Maqda Gebbels – 3-cü Reyxin “nikah üçbucağı”nda yaşayan birinci ledisi

Fürer şəxsi və siyasi vəsiyyətnamələrini diqtə edir, Maqda isə Şimali Afrikada – ingilislərin əsir düşərgəsində olan oğluna məktub yazır

Source: meydan.tv


(ikinci hissə)

Qızın adını Helqa qoymuşdular (Gebbelslərin sonrakı uşaqlarının adları da “H” hərfiylə başlayacaqdı – “Hitler”in “H”-si ilə). Qara və bir az da kədərli gözləri olan, o dövrə aid ailə şəkillərinin az qala hamısında Adolf dayısının qucağında oturan bu qız xarici görünüşünə görə digər bacılarından və qardaşından fərqlənəcəkdi (Bəzi mənbələrdə Yozef Gebbelsin Helqanı heç sevmədiyi qeyd edilir, qızın zahirən Hitlerə bənzəməsi əsas gətirilərək atasının da məhz fürer olduğu ehtimalı irəli sürülür).

****

Çox keçmir ki, Maqda sevimli liderinin iştirak etdiyi bütün rəsmi tədbirlərdə, onun bütün seçki kampaniyalarında iştirak etməyə başlayır, hətta ona növbənöv vegetarian yeməklər də bişirir. Hitler Maqdaya Yeva Braundan daha çox diqqət göstərir (Deyilənlərə görə, 1932-ci ildə Yevanın intihar etməsinin əsas səbəbi bu olub).

****

Nasistlər parlament seçkilərində qalib gələndə (1933) Maqda xəstəxanadaydı, uşaq salmışdı. Sonrakı iki ildəsə Gebbelslərin ikinci qızı Hilda və oğulları Helmut dünyaya gəlmişdi.

Amma ərlə arvad arasında münasibətlər o qədər də yaxşı deyildi və bu, zaman-zaman açıq konfrantasiyaya çevrilirdi. Məsələn, 1933-cü ildə Yozef arvadının moda evi açmaq istəyinə qarşı çıxmış, Maqda da qəzəblənib daha onunla birlikdə operaya getməyəcəyini bəyan etmişdi. Problem Hitlerin müdaxiləsi sayəsində həll olunmuşdu – Maqda üçün onun hər sözü qanunuydu.

Gebbelsi arvadından soyudan həm də buydu, ürəyinin lap-lap dərinliklərində o, Maqdanı dəlicəsinə Hitlerə qısqanırdı. Amma ya fürerinə sonsuz sədaqəti ucbatından, ya da ondan qorxduğu üçün bunu büruzə verə bilmir, xanımının ürəyində və hətta öz evində də avtoritet olaraq ikinci yerə qoyulmasına dözürdü.

Bu vəziyyət, nəhayət, ona gətirib çıxarmışdı ki, vaxtilə gündəliyində “Bütün qadınlardan uzaqlaşıb ancaq Maqdayla olacam” deyə yazan Yozef çoxsaylı sevgi macəralarıyla keçən əvvəlki həyatına geri dönmüşdü.

Onlardan biri az qala ailənin dağılmasıyla nəticələnəcəkdi – Gebbels 22 yaşlı çexiyalı aktrisa Lida Baarovaya aşiq olmuşdu, üstəlik, onunla münasibətlərini gizlətmirdi və hətta arvadına “üç nəfərlik sevgi” də təklif etmişdi. Maqdanın qəti rədd cavabı sevgililəri ruhdan salmamış, bir müddət sonra bəxtlərini bir daha sınamaq qərarına gəlmişdilər: bu dəfə Baarova özü onunla görüşmüş, amma nəticə dəyişməmişdi.

“Mən onun uşaqlarının anasıyam. Yozefin kənarda nə işlə məşğul olmasının artıq mənə dəxli yoxdur. Ancaq siz mənə söz verməlisiniz ki, ondan uşaq doğmayacaqsız” – Maqdanın aktrisaya dediyi bu sözlər Gebbelsi möhkəm qəzəbləndirmiş və o, arvadıyla möhkəm dalaşmışdı.

