Leyla Trabelsi: Tunisin keçmiş birinci ledisi və yarımştat prezidenti

Təkcə sarayı deyil, ölkəni də caduyla idarə edirdi; tez-tez bu məqsədlə bəzi heyvanları, xüsusilə buqələmunları diri-diri yandırırdı

Source: meydan.tv

(ikinci hissə)

Bin Əlini “evdə də, ölkədə də heç bir gücü olmayan müqəvva" adlandıran Lütfi 23 il Leyla Trabelsinin xidmətçisi olmuşdu. Öz kitabında, o, birinci ledinin ərinə sadiq olmadığını, prezidenti nəzarətdə saxlamaq üçün qara magiyadan istifadə etdiyini də yazmışdı: “Mərakeşdən, Seneqaldan və Malidən cadügərlər gətizdirirdi. Təkcə sarayı deyil, ölkəni də caduyla idarə edirdi; tez-tez bu məqsədlə bəzi heyvanları, xüsusilə buqələmunları diri-diri yandırırdı. Bir dəfə əri xəstələnəndə zəhərlənmədən şübhələnib aşpazın əllərini qaynar yağla dolu qazana salmışdı. Prezidentimiz bəzən kassadan gizlicə pul çıxarırdı. Bunu bizdən gizlətmirdi, amma arvadı biləndə danlayırdı deyə, tapşırırdı ki, ona deməyək. Maaşlarımız kağız üzərində şişirdilirdi, halbuki bizə verilən əməkhaqqı səfalət içində yaşamağa ancaq yetərdi”.

50 ədəd lüks idman avtomobili olan, alış-veriş üçün getdiyi Dubayda hər dəfə yüzminlərlə dollar xərcləyən birinci ledi haqqında “Kraliçanın kölgəsində” kitabını Lütfi Bin Çruda “Yasəmən inqilabı”nın qəhrəmanı Tunis gəncliyinə ithaf edib: “Leyla Bin Əli işgəncə verdiyi, gələcəyini qaraltdığı gəncliyin ayağa qalxacağını heç gözləmirdi. Heç yıxılmayacaqlarmış kimi yaşayırdılar…”

****

Cadu-piti işində birinci ledinin baş məsləhətçisi anası Səidəydi. “Sehirli” reseptləri qızına məhz o yazıb verirdi. Bin Əli qaynanasının heç bir sözünü yerə salmır, hətta onun “kadrlarını” nazir təyin edirdi. Anası vəfat edəndə Leyla Trabelsi ölkədə 3 günlük matəm elan edilməsini istəmiş, Bin Əli razılaşmadığı üçün sarayda tufan qoparmışdı.

Amma ictimai platformada, o, mədəni və müasir qadın obrazında çıxış edirdi. 1999-cu ilin prezident seçkiləri kampaniyasında fəal iştirakı sayəsində siyasi səhnənin əsas fiqurlarından birinə çevrilən, Bin Əlinin adından seçicilərlə görüşlər keçirən birinci ledi artıq onun regenti kimi davranırdı – bütün rəsmi mərasimlərdə iştirak edir, bəzən ərinin şıxışlarını da o oxuyurdu. Qadın sahibkarların 2000-ci ildə Tunisdə keçirilən beynəlxalq konqresinə də, təbii ki, Leyla rəhbərlik etmiş, elə həmin il “Dünya ailəsinin üzvü” beynəlxalq mükafatına layiq görülmüşdü (Onun rəsmi bioqrafiyasından başqa, bu mükafat haqqında başqa heç yerdə heç bir məlumat yoxdur – ya şəxsən onun üçün təsis edib, tez də ləğv ediblər; ya da informasiya uydurmadır).

2003-cü ildə iki qızıyla birlikdə Məkkə ziyarətinə gedən birinci ledi o il Rusiyanın “Qadın dünyası” (“Мир женщины”) jurnalı tərəfindən “ilin adamı” seçilmiş, bir neçə il sonrasa Londonda dərc edilən “Yaxın Şərq” jurnalı (“Middle East Magazine”) isə onu “dünyanın ən nüfuzlu 50 ərəbi”ndən biri elan etmişdi (2010).

