Həbsdə ölən “Gəncə məhbusu”nun ailəsi bəraət tələb edir

Ailə Avropa Məhkəməsinə qədər getməkdə israrlıdır

Source:


Ailə Avropa Məhkəməsinə qədər getməkdə israrlıdır

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin təşkilində Yunis Səfərov və digərlərilə əlbirlikdə ittiham edilərək həbs olunan, noyabrın 30-da Bakı İstintaq Təcridxanasında vəfat edən Müşfiq Qurbanovun yaxınları onun günahsız olduğunu deyir. Ailə üzvləri ölümündən sonra olsa belə, ona bəraət verilməsində israrlıdır.

Cinayət Prosessual Məcəllənin 39.1.5 maddəsinə əsasən, şəxs öldükdə onun barəsində cinayət işinə xitam verilə bilər. Amma şəxsin ailəsi onun bəraət almasını tələb edirsə, bu halda, proses davam etdirilir.

43 yaşlı Müşfiq Qurbanovun işi hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. O, Moskvada saxlanıb, onunla birlikdə 2020-ci ilin yanvarında Bakıya gətirilən Yusif Sadıxovla mühakimə olunur. Onlar Bakıya gətirilərkən icra başçısını vurmaqda təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin işi artıq məhkəməyə göndərilmişdi. Bu üzdən onların işi ayrıca icraata götürüldü.

“Müşfiq Qurbanovun vəkili məhkəməyə müraciət edəcək ki, onun həyat yoldaşı hüquqi varisi qismində tanınsın. Məhkəmədə onun təqsirsizliyini sübut etmək üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyik. Çünki bu adam günahsızdır. Heç bir cinayət törətməmiş, xəstə adamı şərləyib həbs edib, ölümə sürüklədilər. Ona Yunis Səfərovla cinayətkar dəstə yaratmaq, terror hazırlamaq kimi absurd ittihamlar veriblər. Halbuki, adam ümumiyyətlə Yunis Səfərovu tanımır, onunla heç bir əlaqəsi olmayıb. Özü də icra başçısı ilə bağlı hadisədən ilyarım əvvəl Gəncədən Moskvaya çörək dalınca gedib. Hadisə olub 2018-ci ilin iyulunda, bu isə Gəncədən 2017-ci ilin fevralında çıxıb. Əgər yerli məhkəmələr ədalətli baxıb, ona bəraət verməsələr, bu işi Avropa Məhkəməsinə aparacağıq”, – Müşfiq Qurbanovun ailəsindən bildirilib.

Müşfiq Qurbanov özü də məhkəmədə təqsirsiz olduğunu, ittihamları qəbul etmədiyini demişdi.

Ailə həmçinin Müşfiq Qurbanovun ölümü ilə bağlı məhkəmədə ayrıca iddia qaldıracaq: “Vəkil dəfələrlə məhkəməyə, prokurorluğa müraciət etdi ki, bu adam xəstədir, ev dustaqlığına buraxın. Eləmədilər. Sanki qəsdinə durmuşdular. Orada da lazım olan müalicəni ala bilmədi. Moskvada 2018-ci ilin oktyabrında saxlanılmışdı. Bir il iki aydan çox orada təcridxanada qaldı. Moskva məhkəməsi Bakıya vermirdi ki, ona qarşı irəli sürülən ittihamlarla bağlı kifayət qədər sübut yoxdur. Axırda bu ilin yanvarında gətirdilər. Cəmi 10 ay yaşaya bildi. Adamın Avropa Konvensiyasının 2-ci maddəsilə təminat verilən yaşamaq hüququ pozulub”.

Ana səhifəXəbərlərHəbsdə ölən “Gəncə məhbusu”nun ailəsi bəraət tələb edir