Meri Enninq – təkamül nəzərriyyəsinə “dosye” hazırlayan ilk paleontoloq qadın

Amma ölümündən sonra vəziyyət dəyişib, bir neçə canlı növünə onun adı verilib

Source: meydan.tv



(ikinci hissə)


“Alimlər Meri Enninqin beyninin məhsullarından istifadə edib çox sayda məqalə yazdılar, amma özü onlara aid imtiyazların heç birindən faydalana bilmədi”.


Anni Pinni

Məhdud çərçivədə təhsil almasına baxmayaraq o, tapdığı fosilləri durmadan oxuduğu elmi ədəbiyyat və balıqları yararaq əldə etdiyi anatomik biliklər sayəsində kifayət qədər dərindən analiz etməyi öyrənmişdi.

London hakimi Con Silvestrin dul arvadı ledi Harriet Laym-Recisə səyahətindən sonra (1824) gündəliyində Meri haqqında bunları yazmışdı:

“Bu gənc qadında heyrətamiz bir xüsusiyyət var – Meri elmlə o qədər yaxından tanış olub ki, istənilən sümüyü tapan anda onun hansı növə aid olduğunu bilir. Sümükləri sement vasitəsilə bir çərçivənin içində bərkidəndən sonra skeltin şəklini çəkir. Bu, əlbəttə ki, allahın lütfüdür – kasıb və savadsız qız onun xeyir-duası sayəsində elə bir bilik səviyyəsi əldə edib ki, professorlarla və digər ağıllı adamlarla paleontologiya haqqında çox rahat danışır, yazışır. Onların hamısı etiraf edir ki, Meri elmi krallıqda yaşayanların hamısından çox dərk edir”.

Həmin dövrdə o, fosil satışından topladığı pulla şüşə vitrinli ev alıb (1826) orda “Enninqin fosil repozitoriyası” adlı mağazasını açır. Bu mağazaya gələnlər arasında Avropa və Amerikanın bir çox geoloq və kolleksiyaçıları, o cümlədən, Merini “çox ağıllı və məzəli məxluq” adlandıran Corc Uilyam Fezercstonhau və Saksoniya kralı III Fridrix də vardı. Sonuncusu öz böyük kolleksiyası üçün Meridən bir ixtiozavr skeleti almışdı.

Kralın həkimi və köməkçisi Krla Qustav Karus gündəliyində onun haqqında belə yazmışdı: ”Biz karetadan düşüb piyada mağazaya yollandıq. Orda möhtəşəm fosillər və müxtəlif eksponatlar vardı. Mağazada mən qaramtıl gildən hazırlanmış bir lövhə tapdım, üstünə uzunluğu ən azı 6 fut olan ideal ixtiozavr skeleti yerləşdirilmişdi. Bu nümunə kontinentdəki təbiətşünaslıq muzeylərinin bir çoxu üçün əla eksponat ola bilər. Hesab edirəm ki, onun üçün tələb edilən 15 funt orta qiymətdir”.

“Məni bütün Avropa yaxşı tanıyır” – Karusun istəyilə adını və ünvanını bir kağıza yazıb ona verəndə Meri belə demişdi.

Zaman keçdikcə onun biliklərinə inam daha da artır. “Journal of Natural History” (“Təbiətin tarixi jurnalı”) yazdığı məqalədə (1839) Meri hibodus (donqar diş) akulasına aid fosil qığırdaqlılarının yeni növ kimi təqdim edilməsinin səhv olduğunu bildirir, qeyd edir ki, düz və qarmaqlı dişləri olan bu akula növünü o, bir neçə il əvvəl aşkar edib.

Bu, onun elmi ədəbiyyatda dərc edilmiş yeganə məqaləsidir. Çünki o dövrdə elm cameəsi qadınlara ciddi yanaşmırdı. “Zərif cins”in nümayəndələrini nəinki səsverməyə, o cümlədən, universitetlərdə təhsil almağa, dövlət orqanlarında vəzifə tutmağa qoymurdular. Qadınları üzv etməyən London Geologiya Cəmiyyəti onların hətta toplantılarda iştirakına da icazə vermirdi.

Meri Enninq geologiya və fosillər haqqında çoxundan çox şey bilsə də, bu cəsur və əzmkar qadının aşkar etdiyi fosillər haqqında elmi mülahizələrini dərc etdirən cənablar məqalələrində onun adını qeyd etmirdilər. Bu haqzılıq Merini çox incidirdi. “Həmin adamlar onun beyninin məhsullarından istifadə edib çox sayda məqalə yazıblar, amma özü onlara aid imtiyazların heç birindən faydalana bilməyib” – bəzən sahildə Meriylə birlikdə dolaşan Anni Pinni belə yazmışdı.

