Helen Keller – Napoleona tay tutulan eşitmə və görmə əngəlli qadın

“XIX əsrdə iki böyük şəxsiyyət olub – Napoleon və Helen Keller”.

Source: meydan.tv

(Birinci hissə)

“XIX əsrdə iki böyük şəxsiyyət olub – Napoleon və Helen Keller”.

Mark Tven

1880-ci ilin iyun ayının 27-də ABŞ-ın Alabama ştatının Taskmabiya ştatında, vətəndaş müharibəsi iştirakçısı və yerli qəzetin redaktoru Artur Kellerin ailəsində bir qız uşağı dünyaya gəlir. Nənəsinin istəyilə adını Helen qoyurlar. Tam sağlam doğulan qızcığaz 1 yaş 7 aylıq olanda o vaxtın bəsit diaqnostikasının “beyin qızdırması” adlandırdığı xəstəliyə tutulur (Sonrakı illərdə bunun skarlatin və ya meningit olduğu təxmin ediləcəkdi). Həkimlər onun sağ qalacağına ümid etmirlər, buna baxmayaraq Helen ölümün pəncəsindən qurtulmağı bacarır. Amma az sonra anası müşahidə edir ki, uşaq səslərə və işığa reaksiya verməməyə başlayıb. Beləliklə, xəstəlikdən sonra Helenin eşitmə və görmə əngəlli olduğu ortaya çıxır.

Bundan böyük sarsıntı keçirən valideynləri onun nazıyla oynamağa başlayırlar, buna görə də Helen ərköyün, hətta aqressiv uşaq olaraq böyüyür – bütün dilətutmalara rəğmən yeməyi əllə yeyir, başqalarının boşqabına əl uzadır, saçını daramağa qoymur, nə istədiyini başa sala bilməyəndə dayələrini vurur, oyuncaqlarını qırıb-tökür. Özünün sonralar yazdığına görə, 6 yaşına qədər daha çox “qəzəb və qorxu” hiss edən Helen ancaq anası əliylə onun yanağına toxunanda sakitləşirmiş:

“Böyüdükcə özümü ifadə arzum da artırdı. Cəmi bir neçə işarə bilirdim, amma onlar fikrimi izah etməyə kifayət etmirdi deyə hirslənib özümdən çıxırdım. Hansısa gözəgörünməz əllərin məni tutub saxladığını hiss edir, var gücümlə onlardan xilas olmağa çalışırdım. Bunun sonu həmişə göz yaşlarıyla bitirdi, o qədər ağlayırdım ki, heydən düşüb süstləşirdim. Bir müddət sonra ətrafımdakılarla ünsiyyətə elə böyük ehtiyac hiss etdim ki, qəzəb püskürmələrim artıq hər gün, bəzən hətta hər saat təkrarlanmağa başladı”.

Bir dəfə Helenin bacısı Mildred onun çox sevdiyi Nensi adlı kuklasının “beşiyinə” uzanır. Helen bunu görüb elə qəzəblənir ki, “beşiyi” əyib bacısını yerə salmaq istəyir. Anası vaxtında özünü yetirməsəydi, balaca qız ciddi xəsarət ala bilərdi.

****

Helenin valideynləri Helenə necə kömək edəcəklərini bilmirdilər. Onların yaşadığı şəhərdə nə eşitmə və görmə əngəlli uşaqlar üçün məktəb vardı, nə də belə uşaqlarla məşğul ola bilən mütəxəssis.

Ümumiyyətlə, o zamanlar görmə və eşitmə qabiliyyətini itirmiş uşaqların cəmiyyətdə özünə yer etmək imkanları yox səviyyəsindəydi. Kasıb ailələr, adətən, belə övladlarını ya evdə dustaq kimi saxlayıb heç kimə göstərmir, ya da uşaq evlərinə qoyurdular.

