Məmməd İbrahimə qarşı ifadə verənlər azadlığa buraxılıb

”Mən də başa düşürəm ki, onları bu yalana məcbur ediblər”

Source:
Məmməd İbrahim məhkəmədə
Məmməd İbrahim məhkəmədə


”Mən də başa düşürəm ki, onları bu yalana məcbur ediblər”

AXCP Rəyasət Heyətinin üzvü, üç illik cəzası başa çatsa da, “yatağından bıçaq tapılması” iddiasıyla haqqında cinayət işi başlanıb, yenidən həbs qərarı verilən Məmməd İbrahimin məhkəməsi davam etdirilib.

Dekabrın 4-də Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyilə keçirilən məhkəmədə M.İbrahimin həmin vaxt saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsinin 5 əməkdaşı ifadə verib. Tacəddin Mənsimov, Kamil Məmmədov, Mehman Əhmədov, Ramin Xəlilov və Fərid Cəfərov ifadələrində bildiriblər ki, müəssisənin rəisinin tapşırığı əsasında M.İbrahimin yatağında axtarış aparıblar: “Çünki dustaqlar arasında söz-söhbət gəzirdi ki, Məmməd İbrahimdə qadağan olunmuş əşya var”.

M.İbrahim onun bıçaq tiyəsi gizlətməsi barədə ittihamda yazılanların da, şahidlərin dediklərinin də həqiqətəuyğun olmadığını bildirib. Lakin o, cəzaçəkmə müəssisəsinin əməkdaşlarına sual verməkdən imtina edib:

“Mən də başa düşürəm ki, onları bu yalana məcbur ediblər. Sual verib daha da utandırmaq istəmirəm”.

Cəzaçəkmə müəssisəsinin daha bir əməkdaşı və həmin vaxt orada saxlanılan, hal şahidi qismində tanınan üç nəfər məhkəməyə gəlməyib. Məhkəmədə deyilənlərdən aydın olub ki, o məhkumların üçü də həbsdən buraxılıb – ikisi tamamilə azad olunub, biri haqaında isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmə qərarı çıxarılıb.

Növbəti məhkəmə iclası dekabrın 25-nə təyin olunub.

M.İbrahim 2015-ci il sentyabrın 29-dan həbsdədir. O, üç nəfəri döyməkdə ittiham olunaraq, Cinayət Məcəlləsinin 221.2.2 (iki və daha çox şəxsə xəsarət yetirməklə xuliqanlıq) maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. Bu cəzanın başa çatmasına iki gün qalmış barəsində Cinayət Məcəlləsinin 317-2.1 (həbs yerində şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və s.) maddəsi ilə yenidən cinayət işi başlanıb. Haqqında yenidən iki ay müddətinə həbs-qətimkan tədbiri seçilən M.İbrahim Bakı İstintaq Təcridxanasında saxlanılır.

Cinayət Məcəlləsinin 317-1.2 maddəsində 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəXəbərlərMəmməd İbrahimə qarşı ifadə verənlər azadlığa buraxılıb