İran-İraq müharibəsi (2-ci yazı)

İraqa müdaxilə qərarı verərkən İran rəhbərliyi öz düşməninin bəzi səhvlərini təkrar edirdi

Source:

22 sentyabr 1980-ci il tarixində səkkiz il davam edəcək, yüzminlərlə insanın qurban verilməsi və yüzmilyardlarla dollar vəsaitin xərclənməsi bahasına başa gələcək, sonda da müharibədən əvvəlki status-kvonun bərpası ilə heç-heçə nəticələnəcək İran-İraq müharibəsi başlandı.

(ikinci hissə)

***

Maraqlıdır ki, İraqa müdaxilə qərarı verərkən İran rəhbərliyi öz düşməninin bəzi səhvlərini təkrar edirdi. Məsələn, müharibəni başlayarkən Səddam Hüseyn Xuzistanda yaşayan ərəblərin ona ciddi dəstək olacaqlarını düşünürdü. İndi də Xomeyni İraq şiələrindən analoji davranış umurdu. Lakin bu ümidlər də birinci kimi özünü doğrultmadı.

İran cəmiyyətində müharibənin davamı barədə qərar birmənalı qarşılanmadı. Bir çox siyasi fiqurlar, o cümlədən İslam Respublikasının ilk Baş naziri, sonra ali rəhbər ilə fikir ixtilafları səbəbindən istefa verən Mehdi Bazərgan bu qərarı sərt tənqid edir, sonrakı 6 il ərzində mütəmadi olaraq hərbi əməliyyatları dayandırmağa çağırırdı.

Bu qərar həmçinin xalqın müharibəyə münasibətinin dərhal olmasa da, dəyişməsinə səbəb oldu. Zaman ötdükcə, müharibənin məhdudiyyətləri artdıqca İraq müdaxiləsindən doğan milli və dini entuziazm tədricən zəiflədi. Müharibənin son illərində isə bir çox şəhərdə sülh tələbi ilə nümayişlər keçirilirdi.

İranın İraqa müdaxiləsindən sonra beynəlxalq aləmin konfliktə münasibəti də dəyişməyə başladı. İlk iki ildə İraqın əsas müttəfiqləri Xomeyninin monarxist quruluş əleyhinə çağırışlarından narahat olan sünni ərəb monarxiyaları idi. Böyük dövlətlər əsasən bitərəf mövqe tuturdular. İndi isə üstünlüyün İrana keçməsi vəziyyəti dəyişdi. Kimsə İranın qalib gələrək regionda güclənməsində maraqlı deyildi.

Həmin dövlətlərə dünyanın ozamankı iki supergücü – ABŞ və SSRİ də aid idilər. Buna görə də İraqa yardım göstərməyə başladılar. SSRİ əvvəlki əməkdaşlığına rəğmən, müharibənin əvvəlində İraqın silahlarla təchizini dayandırmışdı. İndi isə bu təchizat daha geniş şəkildə bərpa edildi. İraqa başqa silahlarla yanaşı yeni T-72 tankları verildi. Bununla yanaşı, qeyd etmək lazımdır ki, SSRİ hərdən İrana da silah satırdı.

ABŞ 1982-ci ildə İraqı “terrorizmi dəstəkləyən ölkələr” siyahısından çıxardı və ona haubitsalar satdı. SSRİ-dən sonra İraqın ən böyük təchizatçısı Fransa idi. Fransızlar Bağdada Qazel helikopterləri, Miraj-F1 qırıcıları, gəmi əleyhinə Exzoset raketləri satırdılar. Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ və digər ərəb ölkələri İraqın əsas maliyyə donorları idilər. İordaniya bir çox hallarda “yalançı alıcı” rolunda çıxış edirdi. Dövlətlər guya silahı ona satır, oradan da İraqa ötürülürdü.

Lakin İraq hərbçilərinin müasir silahlardan tam yararlanmaq bacarığı hələ də aşağı idi. Bunu belə bir fakt sübut edir ki, SSRİ-dən gətirilən SU-24 təyyarələrindən yalnız 4 il sonra istismar olunmağa başlanıldı. 1983-cü ilə qədər İraq 200-ə qədər təyyarə itirmişdi, bunların da bir çoxu qeyri-döyüş şəraitində istismar zamanı, aşağı peşəkarlıq üzündən baş vermişdi.

