İlham Əliyevin Azərbaycanı – qanunun və rifahın olmadığı yer

İlham Əliyevin 17 illik prezidentliyinin ölkə və xalq üçün nəticələrindən çıxış edib demək olar ki, o, and(lar)ına əməl etməyib.

Source: meydan.tv


(Bu məqaləni şərlənib tutulan cəbhəçilərə həsr edirəm)



Şəxsiyyət bütünlüyü və yüksək mənəviyyat – lideri öz gücü və ya zəifliyi ilə insanlara zərər vurmaqdan saxlayan əsas xüsusiyyətlər bunlardır. Bu bütünlüyü isə, bildiyiniz kimi, nə seçmək olur, nə də sonradan qazanmaq.


Anri Fayo

l

Hər hansı şirkətə, partiyaya, dövlət idarəsinə və ya ölkəyə rəhbərlik etməyə başlayan şəxs yeni səlahiyyətlərlə birlikdə vəzifəsinin “rəsmi” nüfuzuna da sahiblənir. Ancaq bu, müvəqqəti nüfuzdur, qalıcılığını rəhbərin mənəvi keyfiyyətləri (intellekti, dürüstlüyü, prinsipiallığı, liderlik qabiliyyəti və s.) təmin edir.

Doğrudur, insan təbiətən subyektivdir, yəni bu, obyektiv reallıqdır və deməli, idarəetmədə subyektivlik amilini tamamən zərərsizləşdirmək mümkün deyil. Amma rəhbər olmaq, insanları idarə etmək fürsəti qazanmış şəxslər ilk növbədə öz subyektiv təbiətlərini idarə etməyi bacarmalıdırlar. Başqa sözlə, ancaq o adamların liderliyə mənəvi haqqı çatır ki, şəxsi maraqlarına yox, ictimai mənafeyə üstünlük verə bilsinlər, ümumi maraqlara xidmət prinsipindən heç bir halda vaz keçməsinlər, güclərinin və avtoritetlərinin qaynağı administrativ resurslar yox, məhz mənəvi keyfiyyətləri olsun. Nəfs, eqoizm, şöhrətpərəstlik, cahillik, zəiflik, hakimiyyət ehtirası – bunlar şəxsi mənafeni önə çıxaran faktorlardır və rəhbər şəxsdə hətta birinin də olması kifayət edir ki, liderliyi cəmiyyətə ciddi ziyan vursun.

17 ildir Azərbaycana rəhbərlik edən İlham Əliyevin fəaliyyətinə bu çox elementar anlayışlar üzərindən nəzər salaq ki, subyektivizmə yol vermiş olmayaq.

****

Məlum olduğu kimi, İlham Əliyev siyasi olimpin zirvəsinə mərhum atası Heydər Əliyev sayəsində yüksəlib. Ata Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başlayana qədər, o, ölkə xaricində yaşayıb, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirəndən sonra bir müddət orda müəllim işləyib. O dönəmdə həm də ticarətlə məşğul olduğu deyilən, siyasi fəaliyyətə maraq göstərməyən İ.Əliyev prezident kreslosuna ilk dəfə 2003-cü ildə əyləşdirilib – mərhum atasının planı, ABŞ-Rusiya-Türkiyə üçlüsünün dəstəyilə. Ona qədər ARDNŞ-in birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, YAP-ın sədr müavini və sədri vəzifələrində çalışıb (Sonuncusu hələ də davam edir), iki dəfə deputat mandatı alıb – yenə atasının sayəsində.

Bu yuxarıdan təşkil olunmuş yüksəlişi bilavasitə İ.Əliyevin günahı saymamaq və iddia etmək olar ki, karyera pillələrini “liftlə” qalxmasında yeganə qəbahəti hökmran atasının iradəsinə qarşı çıxmaması olub. Ancaq belədə onu zəif iradəli biri kimi xarakterizə etmək və liderlik üçün vacib olan xüsusiyyətlərin ən azı birindən məhrum olduğunu qeyd etmək lazım gələr.

