Nərmin Şahmarzadə: Mənim başıma 3 milyon 500 min pul qoyulduğu yazılmışdı (yenilənib)

Nərmin Şahmarzadə bildirib ki, məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb

Source: google.az

***


Xətai Rayon Məhkəməsində mayın 22-də gənc fəal Nərmin Şahmarzadəyə qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddiaya baxılıb.


N.Şahmarzadədən məhkəməyə Milli Qəhrəman Mübariz İbrahimov haqqında fikirlərinə görə Fövqaladə Hallar Nazirliyinin mayoru, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti olan idman ustası Araz Musayev şikayət edib.


Məhkəmə Nərmin Şahmarzadənin “Facebook” statusunu AMEA-nin Dilçilik İnstitutuna linqvistik baxışa göndərib.


Məlumatı Meydan TV-yə Nərmin Şahmarzadə verib.


Nərmin Şahmarzadə bildirib ki, məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Onun sözlərinə görə, linqvistik baxışın cavabı məlum olandan sonra iclas keçiriləcək.


Xətai Rayon Məhkəməsi bir dəfə bu iddiaya baxmaqdan imtina etmişdi. Səbəb olaraq, sənədlərin tam olmaması göstərilmişdi. İddiaçı tərəf həmin qərardan apelyasiya şikayəti vermis, Bakı Apelyasiya Məhkəməsi onu təmin etmişdi. Qərar verilmişdi ki, Xətai Rayon Məhkəməsi bu işə baxmalıdır.


Xüsusi ittiham qaydasında qaldırılmış iddia ərizəsində N.Şahmarzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılması istənilir. Bu maddələrdə cərimə, islah işlərilə yanaşı, 3 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.


Hazırlıq iclasında hakim iddia ərizəsini icraata qəbul edib. Beləliklə, N.Şahmarzadə təqsirləndirilən şəxs qismində tanınıb. https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/genc-feal-mubariz-ibrahimov-haqqinda-fikirlerine-gore-teqsirlendirilen-sexs-oldu/?ref=search


N.Şahmarzadə sosial şəbəkədə Mübariz İbrahimov haqqında bunları yazmışdı:


“Azərbaycan kişisi deyəndə nümunə kimi Mübariz İbrahimovu çəkdi bir dostum, amma mən belə hesab etmirəm. Döyüş zamanı olsa, özünü və vətəni müdafiə deyərək insanı öldürməyə hardasa qəhrəmanlıq demək olar. Çünki dəyər hesab etdiyin insanlıq, mərhəmət hissini digər dəyər hesab etdiyin şeyə qurban verirsən, o öldürdüyün adama düşmən desən də, vicdanın sızlayar yəqin ki, buna görə dəyər hesab etdiyin şeyi qorumaq üçün digər dəyərindən imtina etməyinə bəlkə də qəhrəmanlıq demək olar.


Amma döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır, mənə görə. Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Bəlkə də yatarkən ailəsinə qovuşması üçün bir günün daha bitdiyini təsəvvür eləməmişdi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür. Həmçinin Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi keçmişdi. Əslində, qəhrəman dediymiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”.


Bu yazısına görə elə sosial şəbəkələrdə günlərlə tənqid olunan N.Şahmarzadə bir neçə gün sonra üzr istəyərək, kimsəni təhqir etmək niyyətində olmadığını bildirmişdi.

***


Məhkəmə qərar verdi: Milli Qəhrəman haqqında yazılan fikirlərə ekspertlər aydınlıq gətirəcək

Psixoloq Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimov haqqında sosial şəbəkələrdə yazdığı yazılarda, video-çıxışlarında səsləndirdiyi fikirlərdə təhqir və böhtan olub-olmamasına ekspertiza qərar verəcək.

Mayın 22-də Xətai Rayon Məhkəməsində hakim Cavid Hüseyn həmin materialların ekspertizaya göndərilməsi barədə qərar çıxarıb. Qərara əsasən, ekspertizanı Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi həyata keçirsə də, bu işə Elmlər Akademiyasının Dilçilik İnstitutunun əməkdaşları da cəlb olunacaq.

Bu qərar Mübariz İbrahimovun anası, N.Şahmarzadənin həbsini tələb edən Şamama İbrahimovanın nümayəndəsi və vəkili Ramil Rüstəmovun vəsatəti əsasında çıxarılıb.

