Media azadlığı

Источник: Foto: arxiv

Başlıq: Media azadlığı

Media 2019-cu ildə nələr yaşadı?

Yanvar

Yanvarın 10-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) araşdırmaçı-jurnalist Xədicə İsmayılın işi üzrə qərarını elan edib.

Qərar Xədicə İsmayılın video-görüntülərinin yayılması nəticəsində Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsi ilə açılmış cinayət işi üzrə icraatın effektiv araşdırılmamasından verilən şikayətlə bağlı olub.

Məhkəmə Azərbaycanı mənəvi zərərə görə 15000, məhkəmə xərclərinə görə 1750 avro cərimələyib.

Yanvarın 15-də Prezident İlham Əliyev imzaladığı sərəncamla Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu vəzifəsindən azad edib.

Arif Alışanov 13 ilə yaxın idi ki, bu postda çalışırdı. Son illər onun adı məhkəmələrdə, qətldə hallanırdı. Vəkili bu iddiaları böhtan adlandırır. Prezidentin sərəncamında isə Arif Alışanovun nə səbəbə vəzifəsindən uzaqlaşdırılması qeyd edilmir.

Fevral

Fevralın 1-də Azərbaycanda çıxan gündəlik “Bizim Yol” qəzeti çapını dayandırdı. Qəzetin baş redaktoru Bahəddin Həziyev səbəbi normal qəzet çıxarmaq üçün şəraitin olmaması ilə əlaqələndirib:

“Yayım sisteminin dağılmış olması, qəzetlərin öz xərcini ödəyə bilməməsi və dövlətin qəzetlərə verdiyi dəstəyin KİVDF vasitəsilə yanlış prinsiplərlə bölünməsi qəzetin çapını dayandırmasına gətirib çıxardı”.

Fevralın 2-də həbsdə olan jurnalist Abuzər Cəfərli şərti azadlığa buraxılıb.

Abuzər Cəfərli 2015-ci ilin sentyabrında Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. O, özünü təqsirli bilmir, həbsini ictimai fəaliyyəti ilə əlaqələndirir.

Mart

Martın 2-də bloger Mehman Hüseynov həbs müddəti başa çatdığından azadlığa çıxıb.

O, 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilmişdi. Bloger həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. O, həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşdi. Rəsmi məlumata görə, Mehman Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloger ittihamı qurama sayırdı.

Yanvarın 22-də isə Baş Prokurorluq Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqladı.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, Qarabağ müharibəsinin iştirakçısı, “Bozqurd” batalyonunun komandiri Nurəddin İsmayılovun (Xoca) işi üzrə şahid qismində ifadə verib.

Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi criminalaz.com saytının baş redaktoru Anar Məmmədova 5 il 6 ay şərti cəza verib.

Hökmə əsasən, Anar Məmmədov Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi, onun vətəndaşlarla kobud münasibəti, bu üzdən şəhərin mərhum polis rəisi Rasim Musayevlə davası barədə yazılara görə CM-in 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.

Ona 2 il sınaq müddəti təyin olunub. Bu müddətdə müvafiq orqanlara xəbər vermədən yaşayış yerini dəyişə, ölkəni tərk edə bilməz.

Hökmdən öncə Anar Məmmədov məhkəmədə son sözünü deyib. Məhkəmədən bəraət istəyən jurnalist günahsız olduğunu söyləyib:

“Bəraət hökmündən başqa istənilən qərar mənim hüquqlarımın pozulmasıdır. Bunu özümə qarşı dövlət adından verilmiş haqsız qərar hesab edirəm”.

Aprel

Aprelin 23-də Bakı Apelyasiya Məhkəməsi Meydan TV saytının bloklanması ilə bağlı şikayətə baxıb. Ancaq saytın bloklanması aradan götürülməyib.

