Eleanor Ruzvelt – dünyanın birinci ledisi

Demokrat Partiyasının növbəti qurultayında (1924) o, yenə qadın haqları məsələsini qaldırır, seçki kampaniyası proqramında bu məsələyə xüsusi yer ayrılmasının vacibliyini vurğulayır.

Source: meydan.tv


(Birinci hissə)


“Eleanor Ruzvelt bütün dünyanın birinci ledisidir. Çünki təkcə ABŞ-ın yox, bütün dünyanın qeydinə qalır”.


Harri Trumen

Eleanor Ruzvelt – qadınların, qaradərililərin, yoxsulların haqları uğrunda mübarizə aparan; buna görə ölkəsindən çox-çox uzaqlarda da tanınan və sevilən; sosioloji sorğularda 13 il dalbadal “dünyada ən çox bəyənilən qadın” seçilən; reytinqinə görə prezident əri Franklin Ruzvelti üstələməsinə baxmayaraq seçkiyə qatılmayıb onun ən yaxın köməkçisi olmaqda davam edən; ərinin vəfatından sonra da siyasi fəaliyyətini davam etdirib daha çox nüfuz qazanan birinci ledi; ictimi-siyasi xadim, publisist və diplomat, BMT-nin İnsan Hüquqları Komissiyasının ilk sədri, Ümumdünya İnsan Haqları Bəyannaməsinin müəlliflərindən biri.

****

Enn Eleanor Ruzvelt 11 noyabr 1884-cü ildə Nyu-Yorkda anadan olub. Atası Elliot Ruzvelt ABŞ-ın 26-cı prezidenti Teodor Ruzveltin qardaşı, anası Enn Holl şəhərin varlı ailələrindən birinin qızıydı.

Eleanor çox da gözəl uşaq deyildi. Özünü “çirkin ördək balası” hesab edən qızcığaz qapalı, utancaq və kompleksliydi, anasının ona zərif davranış öyrətmək cəhdləri isə işi daha korlayırdı: “Çünki bu cəhdlər mənim zahiri çatışmazlıqlarımı kompensasiya etmək üçünüydü və onları daha çox dərk etməyimə səbəb olurdu”.

Anasından fərqli olaraq atası “balaca Nel”ə böyük sevgiylə yanaşır, tez-tez onu özüylə atçılar klubuna aparırdı. Elə Eleanor da hamıdan çox onu sevirdi. Amma Elliot içki düşkünüydü, hətta bir dəfə o qədər içmişdi ki, kluba 6 yaşlı qızıyla gəldiyini unudub onu tək qoymuşdu. Qızcığazı bir neçə saat sonra polis tapmış və taksiylə evlərinə yollamışdı. Atasının alkoqolik olması ailənin dağılmasına gətirib çıxarsa da, Eleanor onu sevməkdə davam etmiş, ancaq atası evə gələndə dirçəlmiş və şənlənmiş, o gedəndən sonra yenidən özünə qapanmışdı.

Sonrakı illərdə Eleanorun həyatında daha böyük faciələr baş verir – 8 yaşı olanda anası difteriyadan ölür, iki il sonra da sevimli atası vəfat edir.

Qızının yetim qalmış uşaqlarına (Eleanorun iki qardaşı da vardı) varlı dul qadın Valentin Holl himayəlik etməyə başlayır, onları öz yanına – Nyu-Yorka aparıb yaxşı təhsi verir. Eleanor ədəbiyyat, musiqi, rəqs dərsləri alır. Əmisi Teodor onu idmanla məşğul olmağa təşviq edir, hətta bir dəfə suya girməkdən qorxan qızcığazı itələyib hovuza salır və sonra da ona üzməyi öyrədir.

15 yaşı olanda nənəsi Eleanoru Londona, qızlar üçün ali “Elensvud” məktəbində oxumağa göndərir. Burda elmə maraq göstərməyə başlayan Eleanor siyasi və dini tolerantlığı, o cümlədən, gözəl geyinməyi və makiyaj etməyi öyrənir. Onun həyata baxışlarına məktəbin direkrotu Mariya Sauvester də ciddi dərəcədə təsir edir.

Həmin illərdə Eleanor Avropanın bir çox ölkəsinə səyahət edir, Parisə isə hətta təkbaşına gedir – həmin dövr üçün bu, çox da ənənəvi hal deyildi.

