Müəllim: Kütləvi şəkildə koronavirus testi verməyə göndərilmişik

Təhsil Nazirliyi belə bir qərar olmadığını deyir

Source: Meydan TV


Təhsil Nazirliyi belə bir qərar olmadığını deyir

“İyunun 1-dən müəllimləri işə çağıracaqlarını söyləyirlər. Buna görə bizi şəhərin müxtəlif poliklinikalarına koronavirus testi verməyə göndəriblər. Səhərdən Xırdalan Şəhər Poliklinikasında növbədəyik. Kimi 30-cu, kimi 60-cı, kimi də 100 və ondan artıq nömrələrlə növbə gözləyir. Hamı da bir-birinin yanında, sosial məsafə gözlənmir. İnsanlar maskasız, əlcəksiz, burada növbələrinin çatmasını gözləyirlər”.

Adlarının açılanmasını istəməyən müəllimlər Meydan TV-yə belə deyiblər. Bildiriblər ki, müəllimlərdən əlavə testdən keçmək üçün gələn şagirdlər də var. Hansı ki çoxu yuxarı sinif şagirdləridir. Görünür, imtahana girə bilmək üçün testdən keçmələrini istəyiblər:

“Bu müəllimlərin başına açmadıqları oyun qalmadı. İndi də göndəriblər 100-200 nəfərlə birgə testdən keçməyə. Anlayırıq, lazımdır. Heç olmazsa, saatla göndərərdilər və bu qədər növbə yaranmazdı. Növbə bir yana qalsın, 11-də çağırıblar. Saat 2-dir, hələ bir nəfəri də test etməyiblər. Bəs bu qədər adamı səhərdən bura niyə yığıblar, anlamırıq”.

Müəllimlər qorxurlar, deyirlər, xəstə olmayan da bu növbədə xəstəlik tapacaq:

“İndi də birini gətirib təcili hamımızın yanından keçirərək içəri apardılar. Bildirdilər ki, guya koronaviruslu xəstə ilə ünsiyyətdə olub. Hamı təşvişdədir, ancaq işdən göndəriblər deyə, səslərini də çıxara bilmirlər. Nə edək, bilmirik, gözləyirik”.

Xırdalan Şəhər Polikilinikasından Meydan TV-yə məlumatı təsdiqləyiblər. Hazırda işləri çox olduğundan, növbədəki adamların çoxluğundan əlavə məlumat verə bilməyəcəklərini deyiblər.

Danışıq zamanı ətrafdan səs-küy gəlib, növbə soruşan insanların səsləri eşidilib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə Meydan TV-yə deyib ki, onlarda belə bir məlumat yoxdur, məsələdən xəbərsizdirlər:

“Olsa da, bu, tək-tək ola bilər. İnanmıram kütləvi şəkildə olsun. Təhsil Nazirliyi tərəfindən belə bir göstəriş yoxdur”.

Cəsarət Valehov əlavə edib ki, tədris ilinin sonunadək məktəblərin açılması söhbəti yalandır:

“Məktəblərin açılmasından söhbət getmir. Bununla bağlı yüksək səviyyədə məlumat verilib. Ona görə də müəllimlərin testdən keçirilməsi ilə bağlı bir göstəriş yoxdur. Ümumilikdə testin edilməsi faydalı bir şeydir. Buna görə Azərbaycan digər ölkələrə baxanda yaxşı yerdədir. Amma deyim ki, Təhsil Nazirliyi müəllimlərin testdən keçirilməsi ilə bağlı göstəriş verməyib”.

Çində yaranıb dünyaya yayılan yeni növ COVİD-19 virusuna görə Azərbaycan məktəblərində dərslər martın 3-dən dayandırılıb. Tətil müddəti əvvəlcə 2 həftəlik, daha sonra isə dərs ilinin sonunacan uzadılıb.

Məktəblərdən bir az sonra ölkədə parklar, ticarət mərkəzləri, restoranlar da qapadılıb. 10 nəfərdən çox insanın bir yerə toplanması qadağan edilib.

Mayın 18-dək evdən yalnız SMS icazəsi ilə çıxmaq mümkün idi. O da vacib bir neçə halda. Rayonlara, eləcə də Bakı və Abşeron şəhərlərinə də giriş məhdudiyyəti tətbiq edilmişdi. Ölkədə rəsmən karantin elan olunmuşdu.

Mayın 18-dən karantin rejiminin şərtləri xeyli yumşaldılıb. SMS icazə sistemi ləğv edilib. Restoranlar və parklara giriş bərpa olunub. Ancaq rayonlara giriş-çixiş məhdudiyyəti var. Bundan başqa, ölkələrarası səyahət qadağası da qüvvədədir.

Ana səhifəXəbərlərMüəllim: Kütləvi şəkildə koronavirus testi verməyə göndərilmişik