Ş.İbrahimova özü məhkəməyə gəlmədiyinə görə onu yalnız vəkili təmsil edib. Ekspertiza qərarından əvvəl həm xüsusi ittihamçı Ş.İbrahimovanın vəkili, həm də təqsirləndirilən N.Şahmarzadə özü çıxış edib.

Vəkil bildirib ki, xüsusi ittiham qaydasında qaldırılmış iddianı müdafiə edir və N.Şahmarzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyirlər. N.Şahmarzadənin "Facebook" səhifəsindən yayılan yazının məzmunu haqda danışan vəkil bildirib ki, orada aşkar böhtan əlamətləri var:

“Yazır ki, komandanlığın icazəsi olmadan sərhədi keçmişdi. Sağ qalsaydı belə, buna görə ona cinayət işi açılacaqdı. Bundan bir neçə gün sonra video paylaşır, məzmunu da təxminən belədir ki, “nə demişəmsə, düz demişəm, Mübariz günahsız insanları öldürüb, bu da cinayətdir. Bütün bunlar ağır cinayətdə ittiham etməklə böhtan atmaqdır”.

Gənc fəal Nərmin Şahmarzadə
Nərmin Şahmarzadə

İttihama münasibət bildirən N.Şahmarzadə özünü təqsirli bilməyib. Təqsirləndirilən şəxs qismində ifadə verən psixoloq bildirib ki, o, dekabrın 5-də yazdığı statusda Mübariz İbrahimovu nə təhqir edib, nə də ona böhtan atıb. Həmin statusda yazdıqlarını məhkəmədə elan edən psixoloqun sözlərinə görə, on gün sonra bir çox saytlar sözügedən statusu yenidən “Psixoloq Nərmin Şahmarzadə Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etdi” – başlığı altında paylaşmağa başlayıblar:

“Sanki bir mərkəzdən göstəriş verilmişdi. Bundan sonra mənə qarşı linç kampaniyası sərt şəkildə davam etdirildi. Elektron poçtuma, telefonuma təhqir, hədə-qorxu, şərəf və ləyaqəti alçaldan mesajlar göndərildi. Mənim adıma saxta profillər açıb, Azərbaycan kişilərinin, Mübariz İbrahimovun, ölkə prezidentinin və digər yüksək vəzifə sahiblərinin ünvanına təhqir dolu fikirlər paylaşmağa başladılar. Saytlar da araşdırma aparmadan bunları mənim fikrim kimi yaydı. Mənə qarşı qəzəb və nifrət hissini daha da alovlandırdılar. Saytlardan birində mənim başıma 3 milyon 500 min pul qoyulması barədə yazı getmişdi. Bundan sonra “Facebook”da canlı yayım vasitəsilə adımdan saxta profillər açıldığını, oradakı təhqiramiz fikirlərin yayılmasının təxribat olduğunu, Mübariz İbrahimovu təhqir etmədiyimi, sadəcə, onun etdiyi əməli qəhrəmanlıq saymadığımı bildirdim. Bundan sonra yenə saytlar videonun ayrı-ayrı hissələrini kontekstdən çıxarıb, provokativ başlıqlar altında paylaşdılar”.

Təhsil aldığı Bakı Dövlət Universitetinin rəhbərliyi tərəfindən də təzyiqə məruz qalmasından danışan N.Şahmarzadənin sözlərinə görə, dekabrın 17-də universitetin prorektoru Sani Hacıyev ondan ictimaiyyətə açıq şəkildə Azərbaycan xalqından üzr istəməyi tələb edib. O isə imtina edib. Bundan sonra prorektor ona “Mübarizi qəhrəman, ermənini də düşmən hesab etməyən şəxs bu universitetdə oxuya bilməz” deyib. Əlavə edib ki, universitetdə kimsə ona fiziki xətər yetirsə, rəhbərlik məsuliyyət daşımır:

“Həmin gün tənəffüs zamanı bir qrup tələbə məni təhqir və təhdid etdi. Dərsdən çıxanda universitetin həyətində üstümə sönməmiş siqaret atdılar. Məni müdafiə edən tələbələri döydülər. Taksiyə minib evə gedəndə arxadan ardımca gəlib, taksini saxlatdırdılar, pəncərəni döyüb “aç, bu vətən xainini maşınından düşürt!” deyə, sürücüyə təzyiq göstərdilər”.

N.Şahmarzadə çıxışında bildirib ki, hədələr təhlükəli həddə çatdığı üçün o, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Ombudsmana və digər dövlət qurumlarına yazılı müraciət edib. Müraciətində təhlükəsizliyinin təmin olunmasından əlavə, saxta profillər vasitəsilə onun adından təhqirlər yayan şəxslərin tapılıb, cəzalandırılmasını istəyib.