Günlərin birində Helenin anası Çarlz Dikkensin “Amerika qeydləri” kitabında görmə və eşitmə əngəlli olmasına baxmayaraq təhsil ala bilmiş Lora Bricman haqqında məlumata rast gəlir. Amma bu təhsil metodunu icad etmiş doktor Hou artıq həyatda deyildi. Onun metodunu bilənlər olmuş olsa belə, uzaq Alabamada yaşayan balaca qızcığızın onlardan faydalanması mümkün deyildi.

Helenin atası Baltimorda doktor Çilzhomun xeyli sayda ümidsiz xəstəyə kömək etdiyini eşidəndə qızın artıq 6 yaşı tamam olmuşdu. Tezliklə Baltimora gedən ailəni həkim çox yaxşı qarşılayır, amma Helenin dərdinə o da çarə qıla bilmir. Doktor Çilzhom eşitmə-görmə əngəlli uşaqlar üçün məktəb və mütəxəssislər haqqında informasiya almaları üçün onlara vaşinqtonlu həkim Aleksandr Qrehem Belli məsləhət görür. Ailə dərhal Vaşinqtona yola düşür.

Doktor Bell öz növbəsində Bostondakı Perkins Universitetinin direktoru mister Ananyosu nişan verir, deyir ki, doktor Hou bir vaxtlar həmin universitetdə çalışıb və ola bilsin, orda onun davamçıları var.

Helenin atası məktubu dərhal yazıb göndərir, bir neçə həftə sonra gələn cavabda mister Ananyos onlara bildirir ki, belə bir müəllim tapılıb.

Yarım il sonra – 1887-ci ilin mart ayında Helenlə məşğul olmaq üçün Kellerlərin evinə Enn Sallivan adlı müəllimə gəlir. Uşaq evində böyüyən, ərindən çox Helenə vaxt ayırdığı üçün ailəsi dağılan bu qadın tam 49 il (ömrünün sonuna qədər) şagirdinə yardım edəcək, sözün həqiqi mənasında onun xilaskarı olacaqdı.

****

Enn Sallivan o dövrdə görmə-eşitmə əngəlli şəxslərlə ünsiyyət üçün istifadə edilən “barmaq dilini” (ovcun içinə barmaqla “yazılan” işarələri) bilirdi. Amma bu işarələri öyrətməzdən əvvəl ərköyün qızcığazın tərbiyəsilə məşğul olmaq lazımıydı.

Elə ilk tanışlıqdaca “dəliliyini” büruzə verən Helen Enn hələ qapıdan içəri ayaq basmamış onun çantasını qapıb içini eşələməyə başlayır. İlk dəfə birlikdə süfrə arxasına oturanda isə əlini onun boşqabına soxur. Digərlərindən fərqli olaraq Enn buna icazə verməyib qızın əlindən vurur. Belə reaksiyaya alışmamış uşaq qəzəblənir və müəlliməsini vurmağa başlayır. Enn Helenin özündən az təəccüblənməmiş valideynlərindən xahiş edir ki, otaqdan çıxsınlar, yarım saatdan sonrasa saçı-başı dağınıq halda bayıra çıxıb deyir: “Düzdür, yemək otağı Karfagen xarabalıqlarını xatırladır, amma Helen salfeti qatladı”.

Beləliklə, görmə və eşitmə problemli şagirdlə müəlliməsi arasında iradə mübarizəsi başlayır. Zaman-zaman fiziki mübarizəyə çevrilən bu prosesdə Enn Helenə əşyaların adını öyrədir. Zavallı qızcığaz onların mənasını anlamadan işarələri əzbərləyir, eyni zamanda xasiyyəti də mülayimləşir. Onun masa arxasında mədəni davranmasından və sözəbaxan olmasından məmnun qalan valideynləri üçün elə bu qədəri də bəsiydi. Amma Enn belə düşünmürdü, o, şagirdinin başqalarıyla ünsiyyət qura bilməsini vacib hesab edirdi. Buna görə də günlərin birində Enn Helenin atasına deyir ki, onun bir müddət qızla tək qalmasına şərait yaratsın:

“Mən Helenə hələ ki, ancaq “olmaz”ları öyrətmişəm. İndi o, ağlında iki şeyi birləşdirməyi bacarmalıdır – sözlərin adını və mənasını. Mənə kömək edin, kapitan Keller”.