Leyla Trabelsinin özünə biçdiyi rollardan biri də xeyriyyəçilik idi. Amma əlillərin işlə təminatı üçün yaratdığı “Basma” xeyriyyə cəmiyyəti daha çox məmur arvadları üçün təsis edilmiş klub kimi tanınırdı – deyilənlərə görə, Tunisin Mariya-Antuanettası onların əhatəsində bahalı şərablar içib aktual qeybətlər etməyi xoşlayırmış.

Birinci ledi ailə qayğısından məhrum uşaqlarla bağlı SOS uşaq kəndləri layihəsinə də patronajlıq etmiş, 2005-ci ildə İtaliyanın “Birlikdə sülh” fondu “dərin humanizmə və zəiflərə qayğıya” görə ona sülh mükafatı vermişdi.

Leyla Trabelsi həm də Ərəb Qadınları Təşkilatının prezidentiydi – rəsmi təbliğata görə, qadınların bütün sahələr və vəzifələr üzrə inkişafı üçün çalışırdı. 2006-cı ildə Beynəlxalq Qadın Sahibkarlar Assosiasiyası (FCEM) buna görə onu xüsusi mükafatla, 2010-cu ildə isə Livan Qadınlar Birliyi qızıl qalxanla təltif etmişdi. Həmin il “xərçənglə mübarizə məqsədilə” birinci ledi anasının adını verdiyi “Səidə” fondunu yaratmışdı.

****

Amma 2006-2009-cu illərdə ABŞ-ın Tunisdəki səfiri olmuş Robert Qodekin “WikiLeaks” saytında dərc edilmiş teleqramlarında Leylanın xəstələrə və zəiflərə qayğısından yox, Bin Əli ailəsinin korrupsionerliyi və bədxərcliyindən bəhs olunurdu (Yeri gəlmişkən, Tunis hadisələrini “VikiLiks”in ilk inqilabı adlandırırlar).

23 iyun 2008-ci il tarixli teleqramdan:

“Tunisdə korrupsiya getdikcə artmaqdadır. Başqalarına aid pul, torpaq, xidmətlər, xüsusi mülkiyyət və hətta yaxta – Bin Əli ailəsi başqalarına aid olan hər şeyə tamah sala bilir və deyilənə görə, istədiyi vaxt insanların malını-mülkünü onların əlindən alır. Bu ailə korrrupsiyanın əsas həlqəsi sayılır, yarı-mafiya hesab edilir. Tunislilər ən çox prezidentin arvadı Leyla Bin Əliyə və onun böyük ailəsinə – Trabelsilərə qarşı qəzəblidirlər. Deyilənə görə, İmed və Moaz Trabelsilər fransız biznesmen Bruno Rocerin yaxtasını oğurlayıblar, Fransa mətbuatı bu haqda yazanda məlum olub ki, əlamətlərini ört-basdır etmək üçün yenicə rənglənmiş yaxta Sidi-Bu-Səid limanındadır. Ailəvi korrupsionerliklə bağlı çoxsaylı faktlar tunisliləri qıcıqlandırır. Bundan başqa, hakimiyyətlə əlaqəsi olan şəxslərin qanunları pozaraq yaşaya bilməsi də insanlarda məyusluq yaradır. Onlardan biri şikayətlənirdi ki, Tunis artıq polis dövləti də deyil, ölkə artıq mafiya tərəfindən idarə olunur, çünki “hətta polislər də Ailəyə hesabat verirlər!” Korrupsiya – otaqdakı fildir; hamı bu problemdən xəbərdardır, amma heç kim bunu publik etiraf edə bilmir”.

17 iyul 2009-cu il tarixli teleqramdan:

“Hakimiyyət heç bir tənqid və ya məsləhət qəbul etmir – nə daxili, nə də beynəlxalq məsələlərdə. Bunun əvəzinə polis gücüylə ölkəyə daha çox nəzarət etməyə çalışır. Nəticəsi: Tunisdə narazılıqlar başlayıb, elə ABŞ-la münasibətlərdə də. Tunislilər Leyla Trabelsini və ailəsini sevmirlər, hətta onlara nifrət edirlər. Şəxsi söhbətlərdə rejimin müxalifləri ona lağ edirlər, hətta hakimiyyətə yaxın dairələr də birinci ledinin davranışlarından narahatdırlar. Bununla yanaşı, yüksək həddə işsizlik faktoru və regioanl bərabərsizlik də hakimiyyətə nifrəti artırır. Nəticə etibarilə rejimin uzunmüddətli sabitliyi üçün yaranmış risk də yüksəlir”.