Əvvəlcə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Araz Musayev və vəkil Ramil Rüstəmovun ona qarşı məhkəmədə iddia qaldırdığını deyən, psixoloqun sözlərinə görə, Milli Qəhrəmanın anasını sonradan bu işə cəlb ediblər:

“Araz Musayev və Ramil Rüstəmov DTX-ya, Daxili İşlər Nazirliyinə, prokurorluğa müraciət edib, mənim anti-Azərbaycan qüvvələri, Ermənistanın xarici kəşfiyyatı ilə əlaqəli olduğumu iddia edib. Həmin şikayətlər araşdırıldı, bunların heç biri təsdiqini tapmadı, tapa da bilməzdi. Çünki mən bu ölkəni barəmdə yalan məlumatlar yayan bu iki şəxsdən az sevmirəm”.

N.Şahmarzadə ifadəsində bildirib ki, ona qarşı şikayəti əsassız, həmin şikayətin icraata götürülməsini, onun əsasında təqsirləndirilən şəxs qismində cəlb olunmasını isə qanunsuz sayır. Deyir ki, adına açılmış saxta profillərdən yayılan və ona heç bir aidiyyəti olmayan yazıları qarşı tərəf sübut kimi məhkəməyə təqdim edib.

Təqsirləndirilən psixoloqun sözlərinə görə, onu təhqir və böhtanda ittiham edən Araz Musayevin özü onu sosial şəbəkələrdə təhqir edir:

“Araz Musayev tez-tez mənə qarşı çıxışlarında, yazılarında ölkə rəhbərliyinə, prezidentə istinad edir. Bununla yaydığı yalanlara, təhqir və şantajlara mötəbərlik donu geyindirməyə çalışır. Xatırladım ki, ölkə rəhbərliyi həm ölkə daxilində, həm də beynəlxalq tribunalardan ölkədə minlərlə erməni millətindən olan insanların əmin-amanlıq içində yaşadığını deyib. 2015-ci ilin iyununda prezident Ermənistandan olan idmançıya medalı şəxsən özü təqdim edib. Stadionda toplaşan insanlardan bəziləri buna etiraz edərkən onları əli ilə sakitləşdirib, medalı həmin idmançının boynundan şəxsən özü asıb, əlini sıxaraq təbrik edib. “Arsenal” Futbol Komandasının oyunçusu Mxitiryanın mayın 29-da keçiriləcək Avropa Liqasının final yarışında iştirakıyla bağlı tam təhlükəsizliyinə təminat verilib. Halbuki, Mxitiryan Qarabağa qanunsuz səfər etmiş şəxsdir, belələrinin ölkəyə girişi yasaqlanıb. Ölkənin Vitse-prezidenti Mehriban Əliyeva 2018-ci ildə rus jurnalisti Plexanova verdiyi müsahibəsində bildirib ki, Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazı formalaşmasına yol verə bilməz. Prezident və xanımının bu addımları alqışlanır, lakin mən sülh əsaslı fikirlərimə görə dövlət idarəsinin əməkdaşı tərəfindən düşmən obrazında təqdim olunuram, təqsirləndirilən şəxs kimi məhkəməyə cəlb edilirəm”.

Hazırkı psixoloji basqı altında ədalət mühakiməsini həyata keçirməyin mümkünsüz olduğunu vurğulayan N.Şahmarzadə məhkəmədən ona qarşı şikayətin rədd edilməsini, Araz Musayev və Ramil Rüstəmovun hərəkətlərinin dövlət qulluqçusu və vəkilin etik davranış qaydalarına uyğun olmamasıyla əlaqədar Fövqəladə Hallar Nazirliyinə, eləcə də Vəkillər Kollegiyasına müraciət olunmasını istəyib.

Psixoloqun ifadəsindən sonra qarşı tərəfin vəkili ona “Mübariz İbrahimovu Azərbaycan kişilərinə nümunə hesab edirsinizmi?” – sualını verib. N. Şahmarzadə bu suala belə cavab verib:

“Mən qəhrəmanlığı təhsildə uğurlarda görürəm”.

Məhkəmə prosesi ekspertizanın rəyi açıqlanana qədər təxirə salınıb.

Ana səhifəXəbərlərNərmin Şahmarzadə: Mənim başıma 3 milyon 500 min pul qoyulduğu yazılmışdı (yenilənib)