İraqın sonralar kütləvi istifadə edəcəyi kimyəvi silahlar üçün zəhəri haradan alması mübahisə mövzusudur. Bu sırada SSRİ, ABŞ, bəzi Qərbi və Şərqi Avropa ölkələrinin adı çəkilir. Mümkündür ki, zəhərli xammal bir neçə ölkədən əldə olunub. Şübhəsiz olan odur ki, İranın dəfələrlə çaldığı həyacan siqnalına baxmayaraq, beynəlxalq aləm kimyəvi silahın işlədilməsi haqqında faktlara biganəlik göstərdi.

İranın yeni silah-sursat almaq üçün xüsusən ilk dövrlərdə yetərincə maliyyəsi olsa da, beynəlxalq embarqo səbəbindən bunu edə bilmirdi. Yalnız Çin, Şimali Koreya, Liviya və Suriya vasitəsilə öz tələbatının kiçik bir hissəsini ödəyə bilirdi. Əsas problem o idi ki, İran texnikası əsasən Qərb istehsalından ibarət idi, sadalanan ölkələrdən isə yalnız sovet və yerli silahları almaq olurdu. Qərb texnikasının ehtiyat hissələrinə olan tələbat isə ödənilməmiş qalırdı.

Doğrudur, sonralar “İrangeyt qalmaqalı” adını alacaq əməliyyat çərçivəsində ABŞ İsrail vasitəsilə 1985-1986-cı illərdə İrana bəzi silahlar (əsasən tank əleyhinə TOW raketləri) satdı. Lakin bu İranın həqiqi tələbatı müqabilində çox cüzi nailiyyət idi.

Bəzi ölkələr heç bir kompleks yaşamadan hər iki tərəfə silah satırdılar. Belələrindən Çin, Yuqoslaviya, Portuqaliya və digərlərini sadalamaq olar. Bəhs etdiyimiz sahədə İranın əlverişsiz vəziyyətdə olmasını belə bir fakt sübut edir ki, əgər İraq müharibə illərində silah-sursat almağa 80 milyard dollar xərclədisə, İranda bu rəqəm dörd dəfə az idi.

Onu da qeyd etmək lazımdır ki, başqa müharibələrdə də müşahidə olunan yalançı təbliğat İran-İraq müharibəsində əndazəsiz şəkil aldı. Ölkələr qarşı tərəfin itkiləri, öz uğurları barədə daim şişirdilmiş məlumatlar verirdilər. Bu məlumalar həqiqi olsaydı, həm İranın, həm də İraqın əməliyyatları davam etdirməsi üçün canlı qüvvəsi və texnikası qalmamalı idi.

Müdaxilə ərəfəsində İranın potensialını zəiflədən daha bir hadisə baş verdi. Guya İslam Respublikasına qarşı böyük bir sui-qəsdin üstü açıldı. Bu sui-qəsddə ayətullah Şəriətmədari, İslam inqilabından sonra bir müddət xarici işlər naziri işləmiş Sadeq Qotbzade ilə yanaşı hərbçilərin də adı keçirdi. Nəticədə orduda yenə kütləvi “təmizləmələr” aparıldı, ordu və Sepah arasında ziddiyyətlər dərinləşdi.

***

İranın İraqa müdaxilə planı “Ramazan” adlanırdı. Bu plana görə, iranlılar İraqın neft infrastrukturu üçün əhəmiyyətli iki şəhəri – Bəsrə və Kərkükü tutmalı idilər. Əgər hadisələr İranın xeyrinə cərəyan edərdisə, xüsusən yerli şiə əhalisindən dəstək olardısa, Bağdada hücum haqqında düşünüləcəkdi.

Müdaxilə 1982-ci ilin iyulun 13-də başladı. İran ordusu gecəyarı Şəttül-Ərəb çayını keçərək İraq qüvvələrinə hücum etdi. Onlar müəyyən əraziləri ələ keçirsələr də, nə Bəsrəni, nə Kərkükü tuta bildilər. Həm canlı qüvvə, həm texnika baxımından ağır itkilər üzündən hücum iyulun son günündə dayandırıldı. Oktyabr-noyabr aylarında aparılan iki əməliyyatdan birincisi tam uğursuz olsa da, ikincisi sayəsində bəzi əraziləri, o cümlədən iki neft yatağını ələ keçirmək mümkün oldu.

