Mədəniyyət Nazirliyi: Ümid edirik ki, teatrlar mövsümün sonuna kimi açılacaq

Bildirilir ki, pandemiya şərtlərinə əməl edilməklə, kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin qismən bərpasına icazə verilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlanıb

Source: Mədəniyyət Nazirliyi


"Kinoteatrların fəaliyyətinin bərpası nazirin şəxsi diqqətindədir"

"İki ilə yaxındır ki, dünya ölkələrinin qlobal probleminə çevrilən pandemiya bütün sahələrə, xüsusən mədəniyyət sahəsinə öz mənfi təsirini göstərib. Etiraf etməliyik ki, bu baxımdan ən çox zərər çəkən sahə teatr, kino sahəsidir".

Mədəniyyət Nazirliyinin teatrların açılması ilə bağlı yaydığı rəsmi açıqlamada belə

deyilir

.

Pandemiya ilə əlaqədar bir ildən çoxdur ki, Azərbaycanda da teatrların fəaliyyəti dayanıb. Ölkə teatrları virtual tamaşalar nümayiş etdirir.

Nazirliyin açıqlamasında qeyd olunur ki, kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin bərpa olunması Mədəniyyət Nazirliyinin, xüsusən mədəniyyət nazirinin şəxsi diqqətindədir.

Bildirilir ki, pandemiya şərtlərinə əməl edilməklə, kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin qismən bərpasına icazə verilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlanıb: “Hazırda davam edən Bakı Caz Festivalının, ötən il online formatda keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının böyük məhdudiyyətlərlə olsa da, bu il canlı keçirilməsinə nail olmuşuq. Hər iki festivalın keçirilməsi sınaq rolunu oynayır. Gedişat uğurlu olarsa, bunu teatr-konsert müəssisələrinin açılmasına yönəlmiş müsbət addım hesab etmək olar. Teatr-konsert müəssisələrində fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyəti vaksinasiyadan keçib. Ancaq bu işdə təkcə müəssisələrə deyil, vətəndaşların da üzərinə sosial məsuliyyət düşür. Vaksinasiya prosesində uğurlu nəticələr əldə edildikdən sonra kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin ənənəvi qaydada bərpa ediləcəyinə ümid edirik”.

Mədəniyyət naziri Anar Kərimov 2021-ci il martın 10-u Milli Teatr Günündə Azərbaycanda teatrların bu ilin sonuna kimi açılmaq ehtimalının olduğunu bildirmişdi: “Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirələr aparılır, təbii ki, burada Mədəniyyət Nazirliyinin rəyi də nəzərə alınır. Dinamika aşağı düşdüyü zaman teatrları açacağıq. Ümid edirik ki, teatrlarımız mövsümün sonuna kimi açılacaq”.

Ana səhifəMədəniyyətMədəniyyət Nazirliyi: Ümid edirik ki, teatrlar mövsümün sonuna kimi açılacaq