Nazlı Ağayeva

Источник: meydan tv

Başlıq: Nazlı Ağayeva

Kiçik ürəklərin böyük qəlpələri

(Birinci hissə)

“İyirmi Yanvar”a taksi çağırmışdım. Sürücü zəng vurub sola doğru gedin, dedi. İki-üç addımdan sonra təkrar zəng vurub əks tərəfə dönməyimi xahiş etdi. Deməli, sol əvəzinə sağa dönmüşəmmiş. Birdən qırx dərəcə istidə ayaqlarımın üşüdüyünü hiss etdim...

***

Ucqar sovet kəndində ibtidai məktəbi bitirən oğlanlar rayon mərkəzindəki internat məktəbə, qızlar kolxozda işləyən analarına kömək etməyə yollanardılar. Dördüncü sinfin məzunu olaraq mənim “təyinatım” hələlik həyətdə tütün düzməkdən ibarət idi. Natamam internat məktəbini bitirən böyük qardaşlarım orta məktəbə başqa yerdə davam etməliydilər. Xırda kəndlərin də daxil olduğu kolxozun inzibati idarəsinin yerləşdiyi mərkəzdə atam oğlanlara ev tutmuşdu. Dərslərə bir gün qalmış qəfil məni də qardaşlarıma qoşub oxumağa göndərdilər. Ağır-səngin atam belə qərarları müzakirəsiz verirdi. Klubu, çayxanası olan sərbəst məkanda daim balaca qızın qayğısını çəkmək yeniyetmə oğlanlar üçün xoş məşğuliyyət olmasa da, etiraz edə bilmədilər.

Beləliklə, o zaman ölkədə məşhur bir məktəb məndən ötrü sərt rejimli düşərgəyə çevrildi. Saçlarımın düzgün hörülmədiyinə, pioner qalstukunun qat kəsdiyinə və sairələrə görə kobud tənbehlərdən tutmuş, doğmalardan ayrılmağın travmasına qədər hər şeyi balaca canımda gəzdirirdim. Anlayış göstərmədən üstümə gəlməklərinə dözə bilmirdim. Üstəlik qardaşlarımla eyni növbəyə düşməməyim vəziyyəti daha da ağırlaşdırmışdı. Özümü məktəbdə də tənha hiss edirdim, onlarsız yad evdə də.

Həftədə bir dəfə evimizə gedərdik. Səhəri ayrılıqla bitəcək bazar axşamları anamın kürəyinə qısılıb xəlvətcə ağlayardım. Növbəti dəfələrin birində anam yavaşdan pıçıldayıb “bəlkə göndərməyək, yazıqdı uşaq”, demişdi. Onda atam kövrək səslə cavab verdi ki, əksinə, göndərməsək yazıq olacaq...

Gül kimi evimizdə niyə yazıq olacaqdım ki? Tütünə görəmi? Tütün o qupquru pioner dəstə rəhbərindən min dəfə şirin idi.

Evində qaldığımız Aşa nənə əsa ilə gəzən yaşlı qadın idi. Sonradan öyrəndim ki, həyat onunla çox sərt davranıbmış. Bəlkə buna görə ürəyini hər gün anasından ötrü ağlayan qızcığazın üzünə bağlamışdı. Yeməli şeylərlə dolu balaca otağının qapısı isə həmişə açıq olardı. Və biz ora girməzdik. Ac olmaqdan söz gedə bilməz, sovet dönəmində bu sarıdan problem yaşanmırdı. Sadəcə müstəqil həyata hazır deyildik. Oğlanlar səhər tezdən növbə ilə durub qalın saçlarımı hörür, qalstukumu bağlayırdılar. Ehtiyac olduqda məktəbə qədər ötürürdülər. Aşa nənənin hisli ocağında çay qoyurdular. Dəmləyib süfrəyə qurmaq, qabları yumaq və digər ev işləri mənə düşürdü. Belə şeylərdə naşı olsam da, birtəhər idarə edirdim.

Yoldaş Bəstinin toplanışlarda bir qayda olaraq mənə “ilişməsinə”, əksəriyyət sinif yoldaşlarımın “ferma əlaçısı” deyə mənimlə məzələnməsinə dözə bilmirdim. Bu üzdən tənəffüslərdən zəhləm gedirdi. Yalnız dərs vaxtı rahat olurdum. Gecə yarısına qədər dərslərimi oxuyub-yazmağım sayəsində müəllimlərin rəğbətini qazanmışdım. Amma ümumi sual-cavaba əl qaldırıb cavab verməzdim ki, parta yoldaşım pərt olmasın.

Bazar ertəsi məktəbə dönməyimiz tam bir məşəqqətə çevrilirdi. Kəndimizdə mal-qarası uzaq şəhərlərdən gətirilmiş böyük fermanın olması belə oranın sosial şəraitini dəyişməmişdi. Kənddən nadir hallar istisna olmaqla yalnız fermanın südünü aparan lafetli tarktorlar çıxırdı. Kələ-kötür yolboyu ağır bidonlar ayaqlarımızı qançır edirdi. Hərçənd məni qoruyurdular, amma dəmir döşəmədə oynayan dəmir əşyanı həmişə nəzarətdə saxlamaq olmurdu.

Bazar ertəsi dördüncü saata idman dərsi düşürdü. Bizim lafet yolumuz da idman meydançasının yanından keçirdi. Orda düşürərdilər məni. Bədən tərbiyəsindən dərs deyən İsmi müəllim gözlərini qıyıb yaxınlaşmağımı gözləyərdi. Uyuşmuş ayaqlarımı sürüyə-sürüyə getdiyim o yol dünyanın ən çətin yolu idi. Və uşaq qəlbimdə o qısa yolun bitməməsini necə arzulayardım... Əyiş-üyüş paltarımı, “südlü” ayaqqabılarımı süzərək pıqqıldayan bir sürü yaşıdıma və dərsinə hörmətsizlik etdiyimi düşünən əliçubuqlu İsmi müəllimə aparan yolun.

İsmi müəllim o çubuqla məni döysəydi o qədər ağrımazdım, nə qədər ki partlamağa bəhanə axtaran uşaqların qarşısında mənə müxtəlif idman hərəkətləri etdirərdi. O hərəkətlərin ən “qorxulusu” sağa-sola dönmək idi. İlk dəfədən sonra müəllimin zəhmindən və uşaqların baxışlarından özümü itirib hara gəldi dönərdim. Saatlarla uzanan yolun əziyyətini də üstə gəlsək on-on bir yaşlı uşaq üçün gərginliyin hansı həddə çatdığını təsəvvür etmək çətin deyil. Qarşısında dayandığım auditoriya tam şəkildə bunun fərqində deyildi. İntəhası aralarında qoruyucu mələklər vardı ki, müəllimin diqqətini özlərinə çəkib mənə dəstək olurdular. Qaranlıqda işıq zərrələri kimi.

Bir il sonra

Aşa nənənin qəlbini qazanmışdım. Sinfin seçilmişləri mənə dostluq təklif edirdi. İdman dərsinin xofu ölmüşdü. Aşa nənə yoldaş Bəstinin payını necə vermişdisə hörüklər və qalstuk söhbət həmişəlik bağlanmışdı. Bütün bunlara rəğmən anamın, evimizin, kəndimizin xiffəti azalmırdı. Əksinə, üstünə həyəcan, yorğunluq, qüssə də gəlmişdi. Ən pisi o idi ki, mən artıq uşaq kimi gülə bilmirdim. Böyüklər kimi gülümsəyirdim...

Davamı var.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/pweluh

Самое читаемое