İsa Qəmbər: Bu, ordunun böyük qələbələrinin etirafı, ciddi bir siyasi uğursuzluğun sənədidir

Əslində, Paşinyan özü də etiraf edib ki, ordunun mövqeyini nəzərə alaraq sənədi imzalayıbdır.

Source: Meydan TV


"Türkiyənin aktiv iştirakını təmin etmək istiqamətində gerçəkçi addımlar atılmalıdır"


Qarabağda müharibənin dayandırılması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri bəyanat imzalayıblar. Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında imzalanan sənəd Azərbaycan ictimaiyyətində bir sıra suallar doğurub.


Meydan TV-nin sənədlə bağlı suallarına Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər cavab verir:



İsa bəy, Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan Baş nazirinin bu gecə imzaladığı sənədi necə qiymətləndirirsiniz, sənədin Azərbayan üçün müsbət və mənfi tərəfi nədən ibarətdir?

– Sənədi ciddi təhlil edirik və bu hələ davam edir, yəqin ki, bu gün Milli Strateji Düşüncə Mərkəzinin mövqeyini ortaya qoyacağıq. Eyni zamanda, bu gün Müsavat Partiyası və digər ciddi siyasi qüvvələr də bu barədə mövqelərini bəyan edəcəklər. Hələlik ilkin yanaşmamı ifadə edə bilərəm ki, sənəd bir tərəfdən Azərbaycan xalqının, ordusunun böyük qələbələrinin etirafıdır, digər tərəfdən də çox ciddi bir siyasi uğursuzluğun sənədidir. Eyni zamanda Azərbaycan üçün təhlükələr yaradacaq sənəddir. Çünki Rusiya ordusunun bu dəfə “sülhməramlı” adı altında ərazimizə yerləşdirilməsi Azərbaycan üçün böyük təhdiddir və çox ciddi problemdir.



27 il sonra Rusiya ordusu Azərbaycana qayıdacaq. Rusiya ordusu Gürcüstanla Abxaziya və Osetiya arasına da daxil oldu, eyni təhlükəni Azərbaycan üçün yaşadarlarmı?

– Hər bir sənəd özü-özlüyündə önəmlidir. Amma o sənədin icrası daha önəmlidir. İmzalanan sənəd necə icra olunacaq və Azərbaycan dövləti bu şəraitdə hansı addımlar atacaq, bunlar çox önəmlidir. İndiki mərhələdə biz uğurlarımızı gücləndirmək və möhkəmləndirməyə çalışmalıyıq, eyni zamanda, Rusiyanın “sülhməramlıları”nın burda yerləşməsinin yaradacağı təhlükənin qarşısını almaq üçün xeyli səylər göstərmək lazımdır. İlk növbədə “sülhməramlılar”ın yerləşməsinin mümkün edən formal xarakter daşımasına nail olunmasına çalışmalıyıq. Eyni zamanda, çox önəmlidir ki, Türkiyə tərəfinin də sülhməramlı şəklində Azərbaycanın müvafiq ərazilərində yerləşdirilməsinə nail olmaq lazımdır. Hesab edirəm ki, bunu etmək mümkündür. Bu gün Türkiyə və Azərbaycan münasibətlərinin inkişaf səviyyəsi buna imkan verir və indiki sənəddə Türkiyənin müzakirədən kənarda qalması heç də xoşagələn hadisə deyil. Heç olmasa, bu gündən sonrakı qərarlarda Türkiyənin aktiv iştirakını təmin etmək istiqamətində gerçəkçi addımlar atılmalıdır.



Sənədlə bağlı müxtəlif fikirlər səslənir, məsələn, sənədin Azərbaycan variantında Qazax rayonunun işğal altında olan 7 kəndinin adı yer alsa da, Rusiya variantında bu yoxdur. Bu yöndə suallar sizdə də varmı?

– Mətn üzrə suallar həddən artıq çoxdur. Ona görə də rəsmi mətnin dərcini gözləmək lazımdır və ona əsasən fikir bildirilməsi daha düzgün olar.



Sənəddə Xankəndi, Ağdərə, Xocalı haqda bəndin olmaması suallar doğurur. Necə olacaq həmin rayonların statusu, bufer zona kimi olacaq, yoxsa yenidən “Volski Komitəsi” qayıdır?