18 yaşına çatanda nənəsi hesab edir ki, artıq onun uyğun bir namizədlə ailə qurmaq vaxtıdır, buna görə də gənc qız ABŞ-a qayıdır. Nyu-Yorkda Eleanoru qəbullar, ballar gözləyirdi. Amma belə mərasimlər gənc qızın xoşuna gəlmirdi; üstəlik, bu ucaboy (180) qızı rəqsə dəvət etməyə cəsarət edənlər də çox deyildi. Özünü hələ də çirkin sayan Eleanor əslində zərif və qədd-qamətliydi, görünüşünə ancaq irəli çıxan dişləri xələl gətirirdi.

Ailə şənliklərinin birində o, hündür boylu və ünsiyyətcil bir gənclə – uzaq qohumları olan Franklinlə tanış olur. Eleanor kimi, onun da ciddi planları vardı və o da ictimi-siyasi problemlərlə maraqlanırdı.

Gənclər görüşməyə başlayırlar, 1903-cü ilin noyabrında Franklin Eleanora evlənmək təklif edir. “Balaca Nel” təəccüblənir: “Mən onu yanımda çox saxlaya bilmərəm, o, çox yaxşı görünür”. Amma az sonra sonra tərəddüdü keçir və Franklin qızdan hə cavabı alır.

Bu xəbər onun hökmlü anası Sara Ruzveltin xoşuna gəlmir, çünki o, evlilik üçün oğlunun çox gənc olduğunu düşünürdü, üstəlik, xəstə bir qısqanclıqla onu başqalarından qorumağa çalışırdı. Onların izdivacına mane olmaq üçün Sara Franklini Karib dənizinə səyahətə aparır, ancaq qayıdan kimi o, yenə Eleanorla görüşməyə başlayır və Franklinin anası, nəhayət, geri çəkilmək məcburiyyətində qalır. Gənclər toyu 17 mart 1905-ci il tarixə təyin edirlər – həmin gün prezident Ruzvelt Müqəddəs Patrik günündə keçirilən ənənəvi paradı qəbul etmək üçün Nyu-Yorka gəlməliydi.

Kilsədəki nikah mərasimində atasının əvəzinə Eleanoru o müşayət edir. 200 qonağın dəvət edildiyi toy böyük ictimai hadisəyə çevrilir – Manhettendəki evin qabağına xeyli adam toplaşır, polislər əraziyə nəzarət edirlər.

Franklin tələbə olduğu üçün gənclər Avropaya toy səyahətinə tətildə gedirlər; İtaliya, Fransa, Almaniya, İsveçrə və İngiltərədən çoxlu kitab və şəkillərlə qayıdıb Sara Ruzveltin onlar üçün tutduğu və öz zövqünə uyğun hazırladığı mənzilə yerləşirlər. Bundan sonra hələ bir neçə il də gənclərin evində qərarları bu despotik qaynana verəcək, məzuniyyət vaxtından tutmuş xidmətçi seçiminə və uşaqların tərbiyəsinə qədər hər şeyə müdaxilə edəcəkdi.

****

Eleanor və Franklin Ruzveltlərin ard-arda 6 uşağı dünyaya gəlir – bir qız, beş oğlan. Amma Eleanor ictimai fəaliyyətina ara vermir, əri xidmət pillələrini qalxdıqca, onun da fəallığı artır. “Hər bir qadının borcu ərinin maraqlarına fokuslanıb yaşamaqdır” – o illərdə Eleanoar belə düşünür.

Həyat yoldaşı Nyu-Yorkda senatorluq uğrunda mübarizə aparanda (1910) qadınlara seçki hüququ tələb etməsi onu təəccübləndirir, çünki Eleanor siyasəti kişi məşğuliyyəti hesab edirdi. Amma Franklin xanımının fikrini dəyişə bilir, deyir ki, qadınlar kişilərlə eyni hüquqlara malik olmalıdırlar.

GettyImages-3373274-1.jpg
Eleanor Ruzvelt

Onun seçkini udması ailə üçün ştatın paytaxtı Olbaniyə köçmək məcburiyyəti yaradır və Eleanor, nəhayət ki, qaynanasından qurtulmaq fürsəti qazanır: “Mən müstəqil olmaq istəyirdim. Daxilimdə şəxsi kimlimiyi inkişaf etdirmək arzusunun yetişdiyini mən ancaq indi anladım”.

