Nardaran hadisələrinə görə ehsan süfrəsi verilən evə polis müdaxiləsi olub

Polislər “Müsəlman Birliyi” Hərəkatının sədr müavini (sədr Taleh Bağırzadə həbsdə olduğuna görə hazırda sədr əvəzi sayılır) Elçin Qasımov və ev sahibini noyabrın 27-də səhər saat 10.00-da Sabunçu Rayon Polis İdarəsinə çağırıblar.

Foto: Müsəlman Birliyi Hərəkatı


Ev sahibinə xəbərdarlıq edilib ki, haqqında cinayət işi başlana bilər

Noyabrın 26-da Nardaran hadisələrinin dördüncü ildönümü, həmin olaylar zamanı ölənlərin xatirəsini anmaq məqsədilə keçirilən tədbirlərə polis müdaxiləsi olduğu bildirilir. Bu barədə Meydan TV-yə “Müsəlman Birliyi” Hərəkatından məlumat verilib.

2015-ci il noyabrın 26-da Nardaranda ilahiyyatçı Taleh Bağırzadə və onlarla başqa şəxslərin həbsi üçün keçirilən əməliyyat zamanı öldürülən 6 nəfərdən dördü “Müsəlman Birliyi” Hərəkatının üzvləri idi. Ona görə də hərəkat üzvləri onların xatirəsini yad etmək məqsədilə Maştağada fərdi evlərin birinə toplaşıb.

“Anım mərasimində onların ruhuna “Quran” oxunub, ehsan vermək məqsədilə toplaşmaq qərarı verilmişdi. Buna baxmayaraq, “Müsəlman Birliyi” Hərəkatının üzvləri növbəti dəfə polis müdaxiləsi ilə üzləşiblər. Əraziyə silahlı polis işçiləri gəlib, mərasimin dayandırılmasını tələb ediblər. Belə bir hal heç bir hüquqi çərçivəyə sığmır. Amma hərəkat üzvləri insidentin yaşanmaması üçün məclisi saxlayıb, oranı tərk ediblər”, – deyə hərəkatdan bildirilib.

Polislər “Müsəlman Birliyi” Hərəkatının sədr müavini (sədr Taleh Bağırzadə həbsdə olduğuna görə hazırda sədr əvəzi sayılır) Elçin Qasımov və ev sahibini noyabrın 27-də səhər saat 10.00-da Sabunçu Rayon Polis İdarəsinə çağırıblar.

Hər ikisi noyabrın 27-də idarəyə gedib və izahatları alınıb.

Elçin Qasımovun bildirdiyinə görə, idarədə onlara deyilib ki, belə tədbirlərin keçirilməsinə icazə verilmir: “Ev sahibinə isə xəbərdarlıq olunub ki, analoji hal baş versə, onun haqqında cinayət işi başlanacaq”.

E.Qasımov bundan öncə noyabrın 19-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılmış və Nardaran hadisələrinin 4-cü ildönümü ilə əlaqədar ehsan süfrəsi vermək planına görə ona xəbərdarlıq edilmişdi. İdarədə ona deyilmişdi ki, əgər keçirməyi planlaşdırdıqları ehsan süfrəsini təxirə salmasalar, polis sərt şəkildə müdaxilə edəcək. Tövsiyə olunmuşdu ki, “Müsəlman Birliyi Hərəkatı” ehsan süfrəsi keçirmək istəyirsə, bunun üçün Bakı şəhər İcra Hakimiyyətinə yazılı müraciət edib, ərizə almalıdır.

Ana səhifəSiyasətNardaran hadisələrinə görə ehsan süfrəsi verilən evə polis müdaxiləsi olub