Gültəkin Hacıbəyliyə qarşı 50 min dollarlıq məhkəmə qərarı çıxarıldı

G.Hacıbəyli isə bu iddianın yalan olduğunu, heç vaxt N.Məmmədova və onun başqa ailə üzvlərindən pul almadığını bildirir.

Source:


“Bu ailə mənə qarşı təzyiqlərin aktiv iştirakçısı olmaqla, özlərinə gün ağlayır”

Nəsimi Rayon Məhkəməsi keçmiş deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli haqqında qərar çıxarıb. Qərara əsasən, G.Hacıbəylidən 50 min dollar tutulub, keçmiş qayınanası Nəhayət Məmmədovaya ödənilməlidir.

N.Məmmədovanın iddiasına görə, o, 2003-cü ildə keçmiş gəlini G.Hacıbəyliyə evini təmir etdirmək üçün 50 min dollar borc verib. G.Hacıbəyli də bu günə qədər ondan aldığı pulu qaytarmayıb.

G.Hacıbəyli isə bu iddianın yalan olduğunu, heç vaxt N.Məmmədova və onun başqa ailə üzvlərindən pul almadığını bildirir. Deyir ki, bu da müxalif düşərgəyə qoşulandan sonra ona qarşı başlanan təzyiqlərin tərkib hissəsidir: “Bu ailə mənə qarşı təzyiqlərin aktiv iştirakçısı olmaqla, özlərinə gün ağlayır. Nəhayət Məmmədovanın o iddianı məhkəməyə verdiyi günə diqqət yetirmək kifayətdir – 10 iyun 2013-cü il. Məhz həmin gün Nəhayət Məmmədovanın qızını İnsan Alverinə qarşı Mübarizə İdarəsi filippinli qadına görə saxlamışdı. Sonradan bu əməlinə görə ona 8 il 6 ay cəza verib, 1 il sınaq müddəti təyin etməklə, şərti hesab etdilər. Qızına bu cür güzəşt olundu. Oğlu (G.Hacıbəyli keçmiş həyat yoldaşını nəzərdə tutur-red.) vaxtilə prokurorluq əməkdaşına yaraşmayan hərəkətə yol verdiyinə – fərariliyə görə Zakir Qaralovun əmri ilə prokurorluqdan qovulduğu halda, mənə qarşı proseslərin iştirakçısı olandan sonra həmin prokurorluğa müstəntiq vəzifəsinə bərpa olundu. Yeri gəlmişkən, oğlu hələ illər öncə mənə qarşı bu hadisələrdə iştiraka başlayanda xəbərdarlıq eləmişdi ki, vaxt gələcək, evini də alıb bizə verəcəklər. Deyəsən, onlara verilən vədi bu cür absurd məhkəmə qərarlarıyla gerçəkləşdirmək istəyirlər”.

N.Məmmədova iddianı 2013-cü ilin yayında qaldırsa da, məhkəmə baxışı dayandırılmışdı. Bu ilin fevralında G.Hacıbəyli avtomobillə gedərkən saxlanılıb, maşının üzərinə həbs qoyulduğu bildirilib və avtomobil o vaxtdan cərimə meydançasına aparılıb. Daha sonra məlum olub ki, iddianın təmini tədbiri kimi, maşınla yanaşı, onun evinin də üzərinə həbs qoyulub.

G.Hacıbəyli siyasi baxışlarıyla əlaqədar Azərbaycandakı məhkəmələrdə ona qarşı işlərdə ədalətli qərar çıxarılmasına inanmadığını deyir. Bu işi Avropa İnsan Haqları Məhkəməsinə göndərəcəyini, bu üzdən də yerli məhkəmə instansiyalarını keçmək məcburiyyətində qaldığını bildirir. Ona görə də qərardan apelyasiya şikayəti verəcək: “Əslində, biz Nəsimi Rayon Məhkəməsində bu iddianı darmadağın elədik. Qarşı tərəfin əlində oğlunun yazdığı cızmaqaralardan başqa heç nə yoxdur. Təsəvvür edin, üçotaqlı evə üç cakuzi üçün pul verdiyini iddia edir. Yaxud evdə 100 kvadratmetr sahədə alçipandan istifadə olunub, bunlar iddiada 1500 kvadrat metrlik alçipandan bəhs edir. Tamamilə absurddur. Mən o vaxt millət vəkili olmuşam, bu isə pensiyaçı. Belə çıxır ki, deputat pensiyaçıdan 50 min dollar pul alır? Əlimdə müstəqil əmlak qiymətləndirmə şirkətinin rəyi var. Onların rəyindən də görünür ki, o dövrün pulu ilə evimin təmirinə 15 min dollar civarında vəsait xərclənib. Əgər mən Nəhayət Məmmədovadan pul almışdımsa, 2013-cü ilə qədər niyə susurdu, pulunu tələb eləmirdi?”

G.Hacıbəyli əlavə edib ki, borcun təsdiqi üçün məhkəməyə notarial qaydada borc müqaviləsi təqdim olunmalıydı. Belə müqavilə isə yoxdur. Onun sözlərinə görə, hətta olsaydı belə, borc müqavilələrində iddia müddəti maksimum üç ildir. G.Hacıbəyli bu cür məhkəmə qərarlarının bütövlükdə cəmiyyət üçün pis presedent olduğunu deyir: “Bu gün müxalifətçilərə qarşı baş verən belə hallar sabah sıravi vətəndaşlara qarşı da baş verə bilər. Hansısa məmur hiss eləsə ki, kiminsə 5 manat artıq pulu var, absurd bir iddia qaldıra bilər ki, filan vaxt ona bu qədər pul vermişəm. Məhkəmələr də bunu təmin edər”.

Ana səhifəSiyasətGültəkin Hacıbəyliyə qarşı 50 min dollarlıq məhkəmə qərarı çıxarıldı