Döyüləsi və həbs olunası Jalə…

Amma nə yazıq ki, ölkənin çoxunluğu hələ ki, bir dəfəlik istifadəyə açıqdı.

Source: Foto: Meydan TV


Qoyunu qurda çevirmək

Seçki bitsə də, rəzaləti davam edir. MSK seçki tarixinin ən böyük tamaşasını qurub və bütün ölkə boyu bu tamaşanın necə deyərlər, təqdimatı keçirilir.

Seçkidəki rəzalət birmənalı olaraq gənclərin hesabına ifşa olundu. Bundan əvvəl bu rəzalətlər baş vermirdimi, yoxsa, seçkilər bundan daha şəffaf olurdu? Yox! Heç nə dəyişməyib, sadəcə, bu dəfə gənclər cəsarətlə müasir texnologiyadan istifadə edərək 30 illik rəzaləti bütün çılpaqlığı ilə təqdim etdi.

Bir sözlə, seçkinin qəhrəmanı gənclər və onların əlindəki telefonlardı…

O gənclərdən biri də Jalə Bayramovadı. Baş verənləri telefonla çəkirdi. Bu qədər… Videodan gördüyümüz bu idi.

Amma Jaləni döydülər. (Hətta ardından ona cinayət işinin açılması ilə bağlı xəbərlər də yayıldı. Bu gün DİN rəsmisi bunu təkzib edib. Çox güman ki, Məzahir Pənahovdan bir az məntiqli davranmağa çalışıblar.)

Amma bir düşünün, Jalənin döyülməsindən təbii nə ola bilər axı? O, ölkədə 30 ildir hakim olan “qaydaları” pozur. Jalə ancaq gördüklərini danıb “hər şey yaxşıdır, qurd quzu ilə otlayır” deyəcəyi halda “günahkar” olmazdı.

Jalə nə etdi?

Azadə adlı br qadının içindəki “qoyunu qurda çevirdi”.

Azadə Kərimova ələbaxan, yəqin ki, qaçqın payının bərpa edilməsinin dərdində olan orta statistik Azərbaycan vətəndaşı, hakimiyyətzədəlilərdən biridir. Belələrinin aqibəti adətən seçkidən seçkiyə gündəlik istifadə olunmaqdan o tərəfə keçmir. Ya seçici, ya müşahidəçi kimi onlardan seçki günü istifadə edilib, bir də 5 ildən sonra təkrar istifadəyə qaytarılır.

Acıdır. Amma nə yazıq ki, ölkənin çoxunluğu hələ ki, bir dəfəlik istifadəyə açıqdı.

Amma Jalənin döyülməsi faktında durum bir az fərqlidir. Çünki Azadə adlı qadın nə seçicidir, nə də müşahidəci… Ümumiyyətlə, onun adı çəkilən məntəqəyə heç bir aidiyyatı yoxmuş. Sual olunur, bu qadının orda nə işi vardı və Jaləyə niyə saldırıb? Yəni o qədər cəsarətlidir ki, heç bir aidiyyatı olmayan məntəqəyə daxil olur, MSK-nın qeydiyyatdan keçirib rəsmi müşahidəçi statusu verdiyi şəxsi döyür, yəni seçkini pozur?

Kim Azərbaycanda hansısa vətəndaşdan belə “cəsarətli” addım gözləyir?

Demək ki, Azadə Kərimova oraya missiya ilə göndərilibmiş və o missiyanın “torbadakı pişiyi” MSK- nın gülünc qərarından sonra göründü.

Yəni Azadə Kərimova həmin gün ancaq saatlıq istifadə üçün ayrılıbmış.

Qismətinə kralın lütfündən ancaq bir necə dəqiqəlik istifadə üçün yararlılıq payı düşübmüş.

Əvəzində nə qazanıb, beş manat, qaçqınlıq payı, bilə bilmərik.

Amma bütün ölkədə nifrət qazandığı kəsindir.


Veriləcək mesajın önəmi

Jaləyə cinayət işinin açılması (sonradan təkzib verilsə də) işin ikinci və daha çox həyasız mərhələsi idi. Bir çoxunuz düşünə bilər ki, niyə bu qədər həyasızlıq edib insanların nifrətini daha çox qazanmaq istəyirlər, bari bu məsələdə ədalətli qərar versinlər, məsələ qapansın, bir qadına belə gücləri yetmir ki?