Çox keçməmiş müəllimə və şagirdini həyətdəki kiçik evə yerləşdirirlər və təlim-tədris prosesi bir müddət orda davam edir. Bir dəfə onlar evin yaxınlığındakı su quyusunun yanından keçəndə Enn Helenin əlini nasosla vurulan suyun altına tutub barmağıyla o biri əlinin içinə “su” sözünü yazır.

“Bir anlığa donub qaldım. Qəflətən beynimdə geri dönmüş bir fikrin – unudulmuş bir şeyin dumanlı obrazı canlandı. Birdən necəsə dilin sirli mahiyyətini anladım. Başa düşdüm ki, “su” – ovcuma tökülən möhtəşəm sərinlikdir. Canlı dünya ruhumu oyadıb onu işıqlandırdı. Artıq mən hər şeyi o an kəşf etdiyim yeni üsulla görməyə başladım” – Helen sonralar həmin günü belə xatırlayacaqdı.

Su quyusunun yanındakı hadisə zəmanəsinin ən görkəmli şəxsiyyətlərindən birinin sürətli və güclü inkişafının başlanğıcını qoymuşdu.

****

O gündən etibarən Helen böyük zehni qabiliyyət nümayiş etdirməyə başlayır, gün ərzində 30, bəzən hətta daha çox söz öyrənir, çoxlu məşq edib danışmağı öyrənməyə çalışır (Amma onun nə demək istədiyini ömrünün sonuna qədər ancaq ən yaxın adamları başa düşəcəkdilər). Əliylə insanların dodaqlarına toxunaraq onların dediklərini anlamağı öyrənir.

Üç ay sonra Helen artıq Brayl şriftiylə yaza bilirdi. Müstəqil şəkildə oxumağa da o, elə həmin dövrdə başlayır. Bu məşğuliyyət Helenin o qədər xoşuna gəlir ki, “icazə verməsələr də, Brayl əlifbasında çap olunmuş kitabları gecələr gizlicə yatağına aparıb” onları orda oxuyur. İki ay sonra o, Brayl əlifbasını bilməyənlərin oxuya biləcəyi şəkildə də yazmağı bacarırdı.

Mister Ananyos Helenin uğurlarını heyranlıqla izləyir, onun əldə etdiyi nəticələri möcüzə, özünü isə balaca ilahə adlandırır. Sonrakı dövrdə mister Ananyos Helen haqqında bir neçə məqalə yazır, bundan sonra onun adı mətbuat səhifələrində tez-tez görünür.

1888-ci ildə Heleni eşitmə əngəllilər üçün olan məktəbə qoyurlar. İki il sonra yenidən evdə təhsil almağa başlayan Helen 16 yaşında Kembricin gənc qızlar məktəbinə, sonra da Redkliff kollecinə (Harvard Universitetinin qızlar üçün variantına) daxil olur. Bu, o dövrüydü ki, təhsil müəssisələrində eşitmə və görmə problemlilər üçün heç bir xüsusi təlim üsulu tətbiq edilmirdi. Enn bütün leksiyalarda onun yanında oturub “barmaq diliylə” müəllimlərin dediklərini “tərcümə edirdi”. Helen riyaziyyat, tarix və fəlsəfə fənlərindən, latın, alman və fransız dillərindən məhz fədakar müəlliməsi sayəsində imtahan verə bilmişdi.

