MSK 8 dairə üzrə müraciəti DSK-lara geri göndərib

MSK 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin də müraciətinə baxıb

Source: Архив


Məzahir Pənahov: “Sosial şəbəkələrə göz yummaqda maraqlı deyilik”

Mərkəzi Seçki Komissiyasının fevralın 17-də keçirilən iclasında bir sıra müraciətlərin Dairə Seçki Komissiyalarına göndərilməsi barədə qərar qəbul edilib.

Qərara əsasən, müraciətlər baxılması üçün 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 42 saylı Sumqayıt ikinci, 46 saylı Şirvan, 51 saylı Qusar seçki dairələrinə göndərilib.

12 Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən Səbinə Xasayeva, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsindən Tahir Mirkişili, 46 saylı Şirvan Seçki Dairəsindən İltizam Yusifov, 51 saylı Qusar Seçki Dairəsindən Azər Badamov qalib elan olunublar. Onların hamısı hakim partiyanın namizədləridir.

Bundan başqa MSK 86 saylı İsmayıllı, 66 saylı Biləsuvar, 10 saylı Binəqədi üçüncü, 9 saylı Binəqədi ikinci seçki dairələrindən olan şikayətlərə də baxıb. Komissiya şikayətlərin müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edib.

86 saylı İsmayıllı dairəsindən Novruzəli Aslanov, 66 saylı Biləsuvar seçki dairəsindən Bəhruz Məhərrəmov, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Madər Musayev, 9 saylı Binəqədi ikinci seçki dairəsindın Kamaləddin Qafarov qalib elan olunublar.

MSK 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin də müraciətinə baxıb.

Bildirilib ki, şikayətçilər MSK-ya 35 protokol təqdim ediblər. Müəyyən edilib ki, onun 8-i orijinal, qalanları isə kserosurətdir. Bəzi protokollardan müəyyən fərqlər yaradılıb.

İclasda həmin dairənin 7 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Nəticələri etibarsız hesab edilən seçki məntəqələri bunlardır: 1, 2, 3, 4, 18, 30 və 35 saylı seçki məntəqəsi. 34 saylı Xətai ikinci seçki dairəsində ümumilikdə 36 seçki məntəqəsi var. MSK Mixail Zabelini bu dairənin qalibi elan edib.

İclasda çıxış edən MSK sədri Məzahir Pənahov sosial şəbəkələrə göz yummaqda maraqlı olmadıqlarını deyib. O, sosial şəbəkələri gözəl bir vasitə adlandırıb.

“Sosial şəbəkələrin imkanı çox genişdir. Eyni zamanda çox əsaslı bir mənbədir. Sosial şəbəkələr olmasaydı, seçkilər məntəqələrin 98%-də yaxşı keçməzdi”, – M.Pənahov deyib.

Fevralın 13-də MSK-nın iclasında 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan seçki dairələrinin nəticələri ləğv edilmişdi. Həmin dairələrdən Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadı Rəcəbli və Çingiz Qənizadə qalib elan olunmuşdu.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Milli Şura və KXCP seçkiləri boykot etsə də, AMİP, ADP, BAXCP, BQP, VHP, YAP, Müsavat, Ümid, ReAL partiyaları seçkilərə qatılıblar.

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası fevralın 10-da seçkilərin nəticələri haqda ilkin hesabatlarını yayıb. Nəticələrin Azərbaycan xalqının iradəsini əks etdirmədiyini bildiriblər.

Azərbaycanda parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Ana səhifəSiyasətMSK 8 dairə üzrə müraciəti DSK-lara geri göndərib