Halbuki məşhur alimlərin bir çoxu, məsələn, Britaniyanın aparıcı geoloqlarından Poderik Merçison və Henri de la Beç, isveçrəli paleontoloq Lui Aqassiz, “İquanodon” dinozavrını kəşf etmiş Gideon Mantell, Kembric Universitetində Çarlz Darvinin müəllimi olmuş Adam Sedcvik, Oksford Universitetinin müəllimi Uilyam Baklend Meri Enninqi şəxsən tanıyırdılar. Bezoar daşı kimi bilinən konik cisimlərin əslində ixtiozavr və peliozavrların daşlaşmış nəcisi olduğu barədə vacib elmi mülahizəni sonuncusuna məhz Meri demişdi.

****

1830-cu ildə İngiltərədə iqtisadi vəziyyət pisləşir və bu, eksponat satışına da mənfi təsir edir. Henri de la Beç maddi vəziyyəti növbəti dəfə kəskin pisləşmiş Merinin fosil rəsmləri əsasında çəkdiyi akvarellərin surətlərini çıxarıb öz geoloq həmkarlarına sataraq əldə edilmiş məbləği ona verir.

Həmin il Meri növbəti böyük kəşfə imza atır – sonradan



Plesiosaurus macrocephalus” adlandırılacaq yeni növ peliozavr skeletini aşkar edir. Onda 200 funta satıh alınan bu fosil hazırda Parisdə Təbiətin tarixi muzeyindədir.

Təxminən eyni dövrdə o, əvvəlki rəhbəri ABŞ-a quldarlığa qarşı kampaniya təşkil etməyə getmiş və onun qədər sevilməyən yeni rəhbərin dövründə ibadətçilərinin sayı xeyli azalmış protestan kilsəsini tərk edib anqlikan kilsəsinə keçir.

1835-ci ildə uğursuz maliyyə əməliyyatı nəticəsində Meri 300 funt sterlinq (varidatının böyük hissəsini) itirir, onun acınacaqlı vəziyyətindən narahat olan köhnə dostu Uilyam Baklend Britaniya Elm Assosiasiyasının rəhbərliyinə və Britaniya hökumətinə müraciət edərək ona 25 funt məbləğində illik pensiya təyin edilməsinə nail olur.

Sonrakı illərdə Meri Enninqin kəşflərinin sayı azalır – onda süd vəzi xərçəngi aşkar edilmişdi və qəbul etdiyi güclü ağrıkəsicilər başgicəllənmə yaradaraq hərəkət imkanlarını məhdudlaşdırmışdı. Meriyə qoyulmuş diaqnozdan xəbər tutan Geologiya Cəmiyyətinin rəhbərliyi üzvlərdən pul toplayaraq ona maliyyə dəstəyi verir (1846), yeni yaradılmış Dorset qraflığı muzeyi isə onu özünün fəxri üzvü elan edir.

Bir il sonra vəfat edən Meri Enninqi Laym-Recisdəki Müqəddəs Mixail kilsəsinin bağçasında dəfn edirlər. 1850-ci ildə Geologiya Cəmiyyəti onun şərəfinə kilsəyə üzərində altı maddi mərhəmət aktı (aclara yemək, susuzlara su, ehtiyacı olanlara paltar, evsizlərə sığınacaq vermək, həbsxanalara və xəstələr baş çəkmək) təsvir edilmiş və aşağıdakı sözlər yazılmış mozaikalı pəncərə qoydurur:

“Geologiya Cəmiyyətinin üzvləri və vikar bu müqəddəs pəncərəni 9 mart 1847-ci ildə vəfat etmiş, elmin və geologiyanın inkişafına töhfələr vermiş, dürüst həyat yaşamış xoş niyyətl Meri Enninqin xatirəsinə həsr edirlər”.

Cəmiyyətin prezidenti Henri de la Beç Merinin ölümündən az sonra təşkilatın tədbirlərinin birində onun haqqında yazdığı çıxışı oxuyur – bu, cəmiyyətin tarixində bir qadına həsr olunmuş ilk belə çıxışıydı.

