Ermənistanlı jurnalistlərin Bakıda kimlərlə görüşdüyü haqda məlumat verilmir

“Onlar dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı ilə tanış olacaqlar”.

Source:


Bəzi jurnalistlər ermənistanlı həmkarlarının Bakıya səfərinə qarşı çıxıb

Azərbaycan hakimiyyəti ermənistanlı jurnalistlərin Bakıya noyabrın 17-də başlamış səfəri haqqında heç bir məlumat vermir. Eyni şey Azərbaycanlı jurnalistlərin Ermənistana səfərinə də aiddir. Ermənistan tərəfi də bu layihə haqqında məlumat vermir. Yalnız Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan yerli mətbuata bildirib ki, layihədə hər tərəfdən üç jurnalist iştirak edir. Amma səfər proqramı haqqında heç bir məlumat verilmir.

“Turan” agentliyinə məlumatlı diplomatik mənbələrdən verilən xəbərə görə, noyabrın 18-də erməni jurnalistlər Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə söhbət edəcəklər.

Noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfəri planlaşdırılır. Azərbaycanlı jurnalistlərdən Ermənistana kimin gedəcəyi haqda hələlik məlumat yoxdur. Vəziyyətlə tanış olan mənbə bildirib ki, qarşılıqlı səfər ideyası Rusiya XİN-ə aiddir.

Azərbaycan və Ermənistan XİN arasında mövcud razılaşmaya əsasən, tərəflərin qarşılıqlı tədbirləri haqqında razılaşdırılmış şəkildə məlumat verilir. Rəsmi məlumatın hər iki səfər başa çatdıqdan sonra açıqlanacağı güman edilir.

Noyabrın 17-də Azad Jurnalistlər Birliyi (AJB) adlanan qurumun üzvləri erməni jurnalistlərinin Azərbaycana gəlişinə etiraz olaraq Xarici İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Aksiyaçılar “Rədd olsun işğalçı Ermənistan nümayəndələri!”, “Şəhid anaları bizi qınayır!”, “Ermənilər Bakını dərhal tərk etsin!”, “Qarabağa azadlıq!” kimi şüarlar səsləndiriblər. XİN-nin nümayəndəsi aksiya iştirakçılarını qəbul edərək, bu gün qeyri-iş günü olduğu üçün bazar ertəsi rəhbərlik tərəfindən onların şikayətlərinə baxılacağını bildirib. Sonda etirazçılar Azərbaycan bayrağı altında dövlət himnini səsləndiriblər.

Noyabrın 18-də isə daha bir neçə media nümayəndəsi XİN-in qarşısında aksiya keçirib. Onlar “Erməniləri Bakıya gətirənlərə ar olsun!”, “Ermənilər Bakını tərk etsin!” və s. şüarlar səsləndiriblər.

Deputat Elman Nəsirov isə “pravda.az” saytına açıqlamasında ermənistanlı jurnalistlərin Bakı səfərini müsbət addım kimi dəyərləndirib:

“Mətbuat sözün həqiqi mənasında, IV hakimiyyət rolunu oynayır. Belə olan halda, erməni jurnalistlər Azərbaycana səfər etdikdə ölkəmizdəki inkişafı, sabitliyi, təhlükəsizlik mühitini öz gözləri ilə görəcəklər. Onlar dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı ilə tanış olacaqlar. Burada insanlar dinc, təhlükəsiz şəraitdə yaşayırlar. Erməni jurnalistlər əmin olacaqlar ki, ermənilər Azərbaycanın torpaqlarının bir hissəsini işğal etməklə ölkənin zəiflədilməsinə, geri düşməsinə nail ola bilməyiblər. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf yolunu seçib, bu istiqamətdə siyasət davam etdirilir. Erməni jurnalistlər ölkədə bir çox sahələr üzrə islahatların aparıldığının şahidi olacaq. Onlar bunu mətbuatdan oxuyurlar, amma Bakıda olanda öz gözləri ilə görəcəklər, geri döndükdən sonra fərqli ampluada təqdim etmək niyyətləri olsa da belə, bir çox hallarda gördükləri həqiqətləri çatdırmaq məcburiyyətində qalacaqlar. Eyni zamanda, azərbaycanlı jurnalistlər də Ermənistana gedib, oradakı prosesləri izləmək şansı əldə edəcəklər. Ermənistanın işğal siyasəti onlara heç bir zaman fayda verməyib. Hazırda Ermənistan dünyanın ən kasıb ölkələrindən biridir, heç bir investisiya cəlbedicilik əmsalı yoxdur. Orada sözün həqiqi mənasında, heç bir islahatdan söhbət gedə bilməz, ölkədə iqtisadi durum acınacaqlıdır. Bütün bunları azərbaycanlı jurnalistlər öz gözləri ilə görəcəklər və geri döndükdən sonra geniş şəkildə işıqlandıracaqlar. Qoy ermənilər və azərbaycanlılar jurnalistlərin gözü ilə həqiqətləri görsünlər. Görsünlər ki, işğal siyasəti Ermənistana necə zərbə endirib… Ermənistan işğal siyasətinə son qoyarsa, böyük qlobal layihələrdə iştirakına baxıla bilər".

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəSiyasətErmənistanlı jurnalistlərin Bakıda kimlərlə görüşdüyü haqda məlumat verilmir