”General deyir, qardaşımın sizə qaytarmağa pulu yoxdur”

Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, vətəndaşlar problemi torpağı satın aldıqları şəxslərlə ya öz aralarında razılaşmaya gəlməklə, ya da məhkəməyə müraciət etməklə həll etməlidilər.

Source: meydan tv


Biləcəridə 10 nəfər torpaq sahəsi alıb. Hasarlama işlərinə başlayanda Dövlət Neft Şirkətinin nümayəndələri mane olub

“2 aya yaxındır ki, Dövlət Neft Şirkəti əraziyə ağır texnikalar gətirib, materiallar töküb, neftçıxarma qurğuları quraşdırmaq üçün qazma işləri aparırlar. Habuki, generalın qardaşı o ərazini bizə şəxsi torpaqları kimi satmışdı. İndi nə general yaxın durur, nə də torpaqları bizə satan qardaşı…”

Bakı sakini Malik Musayev Meydan TV-yə danışır ki, Baş Gömrük İdarəsində işləyən Zaxar Həsənov 1 il əvvəl Biləcəri qəsəbəsində – Dəyirman yolu deyilən ərazidə yerləşən 48 sot torpaq sahəsini hissə-hissə on nəfərə satıb. Həmin on nəfərdən biri də Malik Musayev olub. Ancaq aldıqları sahələrdə qısa müddətdən sonra hasarlama işləri aparmağa başlayanda Dövlət Neft Şirkətinin nümayəndələri əraziyə gələrək hasarları uçurublar. Onlara ərazidə tikinti işlərini aparmağa imkan verməyiblər, bildiriblər ki, torpaq sahələri ARDNŞ-ya aiddir.


“Düşündük ki, general ailəsidir, bizi aldatmaz”

Malik Musayev sözünə davam edir:

“Özü əvvəllər Tovuz Gömrük İdarəsində işləyirdi, keçən il torpağı bizə satanda Bakıda Gömrük Baş İdarəsində işləyirdi, indi orada işləyir, ya yox, dəqiq bilmirik. Qardaşı Vəzir Həsənovu da tanımayan yoxdur, Sumqayıt Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayorudur. Biz də bunların vəzifəsinə, rütbəsinə arxayın olub düşündük ki, yoldan keçən deyillər, aldatmazlar. Ordakı 48 sot torpaq sahəsi hissə-hissə generalın ailə üzvləinin adına idi. Üstəlik, aldığımız torpağın sənədlərini də bələdiyyədən yoxlatdırdıq. Hər şey qaydasında idi. Ərazinin sağında, solunda yaşayış evləri vardı. Bələdiyyə sədri də hələ torpaqlar bizə satılmamışdan əvvəl generalın qohumlarına – yəni əvvəlki sahiblərə arayışlar verib ki, bu torpaqların sənədləri etibarlıdır. Sənədin üzərində icra hakimiyyəti başçısının da möhürü, imzası var. Görəndə ki, sənədlər qaydasındadır, yeri alıb hasar çəkməyə başladıq. Ancaq dediyim kimi, Dövlət Neft Şirkətinin işçiləri başımızın üstünü alıb, hasarları sökdürdülər”.

image_from_ios (1).jpg
Malik Musayevin ərazisi


“Dedi, Rövnəq müəllimlə məsələni həll edəcəm”

Malik Musayev 6 sot torpağa görə Zaxar Həsənova 27 min manat verib. Üstəlik, onun təklifiylə yaxın qohumu Billurə Əhmədova da 27 min manat ödəməklə 6 sot torpaq sahəsi alıb. 48 sot torpaq sahəsinin qalan hissəsi Çingiz Ağalarov, Fərman Məsimov, Sadiq Musayev, Sahil Rzayev və daha bir neçə nəfərə müxtəlif qiymətlərə satılıb. Malik Musayev:

“Adamlar da bizim kimi, yoxlatdırıb, görüblər ki, sənədlərin kökü var, torpağın təyinatı da fərdi ev tikmək üçündür. Kimisi 3 sota 15 min manat ödədi, kimisi 5 sota 30 min… İndi sənədlər əlimizdə, qalmışıq yollarda… Generalın iş yerində də olmuşuq, əvvəllər deyirdi, narahatçılığa əsas yoxdur, Rövnəq müəllimlə danışıb məsələni həll edəcəm. Sonra məlum oldu ki, məsələ həllini tapmır, dedi, qardaşım qısa vaxtda pullarınızı qaytaracaq. İndi deyir, qardaşımın pulu yoxdur”.


“İki aya yaxındır ARDNŞ qazıntı-tikinti işləri aparır”

İki aya yaxındır ki, ARDNŞ ərazidəki qazıntı, qurğu quraşdırma işləri aparır. Şirkətin nümayəndələri vətəndaşlara bildiriblər ki, onlara verilmiş sənədlər saxtadır. Bələdiyyə neft torpaqlarını onlara satıb, yerli icra hakimiyyəti də bu işə qol qoyub. Malik Musayevin sözlərinə görə, onlara bildirilib ki, əslində torpağı satan şəxslərin hər şeydən xəbəri olub:

image_from_ios (4).jpg
ərazi

“Bu qardaşlar biləndə ki, torpaq əldən çıxmaq üzrədir, tələsik satışa çıxarıblar. Torpaqları hissə-hissə bir neçə günün içində satıblar. Çünki torpağı alan digər adamlarla bir-birimizin sənədlərini tutuşdurub baxanda görürük ki, alqı-satqı tarixləri bir-birinə çox yaxındır. Biliblər ki, Dövlət Neft Şirkəti orada işlərə başlayacaq, qısa vaxtda satıb yaxalarından rədd eləyiblər”.

Meydan TV-nin müxbiri mübahisəli ərazidə olub. Ərazi mühafizə lenti ilə əhatəyə alınıb, ərazidə Dövlət neft Şirkətinin texnikaları, mühafizəçiləri var. Mühafizəçilər müxbirə fotoçəkiliş etməyə imkan verməyiblər və ərazidən uzaqlaşdırıblar.

Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, vətəndaşlar problemi torpağı satın aldıqları şəxslərlə ya öz aralarında razılaşmaya gəlməklə, ya da məhkəməyə müraciət etməklə həll etməlidilər. Qeyd olunan ərazi Dövlət Neft Şirkətinin balansındadır və bu məsələnin yerli icra hakimiyyətinə aidiyyəti yoxdur.

Dövlət Neft Şirkətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Torpağı vətəndaşlara satmış Zaxar Həsənov Meydan TV-yə bildirib ki, məsələni məhkəmə yolu ilə həll etməyə çalışır:

“İcra hakimiyyətinin, bələdiyyənin verdiyi sənədə necə saxta demək olar? Dövlət neft Şirkəti ilə işimiz hazırda məhkəmədədir, mən adamlarla da danışmışam, sənədlər də məndədir. Aramızda heç bir problem yoxdur”.

image_from_ios (6).jpg
mübahisəli ərazi
Ana səhifəXəbərlər”General deyir, qardaşımın sizə qaytarmağa pulu yoxdur”