”Çernobıl” serialı – həqiqətin yalan üzərində qələbəsi

Havelin “Yalansız yaşamaq” essesinin qəhrəmanı Leqasovdur.

Source: Meydan TV


Dünyanın ən qəddar sistemi də həqiqətin, elmin öhdəsindən gələ bilmədi

Cambul Cabayevi tanıyırsınız? Qazaxıstanın Səməd Vurğunu kimi bir şeydir. Şeirləri, poemaları, filan. Amma Cambul yoldaşın bu şeirlərdən xəbəri yox idi. Qazaxıstanda çoxlu istedadlı adam sürgündə idi. Onlara bir az pul qarşılığında şeirləri yazdırırdılar, sonra o şeirləri Cambul Cabayevin adından təqdim edirdilər. Cambul yoldaş şeir təqdimatlarında iştirak edirdi, təriflənirdi, mükafatlar alırdı, xeyli də pul qazanırdı. Hər dəfə imza atırdı, buna pul verirdilər. Bir dəfə onu pionerlərlə görüşə aparmışdılar. Qoca kişi idi. Pionerlərdən biri ondan avtoqraf istəyir. O da imza atır və ardınca soruşur ki, bəs pul hanı. Yəni ədəbiyyatdan bu qədər uzaq adam idi.

Lakin SSRİ onu şair kimi təqdim edib, o boyda Qazaxıstanın ikonik şəxsiyyətinə çevirə bildi. “Çernobıl” serialında sonda KQB rəisinin Leqasova dedikləri də bu tipdə idi. Deyir, sənin irsin sənin olmayacaq, başqaları öz adlarına çıxacaq, sən yaşayacaqsan, amma mövcud olmayacaqsan, heç kimlə ünsiyyət qurmayacaqsan. Cambul Cabayevin şeirlərini yazmış adamları indi tanımırıq. Qazaıxıstanda sürgündə, cəhənnəm istisində yerin altında olan daxmalarda çürüyüb-gediblər.

Yalanlar üzərində qurulmuş sovet totalitarizmi Leqasov üçün də bu taleyi hazırlamışdı. Amma onun KQB-dən qoruyub, gələcək nəsillərə ötürə bildiyi səs yazıları, yəni həqiqət və bu həqiqət üzərində çəkilmiş film – “Çernobıl” hər şeyi tamam başqa cür etdi. Biz indi bilirik ki, Leqasov kim olub, Çernobıl stansiyası niyə partlayıb.

Akimovun tez-tez təkrarladığı ifadə bütün SSRİ-nin mahiyyətini açıb-göstərir: “Mən hər şeyi düz elədim”. Doğrudan da, hamı hər şeyi düz edirdi orda. Nəticədə belə dəhşətli faciə baş verir. Çünki problem fərdlərdə deyil, fərdləri çoxdan məhv edib, Leqasovun dediyi kimi, biorobotlara döndərmiş sistemdədir. SSRİ elə bir sistem idi ki, orada hər şeyi düz edəndə faciə, qəza baş verirdi. SSRİ-ni quranları Stalin tək-tək xain çıxartdı. Həm də o adamlar elə özləri-özlərini xain çıxardıb, güllələtdirirdilər. Sonra Xruşşov gəlib, Stalini xain çıxartdı. Sonra Brejnev gəlib Xruşşovu pislədi. Qorbaçov hamısını pislədi. Məsələ burasında idi ki, o sistem çərçivəsində Stalin də, Xruşşov da, başqaları da Akimov kimi “hər şeyi düz edirdilər”. Amma nəticə fiasko idi.

Alekseyeviçin “Vremya Sekond xend” kitabında NKVD cəlladlarından birinin qısa söhbəti var. O qədər çox adam öldürürdülər ki, bu cəlladlara hər gün bir çəllək su, bir çəllək də spirt verilirdi, yuyunsunlar, qan iyi gəlməsin. Bu qədər qəddar adam deyir ki, “mənim təqsirim olmayıb. Mən olmasam da, o edamlar icra olunacaqdı”. Məntiq var. Amma davam edir: “Stalinin də təqsiri yoxdur. Sistem elə idi ki, Stalin olmasa da, başqası bunu edəcəkdi”. Bu, çox mübahisəlidir, amma Stalin qədər uc nümunəyə yuvarlanmadan, SSRİ-də baş vermiş saysız-hesabsız dövlət cinayətlərində iştirak etmiş milyonlarla insan üçün o məntiq işləyir – “mən olmasam da, bütün bunlar baş verəcəkdi.” Yəni hər kəs Akimov kimi düzünü edir. Nə deyilir, hətta qanunlarda nə yazılır, onu edir. Çünki o dövlətdə qanunlar da, qaydalar da, adi standart normalar da yalan üzərində qurulmuşdu, SSRİ iliyinə qədər yalan idi. Hətta vəzifədə qalxmaq üçün o boyda partlayışın törədilməsinə səbəb olan Dyatlov da düz edirdi. Çünki onun xəbəri yox idi ki, sovetin axmaq sistemində ucuz olsun deyə, reaktora qrafit yerləşdiriblər.

Çox simvolik, həm də həqiqətin özü olan səhnə var – adamlar AZ-5 adlı hər şeyi dayandırmalı olan, prosesi sıfırlamalı olan düyməni basırlar, amma sən demə, bu düymə detonator imiş. Çünki sistem belə qurulub. Yalan üzərində qurulan sistemlərdə hər şey tərsinə işləyir. Cəbiş müəllim o sistem çərçivəsində düz eləmirdi. Leqasov səs yazısında deyirdi ki, alimlər sadəlövh olurlar. Həqiqət uğrunda əziyyət çəkirlər, amma bilmirlər ki, o həqiqət əksəriyyətin vecinə deyil. Amma onların vecinə olmasa da, həqiqət var. Cəbiş müəllim üçün var olan həmin həqiqət SSRİ-də işləmirdi, heç vaxt da işləmədi. Hamı oğurladı, “otkat” aldı, “pripiska” yazdı, bunu eləməyənlər Cambul Cabayevin şeirlərinin müəllifləri kimi unuduldular, KQB rəisinin Leqasovu salmaq istədiyi vəziyyətə düşdülər. Biz Leqasovu tanıdıq, amma minlərlə, milyonlarla Leqasovlar SSRi-nin nəhəng yalan maşınının dişləri arasında məhv olub-getdilər və elə məhv oldular ki, onlar haqqında Yer üzündə heç bir məlumat qalmadı. KQB rəisi Leqasova dediyi kimi, “Sənin məhkəmədəki çıxışın qəbul edilmədi. Çünki o çıxış olmayıb”. “1984” əsərində baş qəhrəmanın işi nədən ibarət idi? Bizim APA kimi bir xəbər agentliyində həqiqəti məhv etməklə məşğul idi. Keçmişə düzəliş edirdilər, həqiqətləri olmamış kimi silir, yalanları isə olmuş kimi qeyd edirdilər.

Havelin “Yalansız yaşamaq” essesinin qəhrəmanı Leqasovdur. Sağ olsun bu filmi çəkənlər ki, həqiqəti ölməyə qoymadılar. Dünyanın ən qəddar sistemi də həqiqətin, elmin öhdəsindən gələ bilmədi. Bu filmin əsas gəldiyi nəticə, əhəmiyyəti budur.

Ana səhifəXəbərlər”Çernobıl” serialı – həqiqətin yalan üzərində qələbəsi