Источник: Meydan Tv

Kim itirir, kim qazanır?

Azərbaycanın polis qurumlarında “Əməkdar Tofiqşünas” fəxri adı təsis etməyin zamanı yetişib

Millət şad xəbərlərə təşnədir. Nə qədər olar xəbər mənbələrini açanda görəsən ki, polis yenə hansısa binəvanı şərləyib tutub, döyüb, basıb qazamata?

Hökumət yorulmadı Tofiq Yaqublunu şərləyib döyməkdən-tutmaqdan?

Azərbaycanın polis qurumlarında “Əməkdar Tofiqşünas” fəxri adı təsis etməyin zamanı yetişib. Sadəcə bu ad sovet kəşfiyyatçılarına verilən gizli Sovet İttifaqı Qəhrəmanı kimi məxfi veriləcək, onun daşıyıcısının adı DİN-in vestibülündə sadəcə divarda ulduz rəmzi ilə əksini tapacaq. Ulduza baxan hər bir polis işçisi biləcək ki, naməlum qəhrəman polis işçisi hökumətin Tofiq Yaqubluya qarşı hansısa çox mühüm və şərəfli tapşırığıni yerinə yetirdiyinə görə Azərbaycanın gizli Milli Qəhrəmanı adını alıb.

Oxuyursan ki, növbəti hakim zümrəyə şübhəli bilinən yağlı məmur tutulub salınıb içəri. Nolsun ki? Möhtərəm Prezidentə şübhəsiz sadiq icra başçıları və nazirlər xalqın qarəti sürətini artırıb.

Bilirsən ki, gəlirlərin manatla artırılması müqabilində qiymətlər on manatlarla bahalaşıb. Saxta seçkilərin legitimləşdirilməsinə etirazlar şam kimi əriyib öləziləşib, əsassız dəyişiklik ümidləri əriyib puç olub.

Koronavirusa yoluxanların sayı artıb, qadağanlar sərtləşib.

Neftin qiyməti düşüb, hakim zümrənin gəlirləri azalıb.

Bədəlini kimin canından, kimin qabırğasından çıxaracaqlar? Kimin cibinə girib boğazından kəsəcəklər?

Belə şəraitdə eşidəndə ki, bir nəfər azərbaycanlı gənc ABŞ-ın ən qabaqcıl təhsil ocağı sayılan Massaçusets Texnoloji İnstitutuna qəbul olunub, sevinirsən. Hərçənd ki, sənin adın Abutalıb deyil, familiyan Namazov deyil, sevinirsən.

Sevinirsən ki, millət hələ ölməyib. Millətin sifətini Rövnəq müəllimin qudurğan oğlunun milyon dollarlıq qol saatları deyil, Vasif müəllimin oğlunun avtoparkının bahalı maşınları deyil, İsmət və Ziya müəllimlərin oğullarının Londonun mərkəzində aldıqları hərəsi 25 milyon funt sterlinqlik villalar deyil, Şahvələd bəyin məsum oğlu Abutalıb Namazovun biliyi və savadı müəyyənləşdirir.

Sevinirsən, sonra isə başlayırsan fikirləşməyə. Yaxşı, bu gənc öz təhsilini uğurla bitirəndən sonra nə edəcək, hara gedəcək? Harada işləyəcək?

Azərbaycana qayıdacaq? Kimə lazımdır Azərbaycanda savadlı və vicdanlı cavan insan? Bu istedadlı gənc müti və sözəbaxan, istənilən əyriliyi qəbul edib susan bədbəxt insanların sırasına daxil olmağa razı olarmı? Olarsa, heyf ondan!

Təbii ki, onu ABŞ-ın istənilən şirkəti məmnuniyyətlə layiqli maaşla işə götürəcək və onun Amerikadakı parlaq gələcəyi şübhə doğurmur.

Lakin bundan Azərbaycana nə? Azərbaycan daha bir nəfər işıqlı və savadlı övladını itirəcək. Beyin axını davam edəcək, ABŞ qazanacaq, üçüncü dünya ölkəsi olan Azərbaycan itirəcək.

Şahvələd bəy qazanacaq ki, onun oğlu Azərbaycanın istedadları boğan bataqlığından qurtulub azad inkişaf və ləyaqətli həyat mühitinə düşür.

Lakin bundan Azərbaycana nə?

Təxminən on-on beş il bundan əvvəl baş vermiş bir hadisənin mənzərəsini heç vaxt unutmaram: azı on nəfər “xalqı vur-dağıt” əmrinə müntəzir polis işçisi əlində dəyənək Fəvvarələr meydanında sıx səfdə durub, onların qarşısında isə cəmi bir nəfər jurnalist durub nəyisə onlara izah etməyə çalışır. İsrarla izah edir, lakin polis səfi addım-addım onun üstünə yeriyir...

