Çexiya dənizinin sahilindəki azərbaycanlılar: anadan biznesmen olaraq doğulmaq

Azərbaycanlı investorlar Çexiyanın Cənubi Bohemiya bölgəsini sevirlər

Source: Lenka Matouskova, investigace.cz

Azərbaycanlı investorlar Çexiyanın Cənubi Bohemiya bölgəsini sevirlər. Yatan şirkətlər və naməlum mənbələrdən gələn pullarla maliyyələşdirilən yarımçıq biznes lahiyələri arasında bir əlaqəndiricinin olduğu görünür – onun adı Elçin Kazımovdur. Yaxşı əlaqələri olan iş adamı Çexiya Respublikasında qeydiyyatdan keçmiş on bir Azərbaycan və ya Çexiya-Azərbaycan şirkətində əhəmiyyətli rol oynamış və ya oynamağa davam edir. Azərbaycan mediası onu Çexiyadakı azərbaycanlı icmasının qurucusu kimi təqdim edir. O, Cənubi Bohemiyada siyasətin nüfuzlu isimləri ilə şəkil çəkdirir və onlar üçün vətəni Qafqaza səyahətlər təşkil edir. Onlar arasında məşhur və qalmaqallı siyasətçi və iş adamı Pavel Dlouhy, kiçik bir şəhərin bələdiyyə başçısı və Çexiya Senatının üzvü Tomas Jirsch kimi şəxslər də var.

Onun sözlərinə görə, Elçin Kazımov 2008-ci ildə ailəsi ilə birlikdə yaşamaq üçün Çexiyaya köçüb. Çex Respublikası hüzurlu və sakit bir yer kimi görünürdü. Bununla yanaşı, o, paytaxt Praqanın çox izdihamlı və azərbaycanlıların sevimli kurort şəhəri olan Karlovı Varını isə çox pis şöhrətə sahib olduğunu düşündü. Beləliklə, Cənubi Bohemiya bölgəsinin paytaxtı Hluboka nad Vltavou yaxınlığında zəngin və nüfuzlu sakinləri və ümumi firavan həyatın olması ilə tanınan kiçik bir qəsəbəyə yönəldi. Hər şeydən əvvəl Kazımov çex dilini öyrənmək və yerli sakinləri tanımaq istəyirdi. “Əvvəlcə bir yerə getmək və dərhal bir iş qurmağa başlamaq ağılsızlıq olardı”,- o deyir. “Beləliklə, cənab Kralı tapdım”.

Jaromir Kral, azərbaycanlıların Cənubi Bohemiyadakı biznes hekayələri baxımından olduqca vacibdir, çünki bu, əsas etibarilə onunla başlayıb. Kazımov „investigace.cz“ saytına Kralın bütün lazımi keyfiyyətlərə sahib olduğunu bildirib. Belə ki, o, şirkət qurmaqda böyük təcrübəyə malikdir və rus dilində danışır, bu da onun səlahiyyətli şəxslərlə ünsiyyət qurmasına, hüquq sistemini izah etməsinə və tərcümə etməsinə kömək edirdi. “O, heç kimin məndən oğurluq etmədiyinə əmin etdi”,- deyə Kazımov şişirdərək qeyd edib. Lakin Kraldan azərbaycanlıların biznes ilə məşğul olması barədə soruşduqda, danışmağa o qədər həvəsli görünmədi və şərh verməkdən imtina etdi. Sadəcə onun tarixi haqqında danışdı.

Çex Respublikasına gəldikdən bir müddət sonra Kazımov “dərhal bir iş qurmağı” düşünmədiyini söyləsə də, o, üç şirkətdə çalışıb. Bu şirkətlərin sahibləri inşaat şirkətləri, neft və ya Azərbaycan Beynəlxalq Bankı vasitəsilə bir şəkildə Azərbaycan hökuməti ilə əlaqəli olub.
„Mehr Resources Ltd“
Alinaghi Ashgari, Mohbaabeh Gorji Baham adaları və daha çox Kanadadakı şirkətlərdə əməkdaşlıq etdikləri görünür, ikisi də Bakıda eyni ünvanda yaşayır. İnternetdəki məlumatlara görə, Asgari 2000-ci ildən 2009-cu ilə qədər „BAKU STEEL COMPANY“-də vitse-prezident vəzifəsində olub. O, həmçinin Azərbaycanda da fəaliyyət göstərən „Standard Oilfield Service LTD“ şirkətinin həmtəsisçisi və direktoru olub.