27 iyul 2009-cu il tarixli teleqramdan (prezidentin qızı Nəsringildəki qonaqlıqdan təəssüratlar):

“Bin Əlinin kürəkəni Əl-Matəri sahil kənarındakı villasında pələng saxlayır. Qəfəsdə olan bu heyvan gündə 4 toyuq yeyir. Evdə çoxsaylı xidmətçi ordusu var, eşikağası Banqladeşdən, dayə Cənubi Afrikadandır (Tunisdə çox nadir və çox da baha başa gələn hal – A.Y.). Ev saraylara bənzəyir, çoxlu bahalı bəzək əşyası var. Süfrə nadir təamlarla dolub-daşırdı, xüsusi təyyarə reysiylə qonaqlığa xaricdən dondurma gətirlmişdi. Əl-Matəriylə arvadı Nəsrinin hədsiz var-dövləti və davranışları tunislilərin onlara və Trabelsi ailəsinin digər üzvlərinə niyə nifrət etdiklərini aydınlaşdıran faktlardandır”.

“VikiLiks”in yaydığı məlumatlardan biri də Tunisdəki fransız məktəbinin bağlanması qalmaqalıyla bağlıydı. Leyla Trabelsi öz rəfiqəsi, Yasir Ərəfatın dul arvadı Suha Ərəfatla birlikdə həmin ərazidə beynəlxalq Karfagen məktəbi tikməyi planlaşdırmışdı və nə valideynlərin şikayət ərizələri, nə də məktəb sahiblərinin Fransa prezidenti Nikolya Sarkoziyə yazdığı məktub Leylanı fikrindən daşındıra bilmişdi. Məktəbin ərazisi üçün hökumətə cəmi 1 dinar ödənmiş, tikinti üçünsə dövlətdən 1,8 milyon dollarlıq maliyyə vəsaiti alınmışdı. Amma rəfiqələrin birgə fəaliyyəti uzun sürməmişdi: birinci ledi 18 yaşlı qardaşı qızını Birləşmiş Ərəb Əmirliklərinin 61 yaşlı baş naziri, Dubay əmiri, bölgənin dördüncü ən varlı adamı, iki arvadından biri İordaniyanın ozamankı kralı Abdullanın bacısı olan Rəşid Əl-Maktuma ərə verməyə hazırlaşırmış və Suhanın bu xəbəri İordaniya kraliçasına çatdırmasını izdivacı pozmaq niyyəti kimi qəbul edən birinci ledi həm Suha Ərəfatı, həm də onun anasını və qızını Tunisdən qovmuşdu.

****

2010-cu ilin son günlərində başlayan xalq üsyanı Trabelsilərin azğın hakimiyyətinə son qoyur. Yanvarın 14-də Tunis şəhərində ilk evlər yanmağa başlayanda birinci ledi bütün qohumlarına aeroporta toplaşmağı və dərhal ölkəni tərk etməyi tapşırır, özü də qiymətdə ağır nəyi varsa, 20-dən çox çamadana doldurub qaçmağa hazırlaşır. Amma işlər onun planlaşdırdığı kimi getmir. Antiterror komandası və təyyarənin pilotu sayəsində Bin Əli/Trabelsi klanının 23 nümayəndəsi həbs edilir. Xalq klanın üzvlərinin müəssisə və mağazalarını dağıdır, maşınlarını yandırır. Əsgərlər birinci ledinin qardaşı İmedin “Bentli”sində şəhəri dolaşıb əylənirlər.