Məşhur İngiltərə yazıçı Çarlz Dikkens özünün “All the Year Round” (“İl boyu”) ədəbi jurnalında Meri Enninqin dəf etdiyi çətinlikləri, xüsusilə də ona qarşı skeptik yanaşmaları vurğulayır və məqaləsini bu sözlərlə tamamlayır: “Dülgər qızı məşhur oldu və o buna layiq idi” (1865).

Təəssüf ki, sağlığında Meriyə layiq olduğu qiymət verilməyib, halbuki onun kəşfləri müxtəlif canlı növlərinin zamanla məhv olduğunu üzə çıxaran başlıca sübut rolunu oynamışdı. XVIII əsrin sonlarında fransalı təbiətşünas Jorj Küvye mamontların qalıqlarına əsasən bu hipotezi irəli sürmüş olsa da, 1820-ci illərin əvvəllərinə qədər alimlərin çoxu yeni növlərin əmələ gəlməsi ideyasını rədd edirdi, çünki hansısa növün kökünün kəsilməsini allahın varlıqları mükəmməl yaratması ideyasına ziddiydi. Onlar hesab edirdilər ki, tapılan fosillər Yerin hələ məskunlaşmamış ərazilərində yaşamaqda davam edirlər. Miss Enninqin aşkar etdiyi qalıqlar, xüsusilə də pleziozavr skeletləri bu qənaəti alt-üst etmişdi.

mary_anning-1043×700.jpg
Meri Enninq

Merinin tapdığı İxtiozavr, pterozavr və pleziozavr skeletləri, o cümlədən, britaniyalı paleontoloqlar Gideon Mantell və Uilyam Baklendin aşkar etdikləri dinozavr fosilləri göstərmişdi ki, əvvəlki dövrlərdə Yerdə indikindən tamamilə fərqli canlılar mövcud olub. Bu kəşflər geologiya elmində yeni bir istiqamətin – geo-tarixi analizin yaranmasına gətirib çıxarmışdı, qədim ekosistemin öyrənilməsinə misilsiz töhfə vermişdi.

XX əsrdə Meri Enninqin həyatına həsr olunmuş “Layma-Recisin qəhrəmanı: məşhur geoloq Meri Enninqin tarixçəsi” (H.A.Ford) və “Möhtəşəm varlıqlar” (T.Şevalye), “Maraq” (C.Tomas) adlı bədii əsərlər yazılıb; Şelli Emlinq onun tərcümeyi-halını qələmə alıb; “Fransız leytenantın qadını” əsərində müəllif C.Faulza Merinin sağlığında heç bir britaniyalı alimin hər hansı yeni canlı növünü onun şərəfinə adlandırmamasını tənqid edib.

Həqiqətən də, həm özlərinin, həm də başqalarının kəşflərinə adları verilən kişi alimlərdən fərqli olaraq, həmkarları Meri Enninqi o sağkən bu şərəfə layiq görməyiblər. Yalnız biri – İsveçrə-Amerika naturalisti Lui Aqassis istisna olmaqla: 1840-cı illərin əvvəllərində o, iki növ balıq fosilinin Merinin şərəfinə “

acrodus anningiae

” və “belenostomus anningiae” adlandırıb.

Amma ölümündən sonra vəziyyət dəyişib, bir neçə canlı növünə onun adı verilib.

Anadan olmasının 200 illiyində (1999) Meri Enninqin həyatıyla maraqlanan tarixçilərin, paleontoloqların, geoloqların və digər insanların Laym-Recisdə beynəlxalq görüşü keçirilib.

2005-ci ildə Təbiətin tarixi muzeyi Karl Linney, Doroteya Beyt və Uilyam Smit kimi alimlərlə birlikdə onu da “qalereya personajı” seçib.

2007-ci ildə amerikalı dramaturq Klaudiya Stevens Enninqə həsr etdiyi “Mavi Liyas və ya Balıq-kərtənkələnin fahişəsi” adlı solo-pyesini yazıb, əsər məşhur təbiət tarixi muzeylərində nümayiş olunub.

2010-cu ildə – yaranmasının 350 illiyində London Kraliyyət Cəmiyyəti ekspertlərin rəyilə elmin inkişafına təsir etmiş 10 ən nüfuzlu qadın siyahısına Meri Enninqi də daxil edib.

21 may 2014-cü il tarixinə – Merinin anadan olmasının 250 ili tamam olan günə “Google” xüsusi dudl həsr edib.

Ana səhifəXəbərlərMeri Enninq – təkamül nəzərriyyəsinə “dosye” hazırlayan ilk paleontoloq qadın