İDİ: Müavinətlər əlilliyi olan şəxslərin ehtiyaclarını ödəmir

“Əlilliyi olan şəxsə verilən müavinətlərin miqdarı 2019-cu ilin yaşayış minimumundan (180 manat) aşağıdır”.

Source: Meydan.TV


“İş yerlərində çalışanların müəyyən faizi əlilliyi olan şəxslər olmalıdır”

“Əlilliyi olan şəxsə verilən müavinətlərin miqdarı 2019-cu ilin yaşayış minimumundan (180 manat) aşağıdır”.

Bu barədə Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) hesabatında bildirilir.

Hesabatda bildirilir ki, Azərbaycanda 620 minə yaxın əlilliyi olan şəxs var. Ancaq onlardan sadəcə 5 faizi işləyir. Qalanlarının isə sosial vəziyyəti ağırdır.

“Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 24-cü maddəsində deyilir ki, əlilliyi olan şəxslərin yaradıcılıq, istehsal qabiliyyətinin həyata keçirilməsi məqsədi və fərdi bərpa proqramları nəzərə alınmaqla, onların adi iş şəraiti olan müəssisələrdə, idarələrdə və təşkilatlarda, əlilliyi olan şəxslərin əməyini tətbiq edən ixtisaslaşdırılmış müəssisələrdə, sexlərdə və sahələrdə işləmək, habelə sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməyən başqa fəaliyyət ilə məşğul olmaq hüququ təmin edilir.

İnstitut qanunun bu tələbinə riayət edilmədiyi qənaətindədir.

I qrup əlilliyə görə sosial müavinət (150 manat) və təqaüd (100 manat+50 manat) formasında ümumilikdə 300, II qrup əlilliyə görə 130, III qrup əlilliyə görə 110 manatdır.

Demokratik Təşəbbüslər İnstitutu bildirir ki, əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması üçün "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası" var. Lakin bu qaydaların tətbiqində çatışmazlıqlar mövcuddur.

“Düzdür, son aylarda əlilliyi olan şəxslər üçün sosial müavinətlərin miqdarı artılıb, amma bu belə bir əlilliyi olan şəxsin ehtiyaclarını ödəməyə bəs etmir. Çünki onun gündəlik qidası, geyimi, kommunal xidmətləri, iynə dərmanı var. Hələ əlil arabalarının alınması bir ayrı məsələdir. Burada verilən arabalar keyfiyyətsizdir. Buna görə də arabaların alınmasını Gürcüstana gedən insanlara tapşırırıq. Bunlar da əlavə xərclər tələb edir. Yenə işlə təminat mümkün olsaydı, öz ehtiyaclarımızı ödəyə bilərdik”, – əlilliyi olan şəxsin sözləridir.

İnstitut hesab edir ki, hər müəssisədə, iş yerlərində çalışanların müəyyən faizi əlilliyi olan şəxslər olmalıdır. Buna əməl etməyən müəssisə cəzalandırılmalıdır.

Ana səhifəXəbərlərİDİ: Müavinətlər əlilliyi olan şəxslərin ehtiyaclarını ödəmir