Ümumiyyətlə, 1988-ci ilə kimi İran irili-xırdalı 70 hücum əməliyyatı həyata keçirdi. Bunların bir çoxunu rəsmi təbliğat “həlledici hücum” kimi təqdim edirdi. Lakin onların böyük əksəriyyəti uğursuz oldu, bəzi əməliyyatlar zamanı müəyyən uğurlar əldə olunsa da, heç biri həlledici mahiyyət daşımadı.

1983-cü il ərzində İran “əl-Fəcr” (Şəfəq), “əl-Fəcr-2”, “əl-Fəcr-3”, “əl-Fəcr-4” adlı dörd hücum əməliyyatı keçirdi. Lakin ağır itkilər müqabilində mikroskopik uğurlar qazanıldı. Uğursuzluğun səbəblərindən biri də İraqın bu dövrdən etibarən kimyəvi silah işlətməsi oldu.

Bağda iprit, zarin, siklozarin, tabun kimi maddələrdən daha çox istifadə edirdi. Sonrakı illərdə İranı sülhə vadar etmək üçün şəhərlərin bombalanması zamanı dinc əhaliyə qarşı da kimyəvi silahdan istifadə olundu. İranın BMT-yə şikayəti isə ABŞ-ın yaratdığı əngəllər üzündən cavabsız qaldı.

1988-ci ilin martında isə İraq Kürdüstanındakı Hələbcə şəhərində zəhərli qazların tətbiqindən 5 min insan öldü, minlərlə insan isə indi də bu cinayətin ağrısını çəkirlər. Dünya bu cinayəti də sükutla qarşıladı. Yalnız 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra İraqın bəzi siyasi xadimləri Hələbcə cinayəinə görə məsuliyyətə cəlb olundular və edam edildilər.

1984-cü ildə iranlılar 20 minə qədər canlı qüvvə itkisi bahasına Məcnun neft yatağını ələ keçirə bildilər. Bu ildən etibarən “şəhərlər müharibəsi” (Tehranı sülhə sövq etmək üçün İraq tərəfdən İran şəhərlərinin bombalanması və İranın analoji cavabı) və “tanker müharibəsi” (qarşı tərəfin neftini daşıyan əcnəbi tankerlərə hücum) vüsət alır. Sonuncu hal ABŞ-ın Fars körfəzində fəallaşmasına səbəb oldu.

1985-ci ildə tərəflərdən heç biri az-çox əhəmiyyətli nailiyyət qazana bilmədi. Əvəzində 1986-cı ilin fevralında İran müdaxilə boyu ən böyük uğuruna imza atdı. Olduqca yaxşı hazırlanan və bacarıqla həyata keçirilən əməliyyat nəticəsində İraqın Fars körfəzinə çıxışında yerləşən Fao yarımadası ələ keçirildi.

İqtisadi və strateji əhəmiyyəti çox böyük olan Fao yarımadasının itirilməsi Bağdadda təşviş yaratdı. Bu ciddi uğursuzluq İraq əhalisini, xüsusən şiələri hakimiyyət əleyhinə qaldıra bilərdi. İtkini kompensasiya etmək, daha doğrusu kompensasiya görüntüsü yaratmaq üçün yeni hərbi plan tərtib olundu.

İraq ordusu 1982-ci ildən sonra ilk dəfə İran ərzisinə soxularaq Mehran şəhərini tutdu. Rəsmi təbliğat bunu həddindən artıq böyük uğur, Fao itkisinin artıqlaması ilə kompensasiyası kimi qələmə verdi. Halbuki, Mehranın əhəmiyyəti Fao ilə müqayisədə xeyli az idi. Üstəlik, 45 gün sonra iranlılar əks-hücumla şəhərə nəzarəti bərpa etdilər. İraq 2-ci korpusunun komandiri Ziya Tofiq İbrahim Bağdada çağrıldı və Mehran məğlubiyyətinə görə güllələndi.