Hərçənd prezidentliyinin yalnız ilk vaxtlarında bu vəzifədə darıxan, iş yerinə həvəssiz və bəzən də günorta saatlarında getdiyi deyilən, hətta günün birində prezident statusunun çərçivələrinə üsyan edib maşınına oturaraq bir neçə saatlığa ortadan “yox olduğu” iddia edilən Əliyev sonrakı illərdə elə güclü hakimiyyət ehtirası nümayiş etdirdi ki, ən azı bu məsələdə atasının oğlu olduğunu sübut etmiş oldu.

2017-ci ildə xanımı Mehriban Əliyevanı vitse-prezident təyin etməsi isə Heydər Əliyevin məşhur varis planını təkrar yada saldı və bu dəfə də iş elə gətirdi ki, İlham Əliyev yenə icraçı kimi göründü. Üstəlik, əvvəlki illərdə mərhum atasının “kölgəsiylə” bölüşdüyü liderliyini prezidentliyinin 14-cü ilində həyat yoldaşıyla paylaşmalı oldu.

O vaxt bu yeni pasyans hakimiyyətin davamlılığının təminatı baxımından hakim ailənin maraqlarına uyğun variant kimi görünə bilərdi, ancaq belə paylaşım şərikli rəhbərlik durumu yaratmış və hakimiyyətin prezidentliyə növbəti namizədinin M.Əliyeva olacağı barədə gah çıxıb, gah batan şayiələri az qala rəsmi səviyyədə təsdiqləyərək, İ.Əliyevi “əvəzolunmaz lider” zirvəsindən endirmişdi. Əlbəttə, bu, onun üçün kifayət qədər böyük itkiydi, amma “yardımçı avtoritet” faktoru olaraq həm də xeyrinə işləyən məsələydi – Əliyev şəxsi maraqlar, qohumbazlıq, qrupbazlıq və zorakılıq prinsipləri üzərində qurulmuş; ölkə əhalisinin böyük qismini yaxşı yaşamaq hüququndan məhrum etmiş sistemi dəyişmək istəmədiyini, eyni zamanda tam bir cəzasızlıq mühiti yaratmaqla məmur özbaşınalıqlarını əslində elə özünün təşviq etdiyini artıq çoxdan bəlli etmişdi və bu, alternativ namizəd axtarışına çıxan vətəndaşların sayca artmasıyla nəticələnmişdi. Belələrinin diqqətinin eyni sistemə və hətta eyni ailəyə aid şəxsə yönəlməsi – “yaxşı padşah” nağılının yeni versiyası cəmiyyətdə Əliyevlərin hakimiyyətiylə bağlı yeni ümidlər cücərdə bilərdi. Cücərtdi də, amma qısa müddətə – rüşvətxor və azğın məmurlardan Heydər Əliyev Fonduna göndərilən yüzminlərlə şikayət məktubu baxılmaq üçün elə həmin məmurların özünə göndərildikcə, yeni ümidlər də “əriməyə” başladı. Beləliklə, İlham Əliyev həm hakimiyyət komandasının yeganə avtoriteti imicini itirmiş oldu, həm də alternativ namizəd ehtimalını hakimiyyətin davamlılığı üçün cəlbedici məqama çevirə bilmədi. Xalq Əliyevlərin qurduğu avtoritar sistemin özünüislah imkanlarına inamını birdəfəlik itirdi.

İ.Əliyevin 17 illik idarəetmə metodları baxımından bunu məntiqi sonluq hesab etmək olar. Çünki indiyə qədər siyasi gediş adına, o, ancaq “daxili düşmənlərə hücum” taktikasından istifadə edib; intuisiyasının və ölçü hissinin zəifliyi (yoxluğu da demək olar) ucbatından ölkədəki talançılığın, məmur qudurğanlığının və zorakılığın hakimiyyət üçün təhlükəsiz həddini müəyənləşdirə bilməyib.

