İdeal sükunət

Oflayn döyülmələr, əlbəttə ki, davam edir.

Foto: Meydan.tv


Allah bu vəbanı icad edənin atasına rəhmət eləsin!

Nə gözəldir bu vəba! Hamı oturub xarabasında, heç kim eşiyə çıxmır. İcazəsiz eşiyə çıxanı tutub cərimələyəndə heç kəs nəinki etiraz etmir, əksinə, alqış deyirlər, çünki əmindirlər ki, hökümət bu yolla millətin canını qoruyur.

Ah! Kaş ki, “belə olaydı həmişə”!

Millət oturaydı xarabasında, prezident nazirlərə onlayn tapşırıq verəydi, xüsusi təyinatlı qara maskalılar hər gün bir icra başçısını həbs edib salaydı içəri! Millət bir gün ayılıb görəydi ki, daha tutulası köhnə icra başçısı qalmayıb, onda da prezident millətə xoş gəlsin deyə həbslərin ikinci dövrəsinə başlayaydı, cəmi üç ay bundan əvvəl təyin etdiklərini başlayaydı salmağa içəri.

Zira hamı əmindir ki, indi təyin olunanlar əvvəllər Ramiz müəllimin təyin etdiklərindən heç nə ilə fərqlənmirlər və heç fərqlənə də bilməzlər. Çünki hamısını bir fabrikdə, Heydər Əliyev adına fabrikdə istehsal ediblər. Bu fabrikin konveyerində son məhsulun yığıldığı detallar sərt normalar əsasında hazırlanır və o yan-bu yanı olmur: cibişdani-müqəddəs, sifəti-bihəya, şampuni-girenko…

Bəli, Kürreyi-Ərzdə son zamanlar heç vaxt hökumətlər böylə asudə və sərbəst olmamışdılar. Vəba qorxusu ilə çoxu salınıb tövləyə, daha döğrusu, fərdi tövlələrə, qabaqlarına bir az otdan-ələfdən atıblar, onlar da buna sevinib şükrü-səna edirlər.

Oflayn döyülmələr, əlbəttə ki, davam edir.

Onsuz olmaz, millətin tərbiyəsi ilə daim məşğul olmaq lazımdır. Milli polisin inanılmış kadroları ümumi abu-havanı düzgün anlamayanlara təpik, yumruq və sillə ilə milli dövlətimizin təməl dəyərlərini təlqin edirlər. Nəticədə kimin qulağı kar olur, kimin gözü və qarın nahiyəsi ciddi zədələnir, lakin bu, əsas deyil. Əsas odur ki, millət gözəl anlayır: hökumət xalqı bir an belə unutmur, azı, onun tərbiyəsini unutmur və bu mühüm işi bir an belə diqqətindən kənar buraxmır.

Necə deyərlər, “uşaq əzizdir, tərbiyəsi ondan da əzizdir”.

Döyülmə və işgəncə ənənəsi bizim hökumətə Azərbaycanın Makarenkosu və Uşinskisi sayılan Məşədi İbaddan yadigar qalıb. Məhz o demişdi ki, “arvadı gərək döyəsən”! Bizim halımızda isə arvad rolunu millət, ər rolunu hökumət oynayır.

Bununla yanaşı söz ilə də tərbiyə aparılır.

Ən güclü tərbiyə aləti vəbanın xoş əhvalı barədə statistik məlumatlardır. Filan qədər yoluxub, filan qədər sağalıb, filan qədər ömrünü bağışlayıb yerdə qalanlara. Yerdə qalanlar bu məlumatı eşidib xarabasına daha sıx sığınır və sevinir ki, özü dünyadan köçənlər arasında deyil. Necə deyərlər, hamımız öləcəyik, fəqət bu gün sən öl, mən isə sonra…

Bu tərbiyənin nəticəsində elə bir ürəkaçan mənzərə yaranıb ki! Heç kəs heç bir mitinq üçün müraciət etmir. Bir-iki zındıq saytı çıxmaq şərtilə, cəmi kanallar hökumətimizin vəba ilə mübarizədə dünyanın həsəd apardığı zirvəyə qalxdığı barədə sevindirici nağılları danışırlar. Millət heyrət içində bu nağılları dinləyir.

