Koronavirus “dövlət vətəndaşın arxasındadır” şüarını məhv edir

Vətəndaşın inamını itimək hökumət üçün ən böyük faciədir

Source: Meydan TV


Vətəndaşın inamını itirmək hökumət üçün ən böyük faciədir

ABŞ təkcə nüvə silahı, iqtisadi gücü, ordusu, dünyanın hər bir yerində işləyən valyutasına görə böyük dövlət deyil. Birləşmiş Ştatlar həm də ona görə qüdrətli dövlətdir ki, ölkədən minlərlə kilometr uzaqda belə hər hansı bir ölkə vətəndaşı çətin vəziyyətə düşsə, hökumət onun xilas edilməsi üçün əlindən gələn hər şeyi edəcək. Məhz buna görə də başqa situasiyalarda vətəndaşların böyük əksəriyyəti dövlətin qəbul etdiyi qərarlara inanır və ona dəstək olur.

Koronavirus pandemiyası səbəbindən Dağıstanda toplaşan və iki aydan çoxdur ölkəyə dönə bilməyən vətəndaşların vəziyyəti isə eyni şeyləri Azərbaycan haqqında deməyə imkan vermir. “Dövlət hər bir vətəndaşının arxasındadır” şüarı Dağıstanın Kullar qəsəbəsinin yaxınlığında dözülməz şəraitdə yaşayan insanların hər yeni günü ilə məhv olmaqdadır. İnanılmazdır ki, dövlət sərhədlərini öz vətəndaşları üçün bağlayıb və onların ilanvuran yerdə yaşamasına imkan verir. İnanılmazdır ki, dövlət Rusiya FHN-nin həmin insanlar üçün çadır düşərgəsi yaradıb, onları qidalanmasının təmin edilməsini özünə sığışdırır. İnanılmazdır ki, iki aydan çoxdur həmin insanlar haqqında ümumi qərar qəbul olunmur və müəyyən vaxtdan bir kiçik hissənin geri dönməsi təşkil edilir. İstər-istəməz sual yaranır ki, olmazdımı həmin o çadır düşərgəsini sərhədin Azərbaycan tərəfində Azərbaycanın FHN-ni yaratsın? İllər boyu FHN-nin yaradılıb, inkişaf etdirilməsinə xərclənən pullar belə hallarda özünü doğrultmursa, bəs nə vaxt doğruldacaq? Pandemiya bitəndən sonra belə insanlara “dövlət sənin arxandadır” şüarını hansı əsaslarla qəbul etdirmək olacaq?

Məhz belə səbəblərdən hökumət hansısa bir qərarı verəndə, hətta ən yaxşı niyyətləri güdüb məhdudiyyət tətbiq edəndə, hər-hansı bir dövlət məmuru hansısa yalan xəbəri təkzib edəndə sıravi vətəndaş artıq ona inanmır, ən azından çox böyük şübhə ilə yanaşır. Vətəndaşın inamını itirmək isə hökumət üçün ən böyük faciədir, çünki dövlətin çətin günündə məhz vətəndaşın dövlətə olan inamı həlli müşgül olan problemlərin öhdəsindən gəlməyə imkan verir.

Ana səhifəXəbərlərKoronavirus “dövlət vətəndaşın arxasındadır” şüarını məhv edir