Livan Respublikasının yaranması və Milli pakt

1946-cı ilin dekabrında Fransa qoşunları Livanı tərk etdi.

Foto: Meydan Tv


Milli pakt Livanda konfessiyalar arasındakı ziddiyyətləri yalnız müvəqqəti yumşaltdı, əvəzində vahid Livan millətinin formalaşmasına mane oldu

1516-1517-ci illərdə Osmanlı dövləti Misir məmlük sultanlığına son verərək torpaqlarını özünə qatdı. Həmin ərazilərdə bir neçə əyalət yaradıldı. Livan Şam əyalətinin tərkibində idi. Dağlıq Livanı Osmanlı suverenliyi altında 1516-1697-ci illərdə Maan, 1697-1842-ci illərdə Şihab sülaləsindən olan əmirlər idarə etdilər.

Livanın başqa ərəb ölkələri ilə müqayisədə özəlliyi burada əsasən maronit məzhəbinə məxsus xeyli xristian ərəbin yaşaması idi. Əhalinin digər önəmli hissəsini druzlar təşkil edirdilər. 1842-ci ildə son Şihab əmirini hakimiyyətdən uzaqlaşdıran Osmanlı hökuməti burada “çifte (ikili) kaymakamlık” adını alan idarə üsulu tətbiq etdi: maronitlər yaşayan ərazilərə maronit kaymakam, druzlar yaşayan ərazilərə druz kaymakam təyin olundu.

XIX əsrin birinci yarısında Tənzimat islahatları çərçivəsində imperiyanın qeyri-müsəlman əhalisinin hüquqları xeyli artırıldı. Xristianlara yuxarıdan aşağı baxmağa alışmış müsəlmanlar bunu heç bəyənmədilər, druz-maronit ziddiyyətləri kəskinləşdi. 1860-cı ildə baharında Dağlıq Livanda druzlarla maronitlər arasında atışmalar, qətllər baş verdi.

Mayın sonlarından toqquşmalar müharibə şəklini aldı. Bir ay davam edən və kütləvi amansızlıqlarla müşayiət olunan müharibədə 11 min xristian və druzun həlak olduğu güman edilir (Dəməşqdə baş verən talanlar zamanı daha 10-12 min xristian öldürüldü). Osmanlı hökuməti hadisələrin təsiri ilə 1861-ci ildə əsasən xristianlar yaşayan ərazilərdən ibarət yarımuxtar qurum – Dağlıq Livan (Cebel-i Lübnan) mütəssərrifliyi (və ya sancağı) yaratdı.

1864-cü ilin oktyabrın 8-də Osmanlıda Təşkilati Vilayət Nizamnaməsi qəbul olundu və köhnə əyalət sistemi vilayətlərlə əvəzləndi. Daqlığ Livan sancağı muxtariyyətini saxlamaqla əvvəlcə Şam, 1887-ci ildə isə yeni yaradılan Beyrut vilayətinə verildi. Belə vəziyyət Birinci dünya müharibəsinin sonlarına kimi sürdü. 1918-ci ilin sentyabrında Meqiddo döyüşündə osmanlıları ağır məğlubiyyətə uğradan ingilislər Suriya, Livan və Fələstini ələ keçirdilər.

Ərəblər ingilislərin müharibə zamanı verdikləri vədə inanaraq Hələbdən Ədənə qədər bütün ərazilərin vahid ərəb dövlətində birləşəcəyini düşünürdülər. Ərəbləri osmanlılara qarşı üsyana qaldırmaqla ingilislərin işini xeyli asanlaşdıran Məkkə şərifi Hüseynin oğlu Feysəl məhz bu düşüncə ilə 1920-ci ilin martında Suriya ərəb krallığını yaratdı.

Amma aprel ayında San-Remoda keçirilən konfransda Böyük Suriya üzərində mandat Fransaya verildi (bu mandat 3 il sonra Millətlər Cəmiyyəti tərəfindən təsdiq edildi). Fransız qoşunlarının komandanı Anri Quronun ultimatumundan sonra Feysəl təslim oldu, silahı yerə qoymayan hərbi nazir Yusuf əl-Əzma isə iyulun 24-də Maysalun döyüşündə məğlub edildi. Bununla da yaranmasından 3,5 ay sonra Suriya krallığına son qoyuldu. Əvəzində Feysəli növbəti ildə İraq kralı etdilər.

Fransızlar Böyük Suriyanı altı hissəyə böldülər: Dəməşq dövləti, Hələb dövləti, Ələvilər dövləti, Druzlar dövləti, Livan dövləti və Hələbin muxtar hissəsi olan İskəndərun sancağı. Sonuncu 1938-ci ildə özünü müstəqil Hatay respublikası elan etdi, bir il sonra isə referendum keçirərək Türkiyəyə birləşdi. İlk dörd dövlət isə Suriya respublikasının nüvəsi oldu.