Amma iş bu qədər sadə və hakimiyyətin qazanmaq istəyi toplumu, daha doğrusu, qəzəblənmiş adamları sakitləşdirmək deyil. Əksinə, bu gün telefonla “möcüzə yaradıb” hakimiyyətin 30 illik seçki rəzalətini ilk dəfə bu qədər çılpaqlıqla üzə qoyan gəncliyi cəzalandırmaqdı. Hakimiyyət Jalənin tərəfini tutub ədalətli davranardısa, onu döyən qadını cəzalandırardısa, bu dolayı olaraq ifşa edən gəncləri ürəkləndirmiş olardı. Siz saxtakarlığı ifşa edərkən hansısa hücuma məruz qalsanız, haqqınız qorunacaq, sizə qarşı haqsızlıq edən cəzalandırılacaq.

Jalənin haqqı qorunsaydı, veriləcək mesaj bu olacaqdı.

İndi bir düşünün, bu qədər rəzilliyin altına imza qoyub gənclərin ucbatından da rəzil olanlar onu ifşa edənin arxasında durub haqqını qorumalı idi, yoxsa gənclərin gözünü qorxutmaq üçün indi etdiyinin eynisini edib qorxu tirajlamalı idimi?

İkinci Azərəbaycan hakimiyyətinin mahiyyətinə tam uyğundur.

Bir sözlə, Jalənin cəzalandırmaq istəyi, ona qarşı ədalətsiz davranış, Azadə Kərimovanın cəzalandırılmaması heç bir kompleksi olmayan, azad gəncliyin iradəsini qırmağa hesablanmış əməldir.


Azadə Kərimova niyə layiqli şəkildə cəzalandırılmaz?

Hər dəfə bir seçkilik istifadə üçün nəzədə tutulmuş Azadə kimilərinin cəzalandırılması istifadə olunanlar arasında hansı məyusluğu yaradar? Azadə Kərimovanın cəzalandırılması cani-dildən bu rəzalətdə iştirak edənlərin güvəndiyi hakimiyyətin nankorluğuna dəlalət etmiş olar. Kölə etdiyinə görə özünü güvəndə hiss etməzsə, növbəti dəfə “nəyimə lazım?” sualının yaratdığı effekt onun köləliyinə xələl gətirə bilər.

Sirk meydancasındə qənd almayan ayının belə əmrlərə tabe olması qəliz məsələdir.

Bu üzdən Jalənin döyülməsi, Azadənin müdafiə olunması, hakimiyyətin “Azərbaycan qadınının ləyaqətini qoruması” və Jalənin güya icazə olmadan bir vətəndaşı çəkməsi üzərinə qurulan oyun heç də bəsit bir məsələ deyil.

Oynadanların və oynadılanların arasında çox incə bir çizgidir. Burda “oyun qaydalarını” pozmaq istəyənlər, gənclər, “günahkardır”.


Axı onsuz da qorxu yaratmır…

Bu fikri bir çoxundan, xüsusən də, uzun illər siyasətlə məşğul olub hakimiyyətin idarəçiliyinə qarşı çıxanlardan tez-tez eşidirik. “Onsuz da həbslər, təqiblər kimsəni yolundan çəkindirmir. Həbs edirlər, amma bu insanlar davam edir”.

Diqqət edək. “Bu insanlar”..

Xalq deyil!

Bizim “niyə” sualı ilə süsləyib özümüzün də əhvalımıza uyğun cavablar verdiyimiz cavablar əslində, xalqın əhvalı ilə adekvat deyil. Qorxmayan bir camiədir. Təşkilat üzvləri və ya eyni dünyagörüşü paylaşan gənclərdi. Xalqı qorxur və bu qorxunu yaradan da məhz elə bu nümunələrdir. Azərbaycanda sadə vətəndaş ölkədə kimsənin qanunsuzluqdan sığortalanmadığını əsaslandırmaq istəyəndə məhz elə bu kimi hadisələri misal çəkir.

Qorxunu yeniləmək və canlı tutmaq üçün xalqa yeni nümunələr verilməlidir ki, hakimiyyət də hər fürsətdə bunu edir. İllərdir eyni taktika işləyir. Biz, bu ölkədə normal idarəçilik yaranmasını istəyən insanlar da eyni taktikanı illərdir təkrarlayır. Beləcə, hakimiyyət bizi, biz də hakimiyyəti tanıyırıq.

Oyun qaydaları pozulmalı və yenidən yazılmalıdır.

Bu barədə növbəti yazımda…

Ana səhifəXəbərlərDöyüləsi və həbs olunası Jalə…