17 il ərzində İ.Əliyev həlli çox vacib olan, əhalini sözün həqiqi mənasında əzən problemlərin heç olmasa, ən ağırlarını aradan qaldırmağa da təşəbbüs göstərməyib (19 yanvar mitinqindən sonrakı məcburi güzəştlər istisna olmaqla), çünki liderliyin “olmazsa, olmaz”larından olan təşəbbüskarlıq və məsuliyyətlilik də onun siyasi xarakteristikasının boş qalmış qrafalarındandır. Əks halda bu 17 ildə o, ən azı bir dəfə neqativ situasiyanı müsbətə doğru dəyişməyə, həlledici qərarlar qəbul edib yeni siyasi proseslərə yön verməyə, onlara rəhbərlik etməyə və bunun məsuliyyətini daşımağa cəhd göstərərdi.

Ancaq prezident kreslosuna əyləşməzdən hələ xeyli əvvəl cəmiyyətə yenilikçi kimi təqdim edilən, haqqında islahatçı imici formalaşdırılan İ.Əliyev 17 ildir ki, islahatların imitasiyasıyla məşğuldur: rəhbəri olduğu avtoritar sistemin idarəetmə prinsiplərini yox, kadrları dəyişir və bu dəyişiklik əksər hallarda bəsit yerdəyişmələrdən ibarət olur – büdcəni və əhalini soyub-talayan icra başçıları, rüşvətxor polis rəisləri, hakimlər və prokurorlar bir rayondan digərinə transfer edilir; yalnız oyun qaydalarını (hakim ailənin maraqlarını) pozan məmurların cəzalandırılması dövlət siyasətini simulyasiyaya, blefə çevirib.

17 ildir ki, İlham Əliyev xam neft satmaqla (ən asan yolla) əldə olunan gəlirləri və bu gəlirlər hesabına baş verən kosmetik dəyişiklikləri (tikilən binaları, salınan parkları və s.) özünün “uğurlu daxili və xarici siyasətinin” nəticəsi kimi təqdim edir; bu bəzəkli, amma “qarın doyurmayan” daş-kəsəklə öyünüb daxili və xarici uğursuzluqlarını – ölkədə tüğyan edən korrupsiyanı, rüşvətxorluğu, qanunsuzluğu, yoxsulluğu, Qarabağ müharibəsinin artmaqda olan fəsadlarını başqalarının günahı kimi qələmə verir. Bu isə liderlik məsuliyyətini ya heç dərk etməmək, ya da şüurlu şəkildə ondan imtina etmək deməkdir. Halbuki artıq 4-cü dəfədir prezident olan biri ölkənin düşdüyü iqtisadi və siyasi kollapsa görə də, bərbad idarəçiliyinin xalq üçün böyük problemlər və hətta faciələr yaradan nəticələrinə görə də ilk növbədə özünü məsul saymalıydı. Ən azı artıq 4 dəfə vermiş olduğu sözə – içdiyi anda görə:

“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

Doğrudur, digər ölkələrin (məsələn, Rusiya və xüsusilə də Türkiyənin) konstitusiyalarındakı prezident andlarından fərqli olaraq, bu mətndə insan haqları və azadlıqlarına, hüququn üstünlüyünə və tərəfsizliyə aid vədlər yoxdur, ancaq vətəndaşların haqq və azadlıqlarının əsas təminatçısı konstitusiyadır və bu ana qanuna əməl etməyə and içən prezident haqq və azadlıqların qorunmasına məsul olanlar siyahısında birincidir. Üstəlik, andda xalqa ləyaqətlə xidmət vədi də var.

İlham Əliyevin 17 illik prezidentliyinin ölkə və xalq üçün nəticələrindən çıxış edib demək olar ki, o, and(lar)ına əməl etməyib. Əksinə, 2003-cü il prezident seçkilərindən sonra:


– Azərbaycanda insan haqları və azadlıqlarının təminatı səviyyəsi ildən-ilə pisləşib;


– söz və mətbuat azadlığı, sərbəst toplaşmaq hüququ maksimum məhdudlaşdırılıb;


– jurnalistlər Elmar Hüseynov, Rafiq Tağı, Rasim Əliyev, Novruzəli Məmmədov, hüquq müdafiəçisi Mehman Qələndərov və müxalifətçilər Həmidağa Zahidov, Alqayıt Məhərrəmov öldürülüb;


– müxalif siyasi mövqeyə görə təqib və repressiya siyasəti ildən-ilə güclənib;


– təcridxanalarda və həbsxanalarda siyasi məhbuslara işgəncə halları ildən-ilə artıb;