Beləliklə, 1987-ci ildə çevriliş yoluyla hakimiyyətə gəlmiş Zin Əl-Abidin Bin Əli “ərəb baharı”nın taxtdan saldığı ilk diktator olur. 2010-cu ilin 17 dekabrında Sidi-Buhid şəhərində göyərti satıcısı Məhəmməd Buəzizinin özünü yandırmasından sonra başlamış inqilab həm də 223 nəfərin ölümüylə nəticələir.

14 yanvar 2011-ci il tarixdə prezident istefa verir, arvadı və iki qızıyla birlikdə Fransaya uçur, amma rəsmi Paris təyyarənin enməsinə icazə vermir, kriminal ailə Səudiyyə Ərəbistanına getməli olur. Burda onları Səudiyyə kral ailəsinin qonaq evinə yerləşdirirlər. Birinci ledinin qardaşı Bilhəssən Trabelsi Kanadaya qaçır, 2016-cı ildə – Tunisə deportasiyasından bir gün əvvəl yoxa çıxır, hazırda harda olduğu bilinmir.

Yanvarın 18-də İsveçrə bankları Bin Əli-Trabelsi klanının 48 üzvünə aid hesabları dondurur.

Yanvarın 26-da Tunis prokurorluğu prezidentin və birinci ledinin həbsi üçün beynəlxalq order verir.

Bir neçə gün sonra “Sherpa” və “Transparency International” beynəlxalq təşkilatlarının sorğusuna əsasən Paris prokurorluğu onların Fransada mal-mülk satınalmalarına xərclədikləri pulların mənşəyini və dövlət vəsaitlərini “yuma” versiyasını araşdırmağa başlayır.

“Transparency International” bəyan edir ki, hüquqşünaslar assosiasiyasının, QHT-lərin və jurnalistlərin araşdırmaları nəticəsində Bin Əli ailəsinin Fransa, İsveçrə, Argentina və BƏƏ-də xeyli sayda daşınmaz əmlakının, bahalı avtomobillərinin və cins atlarının olduğunu aşkara çıxarıb. Fransa mətbuatında Leyla Trabelsinin ölkədən çıxarkən Mərkəzi Bankdan ümumi çəkisi 1,5 ton olan qızıl külçələr çıxarıb apardığı haqqında xəbərlər dərc edilir.

Prezident ailəsinin 4 milyarddan çox mal varlığı olduğu bildirilir. Klan üzvlərinə aid 233 torpaq sahəsi üzərində mülkiyyət və 117 şirkətdə təmsilçilik sənədləri, 34 bahalı avtomobil, 48 yaxta və çoxlu daşınmaz əmlak aşkar edilir. O da bəlli olur ki, Hammamət şəhərindəki “Marina” sarayının ərazisi üçün birinci ledi dövlətə cəmi 100 dinar ödəyib, tikinti üçün dövlətdən 55 milyon dollar kredit alıb və saray… prezidentlik büdcəsinin vəsaiti hesabına tikilib; ərazisi hərbçilərdən “su qiymətinə” alınmış Sidi-Drif sarayı üçünsə elə onların özlərindən maliyyə “yardımı” alınıb.

Antikorrupsiya araşdırmalarının gedişində 110 nəfər hökumət və hakim partiya üzvü məsuliyyətə cəlb olunur; “Konstitusiyalı Demokratik Birlik Partiyası” adlı bu təşkilat anti-konstitusion fəaliyyətinə görə qadağan edilir. Prezidenti mühafizə xidmətinin rəhbəri, daxili işlər naziri, prezidentin mətbuat katibi, senatın spikeri və gömrüyün rəisi həbs olunur.

Müvəqqəti hökumətdə təmsil olunmuş keçmiş müxalifətçilər Bin Əli ailəsinin “aradan çıxardığı” pulları geri qaytarmağı tələb edirlər. Tunis hakimiyyəti eks-prezidenti və keçmiş birinci ledini 23 il ərzində külli miqdarda dövlət vəsaitini xarici banklara köçürməkdə ittiham edərək onlar haqqında həbs qərarı verilməsi üçün İnterpola müraciət edir.