May

3 May Beynəlxalq Media Azadlığı Günü Meydan TV işinə görə ölkədən çıxışına qadağa qoyulan bir qrup jurnalist Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları 4 il əvvəl prokurorluğun qoyduğu qadağanın ləğv edilməsini və Meydan TV rəhbərliyinə qarşı açılmış cinayət işinin yekunlaşdırılmasını tələb ediblər.

Həmin ayın sonuna qədər jurnalistlər Sevinc Vaqifqızı, Aynur Elgünəş, Aytac Əhmədova, İzolda Ağayeva, Aytən Fərhadova, Natiq Cavadlı və başqalarının ölkədən çıxış qadağası götürülüb.

Mayın 23-dә çəkiliş aparmaq istəyən üç jurnalist saxlanaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb.

Müstəqil jurnalist Fərqanə Novruzovanın sözlərinə görə, onu və Toplum TV-nin əməkdaşı Türkan Bəşiri metronun “İçәrişәhәr” stansiyasının yanından mülkigeyimli şəxslər fiziki güc tətbiq edərək, 9-cu Polis Bölməsinə aparıblar. Səbəb jurnalistlərin ərazidə çəkiliş etmək istəmələri olub.

İyun

İyunun 14-də xeberman və press-az xəbər saytlarının redaktoru Polad Aslanov həyat yoldaşı və qızı ilə toya gedərkən Azərbaycan sərhədində həbs edilib.

Növbəti gün məhkəmə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçib. Polad Aslanova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılıb.

Polad Aslanov bütün ittihamları inkar edir. Reportajları ilə bağlı repressiyaların qurbanı olduğunu söyləyir.

İyul

22 İyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilib.

Avqust

Avqustun 29-da jurnalist Seymur Həzi 5 illik həbs müddəti tamamlandığından azadlığa çıxıb.

“Azadlıq” qəzetinin şöbə müdiri, “Azərbaycan saatı” televiziya proqramının aparıcısı və redaktoru olmuş Seymur Həzi 2014-cü il avqustun 29-da həbs edilib. Dayanacaqda Məhərrəm Həsənov adlı şəxsi su şüşəsi ilə vurmaqda suçlanan jurnalist Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsiylə 5 il azadlıqdan məhrum edilmişdi.

Jurnalist ittihamı rədd edir, özünü təqsirli bilmirdi. Həbsini “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələri, “Azərbaycan saatı” proqramındakı çıxışlarıyla əlaqələndirirdi.

Sentyabr

Sentyabrın 22-də həbsdə olan jurnalist Əfqan Muxtarlı aclıq aksiyasına başlayıb. Səbəb vəkili Nemət Kərimliyə qarşı 16 saylı Cəzaçəkmə Müəssisəsində göstərilən təzyiq olub. O, bu məsələ araşdırılmasını tələb edib.

Sentyabrın 23-də “Amerikanın Səsi” Radiosunun müxbiri Tapdıq Quliyevi (Fərhadoğlu) polis saxlayıb ().

Olay Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin önündə, Tərtər rayonunda ölüm işi ilə bağlı etiraz aksiyası zamanı baş verib. Bir neçə polis əməkdaşı jurnalistə zor tətbiq edib. Kamera və mikrofonunu əlindən alıblar.

Oktyabr

Oktyabrın 5-də Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin müraciəti əsasında jurnalist Polad Aslanov barəsində həbs qətimkan tədbirinin müddət daha dörd ay artırıb. Onun həbsi 2020-ci il fevralın 12-dək uzadılıb. Məhkəmə qapalı rejimdə keçirilib.

Oktyabrın 17-də jurnalist Seymur Həzi həbs edilərək 15 sutka cəza alıb. Səbəb kimi onun metronun “Əhmədli” Stansiyasının yaxınlığında telefonda kiməsə yüksək səslə söyüş söyməsi göstərilib.

Seymur Həzi isə bildirir ki, o, həyat yoldaşını gözləyərkən mülki geyimli üç nəfər onu tutub, 34-cü polis bölməsinə, oradan da Xətai Rayon Məhkəməsinə aparıb.

