Gültəkin Hacıbəyli: Avropa deputatlarını ələ almaq cəhdləri həmişə olub


Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntun rusiyalı deputatlarla Suriya səfəri və səfər zamanı prezident Bəşər Əsədlə görüşü qurumda sükutu pozdu. Artıq qurumun korrupsiyayla bağlı yeni komissiya yaratması və assambleyanın prezidenti Pedro Aqramuntun istefa verəcəyi ilə bağlı xəbərlər yayılır. Meydan TV bu məqsədlə 2000-2010-cu illərdə nümayəndə heyətinin üzvü olmuş, hazırda Milli Şuranın beynəlxalq məsələlər üzrə koordinatoru Gültəkin Hacıbəyli ilə müsahibədə yaranan suallara cavab tapmağa çalışıb.


– Gültəkin xanım, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramuntun Suriya səfəri zamanı prezident Bəşər Əsədlə görüşü qurumda narazılıq doğurub. AŞ PA-da əvvəllər də narazılıqlar olub, məsələn, “Kürü diplomatiyası” hesabatını xatırlamaq olar. Bu mənada son olayları necə şərh edərdiniz?

– Məsələ heç də AŞPA-nin İspaniyadan olan prezidenti, Avropa Xalqları Partiyasının təmsilçisi Pedro Aqramuntun az öncə rusiyalı deputatlarla Suriyaya səfəri, Moskvanın hərbi bazasında diktator Bəşər Əsədlə görüşməsi ilə bağlı deyil. Təbii ki, bu hadisə Avropa deputatları üçün “son damla” rolunu oynadı. Parlament Assambleyasının deputatları öz xalqına, körpələrə qarşı kimyəvi silah tətbiq edən insanlıq düşmənilə Rusiya hərbi bazasında görüşən PA prezidentinə belə sərt mövqe sərgiləməliydilər. Ancaq buna qədər AŞPA deputatları Pedro Aqramuntun fəaliyyətindən obrazlı desək, “doymuşdular”. Bir neçə ildir AŞPA-nin başı üzərində kabus dolaşmaqdadır, buna korrupsiya kabusu da demək olar. Yazıqlar ki, bu, Azərbaycan korrupsiyasının kabusudur.


– Azərbaycan korrupsiyası olması barədə fikrinizi necə arqumentləşdirə bilərsiniz?

– Mənim fikrimi İtaliyanın Milan prokurorluğunun araşdırmaları təsdiqləyir. Vaxtilə AŞPA-nın Avropa Xalqları Partiyasının sədr müavini italiyalı deputat Luka Volontenin Azərbaycan nümayəndə heyətinin iki üzvü- Elxan Süleymanovdan və Müslüm Məmmədovdan 3 milyon avroya yaxın rüşvət alması sübuta yetirilib. İtaliya Prokurorluğu bu rüşvətin hansı mexanizmlər vasitəsilə Luka Volenteyə çatdırılmasını açıb faktlarla sübuta yetiriblər. Luka Volonte də bu rüşvəti aldığını etiraf edib. Düzdür, o, əvvəlcə gülünc izahat verməyə çalışmışdı, pulun Azərbaycana kənd təsərrüfatı sahəsində məsləhətlər verdiyi üçün aldığını demişdi. Ancaq Azərbaycan jurnalistləri Kənd Təsərrüfatı Nazirliyinin rəsmilərilə əlaqə saxlayıb, nazirliyin mətbuat xidməti bildirib ki, qurum heç bir italiyalı deputata, o cümlədən Luka Volonteyə vəsait ödəməyib, müqavilələri də olmayıb.


– Bir arayış verim: “Facebook”da təhsil sahəsinin mütəxəssisləri yazmışdı ki, 3 milyon avroya İtaliyada 400 tələbəni oxutmaq olar.