Fransızlar xristian ərəblərin mənafeyini və istəklərini nəzərə alaraq Livanda ayrıca dövlət qurmaq qərarında gəldilər. Bu dövləti daha etibarlı sərhədlərlə təmin etmək üçün ərazisi genişləndirildi. Bekaa vadisindən şərqdəki, Sidon şəhərindən cənubdakı ərazilər, eləcə də şimalda bəzi bölgələr Böyük Livana qatıldı, Antilivan dağları Suriya ilə sərhəd oldu. İlk baxışda Livanın xeyrinə olan, ərazisini böyüdən bu addım onun demoqrafik palitrasını dəyişdirdi və sonrakı fəlakətlərinin başlanğıcı oldu.

Livanda 1926-cı ildə konstitusiya qəbul edildi və Fransa mandatı altında Livan Respublikası elan olundu. Konstitusiyaya əsasən Livan bayrağı ortasında sidr ağacı olan Fransa bayrağı idi. Prezident parlament tərəfindən 6 il müddətinə seçilirdi və dalbadal seçilə bilməzdi. Parlament iki palatadan ibarət olacaqdı (yuxarı palata sonradan ləğv edildi).

Pravoslav xristianlardan Çarlz Dabbas həmin il senyabrın 1-dən respublikanın ilk prezidenti oldu. O, bu vəzifəni 7 ildən bir qədər artıq icra etdi. Çünki ikinci prezident seçkilərində ortaq məxərəcə gəlinmədiyindən səlahiyyətləri Fransanın Ali komissarı Anri Ponso tərəfindən daha 1 il uzadıldı. Bundan sonra ikinci prezident Həbib paşa əl-Səədi ümumiyyətlə fransızlar təyin etdilər. 1936-cı ildə isə Emil Edde prezident seçildi.

Eddenin Fransa ilə 1936-cı ildə bağladığı sazişə görə Livan üç il sonra müstəqil dövlət olmalı idi. Amma Fransa hökuməti həmin sənədi ratifikasiya üçün parlamentə təqdim etmədi və mandatını sürdürdü. İkinci dünya müharibəsi zamanı Fransa ağır məğlubiyyətə uğradı və Livan bir müddət Vişi hökumətinin nəzarətinə keçdi. 1941-ci ildə ölkəyə Şarl de Qollun rəhbərlik etdiyi “Azad Fransa” hərəkatının qoşunları və ingilislər çıxdılar.

De Qollun Ali komissar təyin etdiyi general Jorj Katru Livanın müstəqil ola biləcəyini söylədi və amma bunun nə vaxt baş verəcəyini açıqlamadı. 1943-cü il parlament seçkilərindən sonra formalaşan yeni hökumət noyabrın 8-də birtərəfli qaydada Fransa mandatını ləğv etdikdə, fransızlar buna hökumətin bütün tərkibini həbs etməklə cavab verdilər. Amma ingilislərin etirazından sonra noyabrın 22-də həbs olunanlar azad edildi. Bu tarix Livanın müstəqillik günü hesab olunur.

Dekabrın 7-də konstitusiyaya edilən dəyişikliyə əsasən, Livanın bayrağı ortasında yaşıl sidr ağacı olan qırmızı-ağ-qırmızı zolaqlı bayraq oldu. 1946-cı ilin dekabrında Fransa qoşunları Livanı tərk etdi.

***

Məlumatlara görə, 1913-cü ildə Dağlıq Livan sancağında 414 747 nəfər yaşayırdı. Onların 79,5 faizini (329 662) xristianlar təşkil edirdilər. Ən böyük konfessional qrup maronitlər idi. Onların sayı 242 308 nəfər idi, bu da əhalinin 58,3 faizi, xristianların isə 73,5 faizi demək idi. Müsəlmanlar əhalinin 20,5 faizini (85 232) təşkil edirdilər, onların da yarısından çoxu (47 290) druzlar idi.

Birinci Dünya müharibəsi zamanı Dağlıq Livan böyük bir aclıq fəlakəti ilə üzləşdi. Türkiyənin daxil olduğu Mərkəz dövlətləri ittifaqı ilə müharibə aparan İngiltərə və Fransa dinc əhalinin iztirablarını nəzərə almadan Yaxın Şərqdəki Osmanlı vilayətlərini dənizdən blokadaya aldı. Digər tərəfdən, Fələstin cəbhəsinin komandanı Camal paşa Suriyada becərilən taxılı ordunun ehtiyacı üçün saxlamış, Livana göndərilməsini qadağan etmişdi.

