“Ev tikməmək üçün bəhanələr uydururlar”

“Həmişəki kimi, yenə də qapıdan geri göndəriblər”

Source: Specify Source


Meysəri sakini deyir, zəlzələdən qəzalı vəziyyətə düşmüş evin hər an başlarına uçmaq təhlükəsi var

“Nəvələrim, nəticələrim – hamımız bu damın altında yaşayırıq. Bir gün dağılacaq, altında qalacağıq”.

Bunu Meydan TV-yə Şamaxının Meysəri kəndinin sakini, 83 yaşlı Əkbər Şirinov deyir. Onun sözlərinə görə, hazırda qəzalı vəziyyətdə olan evin divarları 1960-cı illərdə çay daşlarından və palçıqdan hörülüb. Vaxtaşırı baş verən təkanlardan, zərzələlərdən yararsız vəziyyətə düşüb. 2019-cu ilin fevralındakı zəlzələdən sonra isə bu evdə yaşamaq mümkün deyil. Əkbər Şirinov deyir, getməyə yeri olmayan böyük bir ailə necə deyərlər, ölümlə bir yerdə yaşamağa məhkumdur.


“Yarıqlardan evin çölü görünür”

“9 nəfər daşların altında qalacağı günü gözləyür. Özüm də, ailə üzvlərim də xəstədir, evi düzəltməyə, başqa yerdə ev tikməyə imkanımız yoxdur. İş orasındadır, bu ev heç düzələsi də deyil. Divardakı yarıqlardan evin çöl tərəfi görünür. Qışda o yarıqların arasını əski parçaları ilə bağlayırıq. Yayda yarıqlardan evə ilan, qurd-quş girir”, – şikayətçi deyir.

Əkbər Şirinovun sözlərinə görə, 2019-cu ilin fevralında baş vermiş zəlzələdən sonra evə dəfələrlə baxış keçirilsə də, heç bir tədbir görülməyib:

“Əvvəl dedilər, evi təmir-bərpa etmək lazımdır. Biz də dedik, çay daşından, palçıqdan hörülən, özülü olmayan evin hansı bərpasından söhbət gedə bilər? Sonra ikinci bəhanəni gətirdilər ki, özünüz evə müdaxilə etmisiz, biz daha heç nə edə bilmərik. Biz evə təkrar baxış keçirilməsini tələb etdik. Baxış keçirildi və təsdiqləndi ki, evə heç bir müdaxilə olunmayıb. Bir sözlə, 1 il 6 aydır ki, ev tikməmək üçün ağıla gələn və gəlməyən hər cür bəhanəni uydururlar. Halbuki, bu zəlzələdən zərər çəkmiş evlərin yerində yenisinin tikilməsi üçün dövlət büdcəsindən milyonlarla manat ayrılıb. Bildiyimizə görə, bu məsələ Prezidentin nəzarətindədir, hətta İlham Əliyev buna görə bir neçə dəfə Şamaxıda da olub. Buradan Prezidentə səslənirik, Meysəridə ikimərtəbəli evi olan və heç bir zərər çəkməyən adamlar var ki, onlara Şamaxı şəhərində tikilmiş binalardan mənzillər verilib. Ancaq bizim kimi köməksiz insanlar ortalıqda qalıb”.

untitled_design__73_.png
“Biz evə təkrar baxış keçirilməsini tələb etdik”.


“İcra hakimiyyətinin qapısından qovuluruq”

Əkbər Şirinovun sözlərinə görə, həm o, həm də digər ailə üzvləri məsələ ilə bağlı dəfələrlə Şamaxı Rayon İcra Hakimiyyətində olublar. Ancaq hər dəfə onlara bildirilib ki, bu məsələ ilə məşğul olmaq qurumun vəzifəsi deyil:

“İki gün əvvəl ailə üzvlərim yenə icra hakimiyyətinə getmişdi. Həmişəki kimi, yenə də qapıdan geri göndəriblər. Yenə deyiblər ki, bu iş bizlik deyil. Ola bilsin ki, bu iş onlarlıq olmasın. Ancaq bütün hallarda bizi geri qaytarmamalıdırlar. İcra hakimiyyəti həyatı təhlükədə olan sakinlərin problemini aidiyyəti qurumlara çatdırmalıdır. Vətəndaş yaxınlaşır icra hakimiyyətinə, 9 nəfərin həyatı təhlükədədir deyir, icra hakimiyyəti “mənlik deyil” deyib, qapıdan qovur. İcra hakimiyyəti vətəndaşı qapıdan qovmamalıdır, ölkə başçısı ona inanıb, başımızın üstünə təyin edib. Ən azı, aidiyyəti quruma müraciət məktub göndərsin, tələb etsin ki, ərazimdəki ailənin həyatı təhlükədədir, gəl, vəzifənə düşəni et. Bizim icra hakimiyyətlərində “mənlik deyil” deməklə, sanki yükdən azad olurlar”.


“Yeni binalardan mənzil tələb edirlər”

Şamaxı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası Əkbər Şirinova evin əsaslı təmir-bərpasını təklif etsə də, o, razılaşmayıb. Şamaxı şəhərində tikilmiş binalardan mənzil verilməsini istəyib. Vətəndaşa bildirilib ki, həmin binalar Şamaxının kəndlərindəki yox, rayon mərkəzindəki dağılmış evlərin əvəzi kimi tikilərək istifadəyə verilib. Hər dəfə eyni tələblə quruma müraciət edən Şirinovlar ailəsi dəfələrlə Fövqəladə Hallar Komissiyasına yönləndirilib.

Ötən il fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə, İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib. Zəlzələ zamanı Şamaxı, Ağsu və İsmayıllıda dağıntılar qeydə alınıb. Ən çox zərər isə Şamaxı şəhərindəki evlərə dəyib.

2019-cu ilin fevralında Şamaxıda baş vermiş zəlzələdən sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir neçə dəfə Şamaxıya səfər ediblər. Zəlzələdən zərər çəkmiş sakinlərlə görüşüblər, onlara evlərinin bərpa ediləcəyini, bərpası mümkün olmayan evlərin isə yenidən tikiləcəyini bildiriblər. Buna görə dövlət büdcəsindən milyonlarla pul vəsaiti ayrılıb, binalar tikilib. Ancaq Şamaxının kəndlərində yaşayanlar zəlzələdən qəzalı vəziyyətə düşmüş yüzlərlə evin hələ də təmir-bərpa olunmadığını, tamamilə bərbar vəziyyətə düşmüş xeyli evin yerində hələ də yenilərinin tikilmədiyini bildirirlər.

Ana səhifəBölgə“Ev tikməmək üçün bəhanələr uydururlar”