Bu, Maqdanın səbrini daşıran son damla olur. Frau Gebbels Hitlerin yanına gedib Yozefdən boşanmağa icazə istəyir. Bütün publik çıxışlarında ailənin önəmindən dəm vuran təbliğat nazirinin belə bir qalmaqalla gündəmə gəlməsi ehtimalı Hitleri dəhşətə gətirir, Gebbelsi yanına çağırıb ultimativ şəkildə ondan tələb edir ki, təcili surətdə Lida Baarovanı vətəninə göndərsin və qarşıdakı bir ili Maqdayla yaşamağa davam etsin. İl bitəndən sonra bir yerdə qalıb-qalmayacaqlarına da o yox, arvadı qərar verəcəkdi.

“Həyat çox qəddar və qorxuncdur” deyə donquldanan Gebbels yenə fürerin əmrinə tabe olur. Baarova dərhal Praqaya yola salınır (1938). Baş verənlərdən əsəb sarsıntısı keçirən aktrisanı müharibədən sonra öz vətənində də cəzalandıracaq, “əməkdaşlığa görə” ittihamıyla il yarım həbsdə saxlayacaqdılar (Sonrakı illərdə Baarova hansısa yolla Çexoslovakiyadan çıxmağa müvəffəq olub, karyerasını davam etdirib; İtaliya, İspaniya filmlərində rol alıb, açıq-saçıq səhnələrə çəkilib. 80 yaşını keçəndən sonra qələmə aldığı memuarlarında da cəsarətli olmağa davam edən Baarova Gebbelslə intim münasibətlərinin detllarından yazıb (Deyilənlərə görə, Yozef Gebbels ömrünün sonuna qədər onu unuda bilməyib və hətta özünə qəsd etməzdən əvvəl Lida Baarovanın hələ də qoruyub saxladığı şəklini öpüb).

Aktrisa sürgün ediləndən dərhal sonra Hitler tərəfindən “Alman anası fəxri xaçı” ordeniylə mükafatlandırılmış Maqda Yozefin xəyanətini cavabsız qoymur, onun tabeçiliyindəki şəxslərdən biriylə – yaşca özündən kiçik Karl Hankeylə sevgi münasibəti qurur. Hanke müdirinin arvadına elə vurulur ki, Yozeflə Maqdanın boşanmasına Hitlerdən bu dəfə o icazə istəyir. “Cin atına minən” fürer onu da əliboş yola salır.

1939-cu ildə Gebbelslər nikah müqaviləsini təzələyirlər, ailədə nisbi sakitlik yaranır. Onlar talelərinin öz əllərində olmadığını, ola bilsin, məhz o günlərdə anlamış və bununla barışmışdılar. Sonrakı illərdə dünyaya daha üç qız (Holde, Hedda və Hayde) gətirib toplam 6 uşaq sahibi olan Gebbelslər Hitlerin arxasınca ölümə doğru irəlilədiklərini hələ bilmirdilər.

****

Baarova olayından sonra Maqdanın fürerə sevgisi mütləq təslimiyyətə çevrilir. Müxtəlif məsələlərdə ərinin mövqeyini elə-hey tənqid edən frau Gebbels Hitlerin bütün qərarlarını mükəmməl sayır. Amma İkinci dünya müharibəsi başlayandan sonra “Adolf dayı”nın ali insan obrazında yaranan çatlar, hərbi əməliyyatlarda getdikcə artmaqda olan uğursuzluqlar ər və arvadı bir-birinə yaxınlaşdırır. Maqda daha Yozefə qarşı açıq müxaliflik etmir. Baxmayaraq ki, yəhudilərin kütləvi şəkildə məhv edilməsi bu qatı hitlerçiyə vicdan əzabı verirmiş:

“Dəhşətdir, o, mənə hamısını danışır. Daha buna dözə bilməyəcəm… Sən heç təsəvvür belə edə bilməzsən ki, o, məni necə qorxunc işlərlə yükləyir. Kiməsə deyib ürəyimi boşalda da bilmirəm ki, bir az yüngülləşim. Bunları heç kimlə müzakirə edə bilmrəm. Yozefə söz vermişəm…” – çoxillik rəfiqəsi Ello Kvand həmin dövrdə Maqdanın ona belə dediyini yazır.

