Источник: Meydan Tv

“İranda azərbaycanlıları pullu kimi tanımağa başlayıblar”

Göyçay sakini: “Sizdə Nadir Qafarzadənin nömrəsi olmaz? Deyirlər, hamıya əl tutur”

Göyçayın Qızılağac kənd sakini Elmira Sədiyeva xərçəng xəstəliyi ilə mübarizə aparır. Dediyinə görə, müalicə üçün daha maddi gücü qalmayıb.

“İrana müalicə ucuz olduğuna görə getmişdik”

Bir neçə il əvvəl qida borusunda şiş aşkarlanan qadın indi özünü heç yaxşı hiss etmir. Elmira xanımın dərdini qızı Səbinə Sədiyeva dilə gətirir.

“Müalicəyə burda başlamaq istədik. Topçubaşov adına xəstəxanaya getdik, amma diaqnozdan razı qalmadıq. Həm də Azərbaycanda bizə çox pul deyirdilər. Qərara gəldik ki, İrana gedək. İrana da məhz müalicə ucuz olduğuna görə getmişdik. Keçən ilin sentyabrında yola düşdük. İki ay Ərdəbildə qaldıq. Anam 4 kimyaterapiya, 25 şüa proseduru keçdi. Heç orda da rahat deyil daha. İranda azərbaycanlıları pullu kimi tanımağa başlayıblar”.

Səbinə xanımın dediyinə görə, anası İrandan yaxşı vəziyyətdə qayıdıb. Bu ilin yayında Elmira Sədiyevanın halı yenə pisləşib. Müayinələr şişin qarın nahiyəsinə yayılmasını ortaya çıxarıb.

“Çox pisdi vəziyyəti. Dünən elə bildim ki, öləcək. Möhkəm ağrıyandan sonra sentyabrın 16-da kimyaterapiya etməli olduq. İndi deyirlər ki, İranda balaca bir şiş kəsilməliydi, yoxsa bu yerə gəlib çıxmayacaqdı. Halbuki keçən il vəziyyəti bundan çox ağır idi. Amma İrandan çox gümrah qayıtmışdı”.

“Həkim boş cibini göstərib dedi ki, pul verməlisən”

Səbinə Sədiyeva 4 il əvvəl həyat yoldaşından boşanıb, 2 övladı ilə kirayədə yaşayır. Üstəlik, anasının qayğısına qalmalı olur.

“Anamı ata bilmərəm. Xəstəliyi dövründə heç ayrılmamışam ondan. Maddi gücüm çatmır, amma çabalayıram ki, onu həyatda saxlayım. Çox pul istəyirlər. Ayın 16-da elədikləri kimyaterapiyaya təxminən 700 manat getdi. Onkologiyada həkim mənə boş cibini göstərib dedi ki, yaşamağını istəyirsənsə, pul verməlisən. Ayın 30-u növbəti prosedur olmalıdı. Pul yoxdu, heç hardan tapacağımı da bilmirəm”.

Elmira Sədiyevanın üç qız övladı var. Səbinə xanım deyir ki, bacılarından nəsə ummağa dəyməz.

“Ərdədilər. Onların da durumu yaxşı deyil. Anam xəstələnənə qədər babat idi vəziyyət. Restoranda aşpaz işləyirdi. İndi heç özünü idarə eləyə bilmir. Mən işləməyə gedəndə anama qonşular baxır. Qızımın 16 yaşı var, o da bacardığını eləyir”.

Söhbətin bu yerində məlum olur ki, Səbinə Sədiyevanın qızının 16 yaşı olsa da, özündən 3 yaş kiçik olan qarsdaşıyla eyni sinifdə oxuyur. Vəziyyətin belə olmasında da imkansızlıq rol oynayıb.

“O vaxt məktəbə göndərə bilmədik. Oğlum birinci sinfə gedəndə ona qoşduq. İndi hər ikisi səkkizinci sinifdə oxuuyur. Halbuki qızım gələn ilin yayında məktəbi bitirməliydi. Oktyabrın 1-də məktəbə getməlidilər. Nə paltar var, nə ayaqqabı, nə də çanta. İnternet olmadığından, onlayn dərsə də qoşulmurlar”.

“9 min manat aliment borcu yığılıb”

Elmira Sədiyeva cəmi 200 manat təqaüd alır. Pulun hamısı müalicəyə sərf olunur. Səbinə xanım sosial yardım üçün müraciət etdiklərini, amma müsbət cavab almadıqlarını deyir.

“190 manat üçün çox çalışdım, ala bilmədim. Ərzaq almağa da cəhd göstərdim, vermədilər. Çox ağır vəziyyətdəyik biz. Heç nə ala bilmirik. İmkanlı adamlar gördüm ki, ərzaq payı almışdı. Aliment rəsmiləşdiyindən, sosial yardım üçün deyirlər ki, dövlətdən başqa pul ala bilmərsən. O alimenti də heç ala bilmirəm”.

Qadının dediyinə görə, keçmiş həyat yoldaşının 9 min manatdan çox aliment borcu yaranıb. Çoxdandır ondan pul almaq olmur.

“300 bir, 200 bir vermişdi. Bir dəfə sıxışdıranda 1000 manat ala bilmişdim. Daha vermir. Vaxtında ala bilsəydim, üzərimə bu qədər borc yığılmazdı. Əvvəlcə iki uşağa görə 186 manat aliment kəsilmişdi. Borc böyüyəndən sonra dedilər ki, ayda 300 manat versin. Yəni əlavə məbləğ ümumi borcdan çıxılsın. Amma onu da ala bilmirəm. Zəng vuranda da təhqir eşidirəm. Bir dəfə uşaqlarıyla maraqlanmır”.

Səbinə Sədiyevanın daimi işi yoxdur. Qulluqçuluqla günə 5-10 manat qazanmağa çalışır:

“Şüşə silirəm, xalça yuyuram, ev yığışdırıram. Bu pulla yaşamaq mümkün deyil. Heç nəyə çatmır. İki aydı kirayə pulunu verə bilmirəm. Anamın yaşadığı evi satılığa qoymuşuq. Keçən ilin sentyabrında anamın pensiya kartı ilə 2 min manat kredit götürmüşük, hələ də bitməyib. Üç il ödəməliyik. Bütün pullar müalicəyə sərf olunub”.

Səbinə xanım bir dəfə uşaqlarının oxuduğu sinifdə valideynlərin pul toplayıb ona verdiyini xəcalətlə xatırlayır. Lap axırda utanaraq soruşur: “Sizdə müğənni Nadir Qafarzadənin telefon nömrəsi olmaz? Deyirlər ki, hamıya əl tutur...”

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/0g9nvv

Самое читаемое