1986-cı il hər iki dövlətə ciddi təsir edən daha bir hadisə ilə yadda qaldı. 1973-cü ilin Ərəb-İsrail müharibəsindən sonra yüksək olan neft qiymətləri kəskin ucuzlaşdı. 1980-ci ildə neftin barrelinin qiyməti 35 dollar (indiki kursla 100 dollara yaxın) təşkil edirdi. 1986-cı ildə qiymət 10 dollara (indiki kursla 25 dollara yaxın) düşdü. Bu da ağır hərbi xərclər çəkən İraq və İran üçün fəlakətli hadisə idi. Müqayisə üçün göstərək ki, İranın neft gəlirləri əgər 1982-ci ildə 20 milyard dollar idisə, 1988-ci ildə 5 milyarda enmişdi.

Getdikcə ağırlaşan iqtisadi şərtlər İranı müharibəni tezliklə bitirməyə sövq edirdi. İlin sonlarında yenidən Bəsrə üzərinə “həlledici hücum”planlaşdırıldı. Hücum ordu və Sepah arasındakı ixtilaf səbəbindən bir müddət ləngidi. Ordu cinahlardan hücuma keçərək İraq qüvvələrini mühasirəyə almağı təklif edirdi. Sepah rəhbərliyi isə üzbəüz hücuma tərəfdarı idi. Hələ də ordu zabitlərinə güvənməyən Xomeyni Sepahın təklifini dəstəklədi. Lakin bu plan fiasko ilə nəticələndi. “Həlledici hücum” cəmi iki gün çəkdi: 8 min hərbçi itirən iranlılar ilkin mövqelərinə qayıtdılar.

1987-ci ilin qışı yenidən Bəsrə uğrunda döyüşlərlə keçdi. İran bəzən müvəffəqiyyət qazanıb Bəsrənin 12 km-nə qədər irəliləsə də, iraqlıların əks-hücumu sayəsində geri çəkilməli oldu. Aprelin ortalarına qədər davam edən döyüşlərdə 40 min iranlı və 10 min iraqlı öldrüldü.

Ağır itkilərə baxmayaraq uğur qazanılmaması İran ordusunda və cəmiyyətində ruh düşkünlüyü yaratdı. Sülh tərəfdarlarının sayı getdikcə artırdı. Mehdi Bazərgan Birləşmiş Millətlər Təşkilatına yazdığı məktubda aparılan müharibəni qanunsuz və İslama zidd adlandırırdı.

Hələ 1985-ci ilin mayında İranın 74 şəhərində müharibə əleyhinə nümayişlər keçirilmişdi. 1987-ci ildə çağırışdan yayınma halları o qədər kütləviləşdi ki, hakimiyyət orqanları belələrini aşkar etmək üçün şəhərlərdə nəzarət-yoxlama məntəqələri yaratdılar.

Belə vəziyyət İranın müharibə potensialı üçün silah və sursat çatışmazlığından az təhlükə törətmirdi. Çünki bütün bu illər ərzində İraqdan texniki geriləmə insan resursu hesabına ört basdır edilirdi. Dini entuziazm, cənnətə düşəcəklərinə inam sayəsində on minlərlə könüllü gənc və yeniyetmə zəif silahlanmış, təlim görməmiş halda böyük insan dalğası şəklində İraq səngərlərinə hücum edir, xeyli sursatın özlərinə sərf edilməsinə nail olurdular.

Müəyyən müddət davam edən və iraqlıları yoran bu hücumlardən sonra isə nizami ordu və ya Sepah qüvvələri işə başlayırdılar. Məhz bu intihar fədakarlığı sayəsində İran 1980-1982-ci illərdə düşmən hücumunu dayandırmış, sonra da öz ərazisini təmizləmişdi. İndi isə çağırışdan yayınma kütləvi xarakter aldıqca İran rəqib üzərindəki əsas üstünlüyündən məhrum olurdu.

Ərazisi daha kiçik, əhalisi daha az olan İraqda hərbi xərclər xüsusən ağır idi və ümumi daxili məhsulun 50%-bi təşkil edirdi. İranda isə bu rəqəm 12%-ə bərabər idi. Bunu və “həlledici hücum”ların uğursuzluğunu nəzərə alan İran yenidən tükəndirmə müharibəsinə müraciət etdi. Əsasən İraqın neft infrastrukturuna və ixracına yönələn zərbələrə üstünlük verilirdi. Lakin, dediyimiz kimi, İranın öz iqtisadi vəziyyəti də ürəkaçan deyildi.