– Bəli, böyük məbləğdir. Xüsusilə Azərbaycanda iqtisadi durumun çox acınacaqlı olduğunu, hökumət büdcəyə nəzarət üçün əhalinin ən aztəminatlı təbəqəsinə ayrılan məsrəflərinin kəsilməsini, tələbələrin, müharibə veteranlarının əmək haqqının gecikməsini, strateji sahə olan təhsilin büdcəsinin əhəmiyyətli dərəcədə azaldılmasını, mart ayından etibarən orta məktəblərdə bır sıra fakültativ və əsas fənlərin ixtisara düşməsini nəzərə alsaq, ölkənin məhdud büdcəsi üçün 3 milyon avro heç də az deyil. Bu vəsait Luka Volonteyə ona görə ödənilib ki, o, Avropa Şurası Parlament Assambleyasında təmsil etdiyi partiyada və digər siyasi qruplar arasında təbliğat aparıb Kristofer Ştrasserin məşhur məruzəsinin qarşısını alsın. Bu hadisə 2013-cü ilin yanvarında baş verib. Nəzərə alın ki, Luka Volonteyle Pedro Aqramunt eyni siyasi qrupun üzvüləridir, onlar sədr və müavin olaraq bir-birilə sıx əməkdaşlıq ediblər. Heç şübhəsiz ki, Kristofer Ştrasserin məruzəsinin bu qədər çirkli təsirlərlə məğlubiyyətə uğradılmasında hər iki şəxsin əməkdaşlığının böyük rolu olub. Təəssüf ki, beynəlxalq insan hüquqlarını müdafiə edən təşkilatlarının kütləvi müraciətlər etməsinə baxmayaraq, Pedro Aqramuntun reaksiyası yox idi.


– Artıq korrupsiya faktlarının araşdırması üçün komissiya yaradılıb…

– Amma həmin komissiyanın yaradılmaması üçün Pedro Aqramunt çox ciddi çabalar göstərdi. Vəziyyət o qədər ciddi şəkil almışdı ki, Baş katib cənab Yaqland da çox sərt bəyanatla çıxış etdi. Bəyanatda bildirdi ki, AŞPA rəhbərliyi, konkret olaraq Pedro Aqramuntun sədrlik etdiyi Büro tərəfindən korrupsiyayla bağlı məruzəçinin təyin edilməməsi çox böyük təəccüb və hiddət doğurur. Baş katibin müraciətində Aqramuntun fəaliyyətindən narazılıq açıq şəkildə sezilirdi.


– “Turan” İnformasiya Agentliyi bir gün əvvəl məlumat yayıb ki, Pedro Aqramunt öz səlahiyyətlərini buraxmaq qərarına gəlib. Bu olay hansı nəticəni doğuracaq?

– Bu qrup AŞPA deputatlarının çox böyük təzyiqləri nəticəsində yaranıb. Deputatlar iki gün əırzində sessiyanın fəaliyyətini iflic ediblər. Onlar israrla Pedro Aqramuntun istefaya getməsini, bu məsələ ilə bağlı müzakirələrin keçirilməsini tələb ediblər və tələblərinin gerçəkləşməsinə nail olublar. Müzakirələr zamanı Pedro Aqramunt çox ciddi tənqidlərlə qarşılaşıb. Deputatlar açıq şəkildə onun fəaliyyətinin Avropa Şurası üçün utanc bir hərəkət adlandırıblar. Onun Bəşər Əsədə dəstək verməsini Avropa Şurasının, demokratiya və insan hüquqlarına xəyanəti hesab ediblər. Pedro Aqramunt hətta bu müzakirələrdə belə ləyaqətsiz davranıb. O, dərhal istefa vermək əvəzinə Büronun növbəti iclasına qədər vaxt istəyib. O, bunu onunla əsaslandırıb ki, İspaniya kralı VI Filip Avropa Şurası Parlament Assambleyasına müraciət edəcək. Sanki Aqramuntun həmin vaxt zalda olmasından nəsə dəyişir. Əslində, İspaniyadan olan Aqramuntun o vaxt AŞPA sədri olması elə bir əhəmiyyət daşımır. Ancaq istənilən halda təzyiqlər nəticəsini verib, o, özünə uyğun tərzdə də olsa, mütləq istefa verəcək. Çünki İspaniya kralının müraciətinə qədər Aqramuntun iclas keçirilən zala daxil olması qadağan edilib.


– Gültəkin xanım, deputat olduğunuz dövrlərdə AŞPA-da Azərbaycan nümayəndə heyətinin ən fəal üzvlərindən olmusunuz. Siyasi məhbuslar o zaman da var idi, indi də var. Sualım ondan ibarətdir ki, sizin nümayəndə heyətində olduğunuz illərdə də avropalı deputatlarla alış-veriş olurdumu? Hər halda “kürü diplomatiyası” dünənin hadisəsi deyil. Yəqin ki, Luka Volonte kimilər əvvəllər də olub. Sizin qarşınıza çıxıbmı, bunların açmağın zamanı deyilmi?

