“FHN-in hərbi hissəsində əsgərlər döyülür, ayaqqabı şotkasıyla yer süpürdülür”

Komandir: “Onların hamısı mənim kiçik qardaşlarımdır”

Source: Meydan TV

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Şirvan şəhərində yerləşən N saylı hərbi hissənin zabitlərindən şikayətlər var. Rayonun Çılpaqlıq qəsəbəsində yerləşən bu hərbi hissəyə Polkovnik-leytenant Azər Eldar oğlu Məmmədovun komandanlıq etdiyi bildirilir.

Meydan TV-yə şikayət edən bir qrup əsgər zabitlərin onlara işgəncə verdiyini, alçaltmağa çalışdıqlarını deyir. Şikayətçilər arasında hərbi xidmətini başa vuranlar da var.

Meydan TV təhlükəsizlik baxımından həmin əsgərlərin kimliyini açıqlamır.

Şikayətçilərin sözlərinə görə, zabitlər mütəmmadi olaraq əsgərləri təhqir edir və işgəncəyə məruz qoyurlar.

Ayaqqabı şotkası ilə yer təmizləmə

Əsas şikayətlərdən biri hərbçi Azad Ağayevlə bağlıdır. Əsgərlərin sözlərinə görə, Azad Ağayevin sevimli məşğuliyyəti əsgərlərə ayaqqabı şotkası ilə qərargahı təmizlətdirməkdir.

“Yer silmək üçün vasitə olduğu halda bilərəkdən əsgərləri alçaldır. Sıranın önündə durarkən əsgərləri təhqir edir və söyür. İstədiyi adamı yumruqla döyür”, – şikayətçilər deyir.

untitled9 (4).png
Hərbçi Azad Ağayev

Onların sözlərinə görə, Daxili Xidmət Nizamnaməsinin 142-ci maddəsinə görə bölüyün təşkili zamanı hərbi qulluqçular üçün siqaretçəkmə otaqları yaradılmalıdır. Ancaq bu hərbi hissədə qaydaya əməl olunmayıb:

“Bütün hərbi hissələrdə əsgərlər rahat siqaret çəkə bilirlər. Burada isə yalnız zabitlər siqaret çəkə bilər, əsgərlər yox. Siqaret çəkən bir neçə əsgərə torba geyindirilib günün altında işgəncə verildi. Əsgər var, özünü öldürmək həddinə çatıb. Dinindən, dilindən, irqindən asılı olmayaraq, qanun qarşısında hamı bərabərdir. Amma Azad Ağayev bu cür qanunsuz qadağalarla zabitlərlə əsgərlər arasında fərq yaradır”.

Yorğun əsgərlərə pilləkənli cəza

Kiçik gizir Məzahir Novruzovdan da şikayətlər var. Şikayətçilər deyir, Məzahir Novruzov “naryad”dan çıxan yorğun əsgərlərə əmr edir ki, əlli dəfə pilləkəndən aşağı düşüb, çıxsınlar: “Məzahir Novruzov bunu etməkdən həzz aldığını gizlətmir. Bir hərbi qulluqçunun etdiyi səhvə görə digərlərini cəzalandırır. Halbuki İntizam nizamnaməsinin 88-ci maddəsinə əsasən, bir hərbi qulluqçunun etdiyi səhv hərəkətə görə digər hərbi qulluqçuları cəzalandırmaq olmaz. Sovet ordusundan qalma adət-ənənəni, "Bir nəfər hamı üçün, hamı bir nəfər üçün” ideologiyasını tətbiq edərək dedovşina yaradır”.

Copy of Untitled Design.png
Kiçik gizir Məzahir Novruzov

Başa çırtma vurmaqla həzz almaq

Copy of Untitled Design (1).png
Baş leytenant Elnur Hüseynov

Əsgərlərin əsas narazı qaldığı şəxslərdən biri də Mühəndiz Xidmətinin rəisi, Baş leytenant Elnur Hüseynovdur:

“Əsgərlərin başına bərkdən çırtma vurur və ya barmaqların qatlanan yeri ilə başlarına yumruq vurmağı xoşlayır. Buna görə ona heç kim heç nə demir. Keçmiş müavin olduğu üçün çəkinirlər”.