Hamı razıdır, razı olmayanların tərbiyəsi ilə milli polis məşğul olur (bax: yuxarıda).

Sizə elə gəlməsin ki, belə mənzərə yalnız Azərbaycandadır. Xeyr, biz ümumdünya palazına bürünüb ümumdünya eli ilə sürünürük. Hara? Bu barədə baş bilənlər ciddi və dərin müzakirələr aparırlar.

Başbilənlər iki yerə bölünüb. Bir hissə deyir ki, “dünya vəbadan sonra əvvəlki kimi olmayacaq, bəşəriyyət yeni həyat qaydaları icad edəcək”. O biri hissə deyir ki, “heç nə dəyişməyəcək, dünya vəbadan sonra tədricən əvvəlki vəziyyətinə qayıdacaq”.

Bizim başbilənlərlə nə işimiz? Dünya hara, biz hara? Bizə öz dərdimiz bəsdir!

Bu dərd nədir? Dərd ondadır ki, millət heç cür anlaya bilmir ki, islahat nə olan şeydir.

Kasıb camaatın bir hissəsinə keçən ay 190 manat verdilər ki, acından ölməsin.

Bu, islahat idimi? Əgər islahat idisə, görəsən bu islahat neçə ay davam edəcək?

İcra başçılarının tutulması islahatdırsa, bu islahat genişlənib aşağılara və ən əsası, yuxarılara çıxacaqmı?

Bu millətin içində bir igid tapılarmı desin ki, prezidentin tacu-l-vəbaya qarşı apardığı analoqu olmayan uğurlu mübarizəsi və qara maskalıların naməhrəm məmurları içəri ötürdükləri bir şəraitdə köhnə və yeni təyin olunmuşlar lap elə təməli binayi-qədimdən qoyulmuş milli ənənəyə uyğun olaraq reket və qarətlə məşğul olmaqda amadədirlər, ya yox?

Ə bə bu islahat nəmənədir?

Sizi bilmirəm, ancaq bəndeyi-həqiriniz bu millətdən əlini bilmərrə üzdüyü üçün daxili mətləbləri tərk edib üzünü Kürreyi-Ərzdəki ümumi vəziyyətə tutmağı tərcih edir və başlayır bir köhnə sovet lətifəsindən:

“Moskva-Vladivostok qatarı düz bir həftə sərasər yol gedərdi. Qəziyyə elə gətirir ki, bir kupeyə düşürlər: bir rus, bir gürcü və bir çukça.

Çukça Moskvada Ümumittifaq Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində SSRİ-nin ən yaxşı maral çobanı kimi böyük bir mükafatı alıb, çemodanına yerləşdirib və sevincək ana yurdu Çukotkaya qayıdırdı.

Rus ilə gürcü birinci üç gün ərzində bütün pullarını içkiyə xərcləyib qalırlar qəpiksiz. Çukçadan borc istəyirlər, çukça deyir: “Çukça borc vermir”. Ondan xahiş edirlər ki, müsafirlərini heç olmasa bir şüşə arağa qonaq etsin. Çukça deyir: “Çukça heç kəsi qonaq etmir”.

Qalırlar yana-yana. Üçü də gözlərini kupenin pəncərəsinə zilləyib ucu-bucağı görünməyən tayqaya baxırlar. Bir saat, iki saat, bir gün…

Qəfildən rus dillənir: Çukça tapmaca sevirmi? Çukça deyir: “Çukça tapmaca sevir”. Rus deyir: “Mən sənə tapmaca deyəcəyəm, tapsan, əhsən sənə, tapmasan, mənə üç manat verəcəksən. Razısan?” Çukça deyir: “Çukça razıdır”. Rus soruşur: “O nədir ki, yumrudur, ovucda yerləşir, bir tərəfi sarıdır, o biri tərəfi qırmızı?” Çukça dərin fikrə gedir, sonra deyir: “Maraldır?” Rus deyir: “Yox”. Çukça bir az da fikirləşib deyir: “Suitidir?” Rus deyir: “Yox. Tapmadın. Almadır. Üç manatı bəri ver”.

