Daşqın Ağalarlının zaminə buraxıldığı bildirilir

Daşqın Ağalarlının zaminə buraxılması barədə məlumatı mühacirətdə yaşayan jurnalist Leyla Mustafayeva yayıb

Source: Meydan TV


Siyasi fəal Qdansk Hava Limanında saxlanılmışdı

Polşada saxlanılan siyasi fəal Daşqın Ağalarlı yanvarın 8-də zaminə buraxılıb.

Daşqın Ağalarlının zaminə buraxılması barədə məlumatı mühacirətdə yaşayan jurnalist Leyla Mustafayeva yayıb.

Ancaq Leyla Mustafayeva D.Ağalarlıya kimin zamin dayandığını bilmir.


D.Ağalarlı

yanvarın 6-da Polşanın Qdansk (Gdansk) Hava Limanında İnterpol tərəfindən saxlanılmışdı.

O, daha öncə də, 2014-cü il martın 3-də Türkiyədən Gürcüstana keçərkən Batumidə İnterpol xətti ilə saxlanmışdı. Azərbaycanın hüquq-mühafizə qurumları müxalifətçinin 4500 avro vergi borcunun olmasını bildirərək, onu İnterpol xətti ilə axtarışa vermişdi. Daşqın Ağalarlı 6 ay Tbilisi təcridxanasında saxlanmışdı. Ancaq Tbilisi Şəhər Məhkəməsi Azərbaycan tərəfinin rəsmi ittihamları təsdiqlənmədiyindən, onu azadlığa buraxmışdı.

Daha sonra Daşqın Ağalarlıya Gürcüstandan deportasiya ediləcəyi ilə bağlı məlumat verilmişdi. O, bundan sonra Gürcüstanı tərk edib, Avropaya getmişdi.

Daşqın Ağalarlı iki övlad atasıdır. O, milli azadlıq hərəkatının fəallarından biri kimi tanınıb. 1992-ci ildə Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Yanacaq Komitəsi sədrinin birinci müavini təyin olunub. 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyəti devriləndən sonra vəzifədən gedib, qısa müddətə saxlanaraq, sərbəst buraxılıb. Sonrakı illərdə isə Müsavat Partiyasının üzvü kimi fəaliyyət göstərib.

Britaniyadakı Xarici Siyasət Mərkəzi (“Foreign Policy Center”) adlı müstəqil analitik mərkəzin 2016-cı ildə açıqlanmış hesabatında da Ağalarlıdan bəhs edilmişdi. Təşkilatın hesabatında müxalifətçinin siyasi baxışlarına görə təqib edildiyi vurğulanırdı.

Ana səhifəSiyasətDaşqın Ağalarlının zaminə buraxıldığı bildirilir