Bildirilir ki, gizir Elçin Rasim oğlu Talıbov mütəmmadi olaraq əsgərləri təhqir edir və onları işgəncəyə məruz qoyur.

Copy of Untitled Design (2).png
Gizir Elçin Rasim oğlu Talıbov

“Şikayət edən “Quran”a əl basin ki…”

Hərbi hissənin komandiri, Polkovnik-leytenant Azər Məmmədov isə Meydan TV-yə açıqlamasında deyilənləri yalanlayır:

“Əgər hər hansısa əsgərin, zabitin şikayəti varsa, bu, o anlama gəlmir ki, həmin hərbi hissədə doğrudan da, şəxsiyyətə, hərbçiyə qarşı qanunsuz üsullar tətbiq olunur. Bu, qeyri-mümkündür. Mən 23 ilin hərbçisiyəm, demək olar 5 ildir burda hərbi hissə komandiriyəm, ondan əvvəl də müəyyən hərbi hissələrdə olmuşam. Necə hərbçi olduğumla bir jurnalist kimi maraqlana bilərsiz. Bu cür halların yol verilməməsi üçün gecəmi gündüzümə qatıram. Maraqlanıb bu hərbi hissədə söhbət də apara bilərsiz. Bir Azərbaycan zabiti olaraq öz şərəf və ləyaqətimə sığışdırmaram ki, burdakı əsgərlərə qarşı kimsə nalayiq hərəkətlər eləsin. Onların hamısı mənim kiçik qardaşlarımdır. Onu bildiyim halda qarşısını almasam, məndən şərəfsizi yoxdur. Adları çəkilən zabitlər, gizirlər hərbi hissənin ən intizamlı, vətənpərvərlik ruhunun şəxsiyyətdə səciyyələndirilməsi üçün iş görən adamlardır. Hamımız Azərbaycan övladlarıyıq. Necə razı ola bilərik ki, bura gələn Azərbaycan övladları, bizim kiçik qardaşlarımız bu cür hərəkətlər etsin? Mən təxmin edirəm bunu kim deyə bilər. Siz o şikayətçiyə deyin, düz deyirsə, əlini “Quran”a bassın, mənliyinə, kişiliyinə, namusuna and içsin. Əgər belə hal varsa, bu hərbi hissədə əsgərlər döyülürsə, incidilirsə, mən vəzifəmdən istefa verərəm”.

Azər Məmmədov deyir ki, hərbi qulluq zamanı müəyyən neqativ hallar ola bilər, bunu qlobal problemə çevirməkdə məqsəd başqadır:

“O hərbu qulluqçular mənim taleyimdə olan adamlardır. Mən də cavabdeh kimi deyirəm ki, mümkün deyil belə şeylər. Təsəvvür edin, kişi heyətidir, əsgər yemək yeyəndə, kazarmada yatanda buna nəzarət olunmalıdır, hər işin cavabdehi var. Bu cür nəzarətin yanında hansısa əsgər durub deyirsə, “dedovşina” var, səhv edir. Əgər bir əsgər özünü necəsə göstərirsə, bu, “dedovşina” kimi qələmə verilməməlidir. Bir hərbi hissədə “dedovşina” yaranırsa, deməli, ona cavabdeh hərbi hissə komandiridir, o şərait yaradır. Özünüz də deyirsiz ki, bir komandir kimisə məndən şikayət yoxdur, yalnız zabitlərdəndir. Mən də deyirəm ki, belə hal yoxdur, kiminsə sözü ilə zabitin karyerasını məhv etmək düz deyil”.

Ekspertin fikrincə…

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli Meydan TV-yə zabitlərin bu cür rəftarının səbəblərindən danışıb:

“Birinci, psixoloji səbəb. Bir sıra zabit və gizirlər əsgərlərə onlara məxsus bir “əşya” kimi yanaşırlar. Belə bir vəziyyətdə onların hüquqlarına hörmət və müdafiə edilməsi tamamilə kənar tutulur. Bir qrup hərbi qulluqçu, o cümlədən zabit və gizir tanışlıqla və ya rüşvət hesabına müəyyən vəzifələrə təyin olunub və onlar düşünürlər ki, törətdikləri qanunsuz hərəkətlərə görə cəzalandırılmayacaqlar. İndiyə kimi baş verən hadisələri görüb bu qənaətə gəliblər. Doğrudan da, Azərbaycanda təhlükəsizlik və müdafiə sistemində baş verən qeyri-qanuni hadisələrə qarşı qanuni çərçivədə mübarizə aparılması qaydaları bir çox halda ciddi şübhələr doğurur. Hadisələri araşdıran müstəntiqlər, istintaqçılar, vəzifəli şəxslər bir sıra hallarda pul və ya rüşvət hesabına hadisəni ya tam gizlədir və ya onun sənədləşməsini dəyişdirirlər. Beləliklə, belə bir vəziyyət bəzi zabit və gizirlərin əsgərlərə qarşı zorakı olmasına səbəb olur.

Copy of Untitled Design (3).png
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli

İkinci, maddi səbəb. Hərbi qulluqçular nisbətən yüksək məvacib alsalar da, bu, onların yüksək sosial təminat şəraitində yaşaması anlamına gələ bilməz. Beləliklə, bir çox gizir və zabit, o cümlədən müddətdən artıq hərbi xidmət qulluqçuları tabelikdə olanlara “pul kisəsi” kimi yanaşırlar, çalışırlar onların valideynlərindən nəsə qoparda bilsinlər. Belə bir durum tez-tez hərbi qulluqçular arasında zorakılığa gətirib çıxarır”.

Ekspert deyir ki, Səfər Əbiyevin dövründə zorakı hadisələr çox olduğundan hərbi qulluqçular bunu mətbuata ötürməyə, sızdırmağa məcbur idilər. Hərbyönümlü QHT-lərin ciddi aktivliyi bu məsələnin ictimailəşməsində əsas rol oynayırdı:

“Zakir Həsənov gəldikdən sonra “Açıq qapı” günləri təşkil etməklə, “Qaynar xətt” yaratmaqla bu problemi həll etməyə çalışdı. Amna eyni zamanda hərbi sahəni araşdıran vətəndaş cəmiyyətinin fəaliyyəti tamamilə iflic edildi. Beləliklə, indi problemin həll olunduğunu demək olmaz. Eləcə də digər hərbi qurumlarda – Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Ədliyyə Nazirliyi, FHN və başqalarında zorakılıq probleminin əhəmiyyətli dərəcədə azaldığını söyləmək çətindir. Ən azı bunu göstərən fakt əsgər ölümləri statistikasıdır ki, orada biz il ərzində ümumilikdə təhlükəsizlik sektorunda xeyli sayda hərbi qulluqçunun qeyri-nizamnamə hadisələrindən, intihara gətirən zorakılıqdan öldüyünü görürük. Onu da bilirik ki, güc strukturları zorakılığa məruz qalma statistikalarını gizlətməyə üstünlük verir. Hərbi Prokurorluğun açıqladığı məlumatlar isə əksər hallarda ümumiləşdirilmiş olmaqla, çaşdırıcı, tam olmayan, bəzən isə inandırıcı olnayan məlumat-faktları özündə ehtiva edir”.

Cəsur Sümərinli düşünür ki, hərbi hissələrdə “dedovşina” hallarının qarşısını almaq üçün bu addımlar atılmalıdır:

“Birincisi, struktur islahatı. Bu istiqamətdə müqaviləli orduya keçid vacibdir. İkinci, kadr hazırlığı. Ciddi savadlı kadrların hazırlanması proqramının qəbul edilməsi. Üçüncü, haqq və hüquqların tanınması. Bu ustiqamətdə Qanunların müasirləşdirilməsi və NATO standartlarına uyğunlaşdırılması vacibdir. Daha sonra sosial təminatın gücləndirilməsi. Məvacib, ev təminatının gerçəkliyə uyğunlaşdırılması. Həmçinin korrupsiya, rüşvətxorluq və yerlibazlığa son qoyacaq etibarlı və effektli mübarizə prosesinin başladılması”.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevadan münasibət öyrənmək mümkün olmayıb. O, rəsmi sorğuya cavab verəcəklərini söyləsə də, dediklərinə əməl etmədi.

Ana səhifəSosial“FHN-in hərbi hissəsində əsgərlər döyülür, ayaqqabı şotkasıyla yer süpürdülür”