„MELLISA-AF sro“

Fuad Mir Mövsüm Əli Əsgərinin həmtəsisçisi və direktoru olduğu „Standart Oilfield Services“ şirkətində çalışıb, eyni zamanda Azərbaycan Beynəlxalq Bankının Moskva ofisinin investisiya şöbəsinə rəhbərlik edib. Bu, Rüstəmov vasitəsilə olub. Mövzuya toxunacağıq.

Kazımovu araşdıran azərbaycanlı mənbələrimiz tərəfindən də hökumətlə oxşar əlaqələr ilə bağlı məlumat gəlib. Onun Azərbaycan Mərkəzi Bankının əməkdaşı olduğu deyilir. Ancaq Kazımov özü bu iddiaları rədd edir: “Heç bir dövlət qurumunda işləməmişəm və heç bir dövlət müqaviləsi imzalamamışam. Yalnız özəl şirkətlərdə çalışmışam”,- deyə o bildirir.

Ancaq Orta Asiya üzrə mütəxəssis və Charles Universitetinin dosenti Slavomir Horakın da qeyd etdiyi kimi, hər hansı bir böyük Azərbaycan şirkəti və ya bankı həmişə müəyyən dərəcədə hökumətə məxsusdur.

Heç vaxt birbaşa Azərbaycan hökumətində və ya Mərkəzi Bankda işləməsə belə, Kazımov yerli (qeyd: azərbaycanlı) elita ilə əlaqələndirilir. O, su idarəsinin (Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin) bu yaxınlarda işdən çıxarılan rəhbəri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin Cənubi Bohemiyadakı təmsilçisidir. (OCCRP ilə əməkdaşlıq edərək kiçik Əhmədzadənin və onun Azərbaycan Mərkəzi Bankı Prezidentinin qızı olan həyat yoldaşının sirli şəkildə əldə etdikləri sərvəti barədə araşdırma dərc etdik (qeyd). Həmçinin, Kazımovun keçmiş həyat yoldaşı Azərbaycan Beynəlxalq Bankının London şöbəsinin rəhbərinin qohumudur.

Çexiyada Kazımov biznesə daşınmaz əmlak bazarı ilə başlayıb. “Bir neçə mənzil aldım və kirayəyə verdim”,- deyə o qeyd edir, ancaq bunun üçün pulu haradan aldığını açıqlamır. “Yalnız Cənubi Bohemya üzərində fokuslanmamışam, uzun müddətli iş ortağım Libor Horak və mən bütün ölkəni gəzirik və bir yerdə biznes imkanı varsa, bundan istifadə edirik. Müqavilə bağlayırıq və ya vasitəçi kimi çıxış edirik, bir az pul qazanırıq … Ancaq qanunla heç vaxt problem yaşamayacağam”, – deyə Kazımov sonda qeyd edir.

Kazımov məsələyə qarışmamışdan öncə həmvətənləri arasında birliyin olmadığından danışaraq, Çexiyadakı Azərbaycan icmasının qurucusu olduğunu təsdiqləyir. “İnsanları birləşdirmək lazım idi. İndi vaxtaşırı Praqada görüşürük və harada, kimə kömək etməli olduğumuzu müzakirə edirik. Amma mən fiksator deyiləm. Kömək edə bildiyim zaman və insanlarla ünsiyyət qura biləndə xoşbəxtəm, amma məsələ sadəcə bundan ibarətdir”, -deyə Kazımov qeyd edir.

Onun yaxşı əlaqələri olması, yalnız nüfuzlu Cənubi Bohemiya siyasətçiləri ilə dostluq etməsilə izah olunur. Ancaq əlaqələrini necə yaratdığına dair suala Kazımov olduqca qeyri-müəyyən cavablar verir.