Müharibə illərində frau Gebbels uşaqlarıyla birlikdə ailənin şəhər kənarındakı malikanəsində yaşayır. Sonlara doğru dərin depressiyaya düşür, birinci ərindən olan oğlu Haraldın əsir düşməsi xəbəri isə vəziyyətini daha da ağırlaşdırır. Rus əsgərlərinin alman qadınları zorlaması, uşaqları qətlə yetirməsi barədə deyilənlər onda bu dəhşətli sonun özü və övladları üçün də qaçılmaz olduğu qənaətini yaradır. Gündən-günə şiddətlənən antibolşevik təbliğatı Maqdanın qorxu və həyəcanlarını artırmaqda davam edir.

****

1945-ci ilin aprel ayında Berlin uğrunda savaş başlayır. Sovet aviasiyası yüzlərlə təyyarəsi olan milyonluq alman ordusunu üstələyir. Yüksək rütbəli nasistlər sonuncu dəfə aprelin 20-də Reyxkanselyariyanın (hökumət binasının) həyətindəki bunkerə toplaşıb Hitlerin ad gününü qeyd edirlər və bundan dərhal sonra bir qismi (Himmler, Herinq və digərləri) Berhtesqadendəki (Bavariya) ehtiyat qərargaha yola düşür.

Evakuasiya edilənlər arasında Hitler də olmalıydı, ancaq niyəsə o, əvvəl razılıq verdiyi bu plandan imtina edir, nazirlərin israrlı xahişlərinə rədd cavabı verərək bunkerdə qalır. Aprelin 22-də isə Gebbelsdən tələb edir ki, ailəsinin təhlükəsizliyini təmin etsin. Beləliklə, Maqda və 6 uşağı da bunkerə gətirilir, çünki sevimli füreri kimi, frau Gebbels də Bavariyaya getmək təkliflərini qətiyyətlə rədd etmişdi, hətta şəxsən Hitlerin təklifini də.

Fürer ona təsir etmək bacarığını niyə bu dəfə işə salmamışdı? Niyə bu dəfə onun üzərindəki hökmünü yeritməkdən vaz keçmişdi? Bu sualların dəqiq cavabı yoxdur, ancaq təxminlər yürütmək olar. Bəlkə Hitler dünyadan yalnızaca öz biabırçı məğlubiyyətinin acısıyla getmək istəməməmişdi deyə onu çox sevən ikinci bir qadının da onunla birlikdə ölümə getməsindən zövq almışdı, kim bilir?

****

Hərəsi bir oyuncaq, bir-iki də dəyişəklə bunkerə gətirilmiş uşaqlar ortalıqda çox az görünürdülər, hərdən-hərdən analarıyla birlikdə mahnı oxuduqları eşidilirdi. Amma Maqda onların yanında çox az olurdu, çünki xəstəydi və bəzən nəinki mahnı oxumağa, heç danışmağa belə heyi olmurdu.

Aprelin 26-da Hanna Rayç (məşhur təyyarəçi) hava mühasirəsini yarıb Münhendən Berlinə – bunkerə gəlir, orda Gebbelslərin uşaqlarını görür və deyir ki, geri qayıdanda onları da özüylə apara bilər. Maqda və Yozef rədd cavabı verirlər, çünki onunla getmək təklifinə daha əvvəl Hitler yox demişdi.

