Həkim rəy verdi: Elmar Vəliyev deyilənləri dərk etmir, özünü ifadə edə bilmir

Məhkəmə istintaqı yekunlaşıb

Foto: Azərtac


Məhkəmə istintaqı yekunlaşıb

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə istintaqı başa çatıb. Martın 16-da prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.

Bu işə bir ilə yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır. Ötən gün, martın 4-də məhkəmə istintaqının yekunlaşması haqda qərar elan edilməmişdən əvvəl vəkillər xeyli vəsatətlər qaldırıblar.

Vəkil Vamiq Şükürov hüquqlarını müdafiə etdiyi Ceyhun Qurbanovun həyatının təhlükə altında olduğunu hakimlərin nəzərinə çatdırıb. Müdafiəçinin sözlərinə görə, epilepsiya xəstəliyindən əziyyət çəkir, vəziyyəti tez-tez pisləşir, huşunu itirir: “Dustaqlar dilini çıxarırlar, özünə gətirirlər. Amma bu nə vaxta qədər belə davam edə bilər? Onun bu vəziyyətdə həbsdə saxlanması həyatına təhlükədir”.

Vəkil müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib.

Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev zərərçəkmiş qismində tanınan keçmiş icra başçısının məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. Digər vəkillər də vəsatəti müdafiə edərək bildiriblər ki, Elmar Vəliyevin dindirilməsi zəruridir. Çünki ona veriləsi elə suallar var ki, onlara məhkəmədə onu təmsil edən nümayəndəsi Fəxrəddin Səfərov cavablandıra bilməz.

Vəkil Bəxtiyar Hacıyev bildirib ki, Cinayət Məcəlləsinin 59.1.12 maddəsində zərərçəkmişlə barışıq əldə edilməsi təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirən hallardan biri sayılır. Zərərçəkmiş icra başçısı dindirilməlidir ki, onun bu haqda fikri öyrənilsin.

Elmar Vəliyevin nümayəndəsi Fəxrəddin Səfərov bildirib ki, keçmiş icra başçısının durumu onun məhkəmədə dindirilməsinə imkan vermir.

Hakim Əfqan Hacıyev də Türkiyədəki klinikalardan birindən məhkəməyə göndərilmiş həkim rəyini elan edib. Türkiyə türkcəsində tərtib olunan rəydə icra başçısının tibbi diaqnozu yazılıb. Həkim rəyinə əsasən, Elmar Vəliyev deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil. Onun əqli və fiziki durumu buna imkan vermir.

Vəkil Cavad Cavadov məhkəmənin nəzərinə çatdırıb ki, Elmar Vəliyevin onu məhkəmədə təmsil edən nümayəndəsinə notarial qaydada verilmiş etibarnaməsi var. Əgər onun əqli və fiziki durumu normal deyilsə, etibarnaməni necə verib?

Bu sual açıq qalıb, nümayəndə də ona cavab verə bilməyib.

Hakimlər vəkillərin qaldırdığı vəsatətlərin heç birini təmin etməyib.

Məhkəmə prosesi martın 16-da davam edəcək.

Yunis Səfərov və daha 11 nəfərə qarşı qəsdən adam öldürməyə cəhd, terror, qanunsuz silah saxlama da daxil olmaqla, 30-a yaxın maddə ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən 12 nəfərdən ikisi tutularkən polislər tərəfindən öldürülüb. Onların ailə üzvləri məhkəmədə hüquqi varis qismində iştirak edir. Onlar öldürülmüş ailə üzvlərinin günahsız olduğunu deyirlər.

Yunis Səfərov sabiq icra başçısını Gəncədə əhaliyə qarşı pis rəftarına görə öldürmək istədiyini bildirib. O, digər təqsirləndirilən şəxslərin onun əməlinə aidiyyəti olmadığını bildirib.

Ana səhifəXəbərlərHəkim rəy verdi: Elmar Vəliyev deyilənləri dərk etmir, özünü ifadə edə bilmir