Bu jurnalist Şahvələd Çobanoğlu idi. Ermənistanda məktəbi əla qiymətlərlə bitirmiş Şahvələd Namazov. Onun səsi və sözü polislərə və hökumətə çatmadı. Hökuməti vətəndaşın sözü deyil, öz yüksək məqamı və gəliri maraqlandırırdı.

Onda gücü ona çatdı ki, oğlunu elmə və mərifətə yönəltsin, onu elə mərtəbəyə çatdırsın ki, oğlu savadının gücü ilə Azərbaycan adlı məkandan hörmətlə ayrılmaq imkanı qazansın.

O qədər Azərbaycandan hörmətsiz, nəyin bahasına olursa-olsun, ayrılanlar tanıyıram ki! Kimisi zatını danıb özünü yəhudi elan etdi, kimisi erməni oldu, kimisi guya təqib olundu, kimisi gerçəkdən mənasız mitinqlərdə döyülüb-tutulub videgörüntülər hesabına sığınacaq aldı...

Təki bu əziz Vətəndən yaxasını qurtarsın!

Qınamıram. Yaşamalı yer deyil. Özüm yaşayıram, bilirəm.

Yaşadıqca insan çərləyir, mənən əzilir. Aşınır, tədricən sınır. Hər gün, hər an yalan və riya. İllərlə, on illərlə, hər yerdə və hər zaman.

Millətdən küsürsən, ona inamın sarsılır.

Necə ki, ömrünün sonunda Mİrzə Fətəlinin inamı sınmışdı. Necə ki, Mirzə Ələkbər yazmışdı: “Harda müsəlman görürəm, qorxuram”. Necə ki, Mİrzə Cəlil küsmüşdü. Müzəffər proletar hakimiyyətinə sadiq cavan ədiblər ona nəsihət verəndə ki, “Mirzə, dəxi belə yazma, zaman dəyişib, sən də dəyişməlisən!”, yazıq Mirzə susub sadəcə köksünü ötürərdi, heç mübahisə etməzdi, nəsihəti dinləyib bir tikə çörəkpulu qazanmaq üçün gedib hamamda giriş bileti satardı.

Azərbaycan dövlətində Ulu öndərin qurduğu üsuli-idarə azad, cəsur və vicdanlı vətəndaşa yağıdır. Bacarsa, susdurub sındırar, bəhanə tapmayanda, özündən, dövlətdən kənara itələyər.

Sonuncu Milli Məclisə seçkilər buna əyani sübutdur.

Şuşalı Kərim bəy Kərimlini 30 ildir tanıyıram. Çox adam tanıyıram, minlərlə. Lakin Kərim bəy qədər Şuşanı Məcnun kimi sevən ikinci adam tanımıram. Mühəndis, döyüşçü, jurnalist, şair, yazıçı, məmur, çoban, sülhpərvər... Bütün bu peşə və məşğuliyyətlərin sahibi bircə şeylə məşğuldur: Qarabağ naminə savaşır. 13 kitabı çıxıb, hamısı Qarabağ barədədir.

Qarabağ münaqişəsinin dinc həllini axtaran insan kimi, sülhpərvər kimi, dünyanı dolaşıb. Kaliforniyanın Ben-Lomond dağ düşərgəsindən tutmuş Federal Almaniyanın bundestaqına qədər, Finlandiyanın Aland adalarından tutmuş Vyanada Minsk qrupunun həmsədrlərilə iclaslara qədər, RF-nin Dövlət Dumasının Moskvaaltı Snegiri sanatoriyasında keçirilən ABŞ-Rusiya-Azərbaycan-Ermənistan formatında keçirilən Dartmut konfransından tutmuş Xankəndidə qondarma qurumun və Ermənistanın ən ali məqamlı şəxslərilə görüşlərə qədər hər yerdə və hər zaman Kərim bəy heç bir siyasətçidə və diplomatda görmədiyim ardıcıllıq və səbatla Vətəni naminə savaşmışdır.

Daima düşünmüşəm ki, əgər Kərim bəydə həm də Azərbaycan dövlətinin səlahiyyətli nümayəndəsi statusu olsaydı, daha nələr edərdi? Bilmişəm ki, xam xəyaldır, dövlətimə belə adamlar lazım deyil, lakin yenə fikirləşmişəm ki, kaş Kərim bəydə heç olmasa deputat mandatı olaydı...

2000-ci ildə Kərim bəy özünü Qarabağdan, Xocalı-Xocavənd-Şüşa seçki dairəsindən Milli Məclisə namizəd verdi. Əltutan, xeyrə-şərə yarayan, ürəyiyanan adam olduğundan onu Qarabağda tanımayan çətin tapıla. Seçicilərin əksəriyyəti, səsverməyə gələnlərin 93%-i ona səs verdi. Məntəqə və dairə komissiyaları dinməz-söyləməz bu şəksiz qələbə protokollarını Kərim bəyə verdi. Lakin deputat Kərim bəy deyil, Elman Məmmədov oldu.

