“Murovdağ üçün ac, ayağıyalın dörd oğlan böyüdürəm”

Vahid Qasımov deyir ki, mağazalara və apteklərə üst-üstə 2 min manatdan çox borcu yığılıb

Source: Specify Source


Siyəzən sakini işsizlikdən əziyyət çəkir, ailəsini dolandıra bilmir

Siyəzən sakini Vahid Qasımovun 5 uşağı var. Onlardan dördü oğlandır və məktəblidir. Ancaq atanın deməsinə görə, onlar bu il məktəbə gedə bilməyiblər. Ata səbəblərdən danışır. Deyir, əvvəllər əlində işi, qazancı vardı, ailə qayğılarının öhdəsindən gəlirdi:

“İşsizlik belimi qırıb. Uşaqların üzünə baxa bilmirəm. Çörək tapa bilmirəm. Paltarları, məktəbli ləvazimatları, hətta ayaqqabıları da yoxdur… Həyat yoldaşım xəstədir, dializ qəbul edir. Onun da əmək fəaliyyəti ilə məşğul olmaq imkanı yoxdur. Özüm də stresdən, dərddən şəkər xəstəliyi tapmışam. İşsizlik hamını xəstə, yarımcan edib. Əvvəl Xaçmazdan, Qubadan Rusiyaya meyvə aparanlarla işləyirdim, normal qazancım vardı, o sahənin də belini qırdılar, camaat acından qırılır”.


“Dövlətin başında dayananlara səslənirəm”

Vahid Qasımov kömək üçün rayonun icra hakimiyyətində də olub:

“Özüm də, həyat yoldaşım da icra hakimiyyətinə getmişik, demişik ki, uşaqları məktəbə göndərə, dolana bilmirik. Yaşadığımız yeri görsəniz, deyərsiz ki, bura iti bağlasan, dayanmaz. Şəraitsizlik, rütubət, nəmişlik bir yerdə vətən üçün 4 oğul böyüyür. Burdan dövlətin başında dayananlara səslənirəm, bu ac, ayağıyalın böyüyən uşaqlar 18 yaşına çatanda nə üzlə gəlib, əlimdən alıb, aparıb Murovdağın başında posta qoyacaqsız?”.

image_from_ios (1).jpg
“Şəraitsizlik, rütubət, nəmişlik bir yerdə vətən üçün 4 oğul böyüyür”.


“Bilmirəm hansı küçədən keçim ki…”

Vahid Qasımov deyir ki, mağazalara və apteklərə üst-üstə 2 min manatdan çox borcu yığılıb:

“Evdən çıxanda bilmirəm hansı küçədən keçim ki, nisyə dərman, çörək götürdüyüm aptekin, mağazanın sahibiylə üz-üzə gəlməyim. Xalqı bu qədər əzmək, adamları bir-birinin yanında utancaq, başıaşağı, xəcalətli eləmək, altı-üstü qazanc mənbəyi olan torpaqdan hər yolla məhrum eləmək günahdır. Kənddə atamın torpağı var, dəfələrlə əkmək, məhsul götürmək istəmişəm, gübrə vaxtı gübrə, suvarma vaxtı su, məhsulu yığmaq vaxtı texnika verilmir. Hər şey bir qrup məmur üçün hesablanıb. Gübrə də, su da, texnika da yalnız öz torpaqları üçündür. Kasıb eləcə kənardan öz torpağına tamaşa edə-edə qalır. Halbuki, o torpağa nə atsan, yetişəcək, artacaq, torpaq əlimizin altındadır, altı-üstü sərvətdir, gəl ki, əlinin altındakı torpaq kasıb üçün əlçatmaz olub, acından ölürük”.


“Bunları istəmək haqqımdır”

Vahid Qasımov hökumətdən normal maaşı olan iş yeri, uşaqpulu, bir də 5 uşağın əziyyət çəkdiyi qəzalı evin təmirinə yardımçı olmağı istəyir:

“Bir vətəndaş kimi bunları istəmək mənim haqqımdır. Çünki övladlarımı özüm üçün yox, dövlət üçün böyüdürəm. Sabah vaxt çatanda onları bir-bir hərbi xidmətə yola salacam. Onların sağlam, qayğısız böyüməsində məndən əvvəl hökumətin marağı olmalıdır. Sabah ölkənin sərhədlərini düşməndən qoruyacaq dörd oğulun atası nisyə dərman, çörək götürdüyü apteklərin, mağazaların qarşısından keçəndə üzünü tutur ki, görməsinlər”.

Siyəzən rayon Məşğulluq Mərkəzindən Meydan TV-yə bildirilib ki, Vahid Qasımov heç vaxt onlara iş üçün rəsmi müraciət etməyib. Müraciət edərsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində yaradılmış özünəməğululluq proqramlarına cəlb oluna, yaxud uyğun iş yeri varsa, işlə təmin edilə bilər.

image_from_ios (2).jpg
““Evdən çıxanda bilmirəm hansı küçədən keçim ki, nisyə dərman, çörək götürdüyüm aptekin, mağazanın sahibiylə üz-üzə gəlməyim”.
Ana səhifəBölgə“Murovdağ üçün ac, ayağıyalın dörd oğlan böyüdürəm”