Источник: Foto: Meydan TV

Hamilə azyaşlının qohumu: Məsələnin üstü bağlanmasaydı, nəslimiz belə biabır olmazdı

Hadisədə adı hallanan müəllimlə azyaşlının qohum olduğu deyilir

Lerik rayonunun kəndlərindən birində 16 yaşlı məktəblinin 5 aylıq hamilə olduğu söylənilir. Azərbaycan mətbuatı ona müəllimi tərəfindən təcavüz olunduğunu yazır.

Şübhələr müəllimin üzərindədir

Daxili İşlər Nazirliyinin açıqlamasında da deyilir ki, hadisədə adıçəkilən müəllim şübhəli şəxs qismində həbs olunub:

“Bu barədə şikayət martın 23-də Lerik Rayon Polis Şöbəsinə daxil olub. Müvafiq araşdırmalar aparılıb və martın 31-də ekspert rəyi verildikdən sonra aprelin 1-də Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır”.

Rəsmi məlumatda o da qeyd olunur ki, azyaşlı polis və rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə Bakı şəhərinə gətirilərək sığınacağa yerləşdirilib.

“3 il əvvəlki hadisədən direktorun xəbəri olub”

Belə bir hadisənin olduğunu Meydan TV-yə kənd sakinləri də təsdiqləyiblər. 2003-cü il doğumlu şagirdin əslində 3 il əvvəl həmin müəllimin təcavüzünə uğradığını, sadəcə məsələnin ört-basdır edildiyini söyləyiblər. Amma onu da deyiblər ki, hadisə məktəbdə baş verməyib. Müəllim həmin azyaşlının qohumudur.

Hər iki ailəni yaxından tanıyan, adının açıqlanmasını istəməyən kənd sakini deyib ki, aprelin 8-də müəllimi və məktəbin direktorunu polisə çağırıblar. Müəllimi həbs ediblər. Direktora isə cəza veriləcəyi və yaxud işindən kənarlaşdırılacağı gözlənir:

“Çünki 3 il əvvəlki hadisədən direktorun xəbəri olub. Müəllimin qızla münasibətinin olması söhbəti yayılıb. Ancaq direktor işin üstünü örtüb. Məsələni beləcə bağlayıblar. Nəticədə iş gəlib bugünkü vəziyyətə çıxıb”.

“Müəllimdə qızın əlyazması olub”

Mənbə bildirib ki, şagirdin valideynlərinin şikayəti əsasında müəllim bir neçə dəfə polisdə dindirilib. Hər dəfəsində işin içindən çıxa bilib:

“Müəllimdə qızın əlyazması olub. Həmin vərəqdə kənddən olan 15 oğlanın adı var. Guya qız həmin şəxslərin hər biri ilə cinsi əlaqədə olub. Əslində isə bunu müəllimin təzyiqi ilə yazıb. Polis müəllimi çağıranda bir dəfə bu cür xilas olub. Növbəti dəfə isə həkim rəyi ilə. Özünə cinsi passiv olması ilə bağlı sənəd düzəltdirib. Bir sözlə, özünü hər cür sığortaladıb. Ancaq indi qızın hamilə olması hər şeyi dəyişib. Artıq onu heç kim xilas edə bilməz”.

Kənd sakini bildirib ki, müəllim üçün ən yaxşısı həbs edilməkdir. Çünki azadlığa buraxılsa, kənd camaatının əlində qalacaq:

“Özü cəhənnəm, o adamı bədbəxt edəcək. Əslində onu indi yox, çoxdan həbs etməli idilər. Korona söhbəti çıxdı, aləm dəydi bir-birinə. Həm də yaxşı imkanı var. Yəqin hörmət də edib. İşin üstünü örtmək istəyib. Ancaq məsələ şişdi, sosial şəbəkələrdə, internetdə yayıldı, qarşısını ala bilmədilər”.

Mənbə deyir ki, qızın valideynləri çox savadsızdırlar. Bəlkə də buna görədir ki, qızlarına bunu edən sərbəst dolaşır:

“Üstəlik, müəllimlə qızın ailəsi həm də qohumdurlar. Qız həmin müəllimin əmisinin nəvəsidir. Müəllim də evlidir. 3 övladı, həyat yoldaşı var”.