Xətai Rayon Məhkəməsi onu oktyabrın 17-də çıxardığı qərarla əvvəlcə 15 sutka həbs edib. Oktyabrın 29-da Bakı Apelyasiya Məhkəməsi isə Seymur Həzinin həbs müddətini 30 sutkaya qaldırmışdı.

Oktyabrın 30-da bir qrup jurnalist və bloger Bakıda etiraz aksiyası keçirib. Onlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin qarşısına qədər yürüş ediblər.

Aksiya iştirakçıları qeyd ediblər ki, mitinqlər, xüsusilə də şəhər rəhbərliyi ilə razılaşdırılmayan aksiyalar zamanı internetdə kəsintilər baş verir. Bu, onların fəaliyyətinə maneələr yaradır. Onlar belə halların qarşısının alınmasını tələb ediblər.

Oktyabrın 31-də Bakının Yasamal Rayon Məhkəməsinin qərarı ilə jurnalist və gənc fəal Şəmistan Həziyev 30 gün müddətinə inzibati həbs cəzası alıb.

O, xuliqanlıqda ittiham edilib. Şəmistan Həziyev məhkəmə qərarında onun küçədə telefonla danışarkən söyüş söydüyü, polislərə tabe olmadığı yazılsa da, yalandır, deyib. Əslində, sosial şəbəkələrdəki fəallığına, jurnalist fəaliyyətinə görə həbs edildiyini söyləyib.

Oktyabrın 31-də Avropa İnsan Haqları Məhkəməsi Naxçıvandan olan jurnalist Həkimeldostu Mehdiyevin şikayəti əsasında qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan hökuməti ona 2 min avro cərimə ödəməlidir. Buna səbəb isə Həkimeldostu Mehdiyevin 2011-ci ildə cərimə olunması ilə bağlı verdiyi şikayətdir.

Noyabr

Noyabrın 25-də jurnalist Sevinc Abbasova (Vaqifqızı) 1000 manat cərimələnib. Cərimə 2018-ci il aprelin 11-də prezident seçkisi keçirilən gün 25 saylı Nizami İkinci Seçki Dairəsinin 14, 15 və 16 saylı məntəqələrindəki səsvermə prosesindən hazırladığı reportaja görə kəsilib. Qərarı Apelyasiya Məhkəməsi çıxarıb.

Dekabr

Dekabrın 5-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mərhum yazar Rafiq Tağı və jurnalist Samir Hüseynovun (Sədaqətoğlu) şikayəti əsasında çıxardığı qərarını açıqlayıb.

AİHM İnsan Haqları üzrə Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin pozulduğunu bildirib.

Məhkəmə Rafiq Tağının ailəsinə və Samir Sədaqətoğluna ayrı-ayrılıqda 12 min 850 avro həcmində təzminat ödəmək öhdəliyi qoyub.

Sərhədsiz Reportyorların 2019-cu ildə açıqladığı “Dünya Mətbuat Azadlığı” indeksində Azərbaycan 4 pillə geriləyib. Sənəddə 180 ölkədə mətbuat azadlığı araşdırılıb. Azərbaycan bu il 166-cı pilləyə düşüb.

“Freedom House” hüquq-müdafiə təşkilatın ATƏT-in bir sıra üzv ölkələrində jurnalistlərə hücumların və onların qorxudulması hallarının artmasından dərindən narahatdır. Bu narahatlığı qurum ATƏT-in Polşanın paytaxtı Varşavada keçirilən tədbirində səslənidirib. Təşkilat Azərbaycan, Qazaxıstan, Türkiyə, Rusiya, Ukrayna və onun Krım vilayətində jurnalistlərin daha əvvəlki kimi təhlükəsiz olmadığını vurğulayıb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/j39kp7

Самое читаемое