Mən heç lazım deyiləm

Bəylərin əhaliyə danışdıqları nağıllar bir-bir puç olur, ayaq açmış yalanlar iflic olub yerimir, onlara ünvanlanan suallar tədricən tündləşir

Foto: Meydan.tv


Millətin oyanması vəzifəsinin öhdəsindən sizin bəndeyi-həqir deyil, sərt və amansız tarix gəlib

Birdən çaşarsınız, “Mən lazım deyiləm” deyəndə əsla prezident İlham Əliyevin Qarabağın azad edilməsi üçün cəmi-əhli Azərbaycana gözlətdirdiyi Lazım ağanı nəzərdə tutmuram. Məne-biçarənin həmin Lazım ağa ilə heç bir əlaqəm yoxdur. Daha doğrusu, onun mövcudluğuna inanmıram, necə ki, ağlım kəsəndən Şaxta Babaya inanmıram.

“Mən heç lazım deyiləm” deyəndə onu nəzərdə tuturam ki, vaxtilə ictimai fikir sahəsində yalnız sizin həqir bəndəniz yalquzaq kimi ulayıb bədbəxt millətimizə xəbər verirdi ki, bu ənənəvi müxalifət marallarına inanmayın, hamısı hakim zümrənin saxta və idarə olunan oyuncaqlarıdır. Yüzlərlə məqalə yazdım, yüzlərlə müsahibə verdim, yüzlərlə mühazirə oxudum, nəhayət, kitab yazıb İnternetdə yerləşdirdim.

Otuz il ərzində aramsız deyirdim və tənə, kinayə, rişxənd, gülüş və qınaq hədəfinə çevrilirdim. Yəni ədəbi surət olan Kefli İskəndərin acı taleyini yaşayırdım.

Heç kim bu ağıllı, qeyrətli və mərd xalq oğullarının əslində mən deyənlər olduğuna inanmırdı. Hətta sübutları da ortaya qoyanda deyərdilər ki, yox, bu sübut deyil, sənin uydurmandır.

Bir dedim, iki dedim, yüz dedim… Çefayda… Millət müşriklər kimi bu bütlərdən ikiəlli möhkəm yapışıb söz anlamırdı.

Mən deyirdim, anlamırdılar.

Millətimə həyat, gerçəklik anlatdı. Uduzulmuş seçkilərlə, pozulmuş vədlərlə, polis zopaları və həbslərlə, təhqir və işgəncələrlə, işsizlik, evsizlik və məhrumiyyətlərlə, gələcəyə naümidliklə, nəhayət, itirilmiş Qarabağla millətimə anlatdı ki, bu bədbəxt insanın 1989-cu ildən bəri sərasər “liderlər” barəsində dedikləri yalan deyil, həqiqətmiş.

Bu mərd, ağıllı və qeyrətli xalq liderləri, sən demə, əslində tayfa mafiyasının ikiüzlü, riyakar, vicdansız və satqın casusları imiş. Sən demə, onları Vətən, Azadlıq və Qarabağ deyil, vəzifə, sərvət və şöhrət maraqlandırırmış.

Nə qədər sadə və nə qədər acınacaqlı!

Bütlər gurultu ilə uçub dağıldı. Haradasan, ağatlı oğlan?! Niyə gəlmirsən, ey xilaskar?! Gözümüzün kökü saraldı, üstümüzə örtdüyümüz yorğan köhnəldi və cırıldı, sığındığımız əski təşkilatlar aşınıb müqəvvaya döndü.

Əsas odur ki, kütlə artıq inanmır. Deyilənlərə, danışılanlara inanmır. İnanmır və ənənəvi müxalifətin bildiyi və yeganə guya ki, bacardığı mitinqlərə dəxi gəlmək istəmir. Bu mitinqlər, dünənki məndən betər, gülüş və məsxərə hədəfinə çevrilib. Bu müxalifətin mitinqlərinin iştirakçılarının sayı tilsimə dönmüş iki min civarında aşağı-yuxarı rəqs edir, özü də hamı bilir ki, yığılanların yarısı xəfiyyələrdir, gəzib cəzalandırmağa, döyülüb-tutulmağa təzə kadrlar axtarırlar.

Mitinqlərin say qıtlığının fiziki izahı da var: 1988-1993-cü il mitinqlərinə fəhlələr kollektivlə gələrdi. 2-3 minlik zavoddan azı min nəfər gələrdi meydana ki, görsün tale dalanından çıxış var, ya yox. Ulu öndərin sayeyi-mərhəmətindən bu zavodlar bağlandı, fəhlə və mühəndislər töküldü küçələrə, kimisi getdi mühacirətə, kimisi başladı xırda ticarəti, kimisi oldu məmur… Mitinqə gələsi adam qalmadı. Küçədən-bacadan, ordan-burdan tək-tük adamların sayı isə elə hamının gördüyü 2-3 min civarını aşmadı.

