Eldar Namazov islahatına qarşı gənclərin inqilabı

Altını çızaraq qeyd etməliyəm ki, Ramiz Mehdiyev və onun dəstəsi cinayətkardır

Source:

Bu gün təsadüfən Heydər Əliyevin prezidentliyi dövründə onun köməkçisi işləmiş Eldar Namazovun “Turan”-da dərc olunan məqaləsini oxudum. Məqaləni oxuduqca dövlətin yüksəkçinli məmurlarının dövlət anlayışının nə qədər bəsit olduğunu və müasir reallıqlara uyğun gəlmədiyinin fərqinə varıram. Bunu qismən “stalinizm” və “leninizm” şəxsiyyətləri üzərində qurulmuş sovet təhsil sistemi ilə izah etməyə çalışsam da, bu izah bütün mənzərini açmağa kifayət etmir. Məqalədən sonra gəldiyim qənaət budur ki, ya Eldar Namazov bu məqaləni sifarişlə yazıb, ya da yoldaş Namazovun dövlətçilik anlayışı feodalizmdə, ən yaxşı halda isə stalinizdə ilişib qalıb. Belə şəxslər hələ də ictimai sektorda müəyyən qədər söz sahibinə malikdirlər. Faciə də orasındadır ki, bu şəxslərin dərc etdiyi məqalələr xarici mediaya çıxışı olmayan çoxluq üçün məlumat mənbəyi hesab olunur.

Eldar Namazov məqaləsinə Heydər Əliyev və Ramiz Mehdiyevlə bağlı xatirəsi ilə başlayır. Onun dediyinə görə, məmurlar, əsasən də Ramiz Mehdiyev, hələ o zamandan Heydər Əliyevi aldatmağa çalışır, onun xalqın maraqlarına xidmət edən siyasət həyata keçirməsinə mane olurdu. Buna misal olaraq o, qeyd edir ki, Etibar Məmmədovun və Nizami Süleymanovun apardıqları seçki təbliğatı ilə bağlı AzTV-də yayımlanan bir video süjet Ramiz Mehdiyevin iki yalanını ortaya çıxardır. Müəllifin sözlərinə inansaq, elə o vaxtdan məmurlar rayonlar haqqında prezidentlərə yalan məlumatlar verirmiş. Bu gün rayonlardakı ağır iqtisadi-sosial problemlərin əsas səbəbi, sən demə, məmurların prezidenti aldatması ilə bağlıdır. Yəni, burda İlham Əliyevin heç bir günahı yoxdur, bütün günah onu əhatəsinə almış yarıtmaz məmurlarda imiş. Sitat: “Və 2020-ci ildə Prezident İlham Əliyev 1998-ci ildə Heydər Əliyevin dediyi sözləri təkrarlamalı oldu və 20 il bundan öncə atası kimi bölgələrə getməyə, sakinlərlə görüşməyə, bu məmurların başı üzərindən ictimaiyyətə birbaşa müraciət etməyə başladı“.

Gəlin ilkin olaraq məhz elə bundan başlayaq. Eldar Namazovun da qəbul edə bilmədiyi reallıq ondan ibarətdir ki, dövlət minlərlə fərdi özündən birləşdirən balanslaşdırılmış institutlardan ibarətdir və ya olmalıdır. Heydər Əliyevin ilk işi də məhz özü-özünü tənzimləməli olan bu institutları və ya mexanizmi qurmaq idi. Buna dövlətin və ya dövlət siyasətinin institutlaşması deyilir. Dövlətin fəaliyyəti institutlaşdığı zaman prezidentin belə dövlətin fəaliyyətinə təsiri çərçivəyə alınır. Biz bunu ABŞ-da hakimiyyətə gəlmiş Trampın timsalında rahat görə bilirik. Bu zaman qərarları və ya məlumatları fərdlər deyil, müvafiq institutlar verir. Digər tərəfdən, bu gün rayonlarda əhalinin üzləşdiyi bütün problemlərin kökündə məhz Eldar Namazovun təbliğ etdiyi, Heydər Əliyevin memarı olduğu və İlham Əliyevin icra etdiyi mərkəzləşdirilmiş idarəetmə sistemi dayanır. Mən Eldar Namazovu qınamıram, çünki fərqli idarəetmə sistemi görməyib və heç zaman belə bir sistemdə yaşamayıb.