****

Redkliffdəki təhsil illərində Helendə radikal sol baxışlar formalaşır. O, korluq problemindən əhalinin daha çox kasıb təbəqələrinin əziyyət çəkdiyini, bunun zavod və fabriklərdəki iş şəraitiylə əlaqəli olduğunu oxuyandan sonra fəhlə haqlarıyla maraqlanmağa başlayır. İmmiqrant fəhlələrin yaşadığı xarabalıqlara gedən Helen onların həyat şəraitini ordakı üfunətdən anlaya bilir. Bir müddət sonra gənc qız həm də feminizmə meyllənib sufrajistlər hərəkatını və onların lideri Emmelin Pankhörstü dəstəkləyir. Ailə planlaşdırması ideyasını bəyənib onun əsas təbliğatçısı Marqaret Sengerə dəstək verir.

Təhsil illərində Helen “Həyatımın tarixçəsi” adlı ilk avtobioqrafik kitabını yazır. İlk dəfə “Ladies' Home Journal”da dərc olunan (1903) və tənqidçilər tərəfindən müsbət qarşılanan bu əsər sonralar 50 dilə tərcümə edilir, ingilis dilindəki variantı bir neçə dəfə təkrar nəşr olunur.

Sonrakı illlərdə o, “Optimizm”, “Daş divarın mahnısı”, “Bizim Mark Tevn”, “Açıq qapı”, “Mənim yaşadığım dünya” əsərlərini yazır və tədricən bütün ölkədə məşhurlaşır.

Kolleci fərqlənmə diplomuyla bitirən (1904) Helen bakalavr təhsili alan ilk eşitmə və görmə əngəlli insan olur.

Elə həmin il Enn Sallivan Con Meysi adlı qatı solçuyla ailə qurur. Con Helenə söz verir ki, sevimli müəlliməsini heç vaxt ondan ayırmayacaq (Amma 11 il sonra o, “sanki bir qadınla yox, institutlaşmış bir qurumla” evlənməsindən şikayətlənərək Enni tərk edir). Helen Conla birlikdə Herbert Uellsin “Köhnə dünya üçün yenisi” əsərini oxuyur və bu, onun solçu mövqeyini daha da möhkəmlədir. Marksın əsərləri isə onda sosializmə heyranlıq oyadır: “Sanki yatmışdım, oxuyandan sonra yeni dünyada ayıldım”.

1905-ci ildə Helen Sosialist Partiyasına üzv olur. Bu, onun ABŞ-dakı populyarlığına ciddi zərbə vurur – buna qədər Helenə pərəstiş edən cəmiyyət onu sərt şəkildə tənqid etməyə, hətta lağa qoymağa başlayır. Jurnalistlərin münasibəti isə daha sərt olur, onlar yazırlar ki, Helen öz fiziki qüsuruna görə siyasətə obyektiv baxa bilmir.

O, ilk dəfə 1912-ci ildə, “Boston Evening Herald” qəzetinə müsahibə verir. Elə həmin il Helen Sosialist Partiyasını tərk edib Dünya Sənaye Fəhlələri (DSF; ingiliscə: İndustrial Workers of the World – IWW) təşkilatına üzv olur, bir neçə il sonra bunun səbəbini “partiyanın çox ləng fəaliyyət göstərməsi və siyasi bataqlıqda ilişib qalmasıyla” izah edir. DSF çərçivəsində solçu fəaliyyətlə məşğul olan Helen sosializmlə bağlı çoxlu məqalə yazır. Bundan başqa, ABŞ-dakı irqçiliyə qarşı mübarizə aparan təşkilatlara dəstək verir. Ladlouda tətil edən mədən işçilərinə qarşı xüsusi qəddarlıq nümayiş etdirməklə 19 nəfərin ölümünə səbəb olmuş (1918) Kolarado milli qvardiyasını “kapitalist yırtıcısı” adlandırır.

