Məmməd İbrahimin apelyasiya şikayəti təmin edilmədi

Vəkil Məmməd İbrahimin ev dustaqlığına buraxılması üçün Yasamal Rayon Məhkəməsinə vəsatət təqdim edəcəyini deyir

Məmməd İbrahim. Foto: arxiv
Məmməd İbrahim
Məmməd İbrahim


Vəkil Məmməd İbrahimin ev dustaqlığına buraxılması üçün Yasamal Rayon Məhkəməsinə vəsatət təqdim edəcəyini deyir

Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyilə AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahim haqqında iki aylıq həbs-qətimkan tədbiri qərarından verilmiş şikayətə baxılıb.

Məhkəmədə M.İbrahim və vəkili Cavad Cavadov Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qərarının qanunsuz və əsassız olduğunu bidirərək, onun ləğv edilməsini istəyib.

M.İbrahim bildirib ki, haqqında başlanmış yeni cinayət işi quramadır, sifarişlə hazırlanıb. Məhkəmə də onun əsasında qanunsuz qərar çıxarıb. M.İbrahim məhkəmədə deyib ki, onun yatağından tapıldığı iddia olunan bıçağı ora onu tapanların özləri qoyublar.

Məhkəmə apelyasiya şikayətini təmin etməyib.

Vəkil Cavad Cavadov bildirib ki, M.İbrahimin ev dustaqlığına buraxılması üçün Yasamal Rayon Məhkəməsinə vəsatət təqdim edəcək.

M.İbrahim 2015-ci il sentyabrın 29-dan həbsdədir. O, üç nəfəri döyməkdə ittiham olunaraq, Cinayət Məcəlləsinin 221.2.2 (iki və daha çox şəxsə xəsarət yetirməklə xuliqanlıq) maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. Bu cəzanın başa çatmasına iki gün qalmış barəsində Cinayət Məcəlləsinin 317-2.1 (həbs yerində şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və s.) maddəsi ilə yenidən cinayət işi başlanıb. İddia olunub ki, yatağından bıçaq tiyəsi tapılıb.

Haqqında yenidən iki ay müddətinə həbs-qətimkan tədbiri seçilən M.İbrahim Bakı istintaq təcridxanasında saxlanılır.

Cinayət Məcəlləsinin 317-1.2 maddəsində 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

M.İbrahim ittihamı qəbul etmir və həbsdən çıxmasının qarşısını almaq məqsədilə təxribat olduğunu bildirir.

“O bıçağın mənə aidiyyəti yoxdur. Yeməyə gedəndə çağırdılar ki, axtarış aparılır. Qoyduqları bıçağı çıxartdılar. Bu məsələ türmə səviyyəsində deyil. Bıçağı çıxaranda deyiblər ki, bağışla, utanırıq, amma məcburuq, sifariş “yuxarı”dan gəlib”, – deyə M.İbrahim ailə üzvləri və vəkilinə bildirib.

Ana səhifəXəbərlərMəmməd İbrahimin apelyasiya şikayəti təmin edilmədi