Mübariz Mənsimov İlham Əliyevə məktub yazdı

“Mən illərlə çox qiymətli atanızdan yaxşılıqlar görmüşəm”

Source: Meydan TV


“Həbsimi quraşdıranlar Rövnəq Abdullayev, dayısı oğlu və…”

Türkiyədə həbsdə olan azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov aclıq aksiyasını dayandırıb. İş adamı bu barədə ictimaiyyətə ünvanladığı məktubunda bildirir ki, heç bir günahı olmadığı həbsinə etiraz olaraq, ölüm aclığı keçirirdi. Baxmayaraq ki, həbsindən az öncə əməliyyat olunmuşdu, amma qida ilə yanaşı, dərman qəbulundan da imtina etmişdi. M.Mənsimovun sözlərinə görə, həkimlər onu xəbərdar ediblər ki, səhhəti hər keçən gün pisləşir və belə davam edərsə, tezliklə həyatını itirə bilər:

“Əgər mən ölsəm, buradakı həkimlər də məsuliyyət daşıyacaqdı. Əlbəttə, istəmərəm ki, kimsə mənə görə zərər görsün. Hamınızın mənim günahsızlığıma inanmağınızı istəyirəm. Mənə bu oyunları quranları Allaha həvalə edirəm. Hərçənd, bu cür oyun quranlarda Allah inancı olmasına da əmin deyiləm.

Övladlarımın və ailəmin yalnız qalmaması, məni sevən dostlarımın üzülməməsi, düşmənlərimin çörəyinə yağ sürtməmək üçün, başda ailəm və dostlarımın xahişi ilə aclığı dayandırıram”.

M.Mənsimov aclığı dayandırandan sonra Azərbaycan və Türkiyə prezidentlərinə məktublar yazıb. Məktublar ayrı-ayrılıqda yazılsa da, hər ikisində o, günahsız olduğunu vurğulayıb və ev dustaqlığına buraxılması üçün yardım istəyib.

Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda o, həbsinin səbəbkarları sırasında Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev və qohumlarının da adlarını çəkib:

“Mənə qarşı qurulan FETÖ ittihamı ilə əlaqədar siz də yaxşı bilirsiniz ki, mən bu cür işlərə bulaşmaram. Mən bir iş adamıyam, siyasətçi deyiləm. Hər zaman Azərbaycan və Türkiyə vətəndaşı olmağımdan qürur duymuşam. Mən hər zaman sizə güvəndim və son nəfəsimə qədər də güvənəcəyəm.

Sizdən ricam budur ki, hazırda haqqımdakı həbs qərarının ev dustaqlığına çevrilməsi üçün Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanla danışasınız. Mən illərlə çox qiymətli atanızdan yaxşılıqlar görmüşəm. Təhsilimdə onun böyük dəstəyi olub. Mən heç zaman yemək yediyim qaba tüpürməmişəm, tüpürmərəm də. Mənim hazırkı durumda olmağımın səbəbkarları, bu cəfəngiyyatları mənə qarşı quraşdıranlar bilirəm ki, Rövnəq Abdullayev, onun dayısının oğlu Anar Əliyev (Əlizadə), Türkiyədən bir iş adamı və Ələddin Aykaçla birlikdə mənim üç keçmiş işçimdir. Onlar gedib, mənimlə haqqımda yalan, əsassız ifadələr veriblər.

Hörmətli Prezidentim, sizdən xahişim bu duruma müdaxilə etməyiniz və məni bu durumdan çıxarmağınızdır. Ən çox üzüldüyüm isə günahsız anam, atam və dörd övladımın göz yaşı içində məni gözləmələridir. 81 və 84 yaşlı anama və atama üzülməsinlər deyə, mənim koronavirus səbəbilə xaricdə olmağım barədə yalan deyiblər. Ancaq anam və atamın səhhəti ilə əlaqədar mən onların yanında olmalıyam. Sizdən hazırkı həbs durumumum ev dustaqlığına çevrilməsi üçün yardımçı olmağınızı xahiş edirəm”.

M.Mənsimovun Türkiyə Prezidentinə məktubunun mətni də oxşardır. Ərdoğana məktubunda onu da qeyd edib ki, bir neçə il əvvəl Rusiya təyyarəsinin vurulmasıyla əlaqədar iki ölkə arasında gərginlik yarananda tutduğu mövqeyə görə o da təzyiqə məruz qalıb:

“Rusiya təyyarəsi vurulanda ortaya çıxan siyasi gərginlikdən dolayı sizə olan dəstəyimi bilən ruslar öncə məni İŞİD-çi olmaqda ittiham etdilər. Ardınca Rusiyadakı şirkətlərimə qarşı əməliyyat qurdular. Bu məsələdə nə bədəllər ödədiyimi görə bilərsiniz. Mən bədəl ödəməyin nə olduğunu bilirəm. Anam və atam kasıblıqdan əziyyət çəkərək məni böyüdüblər və bir yerlərə gətirib çıxarıblar. Vermiş olduqları bu əməyin qarşılığında onlara göz yaşı tökdürə bilmərəm. Allah qatında da bunun qəbulu yoxdur. Bilirsiniz ki, “cənnət anaların ayaqları altındadır”. Şərəfim və namusum üzərinə and içirəm ki, əgər günahkaramsa, bir cəzam varsa, nə olursa olsun, taleyimdir deyib, qəbul edərəm. Ancaq bu xəstəlik dönəmində onsuz da səhhətində problemlər olan ana və atamı yalnız buraxmaq olmaz. Siz dəyərli böyüyümdən xahişim həbsimin ev dustaqlığına çevrilməsinə yardım etməyinizdir”.

SOCAR isə M.Mənsimovun həbsində şirkətin və onun rəhbəri R.Abdullayevin rolu olması barədə yayılan məlumatın əsassız olduğunu bəyan edib.

“Bildiririk ki, Mübariz Mənsimovun Türkiyə Cümhuriyyətində hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının SOCAR qrupuna qarşı London və Dubayda keçiriləcək arbitraj prosesləri ilə heç bir əlaqəsi yoxdur”, – deyə SOCAR bəyan edib.

M.Mənsimov bir neçə il əvvəl SOCAR-la ortaq şirkət yaradıb. Səhmlərin 35 faizi “Palmali”yə məxsus olub. Amma bir müddət sonra M.Mənsimov SOCAR-ın ortaqlıq sənədlərini (səhmləri) ailə üzvlərinin, tanışlarının adlarına keçirilməsini əsas gətirərək, ortaqlıqdan çıxıb. SOCAR isə iddia edir ki, bu məsələdə “Palmali” öz öhdəliklərini yerinə yetirməyib. 2018-ci ildən bu məsələ ilə əlaqədar tərəflər arasında beynəlxalq səviyyədə məhkəmə prosesi gedir.

Ana səhifəSiyasətMübariz Mənsimov İlham Əliyevə məktub yazdı