Bundesarchiv_Bild_183-1987-0724-503,_Magda_und_Joseph_Goebbels_mit_ihren_Kindern.jpg
Gebbelslər ailəsi

İki gün sonra Mussolinin həbsi və güllənməsi xəbəri yayılır. Aprilin 29-na keçən gecə Hitler və Yeva Braun rəsmi olaraq evlənirlər. Fürer şəxsi və siyasi vəsiyyətnamələrini diqtə edir, Maqda isə Şimali Afrikada – ingilislərin əsir düşərgəsində olan oğluna məktub yazır:

“Əziz oğlum! Artıq 6 gündür ki, atan, qardaşın, bacıların və mən fürerin bunkerindəyik – bizim nasional-sosialist həyatımızı yeganə şərəfli sonla bitirmək üçün… Sən bilməlisən ki, mən atanın iradəsi xaricində burda qaldım. Ötən bazar günü fürer bunkerdən getməyimə kömək etmək istəyirdi. Ancaq sən öz ananı tanıyırsan – biz eyni qanı daşıyırıq – burda qalmaqla bağlı heç bir tərəddüdüm yoxdur. Bizim möhtəşəm ideyamız məhv oldu, həyatda gördüyüm bütün gözəl və heyrətamiz şeylərlə birlikdə. Füredən və nasional-sosializmdən sonrakı həyatda yaşamağa dəyməz, ona görə də mən uşaqları özümlə götürürəm. Bacıların və qardaşın o qədər yaxşıdırlar ki, bundan sonrakı həyat onlara layiq deyil. Mən onları xilas edəndən sonra rəhmdil allah məni bağışlayar… Uşaqlar möhtəşəmdirlər… Bu çox primitiv şəraitdə belə başqalranın köməyi olmadan keçinirlər. Döşəmədə yatmalı olanda da, yuyunmaq lazım gələndə də, yeməkləri olmayanda da səsləri çıxmır – nə şikayət edirlər, nə də ağlayırlar. Zərbələr bunkeri sarsıdanda yaşca böyüklər balacaları qorumağa çalışır. Uşaqların burda olması xoşbəxtlikdir, Hitleri bəzən onların satyəsində gülümsəyir. İndi bizim ancaq bir məqsədimiz qalıb: ölümdə də fürerə sadiq qalmaq. Sonuncu və ən ağır işi görməyə allahdan güc istəyirəm… Harald, əziz oğlum, həyatın mənə öyrətdiyini sənə vəsiyyət edirəm: sədaqətli ol! Özünə, insanlara və ölkənə… Bizimlə qürur duy və bizm xatirəmizi əziz tut. Bir gün hamı ölməlidir. Utandırıcı şəraitdə bitmək bilməyən günləri saymaqdansa, belə az yaşamaq daha gözəl, daha şərəfli və daha cəcarətlidir. Məktubu bitirirəm. Onu burdan Hanna Rayç aparacaq… Səni ən səmimi və şəfqətli ana sevgisiylə qucaqlayıram! Mənim əziz oğlum, Almaniya üçün yaşa. Anan”.

Aprelin 29-da təyyarəçi qadın Maqdanın da məktubunu götürüb bunkerdən çıxır və bu dəfə də hava mühasirəsini yara bilir. Onun gedişilə uşaqları son xilas şansı da əldən verilmiş olur. Həmin gün hərbçilər xəbər verirlər ki, mayın 1-nə qədər Berlin də, bunker də düşmən əlinə keçəcək. Bundan sonrakı hadisələrlə bağlı informasiyalarda xeyli zidd məqamlar var.

Bəzi mənbələrə görə, axşam Hitler onlarla vidalaşanda Maqda Berlini tərk etməsi üçün yenə sevimli fürerinə yalvarır, yenə rədd cavabı alır. Şahid ifadələrinə görə, bundan sonra otağına çəkilib hönkürən frau Gebbels “İndi uşaqların, mənim taleyimiz necə olacaq? Fürer belə etməməliydi” deyib.