Olbanidə o, Nyu-York parlamentinin iclaslarına qatılır, yerli siyasi təşkilatların fəaliyyətilə maraqlanır, bir çox siyasətçi və publisistlə tanış olaraq onlarla davamlı görüşüb söhbət edir. 1912-ci ildə Eleanor əriylə birlikdə Demokrat Partiyasının Vudro Vilsonu prezidentliyə namizəd seçən qurultayında iştirak edir. Bir il sonra Franklin nazir müavini təyin edildiyi üçün ailə Vaşinqtona köçür və həmin tarixdən etibarən böyük siyasətin “içinə düşən” Eleanor yüksək səviyyəli qəbullarda iştirak edir, özü də siyasətçiləri evə dəvət edib siyasi diskusiyalar təşkil edir.

****

Birinci dünya müharibəsində Eleanor Qırmızı Xaçın fəaliyyətinə dəstək verir, əsgərlərə paltarlar tikir, əsgər yeməkxanasında çalışır. Hərçənd bu sahədə onun xüsusi qabiliyyəti yoxuydu, ən yaxşı bilşirə bildiyi yemək qayqanağıydı və evinə gələn qonaqlara da tez-tez məhz onu təklif edirdi. Yeri gəlmişkən, Eleanor qəti şəkildə spirtli içkilərə qarşıydı və ancaq bir dəfə – əri prezident seçilən gün bir neçə qurtum şampan şərabı içmişdi.

1918-ci ildə Franklin Ruzvelt Avropa səfərindən sətəlcəm olub qayıdır. Ərinə qulluq etməklə yanaşı, işlərinə kömək məqsədilə gələn məktublarına da nəzarət edən Eleanor açdığı konvertlərdən birinin sevgi məktubu olduğunu görür – məlum olur ki, Franklin Lüsi Meser adlı gənc və gözəl katibəsiylə eşq yaşayırmış. “Dünya başıma uçdu” – sonrakı illərdə o, dostlarına həmin gün çəkdiyi acını belə təsvir edəcəkdi.

Eleanor ərinə boşanma təklif edir, amma sonra onlar belə razılığa gəlirlər ki, uşaqlara və Franklinin karyera maraqlarına görə ailəni qoruyub saxlamaq daha məqsədəuyğundur. Ruzvelt məşuqəsindən ayrılmağa söz verir, Eleanor isə onu işdən çıxarır. Tezliklə hərbi qulluğa keçən Lüsi 2 il sonra ərə gedir (Amma uzun illər sonra onlar yenidən birləşəcək, Eleanor bundan əri vəfat edən gün xəbər tutacaqdı – məlum olacaqdı ki, Franklin Ruzvelt öləndə Lüsi də ordaymış).

Bu hadisə Ruzveltlərin ailə həyatında dərin iz buraxır – münasibətlər soyuyur, inam itir, Eleanor başqa yataq otağına keçir, ərinin qayğısını çəkməyə davam etsə də, öz həyatını yaşamağa başlayır.

Həyat yoldaşına siyasi dəstəyini də davam etdirən Eleanor 1919-cu ildə onunla birlikdə İngiltərəyə gedir, Versal sülh konfransında iştirak edir. Vaşinqtona qayıdandan sonrasa yaralı müharibə iştirakçılarına yardım göstərməyə davam edir, tez-tez hospitallara gedib onlara baş çəkir, hədiyyələr aparır.

Eleanor amerikalı qadınların hüquqularını müdafiə məsələsində də xüsusi fəallıq göstərir. Müharibəyə getdikcə daha çox kişinin getməsi sənaye müəssələrində çalışan qadınların sayını artırmış, onlar üçün pis iş şəraiti və aşağı əməkhaqqı problemləri yaratmışdı. Xanım Ruzvelt 1919-cu ildə bununla bağlı keçirilmiş Beynəlxalq İşçi Qadınlar Konqresində iştirak edib işçi qadınlara dəstəyini bildirir, sonrakı dönəmlərdə isə Qadın Həmkarlar İttifaqı Liqasıyla (WTUL) yaxından əməkdaşlıq edərək qadınların əmək və siyasi hüquqlarıyla bağlı tələblərinin yerinə yetirilməsində böyük rol oynayır.

****

1920 -ci ildə Franklin Ruzvelt Demokrat Partiyasının vitse-prezidentliyə namizədi seçilir. Eleanor seçki kampaniyasında fəal iştirak edir, çıxışlarını hazırlamaqda ərinə kömək edir, respublikaçıların mübarizə apardığı Millətlər Liqasına publik dəstək verir, amerikalı qadınların seçkiyə cəlb edilməsiylə bağlı böyük kampaniya aparır, çap və stenoqrafiyanı öyrənir.