Vəzirova qarşı tayfa mafiyasının şilləvuranları mitinq elan edəndə nə baş verirdi? Kölgədə gizlənmiş boz kardinallar və nazirlər iri müəssisələrin direktorlarına him-cimlə başa salırdılar ki, yığ camaatını meydana. Direktor da kollektivdə saxladığı etibarlı adamlarına bildirirdi ki, “vəziyyət gərgindir, Vəzirov Qarabağı verir, xalq etiraza qalxmalıdır”. Etibarlı adamlar da qəlbi vətən eşqi ilə yanan, lakin başdan məfrağ adamlara xəbər verirdilər ki, fəhlələr mitinqə çıxmalıdır. Təşviqat bəhrəsini görürdü, mitinq günü direktor hamı görsün deyə zavodun darvazasının önündə fəhlələri dilə tuturdu ki, mitinqə getməsinlər, lakin fəhlələr vətənpərvərliklərinin coşmasının nəticəsində işi atıb hamılıqla mitinqə yollanırdı.

Orada da Nemət Pənahov, Pənah Hüseynov, Əbülfəz Əliyev və İsa Qəmbərov onlara demokratiya və Qarabağ dərslərini keçirdilər. Arada boz kardinalların tapşırığı ilə Vəzirovun (ondan sonra da Mütəllibovun) istefasını tələb edirdilər.

Beləliklə, meydan zənciri gəlib çıxdı əsl xalq hakimiyyətinin qurulmasına qədər. Mütəşəkkil xalq fədailərinin sıx səfinə pərxaşlıq düşdü. İddiaçı çox, vəzifə az. Cəbhə qardaşlığı unuduldu, hamı bir-birinə asi çıxdı, bir-birini ittiham etməyə başladı. Üstəgəl naşılıq, bacarıqsızlıq, üstəgəl Ulu öndərin işləkləri, üstəgəl Elçibəyin kələkləri… İş onunla bitdi ki, tamaşanın quruluşçu rejissoru pərdə arxasından çıxdı və tamaşaçıların gur alqışlarının müşayiəti ilə cəbhəkratların onun üçün boşaltdığı gəmi kapitanı mövqeyini tutdu. Boz kardinallar da yavaş-yavaş kölgədən çıxıb hərə öz yerini tutdu.

Mitinq tamaşası qurtardı.

Mafiya şilləvuranları hadisələrin mahiyyətini çox, lap çox gec anlamağa başladılar. Məsələn, Hikmət Hacızadəyə Elçibəyin siyasi və tarixi mahiyyətini anlamaq üçün nə az, nə çox, düz doqquz il lazım oldu. 1989-cu ildə Əbülfəz Əliyevin hərəkat rəhbərliyinə tam yararsız vücud olduğunu deyən bəndeyi-həqirinizə “Ne troqay Abulyu” qışqıran Hikmət bəy 1998-ci ildə Elçibəyi müxalifətin vahid namizədi kimi dəstəkləmək təklifini verən İsa Qəmbərdən “Bu adam bizi neçə dəfə satmaq istəyir” soruşmuşdu.

Mirmahmud bəy kimi mətin Elçibəyçi də artıq bu ilin noyabr ayında hakimiyyətə xitabən “Bizim cinayətimiz bəlkə də sizi hakimiyyətə gətirmək olub” ritorik sualını verib. Demək istəyirəm ki, hətta ona şanlı milli-azadlıq mübarizəsinin məntiqi sonluğu əyan olub.

Eşq olsun "Youtube” icad edənə! İndi hərə bir video-bloq açıb ürəyindəkiləri tökür külli-əhli-Azərbaycanın qarşısına. Tökəndə də bəlli olur ki, əhalinin xeyli hissəsi oyanıb və hər şeyi də olmasa, nəyi isə anlamağa başlayıb. Qarşılıqlı anlatma prosesi get-gedə böyük sürət alır və nəhayətdə xalq başlayır lənət sahiblərinin adını çəkməyə. Şəxsən filan bəy! Bəli, o da, o birisi bəy də!

Bəylərin əhaliyə danışdıqları nağıllar bir-bir puç olur, ayaq açmış yalanlar iflic olub yerimir, onlara ünvanlanan suallar tədricən tündləşir. Bəlli olur ki, Strateji Düşüncə Mərkəzinin başqanının nəinki strateji, heç adi məntiqi düşüncə qabiliyyəti yoxmuş. Bəlli olur ki, ölkənin Baş naziri vəzifəsini tutmuş adamın qabiliyyəti olsa-olsa kolxoz bazarının direktoru olmağa çatarmış. Bəlli olur ki, dövlət müşavirlərinin nəinki dövlət barədə, heç özləri barədə təsəvvürləri dürüst deyilmiş. Bəlli olur ki, xalq hakimiyyəti dövründə ictimai asayişi qorumağı tapşırıblarmış xuliqana. Ordiya isə ordudan və hərbdən bixəbər birisi rəhbərlik edib.

Baxıb görürəm ki, mənə dəxi ehtiyac yoxdur. Mən lazım deyiləm. Millətin oyanması vəzifəsinin öhdəsindən sizin bəndeyi-həqir deyil, sərt və amansız tarix gəlib.

İndi fikirləşin, ayə, millət görəsən mənə vaxtında qulaq assaydı, gəlib bu zəlil günə düşərdimi?

Tarix bu suala çox dəqiq cavab verib: tarixdə şərt budaq cümləsinə yer yoxdur!

Millət Kefli İskəndərə inanırdı, yoxsa Şeyx Əhmədə və Şeyx Nəsrullaya?

Ana səhifəXəbərlərMən heç lazım deyiləm