****

Bir müddət sonra Helen Keller tanınmış esseist və yazıçı kimi populyarlaşır, telefonu icad etmiş Aleksandr Bell onu özünün mənəvi qızı elan edir. Helen həm də Mark Tven, Con Rid, Emma Qoldman, Çarli Çaplin kimi məşhurlarla dostlaşır. Hətta “Böyük şəhərin işıqları” filmindəki kor qız obrazını yaratmaqda Çaplinə kömək edir.

Helenin sağlığında ABŞ prezidenti seçilənlərin hamısı onu qəbul edir. Belə görüşlərdən birində çəkilmiş fotoda Helenin prezident Duayt Eyzenhauerin üzünə toxunması və ikisinin də ürəkdən gülməsi anını əks olunub.

Mark Tven Helenə xüsusi sevgiylə yanaşırdı. O, gənc qız və müəlliməsiylə 1898-ci ildə tanış olmuşdu. Helenə ünvanladığı məktubda onu “dünyanın ən ecazkar məxluqu” adlandıran yazıçı “Siz və miss Salliven birlikdə bir kamillik nümunəsisiniz” yazmışdı. Deyilənlərə görə, o vaxt üzərində işlədiyi Janna Dark obrazını Mark Tven bu iki qadından təsirlənərək yaratmışdı.

Yeri gəlmişkən, ən bahalı universitetlərdən biri olan Redkliffi Helen məhz onun sayəsində bitirə bilmişdi: yazıçı qıza yardım üçün neft maqnatı Henri Rocersin arvadına məktub yazmış (“Ərinizi Helenin taleyilə maraqlandırın. Belə bir qız kasıblığa görə təhsilini yarımçıq qoymalı olsa, bu, Amerikan ayıbı olacaq”), Rocers də lazım olan məbləği ödəmişdi.

****

Amma Helenin şəxsi həyatı bu qədər uğurlu deyildi.

O dövrdə cəmiyyət onun kimi adamların ailə qurmasına birmənalı şəkildə mənfi münasibət bəsləyirdi deyə gənc qızın həyatı sevgisiz keçirdi. İlk dəfə özünün 22 yaşlı katibi və redaktoru Piter Feyqandan evlilik təklifi alanda onun 32 yaşı vardı. Piter “barmaq dilini” əla bilirdi və Enndən sonra Heleni ən yaxşı anlayan ikinci adamıydı.

Həmin günü o sonralar belə xatırlayacaqdı:

“Onun sevgisi mənim qaranlığım üçün sanki bir işıq partlaması oldu. Sevilən və arzulanan biri olmağın şirinliyi məni sehirlədi, mən həyatı bir kişiylə paylaşmağı mümkün edən bu möhtəşəm imkana doğru qanadlandım”.

Amma bu xoşbəxtliyin ömrü qısa olur. Artıq kifayət qədər yetkin bir insan olan Helenin hamıdan, hətta sevimli Ennisindən də (valideynləri kimi, müəlliməsi də onun ərə getməsinə qarşıydı) gizli getdiyi bir neçə görüşdən sonra məsələnin üstü açılır – xidmətçi oğlan onları öpüşən görüb bunu qızın valideynlərinə çatdırır. Bərk qorxmuş anası Heleni sorğu-suala çəkir: “Sən o adamla başqa nə etmisən? Qəzetlər sizin münasibətiniz haqqında əcaib şeylər yazırlar! Bu nə deməkdir?!”

Sonra yaxınları Feyqanı evdən qovub Heleni zorla qohumlarıgilə göndərirlər. Sanki o, zəmanəsinin görkəmli şəxsiyyəti yox, yetkinlik yaşına çatmamış bir yeniyetməydi.

Şəxsi həyatına başqaları qərar verən bu məşhur qadın bir neçə il sonra daha bir evlilik təklifi alır – bu dəfə çoxdan tanıdığı bir nəfərdən. Helenin ona cavabı belə olur:

Ardı var…

Ana səhifəMənim FikrimcəHelen Keller – Napoleona tay tutulan eşitmə və görmə əngəlli qadın