– Mən 2000-2010-cu illərdə Parlament Assambleyasının deputatı olmuşam. İstər miqrasiya, monitorinq, istər insan hüquqları, hüquq komitələrində çox fəal işləmişəm. Təbii ki, Avropa deputatlarıyla işləmək, onları ələ almaq cəhdləri həmişə olub, ümumiyyətlə, Azərbaycan da daxil olmaqla, istənilən hakimiyyət öz lobbiçiliyi üçün fəaliyyət göstərir. Amma mən birmənalı olaraq deyirəm, bu həcmdə, yəni külli miqdarda vəsaitlərin ödənilməsilə “kürü diplomatiyası”nın vüsət alması deputat olmadığım illərdə baş verib. Ən azı 2010-cu ilə qədər bui hadisəylə rastlaşmamışam.


– Yəni indiki səviyyədə olmayıb də?

– Bilirsiniz, hansı səviyyədə ola bilir, Avropa Şurasına səfər edəndə hər bir deputatın bir, iki qutu kürü aparmaq icazəsi var. İki qutu kürünü mən də vaxtaşırı ora aparmışam. Biz Avropa Şurasında Qarabağla bağlı çox ciddi sənədlər qəbul etmişik, bunlar dostları ələ almaq üçün yox, bir hədiyyə olub. Amma bu səviyyədə, sistemli olaraq insan haqlarıyla bağlı vəziyyəti eybəcərləşdirmək və yaxud eybəcərcəsinə təqdim etmək 2010-cu ildən sonra start götürüb. Əgər AŞPA-dakı keçmiş səfirimiz Arif Məmmədova istinad etsək, o, bu olayların 2012-ci ildən sonra baş verdiyinini deyirdi. Burda bir məqam da var, ola bilər ki, mən həmin dövrdə nəyinsə şahidi olmuşam və Allah etməsin onu gizlətməyə çalışıram, amma belə deyil. Yaxud nəyisə bilməyə bilərəm, yəni məndən gizlin nəsə ola bilər. Ancaq reallığa nəzər salaq, assambleyada olduğum 10 ildə fərqli tendensiya gedirdi.


– O zaman Səməd Seyidov nümayəndə heyətinin rəhbəri deyildi?

– Nümayəndə Heyətinin rəhbəri əvvəlcə İlham Əliyev idi, 2003-cü ildən Seyidov oldu, amma yenə deyirəm, fərqli tendensiya gedirdi. “Kürü diplomatiyası”nda adı daha çox hallanan şəxs Səməd Seyidov yox, Elxan Süleymanov idi. Bu siyasətin bu dərəcədə eybəcərləşməsi məhz Elxan Süleymanovun heyətə daxil olmasından sonra başladı.


– Bütün hallarda heyətin sədri Səməd Seyidov olub…

– Bəli, o olub, amma bu proseslərdə məsuliyyətli olan başqa şəxs idi. Milan Prokurorluğunun sənədlərində Səməd Seyidovun adı deyil, məhz Elxan Süleymanovun və Müslüm Məmmədovun adı xatırlanır. Mən bir məsələni vurğulamaq istərdim, Azərbaycan Avropa Şurasına daxil olarkən qurun rəsmi Bakı qarşısında 716 nəfərlik siyasi məhbus siyahısı qoymuşdu. 10 il müddətində, konkret olaraq, 2001-08-ci ilə qədər siyahının azaldılması, yaxud əridilməsi sürətləndi, sonda az sayda insan həbsdə qaldı, onlar da ömürlüklər idi. Tendensiya isə siyasi məhbsuların azad edilməsi istiqamətində gedirdi.


– Bəs bu gün vəziyyət hansı yöndə gedir?

– 2009-cu ildən sonra fərqli tendensiya başladı, siyasi məhbusların sayı azalan yox, artan dinamikayla gedir. Hüquq müdafiəçiləri hazırda 160-dan çox siyasi məhbusun olduğunu deyir. Bu dinamikaya nəzər saldıqda görürük ki, nümayəndə heyəti Avropa Şurasıyla birlikdə daha çox problemin həlli istiqamətində çalışırdı. Bu gün isə nümayəndə heyəti Avropa Şurasındakı Luka Volonte, Pedro Aqramunt kimi korrupsiyaya bulaşmış lobbistlərilə siyasi məhbus probleminin gizlədilməsi üzərində işləyir. Ona görə də biz fərqli dinaminakının şahidi oluruq.

Ana səhifəVideoGültəkin Hacıbəyli: Avropa deputatlarını ələ almaq cəhdləri həmişə olub