Çukça kişi kimi bir üçlük çıxarıb verir rusa. Rus pulu götürüb yollanır vaqon-restorana, bir şüşə araq alıb təxminən iki saat onu yavaş-yavaş, qurtum-qurtum ləzzətlə içir. Şüşəni boşaldandan sonra qayıdır kupeyə.

İçəri girib görür ki, çukça da, gürcü də qan-tər içində, soyunub maykada üzbəüz əyləşiblər, gürcünün qabağında bir yekə qalaq pul, çukçadan soruşur: “Min altı yüz iyirmi altı yumru, bir üzü sarı, o biri üzü qırmızı, bu nədir?” Çukça deyir: “Maraldır?” Gürcü deyir: “Yox”. Çukça deyir: “Suitidir?” Gürcü deyir: “Yox…”

Nə isə, Allah ölənlərinizə rəhmət eləsin, Ən Yeni Tariximiz üzərində düşünərkən mən əmin oluram ki, yakutların və çukçaların türk kökənli olması barədə deyilənlər həqiqətə uyğundur, zira bizim geniş xalq kütləsinin təfəkkür səviyyəsi onlarınkından çox az fərqlənir. Ən bəsit siyasi və həyati tapmacaların ən sadə həllini tapammayıb vərdiş etdikləri, yeganə bildikləri və onları dəfələrlə uçuruma aparmış cavabları verirlər.

Sonda isə heyrətlə soruşurlar ki, niyə belə oldu?

Çox zaman isə heç soruşmurlar da.

Tək biz yox, bütün bəşəriyyət, içi hamının qibtə etdiyi Qərb cəmiyyətləri də olmaqla, elə belədir. Bu fikrə şərik olmayanlar aşağıdakı suallara cavab versinlər:

– Nyu-Yorkda əkiz qülləyə hücumdan sonra insan həyatının bütün sahələrini terrorizmə qarşı mübarizə bəhanəsilə səlahiyyətləri genişləndirilmiş xüsusi xidmət qurumlarının sərt nəzarətinə götürdülər. Bu sərt nəzarət o zamandan bəri mütəmadi genişlənir, fəqət terrorizm nəinki məğlub olub, əksinə, böyük dövlətlərin dəstəyi ilə durmadan güclənir.

Niyə?

– Donuz qripi və Ebola vəbalarına qarşı mübarizə bəhanəsilə transmilli əczaçılıq şirkətləri bəşəriyyətdən yüz milyardlarla dollar qopardılar. Gün keçdi, ay dolandı, məlum oldu ki, qlobal miqyaslı təşviş və həyəcan üçün heç bir ciddi əsas yoxmuş, bu xəstəliklərin təhlükəsi bilərəkdən şişirdilib.

Lakin it də getdi, ip də.

Bu dəfə də xeyli sayda alim və həkim deyir ki, tətbiq edilən sərt qadağan tədbirləri üçün heç bir əsas yoxdur, lakin onların səsi hökumətlərin fitvası ilə tüğyan edən “şaxsey-vaxsey” nidalarının içində eşidilməz olur.

Niyə?

Təxminən 15 milyon əhalisi olan Moskvada 2020-ci ilin mart-aprel aylarında ölənlərin sayı 2019-cu ilin mart-aprel aylarında ölənlərin sayından 218 nəfər çox, 2018-ci ilin mart-aprel aylarında ölənlərin sayından 14 nəfər azdır…

Bu rəqəmlərin müqayisəsi üzərində kim hazırdır düşünməyə?

Deyəsən heç kim…

Nəticədə nə baş verir? Əhalinin şəxsi həyatını mütləq nəzarətə götürən texnologiyaları vəbaya qarşı mübarizə bəhanəsilə çaşmış və qorxudulmuş insanlara sırıyırlar. Bu barədə daha müfəssəl məlumat almaq istəyən kəs bu

video

ya baxa bilər:

Bu total nəzarət mexanizmlərinə qarşı etiraz edən insanları cəmiyyətin əksəriyyəti özü yamanlayıb qınayır.

Yəni bəşəriyyətə eyni tapmacanı deyirlər, o isə “min altı yüz iyirmi altıncı” dəfə onun üzdə olan həllini tapammır.

Özünüzdən muğayat olun.

Ana səhifəXəbərlərİdeal sükunət