“Deməli, Hluboka nad Vltavou-da yaşadım, bu, kiçik bir qəsəbədir, burda hamı bir-birini tanıyır. Qonşunuzla dost olursunuz, sizi başqası ilə tanış edir və s.”

Hubertdən olan dostlar

Hluboka nad Vlatvou bələdiyyə sədri və Çexiya Senatının üzvü Tomas Jirsa, “Bəli, Elçini tanıyıram, o, aktiv, ünsiyyətcil bir insandır”.- deyir

“Mənim işim insanlarla görüşməkdir. Bələdiyyədəki ofisimdə sadəcə oturub yeni fikirlər və planlar gözləyirəm. Eyni şey Pavel Dlouhy üçün də keçərlidir, o, Hluboka bələdiyyə başçısının müavinidir, eyni kənd təsərrüfatı üzrə regional palatanın rəhbəridir və tanınan bir iş adamıdır. Bir investor yaxşı bir layihə ilə gəlsə, biz onu dəstəkləyəcəyik”,- deyə o əlavə edir.

Pavel Dlouhy, “Cənubi Bohemiyanın Monarxı” ləqəbi ilə də tanınan, cənubi bohemiyalı iş adamı və siyasətçisidir. Yerli sakinlər arasında (yalnız yerlilər deyil) məlumdur ki, Dlouhy siyasətdən biznesə qədər bölgədə baş verən hər şeydə iplər əlində olan adamdır. U Huberta restoranı koronavirus məhdudiyyətləri səbəbilə bağlanmazdan əvvəl, Dlouhy insanları “hüzuruna qəbul etdi”, bəziləri sadəcə onun məsləhətinə ehtiyac duyur, bəziləri isə pul istəyərdi. Hal-hazırda, yaxınlarının dediklərinə görə, o, ictimai həyatdan çəkilib və şəhərindəki siyasi vəzifəsinə əlavə olaraq yalnız xeyriyyə işləri ilə məşğul olur.

“İndi yalnız xeyriyyə işləri ilə məşğuldur. Birinin köməyə ehtiyacı olduqda kömək edir. Məsələn, borc məsələsində. Lakin jurnalistlərdən nifrət edir, haqqında yazılan məqalələr onu həqiqətən çox narahat edir”,- deyə Dlouhynin sözçüsü Jirsa izah edir. Narahatedici məqalələrə nümunə olaraq Dlouhynin həyat yoldaşının şəxsi hesabları ilə etdiyi əməliyyatları araşdıran bir sıra məqaləni göstərmək ola bilər.

Dlouhy haqqında bənzər sözlər Kazımovun da ağzından çıxır: “O, mənim dostumdur, Hubertə yemək yeməyə getməyi sevirəm. Onun pis reputasiyası haqqında heç vaxt eşitməmişəm. Mən siyasətlə maraqlanmıram və onunla peşəkar münasibətim yoxdur”.

Bu, Kazımovun bütün şəxsi və ya işgüzar əlaqələr olan yanaşmasıdır. O, sadəcə öz hərəkətlərinə görə məsuliyyət daşıdığını, ətrafında olan insanların gördüyü işlərin onun nəzarətində olmadığını və bunun onu maraqlandırmadığını hər dəfə qeyd etmək fürsətini əldən vermir.

Buna baxmayaraq, Elçin Kazımov çexiyalı siyasətçiləri və iş adamlarının Azərbaycana etdiyi bir neçə səfərdən ən azı birinin, xüsusən də 2018-ci ilin noyabrında İsmayıllı bölgəsinə səfərin planlaşdırılmasında iştirak edib. İndi “Çexiya Parkı” adlandırılan ərazidə çəkilən fotoşəkillərdə , Tomas Jirsa, Pavel Dlouhy və ya eyni siyasi partiyanın başqa nümayəndəsinin, regional Kənd Təsərrüfatı Palatasının direktoru və şəhər rəsmisi Hana Stasnanın gülümsəyən üzü görünür. (foto buradadır:) Səfər İsmayıllı və Cənubi Bohemiya bölgələri arasındakı tərəfdaşlığın rəsmi bir hissəsi idi.