Dağlıq Livan isə adından bilindiyi kimi, əkinçilik üçün əlverişli yer deyildi. Buradakı əhali əsasən baramaçılıqla məşğul olurdu, Livan ipəyi Avropada çox qiymətləndirilirdi. Əhalinin ehtiyacını tam təmin etməyəcək qədər əkinçilik də vardı, amma 1915-ci ildə onu çəyirtikə basdı.

Nəticədə dəhşətli bir aclıq başladı. İnsanlar küçə heyvanlarını, ölən insanları yeməyə başladılar. Hətta kanubalizmin yayıdığı da söylənilir. Böyük aclıq adını alan fəlakət savaşın sonuna qədər davam etdi və 200 min insanın ölümünə səbəb oldu. Faiz baxımından Birinci dünya müharibəsindən ən çox ziyan görən məhz Livan oldu – əhalisinin, demək olar ki, yarısını itirdi.

Bu aclıq və fransızların Böyük Livan layihəsi dövlətin konfessional tərkibini ciddi dəyişikliyə uğratdı. Çünki Livana əlavə edilən ərazilərdə əhalinin demək olar ki, hamısı müsəlman idi. Nəticədə xristianlar malik olduqları mütləq çoxluğu itirdilər. Ərazinin genişlənməsi müqabilində labüd demoqrafik dəyişikliyin xristian icmasının rəhbərlərini narahat etmədiyini söyləmək olmaz. Amma Böyük aclıq onların gözünü qorxutmuşdu və əkinçlik üçün yararlı torpaqlara sahiblənmək istəyirdilər.

Livan tarixində 1932-ci ildə keçirilən siyahıyaalmanın böyük əhəmiyyəti var. Doğrudur, həmin tədbirin metodu və obyektivliyi bəzən şübhə altına alınır. Bu şübhələrin nə qədər əsaslı olduğunu indi söyləmək çətindir. Fakt isə odur ki, ölkənin sonrakı idarəçiliyində bu siyahıyaalmanın yekunlarına istinad olundu.

Nəticələrə görə, ölkədə 793 396 nəfər yaşayırdı və indi onun yalnız yarısını xristianlar təşkil edirdilər. Ötən 19 il ərazində maronitlərin sayı artmamış, əksinə Böyük aclıq və mühacirət üzündən bir qədər azalmışdı – 227 800. İndi bu rəqəm əhalinin yalnız 28,7 faizini təşkil edirdi. Pravoslav və katolik ərəblər müvafiq olaraq 9,7 və 5,9 faiz idilər. Birinci dünya müharibəsi zamanı baş verən erməni köçü onların xüsusi çəkisini 4 faizə qaldırdı: 3,3% qriqoryan ermənilər, 0,7% isə katolik ermənilər.

Müsəlmanlar indi 48,7% idilər və yarısından bir qədər azı (əhalinin 22,5 faizi) sünnilər idi. Şiələr ümumi əhalinin 19,5 faizini təşkil edirdilər. Druzar isə indi müsəlmanlar arasında ən azsaylı qrup idilər – 6,7%. Əhalinin daha 1,3 faizi isə yəhudilər və başqalarından ibarət idi.

***

Livan konstitusiyasında hakimiyyətin konfessional bölgüsündən bəhs edilsə də, bunun proseduru açıqlamırdı. Ona görə də Livanın üç əsas konfessiyasının – maronitlər, sünnilər və şiələrin nümayəndələri hələ müstəqillik elanından bir qədər əvvəl bu boşluğu aradan qaldırmaq üçün müzakirələr apardılar. Bu müzakirələr əsasında Milli pakt deyilən şifahi razılaşma əldə olundu. Həmin paktın əsas müddəaları bunlar idi:


– maronitlər Livanın Qərb deyil, ərəb ölkəsi olduğunu qəbul edirlər;


– müsəlmanlar Suriya ilə birləşməyə can atmayacaqlar;


– prezident maronit, baş nazir sünni, parlament sədri şiə olacaq. Baş nazirin və spikerin müavini pravoslav olacaq;


– parlamentdə xristianlarla müsəlmanların nisbəti 6:5 olacaq.

Milli pakt Livanda konfessiyalar arasındakı ziddiyyətləri yalnız müvəqqəti yumşaltdı, əvəzində vahid Livan millətinin formalaşmasına mane oldu. Digər tərəfdən, 1932-ci ildən sonra ölkədə yeni siyahıyaalma keçirilməsə də doğuşun daha aşağı olduğu və mühacirətə meylli xristianlar tədricən azlığa, müsəlmanlar isə çoxluğa çevrildilər. Belə olduqda, tərəflər arasında ziddiyyətlərin yenidən kəskinləşməsi qaçılmaz idi.

Ana səhifəXəbərlərLivan Respublikasının yaranması və Milli pakt