İyunun 10-da İraq ilk dəfə olaraq dinc əhaliyə qarşı kimyəvi silah işlətdi. Qərbi Azərbaycan ostanının Sərdəşt şəhərinə iprit bombaları atıldı. Təəssüf ki, nə o zaman, nə də sonralar bu cinayətə görə kimsə məsuliyyətə cəlb olunmadı. Hətta Hələbcə cinayəti kimi rezonans da doğurmadı.

Beynəlxalq aləmin susqunluğu və cəzasızlıq Səddam Hüseyn rejimini daha da həvəsləndirdi. 1988-ci ildə bütün müdafiə və hücum əməliyyatlarında kimyəvi silahdan istifadə kütləvi şəkil aldı. Zəhərli maddələrdən o qədər çox istifadə edilirdi ki, bəzən İraq əsgərləri də xəsarət alırdılar. Məsələn, aprel ayında Fao yarımadasının qaytarılması üçün aparılan uğurlu əməliyyat zamanı 200 İraq əsgəri zəhərli maddələrdən həlak oldu.

İran ordusunda geniş yayılan ruh düşkünlüy, İraqın bütün qüvvəsini toparlaması ilə yanaşı məhz kimyəvi silahdan hüdudsuz istifadə nəticəsində aprel-iyun aylarında Fao yarımadası, Bəsrə ətrafı, Məcnun yatağı azad edildi. Yalnız İraq Kürdüstanında bəzi ərazilər İranın nəzarətində idi. İyulda artıq İranın bəzi əraziləri, məsələn, Dehluran şəhərciyi İraq tərəfindən işğal olundu.

Səddam Hüseyn İrana ultimatum verərək İraq Kürdüstanını tərk etməyi, əks halda Ahvaz üzərinə hücuma keçəcəyini bildirdi. İyulun 14-də gecə vaxtı Tehranda Təhlükəsizlik Şurası toplandı. Canlı qüvvənin, texnikanın (aviasiyada cəmi 60 təyyarə qalmışdı) və maliyyə resurslarının tükənməsi, əhalinin müharibədən yorulmasını nəzərə alan TŞ İraqın ultimatumunu qəbul etməyi və sülh bağlamağı qərara aldı.

İki gün sonra Səddam Hüseyn BƏƏS partiyasının toplantısında şərtlərini açıqladı: tərəflər arasında birbaşa danışıqların başlanması, Şəttül-Ərəb çayının təmizlənməsi, İraq gəmilərinin Fars körfəzində sərbəst hərəkətinə təminat və əsirlərin dəyişdirilməsi.

Elə həmin gün İran prezidenti Əli Xamenei BMT Baş katibi Havyer Peres de Kuelyara məktub yazaraq hələ 1 il öncə qəbul edilən 598 saylı qətnamənin şərtləri ilə razılaşdığını bildirdi. Daha iki gün sonra isə ayətullah Xomeyni xalqa müraciət edərək acı məcburiyyət səbəbindən sülhə razılaşdığını, bu qərarı verməyin onun üçün zəhər içməkdən daha çətin olduğunu söylədi.

Lakin BMT vasitəçiliyi ilə Nyu-Yorkda aparılan danışıqlara İran nümayəndə heyəti məntiqsiz mövqeyi ilə başladı. Onlar bildirdilər ki, Səddam Hüseyn rejimini qanunsuz saydıqlarına görə onun göndərdiyi nümayəndələrlə görüşmək istəmirlər. Belə olduqda, İraq hərbi əməliyyatları bərpa etdi.

İyulun 22-25-də ciddi müqavimətlə rastlaşmayan iraqlılar İran ərazisinə doğru 50 km irəlilədilər, Qəsri-Şirin və Hüveyzə şəhərlərini tutdular. Eləcə də 8 min İran hərbçisi əsir götürüldü. Aviasiya İranın neft sənayesi obyektlərini və Buşerdəki atom elektrik stansiyasını bombaladı.

Nəhayət, avqustun 6-da İran tərəfi birbaşa danışıqlara razılıq verdi. Ertəsi gün tərəflər atəşkəs şərtlərini razılaşdırdılar. Atəşkəs avqustun 20-dən qüvvəyə mindi. Bununla da 8 il davam edən İran-İraq müharibəsi əsasən əvvəlki status-kvonun bərpa edilməsi ilə yekunlaşdı.