Ticarət Palatasının yüksəlişi və düşüşü

Cənubi Bohemiyada Azərbaycan biznesi üçün ən əhəmiyyətli illər 2014 və 2015-ci illər idi. Bu illərdə bir sıra tədbirlər ideal biznes şəraiti yaratmış kimi görünür. 2014-cü ilin mart ayında, Kazımovun təmsil etdiyi, Londonda yaşayan azərbaycanlı Cümə Əhmədzadəyə məxsus şirkət Müdafiə Nazirliyindən Lipno su anbarının sahilində yerləşən kiçik Hurka kəndindəki orduya məxsus keçmiş sanatoriyanı alıb. Sevimli turizm məkanı bəzən Çexiya Dənizi adlanır.

2015-ci ilin sonunda Kazimov dostu Əli Əsgərova bu gözəl ərazini tanıdıb və daha sonra o, Lipno su anbarının sahilində yerləşən kiçik Frymburk qəsəbəsində və sevimli turizm məkanı olan Cesky Krumlovda torpaq və daşınmaz əmlak almağa başlayıb. Yerli medianın yazdığına görə, o, 130 milyondan çox çex kronu xərcləyib, ancaq bir vəkil xəzinəsindən gəldiyi üçün pulun mənbəyi bilinmir.

Azərbaycanın Cənubi Bohemiya bölgəsindəki investisiyalarının artmasının mümkün səbəblərindən biri yeni səfir olaraq Fərid Şəfiyevin təyin edilməsidir. Onun həyat yoldaşı Elçin Kazımovla biznes əlaqələri qurub və ümumiyyətlə, Azərbaycanın bütün biznes planları səfir tərəfindən dəstəklənib. Dörd il sonra onun vətəninə qayıtması ilə Çexiyada və Azərbaycanda eyni layihələrin dayandırılması zamanı toqquşur. Bu, əsasən çexiyalı iş adamı David Snasel və Elçin Kazımov tərəfindən 2017-ci ildə qurulan Avropa-Azərbaycan Ticarət Palatasının (AATP) fəaliyyəti ilə əlaqəlidir.

“Məsələn, iş adamları üçün tədbirlər təşkil etmək marketinqdə bir vasitədir. Çexiyada belə bir şey yox idi, ona görə biz bunu etdik və bir veb-sayt yaratdıq, tanıdıcı danışıqlar etdik, tanıdığımız şirkətlərlə əlaqə qurduq, sonra ya onlar bizə gəldilər, ya da gəlmədilər. Fikrin yaxşı olduğunu düşünsəydik, əlaqədə olduğumuz azərbaycanlıları məlumatlandırardıq və onları əlaqələndirdik”,- deyə David Snasel əlavə etdi.

Potensial biznes ortaqları ilə münasibətlər qurmaq tamamilə fədakarlıq deyildi. Bunun Şərq Ticarət Şirkəti şəklində ticari formasının olması lazım gəlirdi. Kazımov, Snasel və səfirin həyat yoldaşı Ülkər Şəfiyeva tərəfindən qurulan şirkət, yalnız Azərbaycan investorlarına deyil, həm də Türkiyədə və ya İranda pullu məsləhət xidmətləri göstərəcəkdi. Bununla birlikdə, böyük planlar beləcə qaldı və Şərq Ticarət Şirkəti AATP kimi fəaliyyətsiz qaldı.


qatıqlar və toplar

Ticarət Palatası iki böyük layihəyə vasitəçilik etdi: Cənubi Bohemiya süd məhsulları şirkəti “Madeta”nın əsas məhsullarından biri olan “Lipanek” (qeyd: bu, əsasən uşaqlar üçün qaymaqlı qatıqdır) fabriki və Çexiya silah nəhəngi Çexslovak Qrupuna (ÇSQ) məxsus TATRA (qeyd: bu çex markalı yük maşınları və digər böyük avtomobillərdir) yığma fabriki. Sonda bunların heç biri baş tutmadı.

““Lipanek”in nə pul, nə də lojistik baxımdan anlamı vardı. Azərbaycana xammal idxal etmək çox baha başa gəldi”, – deyə Kazımov izah edir. Azərbaycan mediasının təriflədiyi TATRA yük maşını yığma zavodunun etibarsız bir şəxsin ucbatından baş tutmadığı iddia edildi.