“Təkcə, qızın yox, elə müəllimin ailəsinin də faciəsidir”

Hər iki tərəfə - həm qızın ailəsinə, həm də müəllimə yaxın qohumluğu çatan şəxs isə Meydan TV-yə deyib ki, hazırda işi istintaq araşdırır. Onun nəsə deməsi doğru olmaz. Ancaq o və kənd sakinləri həmin müəllimin bu işi gördüyünə inanırlar:

“Hüquq-mühafizə orqanları araşdırır. Hüquqi qiymət veriləcək. Biz də hadisənin olduğunu eşitmişik, kaş olmazdı. 100 faiz günahlandıra bilmərəm. Ancaq söhbətlərdən müəllimin belə bir şey etdiyinə əsaslı şübhələr yaranır. İnsanlardan izahat alırlar, araşdırırlar. Bu, nə rayon, nə də kəndimiz üçün yaxşı haldır. Bir ailənin faciəsidir. Bir qızın və onun dünyaya gələcək övladının bədbəxtliyidir. Təkcə, qızın yox, elə müəllimin ailəsinin də faciəsidir. Onun 3 övladı var, heç birinin günahı yoxdur. Həyat yoldaşı var, o da yazıqdır. Onların heç biri müəllimin etdiyinə cavabdeh deyil. Adı hallandıran media da bilməlidir ki, sabah onun bütün ailəsini qınağa tuş gətirəcəklər. Halbuki adamın az qala 60 yaşı var, savadlıdır, şəxsiyyət kimi formalaşıb. Elədiklərinə ancaq özü cavab verməlidir”.

“Məsələnin üstü bağlanmasaydı, bu gün bizim nəslimiz belə biabır olmazdı”

Mənbə bildirib ki, hadisə məktəbdə olmasa da, burada məktəb rəhbərliyinin də günahı var. Çünki bu hal mütəmadi baş verib. Qızın sinif yoldaşları şübhələnib, dəfələrlə müdiriyyətə bildiriblər. Ancaq iş direktor tərəfindən ört-basdır edilib:

“Məsələnin üstü bağlanmasaydı, bu gün bizim nəslimiz belə biabır olmazdı. Qız hələ məktəbi bitirib başa vurmayıb. 16 yaşı var və 5 aylıq hamilədir. Qızın da, müəllimin də ailəsi şokdadır. Bu, bütün kənd üçün faciədir. İnsanlar şübhə içindədir, inanın, bu dəqiqə hamı bundan danışır. Burada əsas günahkar hadisəni törədəndir. Çünki qız uşaqdır, azyaşlıdır. Bu dəqiqə onu bir qutu saqqızla, tumla da aldatmaq olar. Üstəlik, qızın atası 2-ci qrup əlildir. Əqli geriliyi var. Anası isə avamdır, savadsız qadındır. Elə ona görə də qızın hamiləliyini vaxtında bilməyiblər. Qarnı böyüyəndə məlum olub. Artıq uşağı abort etmək üçün də gecdir”.

Müəllimin həbs edilməsinə gəlincə, qohumu bu barədə dəqiq heç nə bilmir: “Onun həbsi ilə bağlı məndə dəqiq məlumat yoxdur”.

Sözügedən müəllimin ailə üzvləri bu barədə danışmaq istəməyiblər.

“Başqa mətləblər də var”

Məsələ ilə yaxından məşğul olan, adının açıqlanmasını istəməyən hüquq-mühafizə orqanının əməkdaşı Meydan TV-yə deyib ki, təqsiri sübuta yetirilmədən kiminsə adının hallanmasının əleyhinədir:

“İstintaq gedir, ortada başqa şübhəli məqamlar da var. Həmin müəllimin təqsirsizlik prezumpsiyası pozulur. Media bu barədə yazmaqla adamı ictimaiyyətin qınağına gətirir. Bəs sabah onun əməli sübuta yetirilməsə necə olacaq?”

Meydan TV məsələyə məktəbdən və yerli təhsil şöbəsindən münasibət öyrənə bilməyib. Koronavirus pandemiyası ilə əlaqədar aprelin 20-dək təhsil müəssisələri və bir çox idarə bağlı olduğundan telefona cavab verən olmayıb.

Azyaşlının “Təmiz Dünya” İB-nin sığınacağına yerləşdirildiyi deyilir. Sığınacağın rəhbəri Mehriban Zeynalova Meydan TV-yə deyib ki, ilk baxışdan qızın psixoloji durumu normaldır:

“Danışır, yeməyini yeyir. Ola bilər ki, travması var. Bunu sonra biləcəyik. Sabahdan onunla psixoloq işləyəcək. Bundan əlavə, ona həkim müayinəsi də lazımdır. Belə sağlam qızdır, ancaq uşağın, onun vəziyyətindən əmin olmaq üçün həkimə getməyi şərtdir. Eyni zamanda, vəkilə də ehtiyacı var. Sabah məhkəmə başlasa, onu təmsil edəcək biri olmalıdır".

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/2szhaz

Самое читаемое