Cahangir Hacıyev cəzasının azaldılması üçün məhkəməyə üz tutub

Hakim Həsən Əhmədov bildirib ki, məhkəmənin dəftərxanasına verilmiş vəsatət hələ ona gəlib çatmayıb.

Foto: arxiv


Bu cinayət işi üzrə məhkum edilmiş daha 4 nəfərin apelyasiya şikayətinə baxılacaq

2017-ci ilin oktyabrında Azərbaycanın Cinayət Məcəlləsinə bir sıra dəyişikliklər edildi. Xeyli maddələrin sanksiyası dəyişdi, cəzalar yüngülləşdirildi. Bundan sonra yüzlərlə məhkum məhkəmələrə müraciət etdi ki, onların işinə yenidən baxılsın, cəza məsələsi dəyişikliklərə uyğunlaşdırılsın.

Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev də eyni məqsədlə məhkəməyə üz tutub. Hazırda Kürdəxanıdakı Bakı istintaq təcridxanasında saxlanılan sabiq bank rəhbəri ərazi üzrə Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. C.Hacıyevin təqsirli bilindiyi maddələrin, o cümlədən mənimsəməyə görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 179-cu maddəsinin də cəza həddi dəyişdirilib. C.Hacıyev haqqındakı hökmün bu dəyişikliklərə uyğunlaşdırılmasını və cəzasının azaldılmasını istəyib.

C.Hacıyevin bu müraciətinə yanvarın 14-də Sabunçu Rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyilə baxılacaq.

C.Hacıyevin başqa bir şikayətinə isə Bakı Apelyasiya Məhkəməsində baxılır. Yanvarın 9-da məhkəmədə məlum olub ki, C.Hacıyevlə birlikdə mühakimə olunmuş bacanağı İsmayıl Hidayətzadə də haqqındakı hökmdən şikayət verib. Hakimlər qərara alıblar ki, C.Hacıyev, keçmiş deputat Dünyamin Xəlilov və onun işçisi olmuş Sərxan Rəsulovun şikayətlərilə bu şikayətə eyni icraatda baxılsın. Çünki eyni cinayət işindən söhbət gedir. Apelyasiya şikayətləri üzrə məhkəmə baxışı yanvarın 21-nə təyin edilib.

C.Hacıyevin vəkilləri isə məhkəməyə vəsatət verib ki, Sabunçu Rayon Məhkəməsində cəzanın dəyişikliklərə uyğunlaşdırılması məsələsinə baxılıb qərar verilənə qədər apelyasiya şikayətinə baxılması təxirə salınsın.

Hakim Həsən Əhmədov bildirib ki, məhkəmənin dəftərxanasına verilmiş vəsatət hələ ona gəlib çatmayıb. Ona görə də vəkillərin bu istəyinə konkret cavab verilməyib.

C.Hacıyev və daha 20 nəfər birlikdə mühakimə olunurdu. Onlardan yalnız dördü hökmdən apelyasiya şikayəti verib. Bu dörd nəfərdən də ikisi – C.Hacıyev və D.Xəlilov həbsdədir. C.Hacıyev 2015-ci il dekabrın 5-də, D.Xəlilov isə dekabrın 29-da həbs olunub. Onlar Beynəlxalq Bankdan kredit kimi götürülmüş vəsaitləri mənimsəməkdə ittiham olunurlar. Bu il sentyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə C.Hacıyev 16 il 6 ay, D.Xəlilov isə 14 il 6 ay azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi İ.Hidayətzadəyə də 5 il 6 ay həbs cəzası kəsmişdi. Lakin o, cəzasının üçdə ikisini çəkməsi, səhhətində problemlər olması əsasıyla 2019-cu ilin oktyabrında vaxtından əvvəl şərti azadlığa buraxılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi qalan 17 nəfərə, o cümlədən S.Rəsulova şərti cəza verib.

Adları çəkilən şəxslərin heç biri özünü təqsirli bilmir.

Ana səhifəSiyasətCahangir Hacıyev cəzasının azaldılması üçün məhkəməyə üz tutub