“Gəncə məhbus”larından biri azadlığa çıxıb

Onlar bildirir ki, saxlandıqları gün də, ondan sonra da ağır işgəncələrə məruz qalıblar, fiziki və psixoloji təzyiqlər altında ifadələri imzalayıblar.

Foto: arxiv


Daha bir məhbusun azadlığa çıxacağı gözlənilir

Gəncədə iki polis polkovnikinin öldürüldüyü aksiyanın təşkilində günahlandırılıb, həbs edilənlərdən bir nəfər də azadlığa buraxılıb. Bu, əvvəlcə 6 il azadlıqdan məhrum edilən, daha sonra cəzası 1 il 6 aya endirilən Fikrət Mirzəliyevdir.

F.Mirzəliyevin yaxınları Meydan TV-yə bildirib ki, onun cəza müddəti başa çatıb və yanvarın 9-da günorta saatlarında evinə gəlib.

F.Mirzəliyevlə birlikdə həbs olunanlardan Cabir Əzizovun da cəzası başa çatdığına görə yanvarın 9-da azadlığa çıxması barədə xəbərlər yayılıb. Lakin yaxınları bu xəbəri təkzib edib: "Bizə deyilib ki, sabah (yanvarın 10-da) çıxacaq. Biz də gözləyirik…"

F.Mirzəliyev və C.Əzizov daha altı nəfərlə birlikdə mühakimə olunub. Bu qrupda mühakimə olunanlar arasında C.Əzizovun qardaşı Sabir Əzizov, Sumqayıt Dövlət Universitetinin müəllimi Elman Quliyev və başqaları vardı. Onlar Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 5 ildən 8 ilə qədər həbs cəzası almışdılar. Gəncə Apellyasiya Məhkəməsi cəzaları il yarımdan 5 ilə qədər azaltdı.

Bu qrupdakı təqsirləndirilən şəxslər Gəncədə 10 iyul aksiyasının təşkilində ittiham olunsalar da, onlar aksiyadan xeyli əvvəl saxlanılıblar. Aksiya axşam saat 18.00-19.00 radələrində olub. Onlar isə həmin gün günorta saat 13.00 radələrində saxlanılıb. Öncə Gəncənin Nizami Rayon Məhkəməsinin qərarıyla onlara 10-20 sutka inzibati həbs cəzası verilib. Daha sonra barələrində cinayət işi başlanıb, Cinayət Məcəlləsinin 220 (kütləvi iğtişaşların təşkili) və 315-ci (hakimiyyət nümayəndəsinə (polisə) müqavimət göstərmə) maddələrilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslər bildirir ki, iyulun 9-da axşam saatlarında bir neçə dost Qərb bölgəsinə (Göygöl, Daşkəsən) gəzməyə getmək qərarına gəliblər. Onların sözlərinə görə, axşam gəlib Mingəçevirdəki dostlarıgildə qalıblar. Ertəsi gün Gəncədə ziyarətgaha gediblər, günorta mərkəzdə polisə yaxınlaşıblar ki, yemək üçün uyğun yer haqda məsləhət alsınlar. Əvəzində polis onlardan sənədlərini istəyib, daha sonra idarəyə gətirib.

Onlar bildirir ki, saxlandıqları gün də, ondan sonra da ağır işgəncələrə məruz qalıblar, fiziki və psixoloji təzyiqlər altında ifadələri imzalayıblar.

Həmin ifadələrdə onların Gəncəyə E.Quliyevin tapşırığıyla aksiyada iştirak etmək məqsədilə gəldikləri yazılıb.

Ana səhifəSiyasət“Gəncə məhbus”larından biri azadlığa çıxıb