Əlilliyin müəyyənləşməsi ilə bağlı meyarlar dəyişdi

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Foto: milli.az


Milli Məclis bir neçə qanun layihəsinə dəyişikliyi təsdiqləyib

Milli Məclis "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna təklif olunan dəyişiklikləri qəbul edib. Beləliklə, ölkədə əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişib.

Qanun layihəsinə təklif olunan dəyişiklik Milli Məclisin iyunun 22-də keçirilən plenar iclasında III oxunuşda qəbul edilib.

Dəyişikliyə əsasən, "I dərəcə əlilliyi olan şəxslər" anlayışı "orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər", "II dərəcə əlilliyi olan şəxslər" anlayışı "orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər", "III dərəcə əlilliyi olan şəxslər" anlayışı "orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər" anlayışı ilə əvəzlənib.

İstehsalat qəzaları və peşə xəstəlikləri ilə bağlı orqanizmin funksiyalarının 10-31 faiz itirilməsinə görə də əlillik müəyyən ediləcəyi bildirilir.

Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı layihəyə ikinci oxunuşunda bir sıra deputat etiraz etmişdi. Deputat Əli Məsimli belə demişdi ki, burada göstərilən 31-60 faiz heç də üçüncü, 61-80 faiz ikinci dərəcəyə, 81-100 faiz birinci dərəcə əlilliyə müvafiq deyil:

“Azərbaycan tibbi xarakter daşıyan modeldən sosial xarakter daşıyan modelə yönəlməlidir”.

O zaman 13 deputat qanunun əleyhinə səs vermişdi.


“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik

İclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi də I oxunuşda müzakirəyə çıxarılıb.

Qanuna dəyişikliklə təklif edilir ki, dövlət orqanının əsasında Azərbaycan Respublikasının Prezidenti və ya Nazirlər Kabineti tərəfindən publik hüquqi şəxsin yaradılması nəticəsində dövlət qulluğuna xitam verilən, həmin tarixdə əmək pensiyası yaş həddinə çatmasına və dövlət qulluqçusu kimi pensiya hüququnun əldə edilməsi üçün tələb edilən minimum 15 il qulluq stajının toplanmasına ən çoxu 2 il qalan, yəni ən azı 13 il qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması təklif edilir.

Başqa sözlə, dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə 15 il qulluq stajını toplamasına və əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranacaq.

Qanun layihəsi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanına uyğun olaraq, dövlət orqanının əsasında publik hüquqi şəxsin yaradılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” qanunla dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajının toplanmasına az qalan dövlət qulluğuna xitam verilmiş şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun təmin edilməsinə dair təkliflərin hazırlanması barədə tapşırığın icrasını təmin etmək məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


İstehlakçılar “ağıllı sayğac”larla təmin olunacaq

İclasda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsi isə I oxunuşda müzakirəyə çıxarılıb.

Sənədi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov təqdim edib. Bildirib ki, bu sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunub.

8 fəsil, 23 maddədən ibarət qanun layihəsində enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin əsas məqsədi və dövlətin vəzifələri göstərilib. Eyni zamanda, enerji effektivliyi üzrə xidmətlərin təşkili və təşviqinə dair məqamlar, istehlak olunan enerjinin hesablanması, istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatında səmərəlilik məsələləri öz əksini tapıb. Layihədə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə, beynəlxalq əməkdaşlıq, dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı müddəalar ehtiva olunub.

Qeyd edilib ki, enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyunun istehlakçılarını “ağıllı sayğac”larla təchiz edəcək.

Həmçinin enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları “ağıllı sayğac”larla təmin edəcəklər.

“Ağıllı sayğac” – istehlak olunan enerjinin miqdarını və dəyərini zamana görə ölçən, məlumatların müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə, təchizatçılara və istehlakçılara çatdırılmasını təmin edən müasir ölçmə cihazıdır.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası iyunun 25-də keçiriləcək.

Ana səhifəSosialƏlilliyin müəyyənləşməsi ilə bağlı meyarlar dəyişdi