– Ən böyük təhlükə də odur. Azərbaycan ordusu tam qələbənin bir addımlığındaydı. Erməni tərəfinin etirafına görə Azərbaycan ordusu Xankəndinin 2-3 kilometrliyindəydi. Şuşa kimi alınmaz qalanı qəhrəmancasına azad edən qəhrəman hərbçilərimiz Xankəndini də qısa müddətdə azad edəcəkdi. Xankəndinin işğaldan azad edilməsindən sonra bu hadisəni tam qələbə adlandırmaq mümkün olardı. Bütün erməni hərbi qüvvələrinin Azərbaycan ərazisindən çıxamasına nail olmaq tamamilə mümkün idi. İndi isə uzun müddətli bir təhlükə yaradıldı. Necə ki Moskva ötən əsrin 20-ci illərin əvvəllərində Dağlıq Qarabağ Muxtar Vilayəti yaratmaqla bölgədə, Azərbaycanda uzun müddətli bir mina yerləşdirdi. Həmin mina 80-ci illərin sonunda, 90-cı illərin əvvəllərində partladı. İndi də uzunmüddətli bir mina yerləşdirilib, minanın müddəti sənəddə deyildiyi kimi 5 illik, yoxsa daha çox olacaq, bu, artıq tərəflərin mövqeyindən, göstərdikləri səylərdən, düzgün, ardıcıl və prinsipial siyasət yeritməyimizdən asılıdır.


– Dövlət başçısı son müraciətində statusun olmayacağını söylədi. Belə olanda, bölgədəki erməni əhalisinin gələcək statusunu necə görürüsünüz, onlar Azərbayvan qanunlarını, pasportunu qəbul edəcəklərmi, əks-təqdirdə, qəbul etməsələr, necə olacaq?

– Biz hesab edirdik ki, danışıqlar birbaşa Azərbaycan və Ermənistan tərəfindən aparıla bilər, buna əlavə vasitəçilərin də cəlb olunması da, xüsusən bu şəkildə sülhməramlıların cəlb olunmasına heç bir ehtiyac yox idi. İndiki mərhələdə deyilir ki, problemin davamlı həll üçün şərait yaradırıq, təbii ki, Rusiyanın bu sözünə inam göstərə bilmərik. Dediyim kimi, bu, Azərbaycan və bölgəmiz üçün uzunmüddətli bir təhlükə yaratmaq cəhdidir, bunu aradan qaldırmaq istiqamətində ciddi işlər görülməlidir. İlk növbədə Azərbaycan-Türkiyə birliyi daha da gücləndirilməlidir, inkişaf etdirilməlidir. Eyni zamanda, Azərbayanda da son vaxtlar torpaqların işğaldan azad edilməsi prosesində yaranmış milli birliyin qorunması önəmlidir. Ermənistandakı dağınıqlıq, qarşıdurma şəraitinin Azərbaycana keçməsinə heç bir halda yol vermək olmaz.



Ermənistandakı situasiya baxımından sual yaranır: bu ölkənin parlamenti sənədi ratifikasiya edəcəkmi, yaxud Nikol Paşinyan istefaya göndərilsə, necə olacaq?

– Biz gedişatı maraqla izləyirik və izləyəcəyik. Əslində, Paşinyan özü də etiraf edib ki, ordunun mövqeyini nəzərə alaraq sənədi imzalayıbdır. Ordu da erməni xalqına səbrli olmağa dəvət etdi, mübarizənin davamlı olacağına işarələr etdi. Bu, o deməkdir ki, sənədin ləğv edilməsi ehtimalı o qədər də böyük deyil. Ümumiyyətlə, biz öz işimizi Ermənistanda baş verəcək hadisələrədən asılı saxlamamalıyıq, özümüz həll etməliyik.


– Ermənistan ordusu 15 noyabrda Kəlbəcəri, ardınca Laçını boşaltmasa, nə baş verəcək?

– Etməlidir, əks-təqdirdə, bu gün imzalanan bəyanat da qüvvəsini itirmiş olacaq.


– İsa bəy, bəyanata münasibət qarışıqdır, sevinənlər və pəjmürdə olanlar da var. Siz hansı tərəfdəsiniz?

– Mən hesab edirəm ki, bu mövzuda Azərbaycanda ciddi fikir ayrılığına ehtiyac yoxdur. Qələbələr də bizimdir, çətinliklər də bizim başımıza gəlir. Mən qələbələrimizə sevinirəm, rus ordusunun Azərbaycana qayıtmasını isə çox mənfi hadisə kimi qiymətləndirirəm. Bunun təhlükələrindən də sizin vasitənizlə mövqeyimi bəyan edirəm.

Ana səhifəSiyasətİsa Qəmbər: Bu, ordunun böyük qələbələrinin etirafı, ciddi bir siyasi uğursuzluğun sənədidir