Demokrat Partiyası həmin seçkidə uduzduğu üçün Ruzveltlər Nyu-Yorka qayıdırlar. Bir il sonra Franklin poliomielit xəstəliyinə tutulur. Anası israrla onun siyasətdən uzaqlaşmasını tələb edir, Eleanorsa şiddətlə buna qarşı çıxır. Həyat yoldaşının dəstəyi sayəsində Franklin xəstəliyə qarşı mübarizə aparmağa başlayır, vəziyyətindəki ən kiçik irəliləyişi belə ciddi uğur sayır, ömrünün qalan hissəsini əlil arabasıyla hərəkət etmək məcburiyyətində qalsa da, böyük siyasi qələbələrə imza atır.

Sonrakı illərdə Eleanor 1921-22-ci illərin qışını həyatının ən ağır sınağı kimi qiymətləndirəcək, “Ərimin xəstəliyi məni birdəfəlik öz ayaqlarım üstə durmağa məcbur etdi” deyəcəkdi.

O illərdə Franklin Ruzvelt arvadının köməyi sayəsində siyasi fəaliyyətini davam etdirir – Eleanor siyasətşiləri onun rezidensiyasına dəvət edir, müxtəlif tədbrilərə qatılıb çıxışlar edir, demokratların seçki kampaniyası üçün ianə toplayır, sərbəst hərəkət edə bilmək üçün sürücülük vəsiqəsi alır. Həmin dönəmdə yazdığı məqalələrdən birini “Mən niyə demokrat oldum” adlandıran xanım Ruzvelt bu yazıda təkcə özünün yox, həm də ərinin adından mövqe bildirir: “Demokrat Partiyası iri kapitalistlərin maraqlarından daha çox cəmiyyətin rifahına və maraqlarına xidmət edir”. Əvvəllər ərinə ancaq onun xəstəliyi dövründə aktiv fəaliyyət göstərəcəyini bildirən Eleanor sonradan fikrini dəyişir, deyir ki, siyasi fəaliyyət onda mənəvi məmnuniyyət hissi yaradır.

Amma bu məsələdə də onun müəyyən kompleksləri vardı, natiqlik qabiliyyəti olmadığını düşünürdü. Ailə dosları Luis Markdan (“Nyu-York Herald”ın redaktoru) publik çıxış sənətini öyrənməsi Eleonorun özünə inamını artır.

Demokrat Partiyasının növbəti qurultayında (1924) o, yenə qadın haqları məsələsini qaldırır, seçki kampaniyası proqramında bu məsələyə xüsusi yer ayrılmasının vacibliyini vurğulayır.

Eleanorun fəaliyyətində o dövr üçün xarakterik olmayan daha bir məqam var – o, bizneslə də məşğul olmağa başlayır. Rəfiqəlləriylə birlikdə Nyu-Yorkdakı qızlar məktəbini alır, orda həm direktor müavini, həm də müəllim olaraq çalışmağa başlayır. Sonra kənd yerlərindən olan işsizlər üçün mebel fabriki açır.

Franklin Ruzveltin Nyu-York qubernatoru seçilməsi (1928) Eleanorun işini artırır – qubernatorun arvadı olaraq həbsxanalara, xəstəxanalara və digər ictimai ququmlara gedir, onların fəaliyyəti barədə ərinə məlumat verir. Bir çox məsələlərdə onların mövqeyi eyni olur, amma həyat yoldaşından fərqli olaraq Eleanor Millətlər Liqasının fəaliyyətini müsbət qiymətləndirir, “Quru qanun”un ləğvini yolverilmız hesab edir. Buna baxmayaraq Ruzvelt prezident seçiləndən bir neçə ay sonra qanun ləğv olunur (1933).

Bir il əvvəl Demokrat Partiyası Franklinin prezidentliyə namizədliyini irəli sürəndə Eleanor buna hər hansı şəkildə reaksiya verməmiş, amma seçki kampaniyası dövründə ərinə yaxından kömək etmişdi – çıxışları üçün informasiyalar toplamış, onunla birlikdə tədbirlərə qatılmış, partiyanın qadınlar şöbəsində çalışmışdı. O illərdə dərin iqtisadi böhran içində olan, müəssisəsləri və bankları bağlanan, əhalisi işsizlik və yoxulluqdan əziyyət çəkən ABŞ-da prezident olmağın çətinlikləri təkcə Franklin Ruzveltin yox, onun arvadının da gözünü qorxutmamışdı.

Ağ evdə yaşamaq perspektivi isə Eleanoru qorxudurdu…

Ana səhifəXəbərlərEleanor Ruzvelt – dünyanın birinci ledisi