Mərkəzləşdirilmiş idarəetmə sistemi yerli əhaliyə güvənsizlik və inamsızlıq üzərində qurulur. Bu sisteminin fəlsəfəsi ondan ibarətdir ki, insanlar regional səviyyədə idarə olunmağı bacarmırlar və ya mərkəzi hakimiyyət onlara güvənmir və ona görə də biz mərkəzdən o insanları idarə etməliyik. Yerli əhali yerli idarəetmə orqanlarını seçə bilməz, ona görə də biz onlara icra başçıları təyin etməliyik. İdarəetmə mərkəzləşdikcə, rayonlarda yaşayan insanlar ilə mərkəzdə olan idarəedənlər arasında birbaşa əlaqə itir və yerli problemləri Bakının mərkəzində oturmuş qalstuklu və kabinetli müəlimlər düzgün anlaya bilmir. Rayona təyin olunan icra başçısı rayon əhalisini deyil, onu təyin edənin maraqlarını müdafiə etmək məcburiyyətində qalır. Bu da stalinizm və ya heydərizm idarəetmə sistemidir. Bunun əksi isə regional idarəetmədir ki, burada yerli insanlar onların problemlərini həll edə bilən şəxsləri özləri regional səviyyədə seçir. Yerli əhali tərəfindən seçilən şəxslər isə mərkəzi hakimiyyətin deyil, onu seçən yerli insanların maraqlarını müdafiə etmək məcburiyyətində qalır. Məhz bu zaman araya Ramiz Mehdiyev kimi heç bir bürokrat girə bilmir. Belə idarə etmə sistemlərində yerli insanlar mərkəzdə dayanır və bütün bürokratlar yerli əhalidən birbaşa asılı olur. Yalnız o zaman insanların problemləri həll olunur və fərdlər xoşbəxt olur.

Lakin Heydər Əliyev hakimiyyətə gəldiyi zaman nəinki regional idarəetməyə doğru addımlar atdı, tam əksinə, kövrək olan bütün dövlət institutlarını sıradan çıxardaraq dövlətin fəaliyyətini Ramiz Mehdiyev, Kəmaləddin Heydərov, Ramil Üsubov kimi fərdlərdən birbaşa asılı etdi. Əslində Heydər Əliyevə gələn bütün məlumatlar və hesabatlar konkret dövlət orqanının institutsional olaraq hazırladığı yazılı məruzələr vasitəsilə gəlməli idi. Belə olan halda Heydər Əliyev Ramiz Mehdiyevə və onun uydurduğu yalanlara inanmaq məcburiyyətində qalmazdı. Əgər bürokratik nərdivanda saxtalaşdırılan bir məlumat AzTV-də təsadüf nəticəsində meydana çıxırsa, demək ki, heç bir dövlət institutları yerində olmayıb. Bundan əlavə, yerində olan dövlət institutları arasında nəzarət və balanslaşdırma olmayıb. Bunun da memarı Heydər Əliyev idi, Ramiz Mehdiyev deyil.

Məqalə bununla bitmir. Daha sonra müəllif Ramiz Mehdiyevin nəzarət etdiyi və dövlətin içində dövlət adlandırdığı FETÖ qruplaşmasına toxunur. Sanki adamda elə bir təəssürat yaranır ki, ölkədəki bütün dövlət cinayətlərinin başında yalnız Ramiz Mehdiyev və onun himayə etdiyi dəstə dayanırmış. Eldar Namazov yəqin unudur ki, ölkədə Fətulla Gülənin himayə etdiyi təhsil ocaqlarının ölkəyə gəlməsinə, “Zaman” qəzetinin ölkədəki sərbəst fəaliyyətinə münbit şəraiti Heydər Əliyev yaratmışdı. Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə üzbəüz qaldığı bir dönəmdə, Azərbaycan Prezidentdi Əbülfəz Elçibəy maddi vəsait üçün döymədiyi qapı qalmadı. Lakin bu zaman 31 yanvar 1989-cu ildə Fətulla Gülən İstanbuldakı Üsküdar Validə Sultan məscidində çıxış edərək SSRİ-nin dağılacağı ilə bağlı moizə oxuyur. “Kardeşleriniz orada perişan durumdayken, nasıl burada rahat uyuyabiliyorsunuz?” deyərək onu dinləyənlərdən Azərbaycana yardım etmələrini rica etdi. Nədənsə toplanan pullar Ermənistanla müharibə aparan Azərbaycana deyil, Ermənistanın hücum etmədiyi Naxçıvana göndərildi. O pullar məhz Heydər Əliyev üçün göndərildi. Daha sonra Azərbaycanda fəaliyyət göstərən “camaat”-a məxsus “Zaman” qəzeti Heydər Əliyevi layiqli prezident və xilaskar kimi təqdim etməyə başladı. Nəticədə, bir tərəfdən ermənilərin hücumu, digər tərəfdən Sürət Hüseynov böhranı mərkəzi hakimiyyəti iflic vəziyyətinə saldı. Burada Heydər Əliyevin konkret rolunun nədən ibarət olduğunu bilmirəm, amma bildiyim budur ki, bu proseslərdən ən çox yararlanan o oldu, Azərbaycanın və onun millətinin maraqlarını taptalayaraq. Bu dövrlərdə Ramiz Mehdiyevin hansısa bir vəzifə daşıdığını düşünmürəm.

