”Cindar Hüseyn”lə anasının məhkəməsi başlayıb

Zərərçəkmiş iddia edir ki, ona 31 min manata qədər ziyan dəyib.

Foto: Meydan TV


Cadugərin pulunu mənimsədiyi adamlar arasında “Azenko”nun idarə rəisi də var

“Cindar Hüseyn” kimi tanınan Hüseyn Əlizadə və anası Lalə İbrahimova dələduzluqda ittiham edilərək həbs olunublar. Bu yaxınlarda Bakı Ağır Cinayətlər Məhkəməsində onların mühakiməsi başlayıb. Ana-bala falçılıq, cadu çıxarma və s. adlarla 13 nəfər ayrı-ayrı adamlardan yarım milyondan çox pul və qızıl alıb aldatmaqda təqsirləndirilir.

Zərərçəkənlər arasında onların öz qohumlarından tutmuş, Mərkəzi Univermaqda qızıl satışıyla məşğul olanlara qədər bir çox adam var. Lalə İbrahimova və oğlu da falçılıqla yanaşı, Mərkəzi Univermaqda qızıl satışıyla da məşğul olub.

Məhkəmədə ifadə verən zərərçəkmiş Rübabə Ağayeva bildirir ki, “evində cadu var, onları çıxartdırmasan, ərinə, övladlarına, nəvənə nəsə olacaq” deyə-deyə onu aldadıb, ümumilikdə külli miqdarda pulunu və 600 qrama qədər qızılını əlindən alıblar. 52 yaşlı R.Ağayevanın sözlərinə görə, ona ümumilikdə 216 min 850 manatlıq ziyan dəyib. Pulların 46 mini manatla, 57 mini dollarla, 15 mini də funt-sterlinqlə verilib. Qalan məbləğ isə qızılların dəyəri kimi hesablanıb.

R.Ağayeva bildirir ki, həyətində işləyən ustalar oradan bükülüdə cadu tapandan sonra o, xalası qızı Qızxanımın vasitəsilə “cindar Hüseyn”i tapıb, onun yanına gediblər. İndi Qızxanım Əliyevanın özü də bu iş üzrə zərərçəkəndir, onun da 8 min 700 manat aldadıldığı iddia olunur.

“Əvvəlcə məndən 2 min manat bir, 1500 manat da bir aldı, dedi ki, mən gəlib evini cadulardan təmizləyərəm. Evimə gəldi, biri yastığın içindən, ikisi də həyətdən olmaqla, üç dənə cadu tapdı. Sonra dedilər ki, həyat yoldaşımın iş yerində də nəsə var, ora getdik. Həyat yoldaşım Sumqayıt Texnologiya Parkında işləyir. Demişdilər ki, oradakı cadular çıxarılmasa, yoldaşım iflic olacaq. Oradan da üç dənə cadu çıxartdılar. Özü də necə? Mənə yeri qazdırdılar, orada heç nə görmədim. Kənara atdığım torpaqdan guya özləri tapıb verdilər mənə”, – deyə R.Ağayeva bildirib.

Onun həyat yoldaşı Faiq Ağayev “Azenko” şirkətinin audit idarəsinin rəisidir. R.Ağayeva bildirir ki, onun evdə olan pulu, qızılı Hüseyn və anasına verməsindən həyat yoldaşı və oğullarının xəbəri olmayıb. Zərərçəkmişin sözlərinə görə, ana-bala ona deyirmiş ki, pullarının, qızıllarının üstündə ağırlıq var, onları təmizləmək lazımdır:

“Evdə manat olmayanda dedim ki, yoxdur. Dedi ki, cinlər xarici pulları, dolları yaxşı tanıyır. Məni nəvəmlə qorxudurdular ki, caduları çıxartdırmasan, malını təmizlətdirməsən, nəvən öləcək. Mən də çarəsiz vəziyyətdəydim. Elə bir vəziyyətdə ki, nəinki pulumu, qızılımı, hətta canımı da istəsəydi, verəcəkdim. Mənim günahım odur ki, bunlara inanmışam. Bir il ərzində bunlar məni soydular. Axır vaxtlar həyat yoldaşıma danışmaq istəyirdim, bunlar qoymurdular. Mənə deyirdi ki, guya həyətimdə küp var, onu tapıb çıxarandan sonra bütün pullarımı, qızıllarımı qaytaracaq. And içirdi, inandırırdı məni”.

R.Ağayeva iddia edir ki, L.İbrahimova və oğlu müxtəlif yollarla onu təsir altında saxlayırdılar. Zərərçəkmişin sözlərinə görə, ona mütəmadi sarı rəngli su içirir, bədəninin müxtəlif hissələrinə ərəb əlifbasıyla nələrsə yazırdılar. Sanki məni hipnoz eləmişdilər. Özümü idarə eləyə bilmirdim. Özümü öldürmək həddinə çatmışdım. Yoldaşım biləndən sonra şikayət elədi. Onda da mən şikayət eləmək istəmirdim, ümid eləyirdim ki, bəlkə qaytararlar. Deyirdilər ki, onların arxasında “brilyant Cəfər” adlı adam dayanıb, heç kim Azərbaycanda onlara bata bilməz”.

Təqsirləndirilən şəxslər isə R.Ağayevanın dediklərinin yalan olduğunu bildiriblər. Deyiblər ki, R.Ağayevanın onlara borcu var, aldığı qızılların pulunu ödəməyib. Onların sözlərinə görə, əllərində bunu təsdiqləyən qəbzlər də var.

Zərərçəkmiş Rəna Şiralzadə isə bildirir ki, təqsirləndirilən şəxsləri Mərkəzi Univermaqdan tanıyır. Hüseyn bir neçə dəfə ondan pulunu hissə-hissə ödəmək şərtilə qızıl götürüb. Əvvəl pulu ödəyib. Buna görə onlara etibar yaranıb. Sonradan anası da gəlib ondan qızıl götürüb ki, pulunu ödəyəcək. Amma pullar ödənilməyib. Zərərçəkmiş iddia edir ki, ona 31 min manata qədər ziyan dəyib.

Təqsirləndirilən şəxslər isə onun yalan danışdığını, R.Şiralzadəyə borclu olmadıqlarını bildiriblər.

Zərərçəkmiş Namiq Səfərovun gəlini “Cindar Hüseyn”in əmisi qızıdır. N.Səfərov deyir ki, iş görmək, oğlunu hərbi xidmətdən saxlatdırmaq adıyla L.İbrahimovaya 133 min pul verib: “Laçın” Ticarət Mərkəzində bir tanışım işləyir, gedib adımı verib mal götürmüşdü, o pulu da mən ödədim. 5 min manat oğlunu əsgərlikdən saxlatdırmaq üçün almışdı”.

Təqsirləndirilən ana-oğul bu zərərçəkənin də yalan danışdığını iddia edib.

Məhkəmə prosesi davam edir.

Ana səhifəXəbərlər”Cindar Hüseyn”lə anasının məhkəməsi başlayıb