İmişli sakini: DTX-ya yazdım ki, yolumuz təhlükəlidir

“İndiki durumda mal-heyvan gedə bilmir, otumuzu sahədən gətirə bilmirik, əziyyət çəkirik”.

Source: Specify Source


“İndiki icra başçısının heç yaxınına da düşmək olmur”

İmişlinin Cavadxanlı kəndinin sakini 81 yaşlı Qara Feyzullayev kəndarası yolların pis olmasından şikayət edir.

Deyir, insanları elə günə salıblar ki, olanı da deməkdən qorxurlar: “Amma mən qoymaram desinlər ki, bu kəndin bir ağsaqqalı yoxdurmu?”

Qara Feyzullayev bildirir ki, bir neçə il əvvəl kəndin dolmuş arxını təmizləyib içindən çıxan lili və palçığı bəzi evlərə, əkin və örüş sahələrinə gedən yolun üstünə töküblər. Nəticədə oradan nə heyvanlar, nə insanlar keçə bilir:

“Problemlə bağlı hər yerə yazmışam. Əvvəlcə kəndin bələdiyyəsinə dedim. Şıxalı Gülməmmədov cavab verdi ki, pulumuz yoxdur, camaatdan pul yığ ver, gətirib daş tökək. Sonra icra hakimiyyətinə müraciət etdim. Onlardan da səs çıxmadı. Axırda Bakıya, Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) yazdım. Qeyd etdim ki, təhlükədəyik, həmin yol əməlli təhlükədir, sürüşkəndir. Qoca kişiyəm, getsəm sürüşüb arxa düşə bilərəm. Nə isə ordan da yönləndirdilər icra hakimiyyətinə ki, kömək etsinlər. Onlar da bələdiyyəyə tapşırdılar, yenə həll edən olmadı. Bir sözlə, şikayət edirsən, hamı bir-birinin üstünə atır”.

Qara Feyzullayev deyir ki, hələ Sovet dövründən yaşadığı kəndin bələdiyyəsi qonşu Qaralar kəndi ilə bir olub. Yəni Qaralar Bələdiyyəsi hər iki kəndə baxır. Odur ki, problemlə bağlı İmişlinin Qaralar Bələdiyyəsinə müraciət etdik. Bələdiyyənin sədri Şıxalı Gülməmmədov Meydan TV-yə bildirdi ki, deyilənlər həqiqətə əks etdirmir. Heç kim arxı qazıb yola tökməyib:

image00023.jpeg
“İndi arxın zir-zibilini töküblər yola, heç keçmək olmur”

“Şəxsən mən o kənddə elə bir yer tanımıram. Onlar bir az qərəzli insanlardır. Hətta bəzi kəndlilərin bələdiyyəyə torpaq iddiası var idi. Mən onların haqsız şikayətləri ilə bağlı məhkəməyə müraciət etmişən. Elə ona görə bilmirlər nə edələr. Hər gün bir problem çıxarıb, şikayət edirlər. Dərdləri hansısa yollarla kəndin, rayonun adını gündəmə gətirməkdir. Mən bilirəm, onların problemi başqadır”.

Bələdiyyə sədri yenə də problemi araşdıracağını, əgər həqiqətən arxı qazıb yolun üstünə töküblərsə, həll edəcəyini bildirib:

“Problem varsa, həll edərik. Vətəndaşlara xidmət etmək bələdiyyə sədri kimi borcumdur”.

Qara Feyzullayev isə deyir ki, ən son icra hakimiyyətində qəbulda olanda ona bu yay problemi həll edəcəklərinə söz veriblər:

“Artıq payız bitir. Yenə yayda palçıq qurumuşdu, insanlar birtəhər gedib-gəlirdilər. İndi yağıntılar başlayıb. Bir baxın, görün nə gündədir”.

Şikayətçinin sözlərinə görə, əvvəl problem olanda keçmiş icra başçısının qəbuluna düşə bilirdilər:

“Düzdür, desəm ki, həll edirdi yalan olar. Yenə də ürəyimizi boşaldır, ümidlə yaşayırdıq. İndiki icra başçısının heç yaxınına da düşmək olmur. Xəstəliyi bəhanə edib, heç kimi qəbul etmir. Bəlkə heç bu xəstəlik bitməyəcək? Biz problem içində yaşamalıyıq?”

image00031.jpeg
“Onlar da bələdiyyəyə tapşırdılar, yenə həll edən olmadı”

İmişli Rayon İcra Hakimiyyətindən vətəndaşın dediklərinə münasibət öyrənmək mümkün olmayıb.

Qara Feyzullayev əlavə edir ki, həmin yol əvvəl də təmirsiz olub, ancaq gedib-gəlmək mümkün imiş:

“İndi arxın zir-zibilini töküblər yola, heç keçmək olmur. Sahələrə, otlağa gedilən yollardır. Heyvanlar burdan gedib-gəlir. İndiki durumda mal-heyvan gedə bilmir, otumuzu sahədən gətirə bilmirik, əziyyət çəkirik”.

Şikayətçi bələdiyyənin pulu olmadığına da inanmır:

“300 hektardan artıq torpağı var. İcarəyə verir, nə bilim, satanda satır. Bəs onun pulunu nə edir ki, yola daş tökmək üçün pulunu camaatdan yığmaq istəyir? Camaat milyonçu deyil ki. Hamısı təsərrüfata, heyvana baxan kasıb insanlardır. Özü də bir-iki dəfə pul yığıb həmin yola torpaq tökdürmüşük, ancaq yenə pis günə qalıb. Deməli, bizim bir-iki manatımızla həll olan iş deyil”.

image00001.jpeg
“Qoca kişiyəm, getsəm sürüşüb arxa düşə bilərəm”
Ana səhifəBölgəİmişli sakini: DTX-ya yazdım ki, yolumuz təhlükəlidir