Niyə? Seçkilərin dirijoru Ramiz Mehdiyevin əmri ilə Beyləqanda yerləşən üç hərbi hissəni yazdılar bu seçki dairəsinə və 6 115 hərbi qulluqçu Elman Məmmədovu “seçdi”.

Elman Məmmədovu cəmi Qarabağ tanıyır. Xocalı faciəsi günlərində bu qəsəbənin icra nümayəndəsi olub. Lakin xoşbəxtlikdən düşmən Xocalını alan vaxt iş yerində olmayıb, “vacib iş” üçün Xocalını tərk edib. Nə iş olub bu iş? Elman Məmmədov Xocalı işğal olunan vaxt Naxçıvana, Ulu öndərin yanına gedibmiş.

İndi Elman Məmmədov palıd kötüyünə çalınmış mıx kimi 20 ildir Milli Məclisdə oturub qarnını otarır. Onun Qarabağ naminə hər hansı fəaliyyəti barəsində kimsə nə isə eşidibmi? Eşidə də bilməz, zira Milli Məclisə Qarabağ mövzusu ilə məşğul olmaq qadağandır!

Həm də axı nə bilir ki, nə də etsin? Biliyi, savadı yox, xarici dil bilmir, mədəni səviyyəsi elədir ki, belələri barədə deyirlər: “bayırlığı yoxdur”.

Lakin deputatdır. Əsas odur ki, möhtərəm Ramiz Ənvəroviçin hesablamalarına görə, hakim zümrəyə qarabağlılardan gələ biləcək heç bir iddianı dilinə belə gətirmir, sadəcə büdcə çəmənində otlayan toğlu kimi piylənir.

Kərim bəy 20 ildən sonra daha bir dəfə Milli Məclisə namizədliyini verdi. Bu dəfə yaşadığı 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən. Bir ay yorulmadan çalışdı. Dairəni şumladı, qapı-qapı gəzib minlərlə seçici ilə görüşdü.

Azərbaycan hakimiyyəti bu dəfə də savadlı Qarabağ cəfakeşini Milli Məclisə buraxmadı. Onun yerinə Milli Məclisə seçicilərlə görüş keçirməmiş, heç bir fəaliyyəti olmayan 26 yaşında bir YAP-çı xanım təyin olundu.

Necə? Sınanmış üsulla. 30 ildir Qarabağı ala bilməyən Milli Ordu yenə Ramiz Ənvəroviçin karına gəldi, seçici siyahılarına 2 hərbi hissə qulluqçularının adları əlavə edildi və ərazidəki həbs düşərgələrinin məhbusları ilə birlikdə onlar bu YAP-çı xanımı “sevdi”.

Bu dəfə də hakim zümrə Milli Məclisi Vətənə bir abbasılıq nədir, bir şahılıq xeyir gətirə bilməyən “kadro”larla doldurub. Yaşı səksəni keçmiş Fəttah Heydərov indiyə kimi Azərbaycana hansı xeyri verib ki, innən belə nə isə etsin? Yaşı səksəni keçmiş sabiq univermaq direktoru Hacı Madər indiyə kimi hansı xidmətlərin sahibidir ki, yenə vücudunu parlamentə salıblar? Yaşı səksəni keçmiş kəmsavad iqtisadçı-akademik Ziyad Səmədzadə hansı fəaliyyətinə görə deputatlığa layiq görülüb?

Belələri əksəriyyətdir. Belələri heç bir islahata zərrə qədər imkan verməzlər, zira onlar qəbiristanlıq əhlidirlər, qəbiristanlıq əhlinə islahat gərək deyil.

Qayıdaq istedadlı gənc tələbə Namazov Abutalıba. Özü bilər, atası Şahvələd bəy bilər, lakin mən kənardan baxıb milli istedadlarımızın, milli qeyrətlilərimizin nakam taleyi barədə məlumatın daşıyıcısı kimi deyirəm: haşa, təhsilini bitirəndən sonra daimi yaşamaq və işləmək üçün Vətənə qayıtma, səni buradakı timsahlar yeyərlər, kərkədanlar tapdalayıb məhv edərlər!

Özünə yazığın gəlsin, özünü, istedadını və ləyaqətini qoru.

O bizik ki, acı taleyimizə bu Vətəndə, bu xalqın içində yaşamaq nəsib olub.

Bu xalq bizim xalq deyil, Heydər Əliyevin, Əbülfəz Əliyevin, İlham Əliyevin xalqıdır.

Bizə nə olubsa, haqq olub. Necə ki, bizdən əvvəl bu vətəni və bu milləti sevənlərə olub.

Sən isə heyifsən. Bu ağlın sahibi daha xoşbəxt qismətə layiqdir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/pvt65x

Самое читаемое