“Ədliyyə naziri Fikrət Məmmədov koronavirusla milyonlar qazanır”

“Ədliyyə naziri Fikrət Məmmədov koronavirusla milyonlar qazanır”

“Dərmanların, sovqatın qəbuluna qadağa qoyulub. Bununla paralel olaraq da, həbsxana mağazalarında qiymətlər artıb. Bu vəziyyətdən istifadə edib qiymətləri qaldıran Ədliyyə naziri Fikrət Məmmədov bununla da milyonlar qazanır”-keçmiş siyasi məhbus, jurnalist Əfqan Muxtarlı danışır.

Mart ayından etibarən həbsxanalarda məhkumlarla görüş də, sovqat qəbulu da dayandırılıb. Rəsmi məlumatda deyilir ki, bu addım virusa yoluxma təhlükəsinin önünü kəsməkdən ötrü atılıb. Məhkumlar isə vəziyyətdən narazıdır. Nardaran hadisələrinə görə həbs olunan, “Müsəlman Birliyi Hərəkatı”nın üzvü, Abbas Hüseyn aclıq aksiyasına başlayıb. O, cəzaçəkmə müəssisəsinə sovqat buraxılmaması və müəssisənin daxilindəki ticarət köşkündə qiymətlərin bahalığına etiraz edir.

“16 saylı cəzaçəkmə müəssisəsində 1 kq mal ətinin qiyməti 16 manatdır. 1 ədəd toyuğun qiyməti 10-15 manat arasında dəyişir. 3 ədəd balaca kartof 1 manat 50 qəpiyə satılır”- Jurnalist Əfqan Muxtarlı karantin dövrü elan olunduqdan 15 gün sonra azadlığı çıxıb. O, 3 il Azərbaycan həbsxanalarında siyasi məhbus həyatı yaşayıb.

“Həbsxanada olarkən Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədovu dəfələrlə həbsxanaya dəvət eləmişəm ki, gəl, bizimlə birlikdə yemək ye. Burada verilən yeməyin keyfiyyəti ilə şəxsən özün tanış ol. Mənim çağırışlarım cavabsız qalıb. 4 həbsxanada olmuşam. Bu 4 həbsxananın heç birində insanlara ət, meyvə verilməyib. Heç birində insanlar göyərtidən istifadə etməyib. Yəni, buradakı məhbuslar Nazirlər Kabinetinin təsdiq etdiyi yemək siyahısına uyğun qida ilə təmin edilməyib”.

Həbsxanalardakı çətinliklərlə bağlı oxşar fikirlər dəfələrlə səsləndirilsə də, Penitensiar Xidmətin əməkdaşları deyilənlərlə razılaşmayıb. Qurumdan məhkumlara gün ərzində 3 dəfə kalorili yemək verildiyi, ticarət köşkündəki ərzaqların da münasib qiymətə satıldığı deyilib.

Ədliyyə Nazirliyi mayın 12-də 13 saylı cəzaçəkmə müəssisəsində 33 nəfər məhbusun koronavirusa yoluxduğunu açıqlamışdı. Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində isə bildirildi ki, cəzaçəkmə müəssisələrində virusa yoxulanların ümumi sayı 46 nəfərdir. 13 saylı cəzaçəkmə müəssisəsində olan məhbusların yaxınları isə bu rəqəmin 90 nəfərdən çox olduğunu deyirlər.

Ana səhifəVideo“Ədliyyə naziri Fikrət Məmmədov koronavirusla milyonlar qazanır”