Yanvarın 26-da mətbuat konfransı keçirən ədliyyə naziri 4 ayrı cinayət işi üzrə araşdırma başladığını açıqlayır:


1) ölkənin təhlükəsizliyinə qarşı əlbir olma, qətl və qətlə təhrik, soyğunçuluq (prezident qvardiyasının rəhbəri və bir neçə üzvü);


2) xaricdə daşınan və daşınmaz əmlak almaq üçün qanunsuz yolla vəsait əldə etmə, xarici valyuta əməliyyatları (prezident, birinci ledi, Bilhəssən Trabelsi, Məhəmməd Adel Trabelsi, Məhəmməd Sahər Əl-Mater – ölkədən qaçmış olanlar; Münsif Trabelsi, Murad Trabelsi, İmed Trabelsi, Məhəmməd Nasir Trabelsi, Moiz Bin Münsif Trabelsi, Husəm Trabelsi, Cəlilə Trabelsi və Samirə Trabelsi – həbs edilənlər);


3) Mərkəzi Bankın icazə olmadan ölkədən vəsait çıxarmaq (Cəlil Trabelsi, Samir Trabelsi, İmed Trabelsi, Hossəm Trabelsi, Münsif Trabelsi, Murad Trabelsi, Lamiyə Trabelsi və başqaları).


4) Ölkəyə qanunsuz silah idxal etmə, ölkə daxilində qanunsuz silah alveri (Bilhəssən Trabelsi, Murad Trabelsi, İmed Trabelsi, Naimə Bin Əli, Hayət Bin Əli, Sahər Əl-Matəri, Bən Ticani Bin Əli, Mehdi Bin Əli və başqaları).

Prezident Bin Əliyə qarşı 35-i hərbi məhkəmənin yurisdiksiyasına daxil olmaqla, toplam 18 maddə və 93 epizod üzrə (o cümədən, vətənə xəyanət, qəsdən adam öldürmə, işgəncə və s) ittiham irəli sürülür.

İstintaq materiallarında həmçinin qeyd edilir ki, prezident öz maaşını qeyri-rəsmi şəkildə artırmaqla 1992-ci ildən etibarən 10 milyon dollara yaxın vəsait mənimsəyib; Karfagen sarayında xeyli sayda silah və 2 kq marixuana, ailəyə məxsus digər rezidensiyada isə 27 milyon dollarlıq zinət əşyası, 500 min dollarlıq qızıl külçələr aşkar edilib.

20 iyun 2011-ci il tarixində keçirilən ilk məhkəmə prezident və birinci ledi haqqında qiyabi olaraq 35 illik həbs cəzası kəsir. Bundan başqa, dövlət vəsaitlərini dağıtdıqlarına və oğurladıqlarına; qanunsuz yolla ləl-cəvahirat, arxeoloji əşyalar və silah əldə etdiklərinə görə Bin Əlini 28 milyon, Leyla Trabelsini 23 milyon dollar məbləğində cərimə edir.

12 avqust tarixli məhkəmədə isə Leyla Trabelsi qanunsuz yollarla xarici valyuta əldə etməkdə və saxlamaqda günahlandırılır və əvvəlki cəza müddətinə daha 6 il əlavə olunur.

Həbs edilmiş 23 nəfər haqqında 4 aydan 6 ilədək (o cümlədən, birinci ledinin qardaşı Münsif – 18 ay, bacıları Çəlilə -18, Samirə – 4 ay, kürəkəni Səhr Əl-Matəri – 6 il, bacısı oğlu Moiz – 6 il, qardaşı oğlu İmed – 6 il, İmedin anası Nəcə Cridi – 8 ay və s.) həbs qərarı çıxarılır.

13 iyun 2012-ci ildə Tunisin Hərbi Tribunalı “Yasəmən inqilabı” zamanı 233 aksiyaçının öldürülməsində təqsirli bilərək keçmiş prezidenti ömürlük həbs cəzasına məhkum edir.

Hazırda Bin Əli və Leyla Trabelsi Səudiyyə Ərəbistanında yaşamaqda davam edirlər. Bəzi mənbələr cütlüyün boşandığını, keçmiş birinci ledinin qadın salonu açıb həmcinslərinə gözəllik sirləri öyrətdiyini yazırlar.

Ana səhifəXəbərlərLeyla Trabelsi: Tunisin keçmiş birinci ledisi və yarımştat prezidenti