir neçə gündən sonra öz işinə qayıdan Qarbo anlaşılmazlıq səbəbindən həbs edilməsindən dolayı daxili işlər nazirinin üzrxahlıq məktubunu almanlara göndərir. Lakin bu həbsi bəhanə edərək fəaliyyətinin davam etdirməsinin təhlükəli olduğunu bildirir və Londondan uzaqlaşır.

Almanlar casus şəbəkəsini saxlamaqdan ötrü Alarix ləqəbi verdikləri Xuan Pujola 240 min ABŞ dolları ödəmişdilər. İngilislər də Qarbo ləqəbi verdikləri Xuan Pujola 15 min funt-sterlinq ödəyərək yola saldılar.

Müharibədən sonra bir xeyli nasist Franko İspaniyasında sığınacaq tapdı. Özünün ikili oyunundan onların xəbər tutacaqlarından və qisas alacaqlarından ehtiyat edən Qarbo öz vətəninə deyil, uzaq Anqolaya yollanır. O, burada malyariyaya yoluxur və 1949-cu ildə vəfat edir.

1970-ci ilin əvvəllərində gənc yazıçı və gələcək siyasətçi Rupert Allason (yazıçı təxəllüsü Naycel Uest) Qarbonun fəaliyyətilə maraqlanır və ölümünün də uydurma olmasından şübhələnir. Onun axtarışları yalnız 1984-cü ildə öz bəhrəsini verdi. "Rəhmətlik" Xuan Pujol sağ-salamat Venesuelada tapıldı.

Yazıçının israrı nəticəsində keçmiş kəşfiyyatçı Londona gəldi və burada şahzadə Filipp tərəfindən qəbul edildi. Şahzadə Pujola Britaniya qarşısındakı əvəzsiz xidmətlərinə görə təşəkkür etdi. Bir neçə gün sonra, iyunun 6-da, desant əməliyyatının 40-cı ildönümündə Pujol Normandiyaya yollandı.

O burada hərbi əməliyyatların getdiyi əraziləri və həlak olan hərbçilərin dəfn edildikləri məzarlıqları ziyarət edir. Belə məzarlıqların birində göz yaşlarını saxlaya bilməyən Xuan Pujol "Bilirəm ki, çox adamı xilas etmişəm, amma düşünürəm ki, bəlkə daha çox etmək olardı".

Əfsanəvi kəşfiyyatçı 1988-ci ilin oktyabrında Venesuelanın paytaxtı Karakasda vəfat etdi. Bu dəfə həqiqətən…

Ana səhifəXəbərlərNasistləri dolayan adam