Gəncə sakini: Polis deyir, şərləyən nə istəyir, ver, bitsin bu iş…

Kamil Qasımov başına gələnlərlə və polisin məsələyə münasibəti ilə bağlı Daxili işlər naziri Vilayət Eyvazova müraciət edib

Source: Foto: Meydan TV


Kamil Qasımovun sözlərinə görə, sahibi olduğu telefon mağazasına gələn tanımadığı şəxs ona böhtan atıb, təhdid edib

“Polisə şikayət etdim ki, bu adam məni şərləyir. Polis də dedi, məsələni çox uzatma, nə istəyir, ver getsin, məsələ bağlansın”.

Gəncə sakini Kamil Qasımov Meydan TV-yə danışır ki, bu il martın 21-də sahibi olduğu telefon satışı mağazasına gələn tanımadığı şəxs ondan əvvəlcə “Nokia”, daha sonra “İpone” markalı mobil telefonlar tələb edib. Bu tələb sonradan mağaza sahibinin polisə müraciət etməsilə nəticələnib.


“Məlum oldu ki, böhtan atır”

Kamil Qasımov başına gələnləri danışır:

“Mağazamın bir hissəsində elə mənə məxsus olan telefon təmiri yeri fəaliyyət göstərir. Martın 21-də mağazaya bir nəfər gəldi, dedi, bir ay əvvəl sizə təmirə “Nokia” vermişəm, indi gəlmişəm götürməyə… Dedim, ustanı gözləyək, o işlərə usta baxır. Usta gəldi, məlum oldu ki, bu adam mağazaya ilk dəfədir girib, bizə telefon verməyib. Mübahisə etməyə başladı, küçə söyüşləri söydü, ondan mağazanı tərk etməsini, əks halda polisə məlumat verəcəyimi bildirdim. Dedim, dövlət var, get şikayət elə, araşdırsınlar, görsünlər sən bura telefon vermisənmi? Kim yalan danışırsa, cəzasını alsın. Dövləti də söydü, polisi də… Vəziyyəti belə görəndə özüm DİN-in 102 xidmətinə zəng vurdum, baş verənlərlə bağlı məlumat verdim”.


“Əvvəl “Nokia”, sonra “İpone” tələb etdi”

Kamil Qasımovun deməsinə görə, mağazaya polis gəlib. Həmin şəxs polislərə bildirib ki, guya bizə təmirə “İpone” markalı telefon verib, ancaq geri ala bilmir:

“Adam əvvəl deyirdi ki, guya telefonu “Nokia” olub, polisi görəndən sonra sözünü dəyişdi, dedi, “İpone” olub. Mən də polisə bildirdim ki, mağazada kameralar var, kameralara baxış keçirilsin, araşdırılsın, adamın hərəkətlərinə hüquqi qiymət verilsin. Mağazaya gələndən ““Nokia”mı qaytarın” deyib qışqıran adam indi deyir “telefonum “İpone” idi”. Polis əməkdaşları ikimizi də şöbəyə dəvət etdi ki, ərizəmi və izahatlarımızı alsın. Həmin şəxs elə polisin gözünün qarşısındaca qışqırmağa başladı ki, “İpone” telefonumu qaytarmasalar, gecəylə od vurub mağazanı yandıracam. Polisə bildirdim ki, adam məni gözünüzün qarşısında hədələyir, mağazanı yandırmasıyla təhdid edir, cinayət törədəcəyini bildirir, xahiş edirəm, tədbir görün”.


“Polis dedi, nə istəyir, ver, bitsin bu iş”

“Çıxıb çöldə səsimi qaldırsam, söyüş söysəm, polis həmin dəqiqə qollarımı burub aparar. Mənə maraqlı gələn budur ki, bu adam polisin yanında deyir, mağazanı yandıracam, məni söyməkdə davam edir, ancaq indiyədək də polis heç bir tədbir görməyib. İş hələ də araşdırılır. Kamera görüntülərini də təqdim etmişəm, bildirmişəm ki, adam mağazamı yandırmaqla təhdid edib, ancaq yenə işə baxmırlar. Bəlkə elə sabah çölə çıxanda adam bıçağı kürəyimə saplayacaq. Kimdir bu adam? Niyə araşdırmırlar? Niyə gözləyirlər ki, kimsə qətlə yetirilsin, ondan sonra hərəkətə gəlsinlər? Polis izahatımı aldı, dedi, nə istəyir, ver, bitsin bu iş… Bəlkə sabah bu adam gəlib üzümə duracaq ki, mən bu adama yüz min manat vermişəm, ya qızıl vermişəm, deməli, polis məsələni belə həll edəcək? Polis özünə əziyyət verib məsələni araşdırmaq istəmir, deyir, nə istəyir, ver, bitsin bu iş…”

Kamil Qasımov başına gələnlərlə və polisin məsələyə münasibəti ilə bağlı Daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

Gəncə şəhəri, Kəpəz Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, martın 21-də Nəsimi Məmmədov şöbəyə ərizə ilə müracirət edib. Vətəndaş bildirib ki, Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi, 69 ünvanda yerləşən “Kamil Studio” telefon satışı və təmiri mağazasına təmirə verdiyi telefonunu götürməyə gedəndə qaytarmayıblar. Martın 22-də mağazanın sahibi Kamil Qasımov da polisə şikayət edərək bildirib ki, Nəsimi Məmmədov bir gün əvvəl mağazaya gələrək ondan telefon tələb edib, küçə söyüşləri ilə təhqir edib. Hazırda hər iki tərəfin şikayəti şöbənin təhqiqatçısı Nicat Məmmədovun icraatındaqdır. Araşdırma davam edir.

Polis şöbəsindən bir tərəfə digər tərəfi razı salmağı və işin qapanması ilə bağlı deyilənlər cəfəngiyyat adlandırılıb.

Ana səhifəBölgəGəncə sakini: Polis deyir, şərləyən nə istəyir, ver, bitsin bu iş…