Əvvəl Hitlerin axtarışında, sonra cəsədinə baxışda və intihar faktının araşdırılmasında iştirak etmiş leytenant Yelena Rjevskayanın kitabında da bununla bağlı qeydlər var. O, Hanna Rayç və həkim Helmut Kuntsa istinadən yazır ki:

“Hitler Berlindən çıxmağa razılıq versəydi, onlar da uşaqlarıyla birlikdə burdan gedə bilərdilər. Maqda bunu düşünməyə bilməzdi. Şahidlərdən birinin dediyinə görə, o, ərindən uşaqları zirehli qatara qoyub göndərməyi xahiş edibmiş, ancaq buna artıq vaxt qalmayıbmış…”

Gebbelslərin Rayça yox demələriylə bu qadına istinadən yazılanlar tamamilə bir-birinin əksidir.

“Heç cür qəbul edə bilmirdi ki, onun da uşaqları ölməlidir. Amma sonda ərinin qərarına tabe oldu” – iddia edilir ki, istintaqda ifadəsində silahlanma və hərbi sənaye naziri Albert Şpeyer belə deyib.

Başqa bir mənbədəsə Şpeyerin Maqdaya uşaqları gizli şəkildə bunkerdən qaçırmağı təklif etməsi, amma Maqdanın razılaşmadığı qeyd olunur.

Digər tərəfdən, Hitlerin katibəsi Traudul Yunqe özünün “Son saata qədər” kitabında yazır ki, frau Gebbelsdən belə bir sitat gətirir: “Uşaqlarımın üzüqara və gülüş hədəfi olaraq yaşamalarındansa, ölmələrinə üstünlük verərdim. Müharibədən sonra onların Almaniyada yaşamaq şansı yoxdur. Bundan başqa, ərim qorxur ki, övladlarımız Stalinin əlinə keçər və gələcəkdə onları kommunist edərlər. Yox, yaxşısı budur, biz uşaqlarımızı da özümüzlə götürək”.

****

Aprelin 30-da Hitler son dəfə müşavirə keçirir, günorta saat 2-də nahar edib Yeva Braunla birlikdə öz otağına çəkilir. 4-ün yarısında onlar intihar edirlər.

Rjevskayanın kitabında bu epizodla bağlı da qeydlər var. O, Hitlerin şəxsi mühafizə dəstəsinin rəisi oberqruppenfürer SS Hans Rattenhuberin dərc olunmamış xatirələrindən iqtibas gətirib:

“Apreli 29-da Hitler bizi – Linge, Günşe və məni çağırıb zorla eşidilən səslə dedi ki, onun və Yevanın cəsədlərini yandıraq. Dedi “İstəmirəm ki, düşmənlərim cəsədimi panoptikumda nümayiş etdirsinlər”. Sonradan mənə çatdırdılar ki, Milanda İtaliya partizanlarının əlinə keçən Mussolini və məşuqəsi Klara Petaççinin qətlə yetirilməsi xəbərini Hitler məhz aprelin 29-da eşidib. Ola bilsin, cəsədlərin yandırılması qərarına fürer Mussolinin o şəkildə öldürüldüyünü (Partizanlar onu güllələmiş, sonra da cəsədini meydanda ayaqlarından asmışdılar) biləndən sonra gəlib…”

Hitleri və arvadını Reyxkanselyariyanın həyətində dəfn edirlər. Sonrakı günün (mayın 1-də) axşamı Maqda həkimlərə 5 qızı və bir oğlunu zəhərləmək tapşırığı verir. Bəzi mənbələrə görə, guya həmin saatlarda Gebbels onu fikrindən daşındırmağa çalışıbmış. Bundan başqa, qeyd olunur ki, Hitlerin katibəsi, tibb bacıları, özünün və Yeva Braunun qulluqçuları diz çöküb frau Gebbelsə yalvarıblar; uşaqları bunkerdən çıxarıb gizlədəcəklərinə, ad və soyadlarını dəyişəcəklərinə and içiblər. Ancaq Maqda fikrindən dönməyib…

Nəhayət, o məşum an gəlib çatır. Maqda uşaqlarını başına toplayıb deyir ki, “Qorxmayın, indi həkim sizə iynə vuracaq. Bu iynəni uşaqlara və əsl döyüşçülərə vururlar”.

Ana səhifəXəbərlərMaqda Gebbels – 3-cü Reyxin “nikah üçbucağı”nda yaşayan birinci ledisi