– Azərbaycan bütün seçkilərin saxtalaşdırıldığı ölkə kimi tanınıb;


– qeyri-demokratik idarəçilik Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini ildən-ilə daha çox zəiflədib;


– Azərbaycanın Avropaya inteqrasiyası əngəllənib;


– İlham Əliyevin hakimiyyət maraqları; beynəlxalq təşkilatlarla əməkdaşlıqlara impulsiv, emosional, qeyri-adekvat yanaşmaları Azərbaycanın maraqlarına ildən-ilə daha çox zərər verib;


– Azərbaycan hakimiyyətinin, o cümlədən, Əliyevlərin adı beynəlxalq miqyaslı korrupsiya qalmaqallarında hallanıb;


– Azərbaycan iqtisadiyyatının neft “iynəsindən” asılılığı, inhisarlaşdırılması, korrupsiyalaşması, rəqabət mühitinin məhv edilməsi və kiçik və orta sahibkarlığın sıradan çıxarılması, ayrı-ayrı sektorların (məsələn, kənd təsərrüfatı, turizm və ictimai iaşənin) çöküşü, problemli kreditlərin həcmi ildən-ilə artıb, yüksək texnologiyalardan və insan kapitalından istifadə göstəriciləri ən aşağı həddə müəyyənləşib;


– ölkədə həm orta, həm də ali təhsilin səviyyəsi ildən-ilə aşağı düşüb;


– səhiyyə sistemi çökməkdə, tibbi xidmətlər pisləşməkdə davam edib, müalicə üçün qonşu ölkələrə gedən vətəndaşların sayı artıb;


– polis rejimi möhkəmlənib;


– hüquq-mühafizə orqanlarının və məhkəmələrin icra hakimiyyətindən asılılığı pik həddə çatıb; zorakılıq, sifarişli həbslər və hökmlər Əliyev hakimiyyətinin əsas idarəetmə metoduna çevrilib;


– İlham Əliyevi və onun hakimiyyətini, o cümlədən, seçki saxtakarlıqlarını, qanunsuz həbsləri dəstəkləyib korrupsiya və rüşvətxorluq faktlarına göz yummaq yaxşı yaşamaq hüququndan istifadənin yeganə variantı halına gətirilib;


– siyasi rəqabət mühiti və siyasi mədəniyyət anlayışı məhv edilib, müxalifət partiyaları təslimçiliyə sövq edilib, müxalif mövqedən çəkilmək istəməyənlər düşmən elan olunub, onlara qarşı səlib yürüşü başladılıb;


– hakimiyyəti qorumaq naminə mənəvi dəyərlərdən imtina Əliyev avtoritarizminin əsas davranış norması halına gəlib; hətta Qarabağ münaqişəsi və vətənpərvərlik kimi ciddi məsələlər də hakimiyyət maraqlarının təmin edilməsi alətinə çevrilib;


– sosial-iqtisadi problemləri arxa plana keçirmək, eyni zamanda siyasi rəqibləri də məhv etmək üçün ölkədə saxta qarşıdurma mühiti yaradılıb, xalqı qurama provakasiyalarla xof və qorxu içində saxlamaq ailə hakimiyyətini qorumağın əsas üsullarından birinə çevrilib.

Əlbəttə, bu sadaladıqlarım Əliyev hakimiyyətinin 17 illik fəaliyyətinin çox-çox qısaldılmış halı, ölkədəki vəziyyətin ən ümumi təsviridir. Geniş və detallı təsbit üçün nəinki bir məqalə, hətta bir kitab da az olar. İndilik ancaq bunu əlavə edim ki, yuxarıdakı bəndlərin hər birinin arxasında milyonlarla insan taleyi – yoxsulluğa, hüquqsuzluğa və qanunsuzluğa məhkum edilmiş həyatlar var…


P.S.

Zalımların zülmünə görə həm də “tərəqqipərvər” güclər məsuliyyət daşıyırlar – avtoritar rejimləri dəstəkləyib ömürlərini uzatdıqla

Ana səhifəXəbərlərİlham Əliyevin Azərbaycanı – qanunun və rifahın olmadığı yer