***

Müharibə İran-İraq sərhədində, o cümlədən Şəttül-Ərəb çayının statusunda heç bir dəyişikliyə səbəb olmadı. Tərəflərin düşmən dövlətin siyasi hakimiyyətini dəyişmək arzuları da həyata keçmədi. Savaşın sonunda da əvvəlində olduğu kimi İrana Xomeyni, İraqa Səddam Hüseyn rəhbərlik edirdilər.

Savaş hər iki ölkəyə olduqca ağır başa gəldi. İnsan itkilərinin dəqiq sayı məlum olmasa da İraqda bunun 150-200 min arasında olduğu təxmin edilir. İranın isə texnika geriliyinin canlı qüvvə ilə kompensasiyası taktikası üzündən daha çox, 500 min civarında qurban verdiyi ehtimal olunur. Hərçənd, Tehran bu rəqəmin yalnız yarısını səsləndirir.

Tərəflərin iqtisadi itkiləri də nəhəng idi. Təbii ki, bu itkiləri dəqiq hesablamaq çətindir. Bəzi qiymətləndirmələrə görə, İraqa dəyən zərər 342 milyard dollar təşkil edir. İranın zərəri isə daha çox, 645 milyard dollar qiymətləndirilir. Bununla belə, iqtisadi potensialının kiçikliyinə görə İraq maliyyə cəhətdən daha ağır vəziyyətə düşdü.

Müharibədən öncə İraqın o zaman üçün böyük məbləğ sayılacaq 40 milyard dollar həcmində valyuta ehtiyatına malik idi və bəzi ölkələrə faizsiz borc verirdi. Müharibədən sonra isə artıq özünün 130 milyard dollar məbləğində nəhəng borcu vardı. Buna baxmayaraq, Səddam Hüseyn “misilsiz qələbə” qazandığını iddia edirdi.

Məhz bu ağır maliyyə vəziyyəti Səddam Hüseyni 1990-cı ildə Küveytə qarşı müdaxiləyə vadar etdi. Yalnız bundan sonra dünya birliyi İraqın İrana qarşı təcavüzünün qanunsuzluğundan danışmağa, kimyəvi silah işlətməsini xatırlamağa başladı.

İran da müharibədən xeyli zəifləmiş çıxdı. Savaşdan öncə inqilabın ixracından danışan, qonşu ölkələri hədələyən İslam respublikası indi daha çox öz yaralarını sağaltmaqla məşğul idi. 1970-ci illərin ortalarında İran ordusu gücünə görə dünyada beşinci ordu sayılırdı. Şah zamanı toplanan bu nəhəng hərbi potensial indi darmadağın edilmişdi.

Bu səbəbdən Yaxın Şərqdə və ümumiyyətlə beynəlxalq aləmdə bir çoxları Səddam Hüseynə rəğbətlə yanaşırdılar. Prezident Corc Buşun 1989-cu ilin oktyabrında imzaladağı direktivdə yazılırdı: “Birləşmiş Ştatlar və İraq arasındakı normal münasibətlər bizim uzunmüddətli maraqlarımıza uyğundur və Orta Şərqdə, Fars körfəzində sabitliyə xidmət edir”.

İran rəhbərliyi isə müharibədən sonra daha realist davranmağa başladı, bir çox dövlətlərlə münasibətlərini normallaşdırdı. Zənnimcə, Xomeyninin vəfatından sonra ali dini rəhbər olan Əli Xameneinin öz sələfindən daha realist siyasətçi olması bu məsələdə əsas rol oynadı.

ABŞ-ın nüfuzlu diplomatlarından Henri Kissincer İran-İraq müharibəsi haqqında danışarkən “heyf ki, onların hər ikisinin məğlubiyyəti mümkünsüzdür” cümləsini işlətmişdi. Məncə, XX əsrin ən intellektual şəxslərindən sayılan Kissincer bu məsələdə yanılırdı. Səkkiz il davam edən müharibənin yekununu məhz hər iki tərəfin məğlubiyyəti kimi səciyyələndirmək olar.

Ana səhifəAnalitikaİran-İraq müharibəsi (2-ci yazı)