Gəncə sakini: Uşaqları qoyub ölmək də olmur

“Bir hökumət vətəndaşına uşaqpulu vermək istəmirsə, ona yalvarmağa dəyməz”

Source: google


“Bir hökumət vətəndaşına uşaqpulu vermək istəmirsə, ona yalvarmağa dəyməz”

Gəncə sakini Amin Abbasovun 13 yaşı olsa da, məktəbə getmir. Güclü epilepsiya tutmaları onun həyatına tez-tez təhlükə yaradır.


“Hərfləri tanımır”

Aminin atası Qüdrət Abbasovla söhbət edirik. Danışır ki, oğlu təxminən 8 il əvvəl xəstəliyə tutulub. Uşaq birinci sinfə gedəndə anlayıblar ki, təhsilini davam etdirə bilməyəcək.

“Bir az məktəbə getdi, alınmadı. Basırıq yerlərdə qala bilmir. Həkim də məsləhət görmədi. Dərmanla yaşayan uşaqdı. Bir-iki dəfə güclü tutmaları oldu. Tutması olanda hətta ağzından köpük gəlir. Dərman dayanan kimi vəziyyəti ağırlaşır. İki dəfə elə bilmişik ki, ölüb”.

Bacısı Səma evdə Aminə bəzi şeyləri öyrətməyə çalışır. Amma uşağın inkişafdan qaldığı aşkar hiss olunur. Qüdrət deyir ki, oğlu hərfləri tanımır, ən yaxşı halda 100-ə qədər saya bilər: “Nə vaxtsa oxuyacağına ümidim də qalmayıb. Allah mənə ömür versin ki, bu uşağa baxa bilim”.


“Dövlətdən ümidimi kəsmişəm”

Amin müavinət almır. Qüdrət deyir ki, xeyli sənəd toplamaq lazımdır, bürokratik əngəllər həmişə işi çətinləşdirir: “Qohum var, uşağının başı boynunun üstündə durmur. O dərəcədə xəstədi yəni. Pensiyaya çıxarmaq üçün 700 manat istəyiblər. Yəqin indi müraciət eləsəm, mən də belə şeylər eşidəcəm. Bilirəm ki, məndən də pul istəyəcəklər. Ayda dərmanlara 45-50 manat xərcləyirik. İnanın, bunu da çatdıra bilmirik. Kişi xeylağı ağlamaz. Amma elə vəziyyətə gətirib çıxarıblar ki…”

Qüdrət işinin keçdiyi bütün dövlət örqanlarında yalnız pis münasibət gördüyünü deyir. Onun sözlərinə görə, pul vermədən heç bir işi həll etmək mümkün deyil.

“Qardaşım xərçəng xəstəsi idi. Milli Onkologiya Mərkəzində azı 4500 manat xərcimiz çıxdı. Nə qədər sinəsinə döysələr də “səhiyyə pulsuzdu”, hamısı yalandı. Mən dövlətdən ümidimi kəsmişəm. Bir hökumət vətəndaşına uşaqpulu vermək istəmirsə, ona yalvarmağa dəyməz. Adi adamlardan kömək gözləyirəm, amma dövlətdən yox. 100 manat nədir ki, hər ay uşağa verə bilmirlər?! Sadəcə, etiraf eləmək istəmirlər ki, indiyə qədər boş danışıblar. Bu dolanışıq deyil biz dolanırıq”, – Qüdrət danışır.


“Bizim evə heç 200 manat gəlmir”

Qüdrətin həyat yoldaşını evdə görmürük. Deyir, qadın hər şənbə-bazar parniklərdə günü 10 manata işləyir. Qalan günlər işləməsi mümkün deyil, uşağa baxmaq lazımdır. Həftəsonu Səma dərsə getmədiyindən, Aminin əziyyətini bacısı çəkir, anası işləməyə gedir.

“Mən ustalıqla, fəhləliklə məşğul oluram. Ayda ən yaxşı halda 5-6 gün iş tapa bilirəm. Uzağı 60-70 manat qazanıram. Çox acınacaqlı vəziyyətdəyik. Tək özümə görə demirəm. Camaat pis gündədir. Bakıda yenə bir az nəfəs almaq olur. Bölgələrdə insanlar acından qırılır”, – Qüdrət deyir.

“Necə dolanırsınız” sualı yersiz görünür. Qüdrətin hər dəfə bu haqda danışanda necə sıxıldığı aydın hiss olunur:

“Bizim evə ayda heç 200 manat gəlmir. Bu uşaqlar kartof qızartmasından başqa yemək görmür. Meyvəyə yaxın gedə bilmirik. Konkret insan kimi dolanmırıq. Uşaqları qoyub ölmək də olmur. Fikirləşirsən ki, bunların taleyi necə olacaq?“, – atanın hər ifadəsindən kədər süzülür.


“Bizi evdən çıxaracaqlar”

Ailənin yaşadığı ev yetərincə şəraitsizdir. Qüdrətlə söhbətdə məlum olur ki, ev başqasınındır, burada müvəqqəti yaşayırlar: “Atamın dostunun evində qalırıq. Buna qədər beş il kirayələrdə qalmışıq. Səkkiz ildir burada yaşayırıq. Təəssüf, evin sahibi rəhmətə gedib. Yaxınları evi satıb. İki ay vaxtımız qalıb. Bizi evdən çıxaracaqlar. Gəncədə ən şəraitsiz evlərin kirayəsi 100-120 manatdır”.

Ailə sosial yardım almağa cəhd göstərib. Rədd cavabı alıblar. Qüdrət məntiqsiz şərtlərlə üzləşdiklərini deyir: “Sosial yardımı da məşhur lətifəyə çeviriblər. Əvvəl qulaqları kəsib sonra sayırlar. Görmüşük ki, sosial yardımı işi olmayana, çörək tapmayana verərlər. Bunlar deyir ki, iş yerin olsun. İnandırım sizi, ətrafımda bir adam da sosial yardım ala bilmir. Dövlət səni işə düzəltmək məsuliyyətini də üzərinə götürmür. Deyirlər ki, evində internetin varsa, sənə sosial yardım düşmür. Lap gülüncdür”.

Meydan TV Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət öyrənə bilməyib. Nazirliyin digər media qurumlarına veridyi açıqlamaya görə, ünvanlı sosial yardımlar üçün ərizələr yalnız elektron şəkildə qəbul edilir və rüşvət istənilməsi ilə deyilən fikirlər yanlışdır. Nazirliyin saytında isə qeyd olunur ki, ünvanlı sosial yardım aztəminatlı ailələrə verilir:

“Aztəminatlı ailə dedikdə, orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur. Ehtiyac meyarı dedikdə, ÜDSY-nin təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur. Misal: 4 nəfərdən ibarət ailənin orta aylq gəliri 400 manat təşkil edir. 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat müəyyən edildiyindən, həmin ailənin ehtiyac meyarının məcmusu 160*4=640 manat təşkil edir. Bu halda ailəyə 640-400=240 manat məbləğində ÜDSY təyin edilə bilər”.

Evin vəziyyəti
Evin vəziyyəti
Evin vəziyyəti
Evin vəziyyəti
Ana səhifəXəbərlərGəncə sakini: Uşaqları qoyub ölmək də olmur