“Müqavilənin Azərbaycan tərəfindəki təşkilatçısı ciddi deyildi. Bu fürsətdən sadəcə özünün piarı kimi istifadə etdi ”, – deyə Kazımov əlavə edib. Bununla birlikdə, Snasel, TATRA fabrikinin uğursuz nəticələnməsinin siyasi təzyiqlərdən qaynaqlana biləcəyini qeyd edib. Belə ki, sərhədə çox yaxın Rusiya inşaat və silah şirkəti yerləşir və əgər çexlər bölgəyə gəlsəydi, onlar öz biznesini itirmiş olacaqdı.

Burada bir hiylə var. TATRA, 2017-ci ildə Slovakiya və İsrail vasitəsilə Azərbaycanı hərbi texnika ilə təchiz edən edən ÇSQ şirkətinin bir hissəsidir. (qeyd: bu barədə yazdığımız iki məqalənin ingilis dilində versiyası əlavə edilir:)

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tətbiq etdiyi embarqo səbəbi ilə, “Dana” qaubitsalarının və “Vampir” roket atıcılarının Azərbaycana rəsmi şəkildə gətirilməsi qadağandır. Bu, Ermənistanla Dağlıq Qarabağ üstündə uzun müddət davam edən münaqişə ilə əlaqədardır və eyni embarqo Ermənistana da qoyulub.

“Bu, silah şirkətlərinin uzunmüddətli münaqişə yaşanan bölgələrə, eynilə Azərbaycana silah tədarük etməsi üçün məntiqi bir addımdır. Bu, yaxşı biznesdir. Ancaq Azərbaycana silah idxal edən yalnız Çexiya şirkətləri deyil, bu cür dəstək Türkiyə, Rusiya və ya İsraildən də gəlir”, deyə Orta Asiya üzrə mütəxəssis Horak qeyd edir. David Snasel Ticarət Otağının ÇSQ-yə yaxın olduğunu qəbul edir. Onun sahibi Michal Strnad Snaselin dostudur və ÇSQ-nin sözçüsü Palatanın mövcudluğunun başlanğıcında da eyni mövqedə hərəkət edib. Eyni zamanda Snasel silahla əlaqəli olduğunu qəti şəkildə rədd edir:

“Palata silahla deyil, mülki işlərlə məşğul olur. Lazımi lisenziyamız və ya bunu necə edəcəyimizlə bağlı məlumatımız yoxdur. ÇSQ-nin İsrail vasitəsilə orada etdikləri ortaqları ilə öz işləridir. TATRA yığma zavoduna başlamaq istəyirdik, amma indi layihə dondurulub, son iki ildə heç bir şey etməmişik”.

Həm Snasel, həm də Kazımovu tanıyan, adının açıqlanmamağı üçün bizdən vəd alan bir mənbə məhz Kazımovun silah ixracı ilə bağlı danışıqlar apardığını söylədi:

“O, bəzi raketlərdən bəhs etdi və onların Slovakiya üzərindən daşınacağını söylədi”

Kazımov bu açıqlamaları qəti şəkildə rədd edir:

“Bu, qətiyyən doğru deyil, heç vaxt belə bir şey etməmişəm. Bu, dövlətlərarası bir işdir, bu, bir mağazaya gedib raket ala bilərəm kimi bir şey deyil. Bunun üçün heç bir əlaqəm yoxdur”.

Ticarət Palatası vasitəsilə ÇSQ ilə iş görməsi məsələsinə belə aydınlıq gətirdi:

“ÇSQ biz gəlməmişdən əvvəl Azərbaycanda ticarətlə məşğul idi, mənə ehtiyacları yox idi. Buna görə biz (AATP) 2018-ci ildə onlarla işləməyə başladıq. Tədarük edilən silahların Çex Respublikasından keçmədiyini də düşünürəm”.

O, sonda gülür: “Mənim edə biləcəyim bir şey olsaydı, evim üçün ipotekaya ehtiyacım olmazdı”.

Ana səhifəAraşdırmaÇexiya dənizinin sahilindəki azərbaycanlılar: anadan biznesmen olaraq doğulmaq