Məqaləni oxuduqca məlum olur ki, sən demə, dövlət büdcəsini oğurlayanlar da məhz Ramiz Mehdiyevin himayə etdiyi FETO qruplaşması olub. Nədənsə Eldar Namazov Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsində (OCCRP) adı keçən İlham Əliyevin qızlarının mülklərinə toxunmur və bunları büdcədən oğurluq kimi görmür. Həm Eldar Namazov və həm də oxucular üçün həmin hesabatda İlham Əliyevin ailəsinə məxsus olan mülklərin siyahısını təqdim edirəm: Londonda başqa ünvanda 25 milyon dollarlıq malikanə, 8 milyon dollaradək dəylərləndirilən və üzü Hyde Parkdakı (“Natiqlər guçəsinə“) baxan mənzil, Dubayda ümumi dəyəri 44 milyon dollar olan 9 malikanə, Moskva yaxınlığında dəyəri 37 milyon dollar olan daça və Çexiyanın kurort şəhəri Karlovı Varıda 1,1 milyon dollarlıq villa da daxildir. Amma bunlar hələ yalnız jurnalistlərə bəlli olan mülklərdir (Azadlıq Radiosu).

Azərbaycanda fəaliyyət göstərən 5-6 QHT vasitəsilə əldə edilən pullar hesabına belə mülklər almaq mümkün deyil. Eldar Namazov kimi insanlar dövlətə bir saray kimi baxırlar. Bəli, altını çızaraq qeyd etməliyəm ki, Ramiz Mehdiyev və onun dəstəsi cinayətkardır. Ölkədə korrupsiya cinayətlərinin həm qurucusu və həm də icraçılarıdır. Belə insanlar ən ağır formada cəzalandırılmalıdır. Amma bütün yükü Ramiz Mehdiyevin üzərinə yıxıb digər tərəfi təmizə çıxartmaq saray düşüncəli insanın beyin məhsulu ola bilər. Belə insanlar üçün inqilab islahatdan asan olur, çünki belə insanlar hələ inqilabın nə demək olduğunu bilmir və onu hakimiyyətə gəlmək kimi anlayır. İnqilab isə sistemin dəyişməsidir. Biz, gənclər olaraq, Eldar Namazov kimi saray düşüncəli insanların dövlətçilik anlayışına qarşı mübarizə aparırıq və bu köhnə düşüncəyə qarşı inqilab etmək istəyirik. Belə insanların müxalifətdə və ya iqtidarda olması bizi qətiyyən maraqlandırmır. Sonda Eldar Namazov və onun kimi düşünən insanlara xatırlatmaq istəyirəm ki, dövlət idarəetməsi saat mexanizmi kimi işləyən dövlət institutları ilə həyata keçirilir və o prezidentin vicdanından asılı olmur. Normal dövlətlərdə vicdansız prezidentlər belə vəzifədən sui-istifadə edə bilmirlər. Biz məhz belə bir dövlət qurmaq və belə bir dövlətin vətəndaşları olmaq istəyirik.

Ana səhifəSiyasətEldar Namazov islahatına qarşı gənclərin inqilabı